525.Az

95 marka yanacağı niyə özümüz istehsal etmirik? - Sosial şəbəkədə yazılanlar


 

95 marka yanacağı niyə özümüz istehsal etmirik? -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Aqşin Kərimov, jurnalist:

Ermənistan ombudsmanı Arman Tatoyan bildirir: 

- Azərbaycan Gorus-Qafan yolunda polis postu ilə yanaşı, təhlükəsizlik kameraları da quraşdırıb. 

- Bu kameralar vasitəsi ilə ərazidən keçən bütün avtomobillər izlənilir, sərnişinlərin sayı bilinir, sərnişinlərin, sürücülərin üzləri qeydə alınır. 

- İrandan gələn yük maşınları nəinki yoxlanılır, hətta bəzilərinin hərəkətinə icazə verilmir. 

Ermənistanda hazırda isterik vəziyyət körüklənib, ölkə müharibədəki məğlubiyyətdən sonra dərin intellektual böhran da keçirir. 

Hər şeyin daha yaxşı olacağını ümid edirik, ən yaxşı isə sülh müqaviləsinin bağlanmasıdır. İrəvanın seçdiyi mövqe isə Azərbaycana sülh üçün güc tətbiq etməkdən başqa yol buraxmır.

***

Mehriban Vəzir, yazıçı-publisist:

- Rus istilasına qarşı çıxmış Xanqızı - Xanxanımı Tutu Xanımın 1813-cü ildə Osmanlı Sultanı II Mahmuda yazdığı məktubdan... 

1806-cı ildə rus işğalçı dəstəsinin başçısı Lisaneviç gecədən 3 saat keçmiş Qarabağ xanı İbrahim xan Cavanşirin qafiləsinə quldurca basqın edərək xanı, ailəsini, hətta azyaşlı övladlarını və əsabələrini (50 nəfərə kimi) qətliam etdi...

İbrahim xanın qızı Tutu Xanımın (o, Şəki xanı Səlim xanın zövcəsi idi) II Mahmuda yazdığı məktub belə başlayır: 

"Qarabağ valisi, mərhum Şəhid, Allah yolunda savaşmış, Osmanlı dövlətinin qarşısında qədim və səmimi bir xidmətçi olan İbrahim Xan Qarabağının qızı Tutu Xanım"

Tutu Xanım yazır:

Bu bölgə zəngin və pak, mərhəmətli olan Allahdan heç umudunu kəsməyib... Uca Allah Qurani-Kərimdə müsəlmanlara belə buyurmuşdur: Ey müsəlmanlar, Allaha, Rəsuluna və sizdən olan idarəçilərə itaət edin. İndi bu itaət şanlı, şövkətli və əzəmətli olan dövlətinizədir. Allaha həmd və sənalar olsun ki, bu anda atalarımıza ayrılan torpaqlarda, onlara verilən fərmanlar və əmrlər əsasında əzəmətli və möhtəşəm Osmanlı dövlətinə itaətkar durumdayıq. O uca dövlətin izni və əmrləri ilə burada hökm sürməkdəyik. Ancaq hicrətin 1225-ci ilində (Milad - 1801) kafirlər Tiflisi istila etdi. Biz də onlara qarşı 4 il cihad etdik. Bundan sonra minlərlə müsəlman bacı-qardaşımız şəhid oldu. Bu il yurdumuzu tərk etmək məcburiyyətində qaldıq. Yenə bu il 2400 əsgərimizlə birgə kafirlərlə döyüşdük və onları Şəkidən çıxardıq, ordumuz Şəkiyə yenidən yerləşdi. Ancaq düşmənin Şəkini yenidən geri almasından qorxuruq, çünki bizim nə silah-sursatımız, nə də topumuz var. Elə bu səbəbdən durumumuzu Osmanlı dövlətinin uca məqamına çatdırmaq məcburiyyətində qaldıq. Həmçinin, Dağıstandakı rəhbərlərlə və müsəlman xalqla ittifaq yaratdıq. Allah yolunda döyüşmüş, qazi olmuş fəzilətli alim Hüseyn Əfəndini də vəziyyətimizi sizə çatdırmaq üçün Osmanlı dövlətinə göndərdik. Dövlət başçısından bizim adımıza bir fərman çıxarmasını və onun hökmünə tabe olmasını ümid etməkdəyik. Biz burada bütün silahdaşlarımızla birgə 40 minə yaxınıq. Əmr vermək rəhbərimizdən, əmrə tabe olmaq bizdəndir. Zira bu anda ətrafımızda olan rus ordusu da zəif düşmüşdür. Geriyə qalan əsgərləri də bizə qarşı zəfər əldə edəcək halda deyildir. Allah kafirlərin kökünü kəssin. Allahın yardımı olmadan nə uğur əldə etmək olar, nə məğlubiyyətdən qurtarmaq olar..."

Qarabağlı İbrahim xanın qızı, Şəkili Səlim xanın zövcəsi Tutu xanımın Osmanlı sultanı II Mahmuda göndərdiyi bu qiymətli məktub Azərbaycan qadınının rus işğalına qarşı duruşu, milli azadlıq istəkləri və uluslararası siyasətdə iştirakçılığı haqda olan çoxsaylı dəlillərin sadəcə bircəsidir...

***

Xaqani Səfəroğlu, jurnalist:

- Dünyanın onlayn media sektorunda oxucu trendi dəyişir. Artıq saytın mötəbərliyi İP sayı ilə deyil, istifadəçinin saytda qalma müddəti ilə ölçülür. 
Biz isə hələ İP "qovuruq"... 

Belə davam eləsə, "İP" də əldən gedəcək, "it" də...

*** 

- Baydenin sözləri Tacikistanı qəzəbləndirib. 

ABŞ prezidenti Əfqanıstanda ABŞ təyyarəsindən sallanıb yerə düşənlər barəsində guya yaxşı söz demək istəyib.

Deyib ki, Tacikistanda olsaydıq, orada da ABŞ təyyarəsinin təkərlərindən sallanan adamlar görərdik...

XİN etiraz bəyanatı verib.

***

Asif Nərimanlı, jurnalist:

- Ermənistanın xaricə çıxışı üçün iki əsas yol var. Lars yolu: Rusiya-Ermənistan tranziti; Gorus-Qafan yolu: İran-Ermənistan tranziti.

Qış fəslində Lars yolu keçilməz olur: tırlar günlərlə yolda qalır.

Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq, Lars yolunda növbələr yaranıb.

Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, mandarin kimi meyvə yüklərinin artacağı gözlənilir; bu məhsullar tez xarab olduğu üçün ünvana çatmaq uğrunda əsl mübarizə başlayacaq; beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaq;

Lars yoluna alternativ marşrutun 2023-cü ildən tez başa çatması gözlənilmir.

Ermənistanın İrana çıxışı da faktiki Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir.

Əslində, Azərbaycanın Gorus-Qafan yolunda strategiyasının daha uzaqmənzilli hədəfləri var: avqust ayında yol iki günlük bağlananda strateji hədəfin İrəvanı çətin vəziyyətə salmaq və Bakının tələbləri ilə razılaşmağa məcbur etmək olduğunu yazmışdıq.

Rusiya və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində - Türkiyəyə çıxışın təmin edilməsidir: Ankaradan İrəvana müsbət siqnalların gəlməsi, Paşinyanın "müsbət cavab verəcəyik" açıqlamaları baş verənlər fonunda təsadüfi deyil;

Beləliklə, Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün hazırlanır.

Ermənistan iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik yaradacaq: Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması çətinliyi həlledilməz vəziyyətə salır; Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində problemlər var; Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər yarana bilər və s.

Bütün bunlar Bakının İrəvana qarşı "məcburetmə əməliyyatının" tərkib hissəsidir.

***

Sahib Məmmədov, siyasətçi:

- Deməli, "Azəravtoyol" 3-4 ildən bir yolların ortasındakı arakəsmələri əvvəlcə dəmirdən edir, sonra söküb beton edir, sonra yenidən dəmir. Proses davam edir. Məni də dəvət edirlər televiziyaya ki, gəl məmurların korrupsiyasından danış. Getsəydim, mütləq bu mövzuda danışacaqdım. İnsafən, mənim sözlərimi qayçılamırlar. Gedə bilmədim.

***

Vüsal Məmmədov, jurnalist:

- "Apple" şirkətinin qurucularından biri və rəhbəri Stiv Voznyak da özünün kosmik şirkətini yaradıb. O, "Privateer Space" adlı şirkətin başqalarından fərqli olacağını bildirib. Maraqlıdır ki, bütün milyarderlər bir-birinin ardınca kosmik şirkətlər yaradırlar. Deyəsən, nəsə bilirlər vicdansızlar...

***

Zümrüd Dadaşzadə, professor:

- Dostlar, dünən narahatlıq doğuran bir epizod mənə danışdılar. Bir tələbə oğlan şəhərimizdə keçirilən festivala həvəslə bilet alıb gedib - gözəl musiqidən də feyziyab olub. Amma... amma böyük bir diskomfort yaşayıb. Ətrafındakı adamlardan heç biri doğma dilimizdə danışmırmış. Gözəl gəncdir - bilikli, öz üzərində çalışan. İngilis dilində də kifayət qədər yaxşı danışır. Rus dilini isə bilmir. Bəli, belə hallar az deyil. Əlbəttə, xarici dil nə qədər çox bilsən - daha yaxşı. Amma öz doğma şəhərində özünü yad hiss etmək - bax bu məqam düşündürür və məni pərişan edir. Şərhlərdə də diqqətli olaq... Qarşıdurma yaratmaq istəməzdim. Amma axı həmişə olub - elə bizim musiqi məktəbində də - iki şöbənin şagirdləri arasında... sadəcə, o - Sovet dönəmi idi...

***

Aida Eyvazova, jurnalist:

- Kədərin rəngi ya qara, ya da sarı rəngdə olur. Əziz dostumuz, ən əvvəl peşəkar jurnalist Yunis Orucovun yazdığı tarixi kitabda olduğu kimi. Yunis jurnalistikamızın fədaisidir. Zəhmətkeşdir, dəyərlidir, istedadlıdır. O qədər televiziya yükünün içərisində, hələ bir tarixi araşdırma aparıb, ortaya mükəmməl bədii əsər qoyub. Azərbaycan-Türkiyə dostluğunun əbədiliyindən danışır "Nargin. Saralmış kədər". Mən oxuyacam, siz də alıb, oxuyun.

***

Yeganə Hacıyeva, jurnalist:

- Vaksin istehsal edən şirkətlərin koronavirusa görə körpə uşaqların da vaksin olunmasına çağırışı bu şirkətlərin yeni bazar axtarışıdır. 
Bu günə qədər mediada dezinformasiyalardan başqa, dünyanın heç bir yerində bir nəfər də olsun uşağın COVİD-dən ölməsi haqqında məlumat təsdiqlənməyib. Nə ÜST, BMT, nə Avropa Kommissiyası.

Almaniyada isə polis dezinformasiyaların yayılmasında "İctimai TV və medianın  reklam əsaslarla vaksin istehsalçısı firma şirkətlərlə iş birliyi" rolunu araşdırır. 

Oxşar araşdırmalar dünyanın bir çox ölkələrində də gedir.

***

Etibar Əliyev, millət vəkili:

- Deputat Fazil Mustafanın bu fikrini mən də dəstəkləyirəm: "Azərbaycanda qiymət siyasətini Milli Məclis müəyyən etməlidir. Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir".

Əlavəm bundan ibarətdir ki, qiymət artımı ciddi şəkildə müzakirə olunmalıdır. Təhlillər aparılmalıdır. Fazil bəy haqlı sual verir: "Əgər bu illər ərzində Azərbaycanda yüksək oktanlı, keyfiyyətli benzin emal etməyi bacarmırsınızsa, bunun bədələni niyə vətəndaşlar ödəməlidir?"

***

Ələsgər Süleymanov, jurnalist:

- Bu boyda neft ölkəsiyik, bir 95 marka yanacaq nə olan şeydir ki, bunu özümüz istehsal etmirik?
 

 





17.09.2021    çap et  çap et