525.Az

Uşaqların Bilik Günü kabusu - Natəvan Abdulla yazır


 

Uşaqların Bilik Günü kabusu -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

Ötən ilin mart ayından etibarən COVİD-19 pandemiyası bütün dünyada təhsil sistemini iflic etdi. Ötən bir ili distant fomrada davam etdirilən tədris prosesi uzun fasilədən sonra yenidən əyani təhsillə əvəz olunur. Bir il insanların alışqanlıqlarının, vərdişlərinin dəyişməsi, formalaşması baxımından böyük  zaman kəsimidir. Bir il ərzində kompüter qarşısında dərsə qoşulmağa adaptasiya olmuş şagirdlər yenidən məktəbin yolunu tutacaqlar. 

Ənənəvi təhsilə qayıdış yuxarı sinif şagirdləri üçün asan olsa da, ötən il birinci sinifə başlayan və bu prosesi evdə, valideynlərinin yanında keçirən, eləcə də bu ilin birinciləri üçün nisbətən çətin ola bilər.

Ümumiyyətlə, birinci sinifə başlayan uşaqlar üçün sinif otağına öyrəşmək, bir qırx beş dəqiqəni parta arxasında oturmaq, yad insanlarla birlikdə olmaq, xüsusilə valideynlərindən ayrı qalmaq adətən çətin olur. Bu da hər il Bilik Günündə kameralarda öz əksini tapır. 

Qorxudan gözünün, burnunun suyu bir-birinə qarışan bu balacaların sinifə, müəllimə, parta yoldaşına öyrəşməsi xeyli çətin olur. Bəs görəsən, niyə bəzi uşaqlar sevinə-sevinə güllə-çiçəklə məktəbə tələsəndə, bəzilərinin ayaqları geri-geri gedir, valideynlərinin ətəyindən yapışıb qopmaq istəmirlər? Onları bu qədər qorxudan nədir? 

Uşaqların məktəbə alışa bilməməsinin səbəbləri fərqli olur. Ümumi cəhət isə odur ki, uşağın əvvəllər yaşadığı və psixologiyasına təsir edən bir çox amil bu prosesə mənfi təsir edir. Bu mövzuyla bağlı yüzlərlə elmi, psixoloji, pedaqoji material mövcuddur. Onları kiçik başlıqlar altında toplayaraq, uşaqların "Bilik Günü kabusu"a son qoymaq, onlara qorxularını aşmaqda daha düzgün kömək etmək olar.

Anaya olan güvənin azlığı

Uşağın anayla arasındakı güvən hissi onun məktəbə alışmasına birbaşa təsir edir. Körpə doğulduğu ilk andan etibarən anası və ya ona qayğı göstərən şəxslə arasında bir əlaqə yaranır. Bu əlaqə bağlılıqdır. Bu ilk bağlanma mütləq və qaçılmazdır. Amma o, fərqli ola bilir: Uşaq anaya güvən hissi ilə, yaxud da güvənsiz bağlana bilir. 

Güvənsiz bağlılıq uşağın anaya bağlanması, amma eyni zamanda, ona etibar etməməsidir. Anadan qısamüddətli ayrılıqlar uşaqda bu cür psixologiyanın formalaşmasına səbəb olur: "Yanımdadır, məni sevir, amma hər an məni atıb gedə bilər". Uşağın ən çox ehtiyac duyduğu insanla bağlı bu güvənsiz bağlılığı Bilik Günü ondan ayrı qalmaq lazım gələndə şiddətli qorxu ilə özünü göstərir.

Üstü örtülü qalan travmalar

Məktəb yaşınacan uşağın yaşadığı, valideynin diqqətsizliyi səbəbindən gözdən qaçan bir çox travmalar da Bilik Gününü uşaq üçün faciəyə çevirə bilər. Ümumiyyətlə, məktəbə gec öyrəşən, yaxud heç öyrəşə bilməyən uşaqlarda həllini tapmamış travmaların olma ehtimalı yüksəkdir. Məsələn, ailə fərdlərindən birini itirmək uşağın psixologiyasına mənfi təsir göstərir. Bu vəziyyət də onun məktəbə adaptasiya prosesinə mane olur. Bununla yanaşı, psixoloqlar məktəbə adaptasiya ola bilməyən bəzi uşaqların evdə valideyn zorakılığına, istismara, laqeydlik kimi mənfi hallara məruz qaldıqlarını da ehtimal edirlər.

Ailə fərdlərinin fərqli tutumlara sahib olması

Uşağın tərbiyəsində və onun düzgün inkişafında ailə fərdlərinin əlbir-dilbir olmasının vacibliyi hər zaman vurğulanır. Uşaqların davranışlarındakı problemin təməlində ana-atanın onları fərqli yetişdirməsi dayanır. Məktəbə başlayan uşağın bu prosesə adaptasiya olması üçün valideynlər ən azı bu məsələdə eyni fikirdə olmalı və bərabər addımlamalıdır. Məsələn, valideynlər uşağın məktəbə neçə yaşda başlamasıyla bağlı fikir ayrılığı yaşasalar, uşaq da bundan təsirlənə bilər. Ağlı bu cür qarışmış uşaq psixoloji olaraq dərs ilinə hazır olmayacaq. Çünki uşağın valideynlər arasındakı bu mübahisədən aldığı mesaj, məktəbə gedib-getməməklə bağlı qərarsızlıq və istəksizlik olacaq. Əgər uşaq dərsə başlamalıdırsa, yaxud dərs ili ərzində intizamlı formada dərsinə davam etməlidirsə, bütün ailə fərdlərindən bu mesajı alması vacibdir. Nənə "bu gün məktəbə getməsin",  ana "yox, dərsdən qalmasın" deyirsə, bu, uşaqda intizamsızlığa səbəb olacaq. Beləcə, uşağın məktəbə adaptasiya prosesi ləngiyəcək.

Həyat şərtlərinin dəyişməsi

Məktəbə başlamazdan əvvəl yeni tanışlıq, ailədə yeni körpənin doğulması, boşanma halları da uşağın adaptasiyasına mənfi təsir göstərə bilər. Uşağın həyat şərtlərinin bir anda dəyişməsi, özünün nəzarətindən çıxdığını hiss etməsi (onun razılığı alınmadan şərtlərin dəyişməsi) yeni bir mühitə addım atmaqda istəksiz olmağına səbəb ola bilər. Çünki uşaqların eyni anda bir çox dəyişikliklərlə başa çıxması daha çətindir. Unutmayaq ki, məktəbə başlamaq özü təkbaşına uşaq üçün böyük bir dəyişiklikdir. Təkcə uşaqlar yox, hər insan gündəlik rutini pozulanda özünü narahat və gərgin hiss edir. Uşaqlarda isə bu, adətən qayğı və qəzəbin yaranmasına səbəb olur. Bu səbəbdən həyat şərtlərində baş verəcək hər hansı bir dəyişikliklə bağlı uşaqla əvvəlcədən uyğun üsubda danışmaq, onu məlumatlandırmaq və deyilənləri anladığına əmin olmaq lazımdır.

Qayğılar adaptasiyanın "düşməni"dir

Qəmgin, bədbin, qayğılı uşağın məktəbə alışması da çətin olur. Zehin travmaların yaratdığı qayğılarla o qədər məşğul olur ki, uşaq düşdüyü yeni mühiti tam anlaya, dərk edə bilmir və beləcə, yaşadığı mühtidə qarşılaşdığı hər hansı bir problemin öhdəsindən gəlmək onun üçün çətinləşir. Lövhə qarşısına çıxıb dərs danışmaq, səsli kitab oxumaq, çalışmaları yazmaq belə, onun üçün məşəqqətli bir işə çevrilir. Uşağın qayğıları əslində, valideynin qayğıları olur. Valideynlərin məktəb haqqında düşüncələri, gələcəklə bağlı qayğıları, dolanışıq problemləri haqqında uşaqların yanında çox danışmaqları uşaqlarda narahatçılıq doğurur. Buna görə də valideynlər qayğılarının yoluxucu olduğunu, onları uşaqlarına ötürdüklərinin fərqinə varmalıdırlar. Qayğılı uşağın ürəyini rahatlatmaq, onunla söhbət etmək, hər şeyin qaydasında olduğunu hiss etdirmək lazımdır. Bunun üçün birinci növbədə ana-ata narahatlıqlarını idarə etməyi, sakit olmağı bacarmalıdır.

Məktəb uşaqlarda yeni hisslərin yaranmasına səbəb olan, bəlkə də, heç vaxt hiss etmədikləri duyğuları ortaya çıxaran mühitdir. Bu dönəm özü uşağı bir qədər qayğıya sala bilər. Amma evdə qayğılı olan uşaqlar bu mühitdə panikaya düşə bilər. Beləcə, uşaq məktəbdə hər an başına pis bir hadisə gələcəyini düşünər. Buna görə də anadan ayrı qalanda asanlıqla sakitləşə bilməz. Başqa uşaqlar üçün kiçik qayğı olan və sonrakı günlərdə keçib gedəcək bu duyğu qayğılı uşaqlar üçün dəhşətə çevrilir. Bütün bu faktlar göstərir ki, valideyn uşağını müşahidə etməli, onun hansı mövzularda narahatlıq keçirdiyini anlamalı, həmin mövzularda uşaqla söhbət etməlidir. Hər şeyin yolunda olduğunu uşaqlara güvən hissi ilə ötürmək valideynin üstünə düşən əsas vəzifələrdəndir. 
 

 





17.09.2021    çap et  çap et