525.Az

Üzeyir bəy: Ömrün şərəfli iki ili - Vilayət Quliyev yazır


 

Üzeyir bəy: Ömrün şərəfli iki ili -<b style="color:red"> Vilayət Quliyev yazır</b>

(Əvvəli ötən şənbə sayımızda - https://525.az/news/175730-uzeyir-bey-omrun-serefli-iki-ili-vilayet-quliyev-yazir )

Amma "Arşın mal alan" hər halda Paris səhnəsində oynanılır. Üzeyir bəyin kiçik qardaşı, Sülh nümayəndə heyətinin tərkibində Fransaya gedən və aprel çevrilişindən sonra vətənə yolları bağlanan Ceyhun bəy Hacıbəyli birgə yaradıcılıq məhsulu olan əsəri  fransız dilinə çevirib "Fransa-Şərq" komitəsinin yardımı ilə Yelisey meydanındakı "Femina" teatrında tamaşaya qoyur. Afişada isə müəllif kimi yalnız Üzeyir bəyin adını göstərir. 

1918-1920-ci illərdə, zaman etibarı ilə çox da böyük olmayan il yarım ərzində dahi bəstəkar əsasən siyasi publisistika sahəsində çalışmasına rəğmən, musiqini də unutmur. Bu dövrdə o, "Azərbaycan" və "Dağıstan" xoreoqrafık əsərlərini yazır. Müstəqilliyin bərpasından sonra yenidən Azərbaycan Respublikasının Dövlət Himni olan, ölkəmizdə və onun hüdudlarından kənarda əzəmətlə səslənən "Azərbaycan" marşını bəstələyir. 

Cümhuriyyət dövründə həmin marşa yazılmış sözlər hərbi məktəbdə hər səhər dərs başlanmazdan əvvəl müdavimlər tərəfindən xorla oxunurdu. Vətəni müstəqilliyə qovuşanda 33 yaşı olan Üzeyir bəy gənclik coşğunluğu və enerjisi ilə teatr, musiqi, hətta ilk addımlarını atan kino sahəsində fəal çalışırdı. Amma zamanın və şəraitin tələbi ilə yuxarıda da qeyd edildiyi kimi, ictimai-siyasi publisistika  yaradıcılığında ön sıraya çıxmışdı. 

Əsrin əvvəllərində "Həyat", "İrşad", "Həqiqət", "İqbal", "Yeni iqbal", "Tərəqqi", "Açıq söz", "Molla Nəsrəddin" kimi mətbu orqanların səhifələrində milli maraq və ehtiyacların ifadə edən aktual məqalə, felyetonlar müəllifi kimi tanınan Üzeyir bəy yeni şəraitdə xalqın doğru sözə, açıq söhbətə olan ehtiyacını nəzərə alıb qəzetçiliyə daha böyük önəm verir. 

Onun Cümhuriyyət dövründəki yazıçı-publisist fəaliyyəti rəsmi dövlət orqanı sayılan "Azərbaycan" qəzetində davam etmişdi. Əsası Gəncədə qoyulan qəzet milli hökumət Bakıya köçəndən sonra, 1918-ci il oktyabrın 8-dən Ceyhun Hacıbəylinin (1891-1962) redaktorluğu ilə çıxırdı. "Vətən və millət yolunda əlimdən gələn xidməti və öhdəmə düşən vəzifəmi qəzetimizin müdiri sifəti ilə ifayə məşğul ikən, vətən övladlarının xahiş və əmrinə müti olaraq Cahan sülh konfransına göndərilməklə öhdəmə daha ağır və məsuliyyətli, lakin müqəddəs bir vəzifə düşdü", - deyə 1919-cu il yanvarın 9-da  dost və yaxınları ilə vidalaşıb bir neçə gündən sonra İstanbula, bir neçə aydan sonra isə Parisə yola düşən Ceyhun bəyi mühüm və məsul vəzifədə qardaşı Üzeyir bəy əvəz etmişdi. 

"Azərbaycan" qəzeti 1919-cu il yanvarın 16-dan iyulun 4-nə qədər Ü.Hacıbəylinin müvəqqəti müdirliyi ilə çıxmışdı. Həmin il sentyabrın 1-dən 1920-ci il aprelin 27-nə - müstəqilliyin son gününə qədər isə böyük bəstəkar qəzetin rəsmi baş mühərriri - redaktoru olmuşdu. Onun "Azərbaycan"dakı son yazısı aprelin 25-də, işğaldan iki gün əvvəl dərc edilmişdi... 

Qəzetdəki publisist çıxışları, məqalə və felyetonları Üzeyir bəyin əzəmətli portretinə yeni ştrixlər əlavə edir. Yazıları onun XX əsr Azərbaycan siyasi publisistikasının öncül nümayəndələrindən biri olduğunu, janrın Ə.Ağaoğlu, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Yusif Vəzir kimi təmsilçiləri ilə bir sırada dayandığını göstərir. 

Xalqın sevimlisi olan Üzeyir bəyin 1919-cu ilin martında, Novruz bayramı günlərində Azərbaycanın ikinci şəhəri Gəncəyə səfəri ölkə miqyasında mədəni-ictimai hadisəyə  çevrilmişdi. Burada "Arşın mal alan" operettası "məşhur musiqişünas və məruf bəstəkarın"  öz dirijorluğu ilə tamaşaya qoyulmuşdu. Səfər proqramı haqda məlumat verən mətbuat yazırdı ki, "tamaşa başlamadan qabaq Üzeyir bəyin təzə düzəltmiş olduğu "Azərbaycan" milli marşı çalınacaq. Dördüncü məclisdə yenə Üzeyir bəy tərəfindən yazılmış "Azərbaycan" və "Dağıstan" ("Ləzgi rəqsi") rəqsləri gözəl bir mənzərə ilə artistlər tərəfindən oynanacaqdır".

Cümhuriyyət mətbuatında çap etdirdiyi məqalələri, publik çıxışları Üzeyir bəyin sonsuz vətənpərvərliyi və istiqlal eşqi, xalqının problemlərinə dərin bələdliyi, onları ictimai fikrin diqqət mərkəzinə çəkmək və tezliklə həll yollarını tapmaq istəyi haqda dərin təəssürat yaradır. İstiqlalın doğurduğu qürur hissi və nəyin bahasına olursa olsun, şəhid qanları bahasına qazanılmış müstəqilliyi qorumaq niyyəti ilə yazılmış ehtiraslı, düşündürücü Üzeyir publisistikası ilə tanışlıqdan olandan sonra iki sual üzərində düşünməli olursan: 

"Xalq düşməni" sayılmaq üçün 1937-ci ildə irəli sürülən tələblərə dönə-dönə və artıqlaması ilə ("millətçilik", "pantürkizm", "panislamizm", "müsavatçılarla əməkdaşlıq", "Türkiyəyə, İrana və Fransaya casusluq", "xaricdə yaşayan qardaş" və s. və i.a.) cavab verən, bir dəfə yox, bir neçə dəfə repressiya üçün NKVD-yə fürsət yaradan Üzeyir bəy sovet cəza maşınının dişlərindən necə qurtulmuşdu? Onu çox güman Cümhuriyyət dövründən şəxsən tanıyan keçmiş əks-kəşfıyyat agenti Beriyanın cəngindən necə xilas olmuşdu?! 

"Yoxdan yaranan üç rəngli müqəddəs ideal rəmzini" zorakılıq və təzyiq simvoluna - "qırmızı bez parçasına" dəyişəndən sonra Üzeyir bəy daxilən nələr çəkmişdi, necə ruhi və mənəvi sarsıntılarla üzləşmişdi? O Üzeyir bəy ki, XI Qırmızı Ordunun Bakıya soxulmasından vur-tut iki gün əvvəl müstəqilliyi yenicə dadmış  xalqını gözləyən "perspektiv" haqda "Azərbaycan" redaktoru olduğu qəzetində yazırdı: "Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında fərq yoxdur. Xeyr. Təfavüt vardır və özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə "svoloç" deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti məşhur rus söyüşü ilə anamıza söyəcəklər". 

O Üzeyir bəy ki, Şimaldan yardım umanları bəzi tarixi mətləblərdən hali edərək xam xəyallara qapılmamağa çağırır və xəbərdarlıq edirdi ki, "rus rusluğunda baqidir və rus qəlbindəki türk düşmənçiliyi də baqidir". 

O Üzeyir bəy ki, Azərbaycanın istiqlalından böyük bir qürur hissi ilə söz açaraq soydaşlarını bu nadir nemətin qədrini bilməyə, onu göz bəbəyi kimi qorumağa çağırırdı: "Yerimiz, yurdumuz, torpağımız özümüzün, hökumətimiz, camaatımız, qoşunumuz özümüzün. Dinimiz, ayin və adətimizə edilən şəmatətdən qurtulduq. Dilimizə, millət və milliyyətimizə vurulan həqarətdən qurtulduq. Qapımız da özümüz, yiyəmiz də özümüzük. Öz-özümüzü yaxşı-yaman dolandırırıq. Kimsəyə ehtiyacımız yoxdur". 

Bu düşüncələrlə yaşayan, bu ideallara tapınan yetkin  şəxsiyyətin birdən-birə, həm də zor gücünə "sovet adamına" çevrilməsi çox müşkül, əzablı  proses idi. Mənə elə gəlir ki, Üzeyir bəy şura Azərbaycanında yaşadığı 28 il ərzində 28 May nisgilini heç vaxt ürəyindən çıxara bilməmişdi. Bəlkə də "Sənsiz"i,  "Sevgili canan"ı Cümhuriyyət sənsizliyi və sevgisi yaratmışdı?! Bəlkə də "Koroğlu"nun qüdrətli "Uvertürası"nın mayasında qısa ömürlü müstəqil dövlətçiliyin qürur və iftixarı illər keçəndən sonra yeni bir əzəmət və qüdrətlə peyda olmuşdu? 

Sovet rejiminin bütün nəvazişlərinə, təltiflərinə, verdiyi mükafat və fəxri adlara baxmayaraq, Üzeyir bəyin qələmi ilə qoruduğu Cümhuriyyəti unutduğuna, Cümhuriyyət ideallarına arxa çevirdiyinə əsla inana bilmirəm. 

Bütün əvvəlki hakimiyyətlər kimi "Şura hökuməti" də Üzeyir sənətindən, onun xalq dilində əzbər olan əsərlərindən imtina edə, yaxud bu əsərlərə qadağa qoya bilməmişdi. Əksinə, müəllifi öz tərəflərinə çəkməyə çalışmışdılar.

28 aprel "inqilabından" altı gün sonra - 1920-ci il mayın 4-də hökumət teatrında "O olmasın, bu olsun" komediyası oynandı.  Bolşevik mədəni siyasətinin "siftəsi" də Üzeyir bəyin ölməz əsəri ilə oldu. 

Bir il sonra Bakıda Sabir və Ərəblinskiyə heykəl qoymaq məsələsi ortaya çıxanda yenə  Üzeyir yaradıcılığına üz tutulmuşdu. Bu məqsədlə 14 noyabr 1922-ci ildə xalq maarifi komissarı D.Bünyadzadə xüsusi qərar imzalamaşdı. İnsanların böyük sənətkara məhəbbətindən xəbərdar olan bolşevik məmurları ianə toplamaq məqsədi ilə onun yaradıcılığına üz tutmuşdular. "Leyli və Məcnun" operasının tamaşasından əldə edilən bütün gəlir xüsusi fonda köçürülmüşdü. Bu mənada Azərbaycanda söz adamına ilk abidə sayılan Mirzə Ələkbər Sabirin heykəlinin ucaldılmasına Üzeyir bəy birincilər sırasında töhfəsini vermişdi. 

Sovet rejiminə "lazımlılığına" baxmayaraq, yeni quruluşun ikinci ayında Üzeyir sənətinin bolşevikcəsinə təftişinə başlanmışdı. Sıradan olan erməni əsilli kamança ifaçısı Saşa Oqanezov (Aleksandr Oqanyan) bolşevik mətbuatının səhifələrində "Üzeyir Hacıbəyovu Azərbaycan musiqisinin inkişafına lazımınca çalışmamaqda" ittiham edirdi. Bu da dünyanın qəribə paradokslarından biri idi. Belə çıxırdı ki, gəlmə bir erməni xalqımızın milli musiqisinə bu musiqinin ölməz nümunələrini yaratmış Üzeyir bəydən daha çox can yandırır?! 

Yeni rejimin ilk çağlarında Üzeyir bəy gəlmələrdən deyil, ayaqda qalmalarına kömək etdiyi "özümüzünkülərdən" də çoxlu tənə, tənqid eşitməli olmuşdu. Və yəqin ki, belə məqamlarda müstəqilliyin, "öz əli, öz başı olmağın" həqiqətən də ələdüşməz nemət olması barəsində uzun-uzadı düşünmüşdü. 

Lakin heç bir siyasi rejim böyük istedadın qarşısına sədd çəkməyə qadir deyil. Və bütün rejimlər gerçək istedada möhtacdır. Bu səbəbdən də aradan on il keçəndən sonra artıq Üzeyir bəy "ləkəli keçmişinə" baxmayaraq, sovet quruluşunun "favoritinə" çevrilmişdi. Təbii ki, buna bioqrafiyasını saxtalaşdırmaq,  Cümhuriyyət ideallarına arxa çevirmək, əski mübarizə yoldaşlarına ləkə yaxmaq yolu ilə nail olmamışdı.  Mövcudluğunun ilk dövründə özünü "fərqli düşünən" ziyalılardan  təcrid etmiş sovet cəmiyyətində işinin həqiqi ustası olan insanlara ehtiyac illər keçdikcə daha kəskin şəkildə üzə çıxırdı. Odur ki, Üzeyir bəy miqyaslı bir ziyalı və ictimai xadimlə istər-istəməz hesablaşmalı olurdular.   

Doğrudur, belə məqamlarda  ona yüngülvari şəkildə "keçmişini" xatırlatmağı da unutmurdular. Sonra da bütün keçmiş "suçlarına" rəğmən artıq "özlərininki olduğunu" bəyan edib. "Azərbaycan xalqının "düşmənləri" ilə üz-üzə qoyurdular. Məsələn, Azərbaycanda sovet hakimiyyəti qurulmasının 10 illiyinin qeyd edildiyi günlərdə partiya publisisti kimi tanınan Əsəd Tahir adlı müəllif "Kommunist" qəzetində "Gözünə girsin, Məhəmməd Əmin Rəsulov!" (bu deyim tərzi ilə Hafiz Hacıyevin sələfi də sayıla bilər!) adlı "məqaləsində" yazırdı:

"Gözünə girsin, Məhəmməd Əmin Rəsulov! Azərbaycanın 10 illiyi gecəsində... 200-ə qədər türk qızı Azərbaycan himni oxuyurdu! Hələ bu himnin kim tərəfindən yazıldığını bilsən, bağrın çatlar. Onu Üzeyir Hacıbəyov yazmışdır. O Üzeyir ki, sənin çıxardığın mürtəce "Azərbaycan" qəzetinə müvəqqəti müdirlik edirdi. O Üzeyir ki, indi çıxışda bulunaraq öz təşəbbüsü ilə Azərbaycanın 10 illiyi himnini yazmış, türk qızlarına oxutdurur və özü dirijorluq edir. Görürsənmi, vaxtı ilə bel bağlamaq istədiyin adamlar belə sizə nifrət edərək üz çevirmiş və Şuralar Azərbaycanın mədəni quruluşu işlərində ən aktiv iştirak edir". 

Xalis bolşevik demoqogiyası ruhunda yazılmış cızma-qara müəllifi ilə yalnız bir məqamda razılaşmaq mümkündür: Üzeyir bəy hər şeyə rəğmən, Azərbaycana xidmətini davam etdirirdi! Cümhuriyyət dövründə olduğu kimi, indi də eyni əzmlə ölkəsinin və xalqının mədəni-siyasi dirçəlişinə çalışırdı. 

Doğrudur, rejim dəyişikliyindən sonra böyük sənətkar hər kəsin başa düşə biləcəyi açıq sözdən, publisistikadan uzaqlaşmağa məcbur olmuşdu. İndi fikir və duyğularının tərcümanı kimi musiqi dilinə daha böyük üstünlük verirdi. Amma şərəfli xidmətinin məqsədi və məramı əsla dəyişməmişdi. 
Üzeyir bəyin Peyğəmbər ömrünə bərabər 63 illik həyatının vur-tut iki ilə yaxın bir dövrü, daha dəqiq desəm, il yarımı müstəqil Azərbaycanda keçmişdi. Bu qısa dövrü o, şərəflə yaşamışdı, çünki müstəqillik ideallarının gerçəyə çevrilməsi üçün zəkasının, ürəyinin məqbul, lazımlı saydığı hər sahədə yorulmadan çalışmışdı. Redaktoru olduğu "Azərbaycan" qəzetində Cümhuriyyətin 1918-1920-ci illərdəki ictimai-siyasi və ədəbi-mədəni tarixinin ilk salnaməçisi kimi çıxış etmişdi. Siyasi məzmunlu məqalələrində qaldırılan problemlər isə yalnız həmin zaman kəsimi ilə deyil, bu günlə də səsləşməsi, vətəndaşlıq mövqeyi, yurd-torpaq təəssübkeşliyi baxımından dəyər və əhəmiyyətini saxlamaqdadır.

1919-cu ildə Üzeyir bəy müstəqil Azərbaycanın hər bir vətəndaşını gənc milli dövlətin idarəçiliyində fəal iştiraka çağıraraq yazırdı: "Bu gün biz... dövləti və ictimai işlərə girişməyə məcburuq. Bu cürə işlərə kənardan baxmağa və biganə qalmağa haqqımız yoxdur. Çünki biz daha özgə vətənin ögey oğlu deyilik. Öz vətənimizin doğma oğluyuq. Vətən də bizimdir, hökumət də bizimdir, camaat da bizimdir. Bu gündən belə hər bir əmri məhz hökumətin boynuna atmaq, "Hökumət özü bilər" demək, hökuməti təkbaşına buraxmaq, hökumətə əldən gələn köməyi etməmək, mənafeyi-milliyyə və istiqlaliyyətimizin və həm də şan və şərəfimizin təmin və təyidi yolunda işləməmək müstəqil yaşamaq iddiasında olan bir millət üçün günahdır. Belə bir günah ki, onun cəzası istiqlal və istiqbaldan məhrum olmaq dərəcəsində ağır və ağırlığı qədər də şayani-yas və kədərdir".  Üzeyir bəy "Azərbaycan"ın səhifələrində həm dövlət həyatının mühüm məsələləri ilə bağlı baş məqalələrlə çıxış edir, həm də qanunverici orqanın fəaliyyətini işıqlandırırdı. Azərbaycan Məclisi-Mə'busanın - Parlamentin iclaslarından yazdığı "Təəssürat" başlıqlı silsilə məqalələr müəllifin yalnız siyasi fəhmindən deyil, həm də vətəndaş yanğısından xəbər verir. 

Millət vəkillərinin Azərbaycanın taleyi ilə bağlı məsələlərdəki qətiyyət və prinsipiallığı Üzeyir bəyi nə qədər sevindirirsə, siyasi və firqə maraqlarından çıxış edərək ölkənin mənafeyinə arxa çevirmələri qəlbi vətən eşqi ilə döyünən gənc müəllifi bir o qədər hiddətləndirirdi. Üzeyir bəy yazırdı ki, Cümhuriyyət üçün son dərəcə çətin olan başlanğıc mərhələdə hər şey milli mənafeyə tabe tutulmalı, yersiz demokratiya oyunu, parlament tribunasından siyasi bəyanatlar üçün lüzumsuz  istifadə cəhdi, naqqallıq və bəlağət bir tərəfə buraxılmalıdır. 

Parlament üzvlərindən Əhməd Cövdətin Azərbaycanda guya erməni vətəndaşların sıxışdırılması ilə bağlı qaldırdığı, əslində isə siyasi rəqiblərini gözdən salmaq məqsədi güdən bir məsələ Üzeyir bəyi tamam haldan çıxarmışdı.  Qarabağda, Naxçıvanda, İrəvanda, Zəngəzurda, habelə Qafqazın digər yerlərində on minlərlə azərbaycanlı yalnız milli mənsubiyyətinə görə amansız erməni zülmünə məruz qaldıqları bir şəraitdə Hacıqabul stansiyasında Sarkisyan familiyalı bir erməninin təhqir edilməsi ilə bağlı məsələnin Parlamentin gündəliyinə çıxarılması, hətta Baş nazir Fətəli xan Xoyskidən izahat istənilməsi bir azərbaycanlı kimi Üzeyir bəyin izzəti-nəfsini təhqir etmişdi:

"Qışın bu soyuq günlərində buzlu dağlara pənah aparmış, Araz çayının qar sellərinə qurban olmuş, yurd və yerlərindən, mülk və mallarından, can və başlarından top və pulemyot güllələri zoru ilə məhrum edilmiş, əsir və yesir günündə dağlara, daşlara, dərələrə, təpələrə səpələnmiş olan məzlum və məzlumələrdən ibarət bədbəxt qardaşlarımızın, ana və bacılarımızın müdafiəsi haqqında bir söz belə dilinə almağı özünə "layiq" görməmiş olan mə'bus  əfəndimizin daşnaklar mənbəyindən xüsusi bir qərəz ilə nəşət edən yalan və acı bir yalan olduğu rəisül-vüzəra Fətəli xanın bəyanatından bəlli olan xəbərlər haqqında kəmali-səlasətlə hərraflıq (boşboğazlıq) etməyi mənə o qədər əlim (kədərli) bir təsiri-yanğı verdi ki, nitqi axıradək dinləməyə taqətim qalmadı".

Hökumət qəzetindəki siyasi publisistika nümunələrində Üzeyir bəy həm ölkənin daxili vəziyyətinə, siyasi proseslərə, həm də Azərbaycandan kənarda, xüsusən də qonşu dövlətlərdə baş verən hadisə və olaylara xüsusi diqqət yetirilirdi. 

Müəllif "bolşevik Rusiyasının Azərbaycanın istiqlalına düşmən kəsilmiş qüvvələri", Qarabağdakı erməni fitnəkarlıqları və Andranikin vəhşilikləri, Gürcüstan və Şimali Qafqazla əməkdaşlığın zəruriliyi, Qafqaz millətlərinin birliyi, Paris sülh konfransında cərəyan edən hadisələr, Oktyabr inqilabının yalan və demoqogiyası, Müvəqqəti hökumətin riyakarlığı barəsində ardıcıl yazırdı. Onun fikrincə, Rusiyadakı inqilablar çar istibdadını devirməklə bir addım irəli getmişdisə, imperiyanın əsir millətlərini yenidən müstəmləkə boyunduruq altına salmaq niyyəti ilə əslində, çarizmin mövqeyinə qayıtmışdı: 

"Əgər Lenin öz sözünə əməl edib Rusiyadakı millətləri azad etmək kimi məqduri olan əmri yerinə yetirsə idi, bolşevikliyə böyük xidmət göstərmiş olardı. Halbuki azadlıq əvəzinə nə gördük? Azad olmağa cürət etmiş millətlərin bolşevik qoşunları tərəfindən qətliam edilməsini gördük... Və bu qətliam hansı millətlər üzərində icra edildi? O millətlər üzərində ki, imperializm zəncirinin ən ağır halqaları altında inləməklə hamıdan əvvəl azad olmağa möhtac və layiq idilər..." 

Başqa bir məqaləsində isə o, fikrini konkretləşdirib çar Rusiyasındakı əsir millətlər içərisində Azərbaycan türklərinin daha çox zülm və təzyiqlərə məruz qaldığını vurğulayırdı: "Bəs kimin insafı yol verər və kimin vicdanı bunu qəbul edər ki, Rusiyadakı ümumi millətlər istibdad dövründə də Azərbaycan türklərinə nisbətən istirahətlə yaşadıqları halda bu gün təkmil hüquqlarına nail olsunlar ki, amma Azərbaycan türkləri bu hüquqlarından məhrum edilsinlər?!" Nə qədər acı da olsa, etiraf etmək lazımdır ki, Üzeyir bəyin bu uzaqgörən sözləri yalnız çar Rusiyasına deyil, eyni əsasla sovet Rusiyasına da şamil edilə bilər. 

"Azərbaycan" qəzetinin bolşevik çevrilişinə iki gün qalmış çıxan sayında (25 aprel 1920-ci il) Üzeyir bəy bolşeviklərdən nicat gözləyənləri acı tənə hədəfinə çevirmişdi: "Hətta bunu da deyim ki, Azərbaycanda bolşevik hökuməti qurub Əliheydər Qarayevi onun başına qoysan, o halda sovet hökuməti "bizə dəyməz" deyə xəyal edənlərə xam xəyal sahibi demək olar..." 

***

1919-cu il sentyabrın 18-də Üzeyir bəy Cümhuriyyət dövründəki ilk və son ad gününü -34 yaşını qeyd etmişdi. Onu təbrik etməyə gələnlər arasında yaxın qohumları ilə bir sırada Baş nazir Nəsib bəy Usubbəyov, Parlamentdə Müsavat fraksiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadə, rusca çıxan "Azərbaycan" qəzetinin baş redaktoru, daxili işlər nazirinin müavini Şəfi bəy Rüstəmbəyov da vardı. Bu barədə 9 oktyabr 1919-cu il tarixli məktubunda qardaşı Ceyhuna xəbər verən Üzeyir bəy sevinc hissi ilə ölkədə vəziyyətin günü-gündən qaydaya düşdüyünü, insanlarda müstəqil milli dövlətçiliyə inam və əminlik hissinin yarandığını yazırdı. Kabinetinə telefon çəkdirdiyini, təzə mebel aldırdığını, işçilərinə qələm haqqı - qonorar ödədiyini dövlətin möhkəmlənməsinin və hər sahədə nizam-intizam yaradılmasının əyani nümunəsi kimi vurğulayırdı. Parisə göndərilən heyət üzvlərini, ilk növbədə isə çox sevdiyi kiçik qardaşını işlərini tez bir zamanda başa vurub dövlət quruculuğu və idarəçiliyində iştirak etmək üçün vətənə qayıtmağa səsləyirdi.  

Amma Şimaldan gələn təhlükə - bolşevik işğalı bu arzuların hamısının üstündən qara bir xətt çəkdi...

Üzeyir Hacıbəylinin 1918-1920-ci illərdəki ictimai-siyasi fəaliyyəti, ilk növbədə siyasi publisistikası onun adını Cümhuriyyətin ən görkəmli ideoloqları sırasında çəkməyə imkan verir. Bu sahədə o, doğrudan da yaxın dostu Məhəmməd Əmin Rəsulzadənin və Azərbaycan istiqlalı uğrunda dönmədən mübarizə aparan digər istiqlal fədailərinin hər cəhətdən bel bağladığı yetkin siyasi şəxsiyyət, milli düşüncəli fədakar  əqidə sahibi idi. Zaman bizdən uzaqlaşdıqca Üzeyir bəyin təbiətindəki və zəngin ədəbi-ictimai irsindəki bu xüsusiyyətlər daha aydın bir şəkildə təzahür edir.                                            

 





18.09.2021    çap et  çap et