525.Az

Müstəqillik illərində Azərbaycanda Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri


 

Müstəqillik illərində Azərbaycanda Heydər Əliyevin iqtisadi inkişaf strategiyasının əsas istiqamətləri<b style="color:red"></b>

Milli dövlətçiliyimizin qurucusu, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının böyük oğlu, görkəmli dövlət xadimi, xilaskarlıq missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, dövlət müstəqilliyinin banisi olaraq, cəmiyyət həyatının bütün sahələrini əhatə edən əvəzsiz xidmətləri ilə adını Azərbaycan dövlətinin tarixinə əbədi olaraq həkk etmişdir.

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqının və dövlətinin inkişafı naminə əvəzsiz işlər görmüş Ümümmilli lider Heydər Əliyev hər zaman qurur hissi ilə xatırlayacağımız dahi bir şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan bir şəxsiyyətdir. Azərbaycan tarixinin ən ağır zamanında - 1993-cü ilin iyun ayından etibarən ikinci dəfə respublika rəhbərliyinə qayıdan Ulu öndər bu dövrdən başlayaraq ölkədə baş verən proseslərin və həyata keçirilən islahatların bütün istiqamətlərinin təşkilatçısı olmuşdur. İslahatların həyata keçirilməsində hər bir sahəyə məxsus olan spesifik xüsusiyyətləri nəzərə alan Ümumilli lider bu islahatların son nəticə etibarilə sosialyönümlü olmasının hədəf kimi seçilməsini xüsusilə zəruri hesab edirdi. Bu yanaşma eyni zamanda Azərbaycanda həyata keçirilən islahatların əsas meyarı kimi istehsalın səmərəliliyinin yüksəldilməsi və bu əsasda xalqın həyat səviyyəsinin yüksəldilməsində özünü büruzə verən sosialyönümlü bazar iqtisadiyyatı modelinə üstünlük verilməsini bir daha sübut edir. Ulu öndərin iqtisadi islahatların həyata keçirilməsi istiqamətində baxışlarını səciyyələndirən ən vacib xüsusiyyət - islahatların həyata keçirilməsinin istiqamətlərini düzgün proqnozlaşdırmaqdan ibarət idi. Yeni təsərrüfatçılıq formalarının meydana gəlməsi, kiçik sahibkarlığın inkişafı, təşəbbüskarlığın genişləndirilməsinə imkan verən iqtisadi islahatlar Heydər Əliyev tərəfindən bazar iqtisadiyyatına gedən yolda əsas vasitə kimi dəyərləndirilmişdir. Sahibkarlığın ümumi islahatlar sistemində yerinin düzgün müəyyənləşdirilməsi, sahibkarlıq fəaliyyəti üçün zəruri şərait yaradılması, dövlət tərəfindən maliyyə və hüquqi cəhətdən dəstəklənməsinin əsası məhz Ulu öndər tərəfindən qoyulmuşdur.

Sahibkarlığın inkişafı ilə yanaşı, dövlət mülkiyyətinin özəlləşdirilməsi iqtisadi islahatların həyata keçirilməsində bir tamlıq, vəhdətlik yaratmış oldu. Ölkədə özəlləşdirmə proqramının həyata keçirilməsi azad sahibkarlığın və şəxsi təşəbbüskarlığın inkişafını sürətləndirdi. İqtisadi islahatların keçirildiyi zaman ümumi sosial-iqtisadi vəziyyətin aqrar sektorda aparılan islahatlarla qarşılıqlı əlaqə və asılılığının təmin edilməsi Heydər Əliyev iqtisadi islahatlar strategiyasının əsas istiqamətlərindən biri idi. Ən başlıcası isə ondan ibarətdir ki, iqtisadi islahatlar strategiyası liberallaşma ilə sosial-iqtisadi inkişaf arasında sinergetik bir vəhdət təşkil etmişdir. Beynəlxalq maliyyə təşkilatları ilə əlaqələrin genişləndirilməsini Heydər Əliyev Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının, ölkədə həyata keçirilən iqtisadi islahatların uğurla nəticələnməsinin əsas şərti hesab edirdi. Ümummilli lider ölkə iqtisadiyyatının dünya standartlarına uyğun inkişafını dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsində əsas vasitə kimi dəyərləndirirdi. Yeni iqtisadi sistemin formalaşdırılmasında Ulu öndər müvafiq qanunvericilik bazasının yaradılmasına xüsusi əhəmiyyət verərək, qanunların aliliyinin təmin olunmasını iqtisadi islahatların uğurla həyata keçirilməsi üçün başlıca zəmin hesab edirdi. 

Azərbaycanın inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi, dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin zəngin irsi dövlətçiliyimizin tərəqqisi naminə xalqımız üçün böyük qürur mənbəyidir. Ulu öndər respublikamıza rəhbərlik etdiyi dövrlərdə (1969-1982 və 1993-2003) hər zaman Azərbaycanın milli maraqlarını uca tutmuşdur. Heydər Əliyev təcrübəli dövlət başçısı və görkəmli siyasi xadim kimi xalqımızın milli dəyərlərinə, tarixi soy-kökünə, adət-ənənələrinə, dövlətçilik prinsiplərinə sadiq qalaraq, Azərbaycanın ideoloji fəaliyyət strategiyasının məhz bu amillər üzərində qurulması kimi mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəlmişdir. 1993-cü ilin ikinci yarsında Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı zamanı ilk səsləndirdiyi  "Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!", yaxud "Vətən birdir və hamı bu Vətən üçün çalışmalıdır!" çağırışı müstəqil dövlətçilik ideyalarının bərqərar olunması istiqamətində fəaliyyətin əsas göstəricisi kimi çıxış edir.

Bəli, qürur və fəxarət hissi ilə deyirik ki, ölkəmizin bugünkü inkişafı dahi şəxsiyyət Heydər Əliyev tərəfindən hazırlanmış mükəmməl bir proqramdır. Heydər Əliyev mövqeyi və ideyaları xalq tərəfindən qəbul və təsdiq edilən həqiqət konsepsiyasıdır. Ona görə ki, Azərbaycan tarixinin müdriklik zəkasından qaynaqlanan Heydər Əliyev ideyaları milli mentalitetimizin bütün atributlarını və prioritet məsələlərini sistemli şəkildə əhatə edir. Heydər Əliyev şəxsiyyəti ümumxalq zəkası ilə ayrılmaz bir vəhdətdə, vahid bir ideyada birləşmişdir. Heydər Əliyev Azərbaycan xalqının yaradıcılıq potensialına müstəqillik ideyalarında birləşdirən Ümummilli Lider və müqəddəs rəhbər olmuşdur.

Heydər Əliyev böyük bir şəxsiyyət kimi cəmiyyətin sivil inkişafını hər bir fərdin maraq və mənafelərinin etibarlı təminatında görərək bütün zəruri tədbirləri həyata keçirmişdir. Böyük öndərin irəli sürdüyü milli ideya Azərbaycanın tarixi ənənələrini və müasir dəyərləri özündə birləşdirən yeni inkişaf strategiyasının təməlini təşkil etmişdir. İctimai-siyasi sabitlik bu strategiyanın əsas dayaqlarından biri kimi çıxış etmişdir. Əlbəttə ki, sabitliyə nail olmadan yeni və daha mütəşəkkil idarəetmə sisteminə keçidi reallaşdırmaq mümkün deyildir. Bu gün ciddi əsaslara malik ictimai-siyasi sabitliyin hökm sürdüyü, iqtisadiyyatı inkişaf edən, əhalinin etibarlı sosial müdafiəsini təmin edən müstəqil Azərbaycan xarici siyasət sahəsində də fəal diplomatik əlaqələrə malikdir.

Ümummili lider Heydər Əliyevin qətiyyətli əzmi sayəsində Azərbaycanda demokratik dövlət yaradılması üçün yeni iqtisadi sistemin formalaşması, iqtisadiyyat sahəsində demokratik islahatların həyata keçirilməsi zərurəti ön plana çəkildi, bazar iqtisadiyyatının formalaşması üçün müvafiq hüquqi baza yaradıldı. Özəlləşdirmə, sahibkarlığın inkişafı, maliyyə sisteminin yenidən qurulması, liberallaşdırma, rəqabətin inkişafı, əhalinin sosial müdafiəsini təmin edən mühüm qanunvericilik aktları qəbul edildi.

Ulu öndər Heydər Əliyev bazar münasibətlərinə əsaslanan iqtisadi modelə keçid prosesi zamanı dövlət büdcəsində sosial müdafiə tədbirlərinə geniş yer ayrılmasını daim xüsusi diqqət mərkəzində saxlamışdır. Həmin dövrdə qarşıya qoyulmuş strateji məqsədlərin reallaşdırılması məqsədilə sosial-iqtisadi inkişaf prosesində xarici kapital amilinin zəruriliyini qeyd edən Ulu öndər Heydər Əliyev xarici şirkətlər ilə birgə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının mənimsənilməsini nəzərdə tutan müqavilələrin imzalanmasına xüsusi əhəmiyyət vermiş, investisiya layihələrinin həyata keçirilməsinin başlıca şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanmasına rəhbərlik etmişdir. 
Heydər Əliyev respublika iqtisadiyyatının keyfiyyətcə yeni mərhələsində məhz özəl sektoru sosial-iqtisadi inkişafın başlıca təlimatçısı kimi dəyərləndirilmiş, güclü sahibkarlar təbəqəsinin cəmiyyətdəki mövqeyinin güclənməsinə çalışmışdır. Dövlət sahibkar münasibətlərinin institusionallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Sahibkarlar Şurasının yaradılması biznes mühitinin liberallaşmasına öz müsbət təsirini göstərmişdir. 

1993-2003-cü illərdə Azərbaycanda həyata keçirilən siyasət iqtisadi islahatların və inkişafın Azərbaycan modelinin formalaşmasına zəmin yaratmışdır. Ulu öndərin iqtisadi irsinə əsaslanan bu modelin əsas xüsusiyyətləri iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə alan strateji qərarların qəbul edilməsi, inkişaf üzrə müəyyən edilən istiqamətlərin sahəvi proqramlarla əlaqələndirilməsi, sosialyönümlülük, beynəlxalq təcrübəyə arxalanma, milli mentalitetin nəzərə alınmasıdır.

Ümummilli lider Heydər Əliyevin iqtisadi irsinin tədqiqi nəzəri-konseptual cəhətdən xüsusi əhəmiyyətli bir sıra ümumiləşdirmələrlə əlaqədardır: iqtisadi sistemin inkişafının bütövlükdə ictimai sistemin inkişafı ilə kompleks halda həyata keçirilməsi, ümummilli mənafelərinin dolğun şəkildə öyrənilməsi, iqtisadi sistemin sosial strukturunun milli-mental dəyərlər sisteminə uyğunluğu, dövlət müstəqilliyinin və milli təhlükəsizliyin qorunub saxlanması.  

Ümummilli lider Heydər Əliyevin mükəmməl əsəri olan Azərbaycan modeli ilk növbədə ölkə vətəndaşlarının sosial rifahı səviyyəsinin yüksəldilməsinə istiqamətlənmişdir. Respublikanın milli iqtisadi inkişaf modelində başlıca xüsusiyyətlərindən birini isə sosialyönümlülük təşkil etmişdir. İstehsal sahibkarlığının inkişafı, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin həlli ilə əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil etmişdir.

Ulu öndər Heydər Əliyevin uğurlu inkişaf strategiyası haqqında Prezident İlham Əliyev söyləmişdir: "Bu gün Azərbaycan beynəlxalq aləmdə çox görkəmli yer tutur, beynəlxalq təşkilatların fəal üzvüdür və bütün dövlətlər tərəfindən tanınır. Azərbaycanın böyük hörməti var. Azərbaycanın sözü həlledici sözdür. Azərbaycanın iştirakı olmadan bölgədə heç bir regional layihə həyata keçirilə bilməz. Azərbaycan region üçün mərkəzə çevrilibdir. Bütün bunlar Heydər Əliyevin xidmətləridir".

Bütün varlığı ilə Azərbaycana bağlı olan böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dahi lider Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmişdir. Ulu öndərin xalqımız qarşısında tarixi xidmətlərindən biri də davamlı inkişaf yoluna qədəm qoymuş Azərbaycanın dövlət müstəqilliyini daha da gücləndirilməsinə xidmət edən layiqli davamçısını yetişdirməsidir. Böyük türk dünyasının görkəmli dövlət xadimi olan Heydər Əliyevi Azərbaycan xalqının tarixi şərəfli bir irsi kimi davam etdirmək hər bir azərbaycanlının mənəvi borcudur. Bu gün yüksək təfəkkür, zəngin dövlətçilik təcrübəsinə malik, praqmatik lider Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış nailiyyətlər Heydər Əliyev irsini tamamlayır və dayanıqlı inkişafa doğru aparır. 

Şəfa QULİYEVA
İqtisad elmləri doktoru, 
professor

 

 





17.09.2021    çap et  çap et