525.Az

Yeri görünən insan - Sabir Yusifovun xatirəsinə


 

Yeri görünən insan -<b style="color:red"> Sabir Yusifovun xatirəsinə</b>

Ömrümün müqəddəs atributlarından biri hesab etdiyim, elm və təhsil məbədim olan Azərbaycan Texniki Universiteti ilə məni 40 illik zaman intervalı bağlayır. Sentyabrın ilk günü, Ağdam şəhər 6 saylı orta məktəbin Qızıl medallı məzunu olaraq Azərbaycan Texniki Universitetinə tələbə kimi qədəm basmamın 40 ili tamam oldu. 

Bu universitetlə məni 40 illik ömür xatirələrim bağlayır və yaşadır. Təbii ki, bir ömür kontekstində böyük rəqəm kimi görünən bu 40 ildə xatirələrimə ən çox işıq saçan universitetin divarları arasında mənə dərs demiş korifey alimlər, pedaqoqlar olub. Hər gün universitetin kandarından içəri ayaq basdıqda kino lenti kimi onların müdrik, nurlu, təbəssümlü simaları bir-bir gözlərim önündə canlanır. Professorlar Salman Qarayev, Niftulla Qədirov, Nadir Qasımzadə, Şamil Səmədzadə, Vaqif Məmmədov, Xanoğlan İmanov, Əli Xəlilov, Şəmsəddin Bağırov, Mahal Məmmədov və digərləri... 

Əbədiyyətə qovuşmuş bu unudulmaz simaların ruhları qarşısında səcdə edə-edə, bu gün çiyin-çiyinə çalışdığım əziz müəllimlərim, professorlar Vaqif Mövlazadəyə, Rasim Əlizadəyə, Vaqif Abbasova, Ayaz Abdullayevə Tanrıdan uzun ömür diləyirəm.

8 il əvvəl Azərbaycan Texniki Universitetində tanışlığımızın ilk günündən tale mənə müqəddəs müəllimlərim qədər sevdiyim və xətrini istədiyim bir insanla dostlaşmaq səadəti bəxş etdi - universitetimizin mətbuat xidmətinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, görkəmli jurnalist Sabir Yusifovla. 

Sabir müəllimlə ilk tanışlığımızda onun böyük alicənablığı, yüksək ziyalılığı, əsl kübarlığı, peşəsinin kamil bilicisi olmağı məni valeh elədi. Bədii kitablarımı avtoqrafla jurnalist həmkarıma təqdim etdim. Aradan iki gün keçmiş Sabir müəllim zəng edərək məni iş otağına dəvət etdi. İki saatlıq söhbətimiz əsnasında mən həyatımı indiyədək nurlandıran böyük hərflərlə ürəyimin başına yazdığım müəllimlərim cərgəsinə Sabir müəllimin də adını həkk elədim. O gündən sonra çox möhkəm dostluğumuz başladı. Maraqlıdır ki, səhər universitetə işə gələndə təsadüfən ən çox rastlaşdığım şəxs Sabir müəllim olurdu. Görünür, bəlkə də bu, bir təsadüf yox, mənim Sabir müəllimə olan sonsuz istəyimin və onunla çoxlu həmsöhbət olmaq arzumun nəticəsi idi ki, Tanrı bizi tez-tez görüşdürürdü. Maşınlarımızı uzaq məsafədə saxlasaq belə, bir-birimizə doğru hərəkət edib, çox böyük doğmalıqla görüşdükdən sonra, ən az 10-15 dəqiqə ayaqüstü söhbət edərdik. Bütün bu söhbətlərimizin ana mövzusu Qarabağ müharibəsi, torpaqlarımızın işğaldan azad olunması istəyi və milli dəyərlərimizin qorunub-saxlanılması, yaşadılması üçün ortaq müzakirələrimiz olurdu. İş yerimiz fərqli korpuslarda olduğu üçün, onunla görüşmədiyim gün sanki özümü narahat hiss edir,  mütləq Sabir müəllimə zəng edərək, hal-əhval tutardım.

Sabir müəllim Azərbaycan mətbuatında çox böyük xidmətlərə imza atmış görkəmli jurnalistlərimizdən biri idi. Sabir Hacı oğlu Yusifov 1935-ci il sentyabr ayının 10-da Ordubad şəhərində anadan olmuş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetini jurnalist ixtisası üzrə bitirmişdir. Ömrünün sonunadək, çalışdığı 60 illik fəaliyyəti həmişə jurnalistika ilə bağlı olmuş və iş ünvanlarından asılı olmayaraq Sabir müəllim peşəsinə çox böyük şərəf və ləyaqətlə xidmət etmişdir. Onun həyat yoluna qısa nəzər salsaq görərik ki, fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Televiziya və Radio Verilişləri Komitəsi ilə bağlı olmuş və həmin qurumun sədr müavini vəzifəsinədək yüksəlmişdir. Daha sonra Azərbaycan Dövlət İnformasiya Agentliyinə (indiki AZƏRTAC)  köçürülən Sabir müəllim həmin qurumda da müxtəlif vəzifələrdə çalışaraq sədr müavini vəzifəsinə qədər ucalmışdır. Nəhayət, Sabir müəllim ömrünün demək olar ki, son 10 illiyini Azərbaycan Texniki Universiteti ilə bağlamış,  2012-ci ildən 2021-ci ilə qədər  həmin universitetin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmışdır.

Uzun illik jurnalist fəaliyyəti dövründə Sabir müəllimin yüksək peşəkarlığı və səmərəli fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 2000-ci ildə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adına  layiq görülmüş, 2005-ci ildə isə  Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi medalı" ilə təltif olunmuşdur. Bundan başqa, Sabir müəllimin fəaliyyəti çoxlu sayda Fəxri fərmanlar, təşəkkürnamələr, diplomlar və digər mükafatlarla dəyərləndirilmişdir.

Artıq 9 aydır ki, Sabir müəllim bizləri tərk edib, əbədiyyətinə qovuşmuşdur. Biz, bu il ilk dəfə sentyabr ayının 10-da Sabir müəllimin doğum gününü onsuz qeyd etdik. Aradan bir neçə ay ötməsinə baxmayaraq, mən yenə də universitetin həyətinə daxil olan kimi, gözüm ilk olaraq Sabir müəllimin bəyaz rəngli avtomobilini harada saxlamasını axtarır. Hər gün bu axtarışın xəyal qırıqlığına uğrayaraq, içimdə Sabir müəllimin nurlu, təbəssümlü simasını bağrıma basıb, ruhuna dualar oxuyur, sanki onunla söhbətləşirmiş kimi gəzdiyimiz trayektoriya boyu iş otağıma qalxıram. Stolumun üzərində "Ziya" qəzetində 50 illik yubileyimlə bağlı hazırladığı geniş materialı bir daha gözdən keçirib, Sabir müəllimin müdrik baxışları və tövsiyələri altında yeni iş günümə başlayıram.
 

 





16.09.2021    çap et  çap et