525.Az

Şərqşünaslıq İnstititunda Nizami Gəncəvi seminarı


 

Şərqşünaslıq İnstititunda Nizami Gəncəvi seminarı<b style="color:red"></b>

Sentyabrın 17-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibəti ilə təşkil edilən tədbirlər çərçivəsində növbəti seminar keçirilib.

525.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan institutun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, 2021-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən “Nizami Gəncəvi ili” elan edilib və bununla əlaqədar AMEA-da tədbirlər planlaşdırılaraq həyata keçirilir. G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda da Nizami Gəncəvinin yaradıcılığına dair tədqiqatların aparıldığını, kitabların nəşr edildiyini, oktyabr ayında konfransın keçiriləcəyini qeyd edib. Akademik bildirib ki, bu il Nizami Gəncəvi yaradıcılığına aid mütəmadi seminarların keçirilməsi davam edir və bugünkü seminarda “Nizami nəzmində cəvahirat adlarının linqvopoetik funksiyalari” mövzusunda məruzə dinləniləcək.

Şərqşünaslıq İnstitutunun “Mənbəşünaslıq və yazılı abidələrin tədqiqi və nəşri” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Mehdi Kazımov Nizami Gəncəvinin Şərq ədəbiyyatının istiqamətini dəyişdiyini, ondan sonra böyük nəzirə ədəbiyyatının yaradıldığını deyib. M.Kazımov qeyd edib ki, Nizami dühası o qədər böyükdür ki, bu istiqamətdə daima araşdırmalar aparılmalıdır. 

Seminarda AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika və bədii tərcümələr şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şəfəq Əlibəyli “Nizami nəzmində cəvahirat adlarının linqvopoetik funksiyalari” mövzusunda məruzə edib. 

Qiymətli daş adları ilə bağlı Nizami yaradıcılığından müxtəlif misallar çəkən məruzəçi Nizami nəzmində qiymətli daş adlarının səciyyəvi olan, diqqəti cəlb edən  leksik-semantik və üslubi  xüsusiyyətlərindən geniş bəhs edib. 

Məruzədə Nizami yaradıcılığında rənglərin, o cümlədən bitkilərin rənginin qiymətli daş adları ilə ifadəsindən, bu cür adların yer aldığı izafət tipli təşbehlərdən, onların sinonimliyindən istifadə edilməsindən və digər bu kimi mətləblərdən danışılıb. 

Daha sonra məruzə ətrafında müzakirə aparılıb, məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.
 

 





17.09.2021    çap et  çap et