525.Az

"Çap mətbuatı sıradan çıxarılmalıdır" tezisi çox zərərlidir" - Akif Aşırlı


 

AKİF AŞIRLI: "SONA QƏDƏR ÇALIŞACAĞAM Kİ, "ŞƏRQ" QƏZETİNİN ÇAP VERSİYASINI QORUYUB SAXLAYAQ"

"Çap mətbuatı sıradan çıxarılmalıdır" tezisi çox zərərlidir" -<b style="color:red"> Akif Aşırlı</b>

Texnologiyanın sürətli inkişaf etdiyi dövrdə qəzetçilik ənənələrinə sadiq qalıb çap mətbuatını ayaqda saxlamaq çox çətin məsələdir. Bu, həm böyük xərclər, həm də olduqca böyük zəhmət tələb edir. Onlayn media ilə ayaqlaşmaq, keyfiyyətli iş ərsəyə gətirmək çap mətbuatı üçün prioritetdir. Böyük zəhmət bahasına ölkəmizdə qəzet çapını həyata keçirən şəxslərdən biri də "Şərq" qəzetinin baş redaktoru, Əməkdar jurnalist Akif Aşırlıdır. Akif Aşırlı ilə mətbuatın hazırkı vəziyyəti barədə həmsöhbət olduq.

***

- Qəzetin ötən illərə nisbətən az oxunduğu bu zamanda belə inamla fəaliyyət göstərmək üçün sizə nə stimul verir, çətin deyilmi?

- Biz zamanında imkansız şəraitdə qəzet çap etmiş insanlarıq, qəzetin mahiyyətini yaxşı bilirik. Qəzetçilik jurnalistikanın altyapısıdır. Hər şey mətndən başlayır. Sadəcə, bugünkü internet onu sürətli yayım imkanı verir. Biz söz - mətbuat bazarına birinci mətn çıxarırıq. Bu gün jurnalistikanın janrlarının arasındakı sərhədlər itib. Biz ənənələri qorumaqla yanaşı, Azərbaycan ədəbi dilini də qoruyuruq. Bir vaxtlar təklif irəli sürüldü ki, Azərbaycanda dil polisi olsun. Dil polisi bir qurum kimi hansısa müəssisənin tərkibində yaradıla bilər, amma ədəbiyyat adamları, jurnalistlər özləri  elə dil polisləridir. Ayrı-ayrı internet media resurslarında ədəbi dilimizin qanunları ayaq altına salınaraq tapdalanır. Təbii ki, onların içərisində sözə məsuliyyətlə yanaşanlar da var. Ermənilər vaxtilə "Həyat" qəzeti haqqında danos yazırdılar, deyirdilər ki, bunların dili yoxdur, pozuq Qafqaz türkcəsində yazırlar. Çünki həmin dövrlərdə Azərbaycanın ədəbi dil normaları formalaşmamışdı. Əli bəy Hüseynzadələr, Əhməd bəy Ağaoğlular, Nəriman Nərimanovlar dilimizi formalaşdırdılar. İndi, təbii ki, texnologiyanın inkişafını yüksək dəyərləndiririk və bundan yararlanmağa çalışırıq. Amma birmənalı şəkildə, "çap mətbuatı sıradan çıxarılmalıdır" tezisi çox zərərlidir. Təkcə Azərbaycanda yox, bütün dünyada rəqəmsal jurnalistikaya keçid prosesi gedir. Ancaq biz bunu hansı səviyyədə, hansı müstəvidə aparırıq? Bəzən sosial şəbəkələrdə bizə qarşı xoşagəlməz fikirlər səsləndirirlər ki, qəzet çapı səmərəsizdir. Birinci növbədə, çap mətbuatını kimlərin oxuduğunu öyrənmək gərəkdir. Çap mətbuatı elitar jurnalistika məhsuludur. Bu, dünyada da belədir. Biz indiki vəziyyəti 90-cı illərlə müqayisə edə bilmərik. Həmin dövr Azərbaycan intibahının başlanğıcı idi. Hamı məlumat aclığı yaşıyırdı və qəzetlər, jurnallar daha çox oxunurdu. Artıq yeni bir dövr gəlib, burada geniş seçim imkanları var. Kimsə internet üzərindən oxuya bilər, kimsə kağız üzərindən. Qəzetçiliyin çox böyük önəmini dərk eləmək lazımdır. Biz də bunun üçün çarpışırıq.

- Bu yaxınlarda "Şərq" qəzeti yeni formata keçdi. Dizaynda və formatda edilən dəyişikliklər, rəngli səhifələr oxucular tərəfindən maraqla qarşılandı. Amma sizə ayrılan vəsaitlə bunun mümkünsüz olduğunu bilirik. Məhdud imkanlarla bunu necə həyata keçirirsiniz?

- Qəzetlərə ayrılan vəsaitlərlə yeniliklər eləmək çox çətin məsələdir. Biz "Şərq" qəzetində yenilik eləməyi əvvəlcədən düşünürdük. Bunun üçün mühit və imkanlar lazımdır. Media İnkişafı Agentliyi sağ olsun, bizə müəyyən qədər vəsait ayırır. Amma bu vəsaitlə yalnız qəzeti ayaqda saxlamaq mümkündür, kreativlik, hansısa şəkildə dəyişiklik, arzuladığın qəzeti ərsəyə gətirmək qeyri-mümkündür. Biz, birinci olaraq, dizayn işindən başladıq. Dizaynerlərimiz bu işi çox yüksək şəkildə həyata keçirdilər. Öz işçi bazamıza arxalandıq, kənarda heç kim cəlb olunmadı. Peşəkara önəm verəndə və ürəkdən nəyisə istəyəndə az vəsaitlə də nəyisə bacarırıq. Bizim dizaynerə verdiyimiz vəsait onun sosial problemləri üçün kifayət deyil. Biz iki dizayner üçün müəyyən qədər pul ayırırıq. Halbuki onların biri üçün həmin maaşı versək, daha çox işləyə bilərlər. Verdiyimiz vəsaitlə ailə saxlamaq imkanları məhduddur. Biz, bəzən, jurnalisti istismarla məşğuluq. Elə olur ki, bir jurnalistdən gün ərzində 5-6 yazı tələb edirik. Bu minvalla nə dərəcədə kefiyyətli məhsul ortaya çıxarmaq olar? Vəsait o qədər azdır ki, məhdud kollektivlə işləmək məcburiyyətində qalırsan. Qəzetləri sosial şəbəkələrdən, onlayn mediadan fərqləndirmək üçün, birinci növbədə, peşəkar komanda formalaşdırmaq lazımdır və bu komanda 3-5 nəfərdən etibar olmamalıdır. Biz vaxtilə, 30-35 nəfərlik komanda ilə çalışmışıq. O zaman kefiyyətli məhsul alınırdı. Biz indi çalışırıq ki, qəzetçilik yaşasın. Bunun üçün əlimizdən gələni edirik, fədakarlıq göstəririk. Medianın İnkişafı Agentliyi mətbuatın inkişafı ilə bağlı xeyli addımlar atıb. Sadəcə, daha çox vəsait lazımdır. Media cəmiyyəti yönləndirən, bilavasitə inkişafına təkan verən intellektual məhsuldur, insanların bədii təfəkkürünü formalaşdıran bir institutdur. Bu instituta diqqət yönəldilməlidir.

 - Qəzetin gələcəyin necə görürsünüz, sizcə, ənənələr davam edəcəkmi?

- Nə vaxt ki, imkanlarım tükənəcək, onda bununla bağlı qəti nəsə deyəcəyəm. Ən sona qədər çalışacağam ki, "Şərq" qəzetinin çap versiyasını qoruyub-saxlayaq. Ümidim, inamım olmasa, bugünkü dəyişiklikləri etməzdim.

 - Çap mediasını yaşatmaq üçün nələr zəruridir?

- Bunun üçün dövlət səviyyəsində bir sıra addımlar atılmalıdır. Kitab sənayesi ilə bağlı çox ciddi problemlərimiz var. Kitablar çox bahadır. Çünki ixrac olunan kağızın üzərinə 20 faiz vergi gəlir. Hətta, çap olunandan sonra da 20 faiz vergi əlavə olunur. Aldığım məlumata görə, Milli Məclisdə bu vergilərin götürülməsi müzakirə olunacaq. Bu, bizim işimizi xeyli asanlaşdıra bilər.

İkincisi, Vergi Məcəlləsində dəyişiklik olmalıdır ki, kitab və qəzet sənayəsi ilə bağlı reklam verən şirkətlərə vergi güzəştləri olsun. Bu, bir dönəm Azərbaycanda var idi. Adi krasvordun içərisində 20 kvadratsantimetrlik yer uğrunda mübarizə gedirdi. Qəzetin 1-ci və sonuncu səhifələrində reklam çap etmək üçün kifayət qədər yuxarı məbləğdə pul alırdıq. Çünki həmin dönəmdə maarifçilik istiqamətində qəzetlərə reklam, ianə verən təşkilatlara vergi güzəştləri var idi.

Qəzetlərin yaşaması üçün yayım şəbəkələri yaradılmalıdır. Azərbaycanda oxu mədəniyyəti formalaşdırılmalıdır. Medianın İnkişafı Agentliyinin son islahatları çox təqdirəlayiqdir. Məsələn, ADA-da apardıqları treninqlər səmərəli idi. Orada biz də iştirak etdik. Onlayn media ilə bağlı xeyli bilgi qazandıq.

Həmişə tənqid edirdik ki, ekstremal vəziyyətə uyğunlaşan jurnalistlər yetişməlidir. Biz bunun nəzəriyyəsini bilirdik, amma praktiki öyrənmək üçün sistem yox idi. Medianın İnkişafı Agentliyi Anadolu agentliyi ilə birlikdə bunu həyata keçirdi. Türkiyədə təlimlər baş tutdu. Mən hesab edirəm ki, onlayn media ilə yanaşı, çap mətbuatına da diqqət ayrılmalıdır. Azərbaycan jurnalistikasının gələcəyi çap mətbuatına bağlıdır. Onlayn medianı da qəbul edirik və izləyirik. Sağ olsunlar ki, qəzetlə yanaşı, sayta da pul ayırıblar. Amma arzularımız imkanlarımızdan daha böyükdür.

- "Şərq"in komandasında gəncləşmə hiss olunur. Gələcəyə ümidiniz var?

- Bəzən bizdə jurnalistlərin peşəkarlıq problemini önə çəkirlər. Təbii ki, 90-cı illərə nisbətən bu gün peşəkar jurnalistlərin yetişməsində problem var. Redaksiyalar əvvəlki gücünü, imkanlarını itirir. Ali təhsil müəssisələri jurnalistlərə yalnız anlayış və istiqamətləri verir, müəyyən nəzəriyyələri öyrədir. Jurnalist redaksiyalarda yetişir. Bir jurnalistin yetişməsinə, ən azı, bizə 2 il lazımdır. Hansı redaksiyalarda müzakirələr, polemikalar, rəqabət mühiti varsa, orada jurnalist yetişir. Jurnalistin yetişməsi üçün nəinki qəzet redaksiyalarını qorumaq lazımdır, həm də onların imkanlarını genişləndirmək mütləqdir ki, biz sonra hansısa jurnalistin brifinqdə sualı düzgün qoymamağını geniş müzakirəyə çıxarmayaq.

- Gənc nəslin inkişafı naminə orta-yaşlı nəsil üçün nələri vacib bilirsiniz, üzərinizdə hansı missiyalar var?

- Gənclərin kifayət qədər potensialı var, amma onları arayıb ortaya çıxarmaq, düzgün istiqamətləndirmək lazımdır. Gənclərin zövqünün, dil qabiliyyətlətinin, yazı mədəniyyətinin formalaşdırılması, özünün üslubunu tapması üçün onalara imkan yaratmaq, bayaq qeyd etdiyim mühitdə yetişdirmək lazımdır. Bəzən onların fərqli yanaşmalarını qəbul etsək də, etməsək də, artıq gənclik var və onlarla işləmək lazımdır. Mən həmişə vurğulamışam ki, redaksiyaların funksiyaları çox böyükdür. Biz təkcə qəzet çapı ilə məşğul olmuruq, həm də jurnalist yetişdiririk. Bu məktəblər yox olsa, jurnalistikanın altyapısı çökəcək və indikindən də bərbad vəziyyət yaranacaq. Bəzən deyirlər ki, qəzetlər oxunmur. Axı, çap bazarını kim araşdırdı? Bizim yayım siyasətimiz nə qədər uğurludur ki, istehsal etdiyimiz məhsulu realizə edək, bazara çıxaraq və satılsın? Yayım firmasının 3-4-ü iflicdir. Bakıda cəmi 1-2 yayım firması qalıb ki, bu yayım işini həyata keçirir. Belə bir vəziyyətdə qəzetlər yaşayırsa, deməli, bu redaksiyalar qəhrəmandılar.

Nadir YALÇIN
 

 





18.09.2021    çap et  çap et