525.Az

"Tələbələrə kredit müraciəti üçün məhdudiyyət qoymaq doğru deyil"


 

"Tələbələrə kredit müraciəti üçün məhdudiyyət qoymaq doğru deyil"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, 17 iyunda ölkə başçısının fərmanı ilə Təhsil Tələbə Kredit Fondu yaradılıb. Fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığının təmini, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir. Qeyd edək ki, bu fond qeyri-kommersiya hüquqi şəxsdir və nizamnamə kapitalının məbləği 80 milyon manat təşkil edir. Artıq tələbə kreditlərinin verilməsinin zamanı da məlumdur. Belə ki, Təhsil Nazirliyindən verilən son açıqlamada bu işə oktyabr ayının əvvəlində başlanılmasının planlaşdırılırdığı deyilib.

Bəs yeni yaradılan Fond təhsil haqqı problemlərinin həllində nə dərəcədə uğurlu rol oynayacaq? Məsələ ilə bağlı suallarımızı təhsil eksperti Kamran Əsədov cavablandırıb.

Sizcə Təhsil Tələbə Kredit Fondunun yaradılması ödənişli əsaslarla təhsil alanların sayının artmasına təsir edəcəkmi?

"İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 182 minə yaxın tələbə təhsil alır. Onların 50 faizi ödənişli əsaslarla, 50 faizi isə dövlət büdcəsi vəsaiti hesabına təhsil alır. Bu o deməkdir ki, hazırda Azərbaycan ali təhsil müəssisələrində 90 minə yaxın şəxs ödənişli əsaslarla təhsil alır. Ümumiyyətlə, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ var və bunu dövlət təmin edir.

Bəli, Fondunun yaradılması ölkədə təhsil haqqını ödəyə bilməyən tələbələrə ciddi şəkildə böyük dəstək olacaq. Statistikaya baxsaq, görərik ki, son 5 il ərzində 7 mindən çox tələbə təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsil almaqdan məhrum olub. Yəni 1-2-ci kurslarda oxuyub, növbəti illərin təhsil haqqını ödəyə bilmədiyi üçün universitetdən imtina etməli olub. Lakin bu gün ali təhsil müəssisələrini bitirənlərin yalnız 42 faizi işlə təmin olunur. Əvvəla bunun üzərində işləmək lazımdır. Çünki kredit götürüb təhsil haqqı ödəyən şəxlər potensial problem kreditora çevrilir".

Fonda müraciət edən tələbələr müsbət cavab almaq üçün hansı şərtləri ödəməlidir?

"Təhsil Tələbə Kredit Fondundan iki kateqoriya üzrə- sosial və standart tələbə kreditləri veriləcək. Nazirlər Kabineti tərəfindən təsdiq edilən siyahıya baxanda görürük ki, siyahıda kifayət qədər mübahisəli məqamlar var. Tələbələr birinci tədris ilinin ilk semestrindən etibarən Fonddan istifadə edə biləcəklər. Lakin istifadə etmək hüququna malik olanların kateqoriyası çox dardır. Məsələn, 2-ci kateqoriya kreditdən hər iki valideyni əlil olan şəxslər də istifadə edə bilər. Amma burada mübahisə doğan məqam ondan ibarətdir ki, qanunvericiliyə görə, 1-ci və 2-ci qrup əlil olan şəxslər onsuz da təhsil ödənişindən azad idilər. Burada müsbət yenilik işsiz kimi qeydiyyatda olanlar və onların ailə üzvlərinin təhsil ödənişindən azad edilməsidir. Qaydaya görə, hər iki valideyn 1-ci və 2-ci qrup əlil olmalıdır. Əgər valideynlərdən biri əlil olmazsa, bu zaman tələbə kredit güzətlərindən istifadə edə bilməyəcək. Yaşa görə əmək pensiyası, sosial müavinət alanlar və onların övladları da kredit Fondundan istifadə edə biləcək. Bu, olduqca müsbət addımdır.

Digər istifadə etmək hüququ standart kreditlərdir. Burada çatışmazlıq ondan ibarətdir ki, ümumi orta müvəffəqiyyət ölçüsü qoyulub. Kimin ümumi orta müvəffəqiyyət göstəricisi 71-dən yuxarıdırsa, bu zaman kreditə müraciət edə bilər. Bu doğru yanaşma deyil. Bu, tələbələri orta müvəffəqiyyət göstəricisini yüksəltməsinə sövq edəcək, amma ümumilikdə məhdudiyyət qoymaq doğru deyil. Çünki müəyyən səbəblərdən tələbənin orta müvəffəqiyyət göstəricisi aşağı ola bilər. Ümumilikdə hər bir şəxsin müraciət hüququ var. Lakin bu hüquq o demək deyil ki, onlara kredit veriləcək. Hüquq təsdiq olunma demək deyil. Sadəcə dövlət müəyyənləşdirir ki, yalnız nəticəsi yaxşı olan şəxslər müraciət etsin. Bu da tələbələrə nəticələrini yaxşılaşdırmaq üçün bir zəmin yaradacaq".

Firuzə Əliyeva

 





19.09.2021    çap et  çap et