525.Az

Azərbaycan və erməni xalqları birlikdə yaşaya bilərlərmi? - Xətai Azayev yazır


 

Azərbaycan və erməni xalqları birlikdə yaşaya bilərlərmi? -<b style="color:red"> Xətai Azayev yazır</b>

Xətai Azayev

Xalqların dövlətçilik ənənəsi formalaşandan bu günə qədər müxtəlif zəmində konfliktlər hər dövrdə yaşanıb. Hələ ta qədimdən, məhsuldar ərazilər əldə etmək uğrunda son tunc dövründən etibarən, tayfaların meydana gəlməsi, tayfa ittifaqlarının meydana çıxmasından sonra müharibələrin də əsası qoyuldu. Bu münaqişələr qala və paytaxt şəhərlərin yaranmasında özül rolunu oynadı. Uzun sözün qısası, demək olar ki, dünyanın bu günə qədər sakit vaxtı olmayıb. Dəyişilməyən bircə gerçəklik var, hələ də öz aktuallığını qoruyur, o da siyasi çevrələrdəki gərginliyin bədəlini hər zaman sadə xalqın ödəməsidir. Müharibələr nəticəsində bir çox dövlət tarix səhnəsindən silinib gedib, tarixə məlum olan və məlum olmayan xalqların varlığına son qoyulub. Bunun ən əsas nümunəsi latın xalqıdır. Qərbi Roma imperiyasının süqutundan sonra, həm imperiya, həm də xalq tarixin tozlu səhifələrinə gömüldü. Latın xalqı mövcud olmasa da, Latın dili hələ də yaşayır. Bəxtiyar Vahabzadənin məhşur "Latın dili" şeirində vurğuladığı kimi, "kim deyir ki, ölüdür bu? Ölülərin dili deyil, dirilərin dilidir bu". Şairin dediyi sözün təsdiqi kimi, bir çox elmi terminlər məhz bu dildə ifadə edilir.

Yaxın keçmişlə müqayisədə, qədim və orta əsrlərdə, eyni irqdən, eyni dindən olan xalqlar belə, bir-birilərinin dövlətlərinə son qoyurdular. Bizim coğrafi məkanda da bir neçə türk dövləti, imperiyası biri-birini əvəzləyib. Əvvəllər qonşu dövlətlərin ölkəmizə məkrli niyyətləri olsa da, məhz 19-cu əsrdən etibarən yadellilərin pis niyyətləri bu ərazilərdə daha da  güclənməyə başladı. Səfəvi və Əfşarlar imperiyaları dağıldıqdan sonra, Azərbaycan hakimiyət sevdası üzündən parçalanmağa başladı. Beləliklə, zəifləmiş və pərakəndə idarəçilik altına düşən ərazilərimiz, imperialist təfəkkürlü qonşularımız tərəfindən təcavüzə uğramağa başladı. Azərbaycan torpağlarının hər parçası qonşularına əsir düşdü. İşğal etmələri azmış kimi, vətənsiz xalqları Azərbaycana köçürməyə başladılar. Rus tədqiqatçısı Şavrov qeyd edirdi ki, 1 300 000 erməninin bir milyonunu biz bu ərazilərə köçürmüşük. Azərbaycanın qara günləri də, məhz bu vaxtdan başladı. Qərbi Azərbaycanda Ermənistan dövlətinin təməl daşları atıldı, Qarabağa ermənilərin yerləşdirilməsi başladı və sair. Bu köçürmələrin hədəfi ərazilərimizdə demoqrafiq vəziyyəti dəyişmək və o torpaqlarda yaşayan azərbaycanlıların sayını süni şəkildə azaldıb, ermənilərin sayını çoxaltmaq idi. Bunun məntiqi nəticəsi kimi, qərbi Azərbaycan torpaqlarında Ermənistan dövləti quruldu. Qarabağın başının üstün qara buludlar aldı, 20-ci əsrin əvvəlində və sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı soyqırımlar törədildi. Buna baxmayaraq, Azərbaycan xalqı toparlanmağı bacardı. 90-cı illərin əvvələrində işğal olunan ərazilərimiz 2020-ci il 27 sentyabrda başlayan 44 gün çəkən Vətən müharibəsində işğaldan azad olundu. Əvvəllər Ermənistanın hakim dairələrindən və vətəndaş cəmiyətindən münasibətlərin normallaşması üçün cüzi istək vardısa, qələbədən sonra bu istək indi daha da yaxşı səviyyədədir. Azərbaycan tərəfi isə, hər zaman bu ədavətin sonlanmasının tərafdarı olub. İstər müharibədən sonra, istərsə də müharibədən əvvəl. Yetər ki xalqlar arasındakı münaqişəni alovlandıran üçüncü tərəf olmasın. Bu cür müdaxilələr xalqlar arasında olan münaqişəni daha da dərinləşdirir və hər iki vətəndaş cəmiyyəti arasındakı ədavəti daha da alovlandırır. Bu günə qədər baş vermiş bütün münaqişələrin həlli yolu hər zaman olub. Əksər hallarda tərəflər öz aralarında müəyyən məxrəcə gələ biliblər. Çünki illər boyu münaqişələrin həllini tapmaması hər iki tərəfin istənilən sahədə inkişaf etmə yolunda əlini-qolunu bağlayır. Məhz Almaniya və Fransa arasındakı uzun müddətli anlaşılmazlıq həll edildikdən sonra, hər iki dövlət daha çox inkişaf etdi. İndi istənilən alman və fransız rahatlıqla biri-birinin ölkələrinə gedib-gələ bilirlər. Bu qədər gərginliyə rəğmən, Azərbaycanda ermənilər rahat şəkildə yaşayır. Ermənilərin düşmən bildikləri Türkiyədə isə erməni əhalidən əlavə, Türkiyə Böyük Millət Məclisində erməni millət vəkili belə var. Amma Ermənistanda bu tolerant mühit hələ də formalaşmayıb. Ümumiyətlə, Ermənistan azsaylı dövlətlərdəndir ki, monolitliyini qoruyub saxlayır. Belə bir absurd mənzərənin yaranmasında təkcə, Ermənistan milliyətçilərinin günahı yoxdur, bu düşmənçiliyi daha da alovlandıran və Cənubi Qafqazda münaqişə ocağının sönməməsində maraqlı olan Rusiyanın da günahı çoxdur. Qarabağda separatçı rejimin silahlanmasında ən böyük rolu oynayan da məhz Rusiyadır. Ermənistanın da bu qədər Rusiyanın əlaltısı olmasının bir digər səbəbi isə, Ermənistanın dövlət kimi varlığının yeganə dayağı Rusiyadır. Bu regionda sabit vəziyətin hökm sürməsi üçün Rusiya amilini neytrallaşdırmaq ən mühüm məsələdir. Yəhudilər almanlar tərəfindən soyqırıma uğradıqdan sonra, hazırkı dönəmdə barışa biliblərsə və İkinci Dünya müharibəsi yekunlaşan kimi, Nürnberq məhkəməsində səbəbkarları cəzalandırmağa nail olublarsa, Azərbaycan da bunu edə bilər.
 

 





17.09.2021    çap et  çap et