525.Az

Onlayn Bilik Günü qeyd olundu - Foto


 

Onlayn Bilik Günü qeyd olundu -<b style="color:red"> Foto</b>

Green Start Academy-nin təşkilatçılığı ilə 15 sentyabr tarixində Onlayn Bilik Günü keçirildi. Saat 17:00-da başlayan tədbir Green Start Academy-nin youtube kanalı üzərindən canlı yayımlandı.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə bütün təhsil ictimaiyyətini – şagird, tələbə, valideyn və müəllimləri Bilik Günü münasibəti ilə təbrik edərək, hər kəs üçün sağlıqlı və uğurlu bir olmasını arzuladı. Sonra Aysel Rəsulzadə Green Start Academy-nin məqsəd və vəzifələrindən danışaraq, hər zamankı kimi cəmiyyətin aparıcı qüvvəsi olan, gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan təhsil işçiləri və valideynlərin maariflənməsinə xidmət etdiklərini dilə gətirdi.

Açılış nitqindən sonra söz tədbirin qonaqlarına verildi. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin gənc əməkdaşı Sadiq Qaçayev iştirakçıları və digər təhsil ictimaiyyətini Bilik Günü münasibəti ilə təbrik edərək, təhsilin insan həyatındakı rolundan və əhəmiyyətindən danışdı. Sonra Təhsil İnstitutunun Təhsilin iqdisadiyyatı və idarə olunması şöbəsinin müdiri, pedaqoji elmlər doktoru, Respublikanın Əməkdar müəllimi, professor Piralı Əliyev təbriklərə qoşularaq, yeni tədris ilində həyata keçiriləcək yeniliklərdən söhbət açdı. Dövlətimizin gündən-günə inkişaf etdiyini vurğulayan təhsil mütəxəssisi qazandığımız uğurlara görə dövlətimizin başçısına, eyni zamanda bizə böyük Zəfər sevinci yaşadan şəhidlərimizə, qazilərimizə və digər qəhrəman oğullarımıza böyük minnətdarlıq borcumuzun olduğunu bir daha ifadə etdi. Vətənpərvərlikdən düşüncə söz Green Start Academy-də “Vətən və İnsan sevgisi” adı altında görüşlər keçirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elmi tədqiqatlar bölməsinin elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyevaya verildi. Zülfiyyə müəllim yeniyetmə və gənclərin təhsil və tərbiyəsində Vətən və İnsan sevgisinin önəmindən danışaraq, bu mövzuların təbliğində Azərbaycan müəlliminin danılmaz rolundan bəhs etdi. Green Start Academy-nin təlimçisi, Bərdə rayon 8 nömrəli tam orta məktəbin müəllimi, Əməkdar müəllim Nərgiz Həsənova da Zülfiyyə müəllimin səsinə səs verərək Azərbaycan müəlliminin fədakarlığından ətraflı söhbət açdı, qazandığımız Böyük Zəfərdə vətən üçün düşünmədən canından keçən Vətən oğullarının Azərbaycan müəlliminin əməyinin nəticəsi olduğunu, bundan sonra da dərslərdə vətənpərliyə daha çox yer verilməsinin vacibliyini bildirdi. Bu məqamda Aysel Rəsulzadə 15 sentyabr həm də Bakının bolşevik-daşnak işğalından azad olunmasının 103 illiyinin tamam olmasını qeyd edərək, bu Qələbədə də hər zaman yanımızda olan Türkiyə dövlətinə - türk qardaşlarımıza böyük minnətdarlığını ifadə etdi.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti, 210 nömrəli tam orta məktəbin coğrafiya müəllimi, eyni zamanda Green Start Academy-nin təlimçisi Səkinə Hüseynova da təbriklərə qoşularaq yeni tədris ilində hər kəsə uğurlar dilədi. 

Ardınca Green Start Academy-nin əməkdaşları - “İlkin tibbi biliklərin aşılanması” layihəsinin rəhbəri, 22 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Aygün Cəfərli, “Müsabiqələr” layihəsinin rəhbəri, Qobustan rayon Ayaz Quliyev adına Cəyirli kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Raifə Hidayətova, “Mütali günü” layihəsinin rəhbəri Günel Kamal, “Green Start-ın mətbəxi” layihəsinin rəhbəri Nərgiz Pəhlivanova, həmçinin təşkilatın Gəncə şəhər nümayəndəsi, Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbin müəllimi Ənvər Cəfərov, psixoloqu Gülşən Nəhmətova, Valideyn komitəsi Könül Qədirli çətin pandemiya şəraitində Academiyadakı fəaliyyətlərindən, eyni zamanda yeni tədris ilində nəzərdə tutulmuş layihələrdən bəhs edərək, pandemiya dövründə müəllim və valideynləri daha tədbirli olmağa çağırmaqla, öz fikirlərini paylaşdılar. 

Green Start Academy-nin Bilik Günü ilə bağlı hazırladığı videorolik tədbirə ayrı bir rəng qatdı. Maraqlı müzakirələrlə əhatə olunan görüş yüksək əhval-ruhiyyə ilə başa çatdı. 

 

 





16.09.2021    çap et  çap et