525.Az

“Bir mahnının izi ilə” layihəsinə başlanılıb


 

 “Bir mahnının izi ilə” layihəsinə başlanılıb<b style="color:red"></b>

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 18 sentyabr –Milli Musiqi Günü ilə əlaqədar “Bir mahnının izi ilə” layihəsinə start verib.

525.az xəbər verir ki, layihə çərçivəsində hazırlanan ilk material Azərbaycan xalq mahnısı “Sarı gəlin”ə həsr edilib. Materialda “Sarı gəlin” mahnısının etimologiyası haqqında söylənilən müxtəlif versiyalar, mahnının inkişaf mərhələləri, müasir günümüzədək gələn yolu öz əksini tapıb. Videoçarxda “Sarı gəlin” mahnısının günümüzədək gəlib çıxmasında, qorunub saxlanmasında rolu olan insanların – bəstəkar Asəf Zeynallının, dramaturq Cəfər Cabbarlının adları çəkilir. Belə ki, ötən əsrin 30-cu illərində mahnını nota salan və fortopiano üçün ifa edən Asəf Zeynallı, 1931-ci ildə özünün müəllifi olduğu “1905-ci il” əsərində bu mahnıya yer ayıran Cəfər Cabbarlının “Sarı gəlin” mahnısının tarixində rolları əvəzsizdir. Videoçarxda “Sarı gəlin” mahnısının mətni və not yazısı ilə yanaşı, onun haqqında digər maraqlı məlumatlar da təqdim olunur. Layihə çərçivəsində işlər davam etdirilir və yaxın zamanlarda kitabxana əməkdaşları daha maraqlı materiallar ilə izləyicilərin görüşünə gələcəklər.

Kitabxana həmçinin “18 sentyabr- Milli Musiqi Günü” sərlövhəli kitab sərgisi də təşkil edib. Sərgidə Azərbaycan musiqisinin tarixi, rəngarəngliyi, nadirliyindən bəhs edən kitablar yerləşdirilib. Burada muğam sənəti, Azərbaycanın korifey musiqiçiləri, bəstəkar, müğənni və xanəndələri haqqında kitablara yer verilib. Biri-birindən maraqlı ensiklopediya, kitab və not yazılarından ibarət olan sərginin video çəkilişi kitabxananın sosial şəbəkələrinə də yerləşdirilib.

Bundan əlavə kitabxananın sosial şəbəkələrində Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyli haqqında geniş virtual sərgi, Xalq artistləri Müslüm Maqomayev, Rəşid Behbudov, Lütfiyar İmanov, Alim Qasımov haqqında videoçarxlar da paylaşılıb.

Sözügedən videoçarxları izləmək arzusunda olanlar kitabxananın yutub, instaqram səhifələrinə baxa bilər.

 





18.09.2021    çap et  çap et