525.Az

Dul qadının tənhalığı - Telman Orucov yazır...


 

Dul qadının tənhalığı -<b style="color:red"> Telman Orucov yazır...</b>

(Əvvəli ötən şənbə sayımızda)

Südabə xanım öz vəfatından sonra da Hüseynin xoşbəxtliyi üçün hər şeyi etmişdi, onu Ruhiyyə kimi gözəl bir qızla evlənməyə sövq etməklə, hər ikisinin bəxtinin parlamasına yol açmışdı. Hüseyn özü də gözləmədiyi halda sevgi dəryasına qərq olmuşdu. Onun könlü də, bədəni də, ruhu da ağıla gəlməyən bir sakitlik, əsl rahatlıq tapmışdı. Tanıyanların hamısı ona həsəd aparırdı, əvvəllər isə onun seçiminə ağız büzənlər də az olmamışdı. Çoxlarına Ruhiyyənin keçmişi, əvvəlki illərdə gəzdirdiyi ləkə məlum idi, lakin Hüseyn bunu heç də sevimli arvadı üçün əbədi bir damğa hesab etmirdi, özü bunu yaddan birdəfəlik çıxardığına görə, Ruhiyyəyə olan sevgisi, qayğısı, diqqəti ilə başqalarına da bunu xatırladırdı ki, onun arvadı, keçmişinə baxmayaraq, indi özünü guya ləyaqət mücəssəməsi hesab edən qadınların əksəriyyətindən daha təmiz və safdır. O deyirdi ki, səhərlər şeh yuyub qızıl gülün ləçəklərinə əlavə parlaqlıq verən kimi, bu qız da könlümə elə saflaşdırıcı təsir etmişdir ki, onda artıq hansısa bir iri qüsuru tapmaq mümkün deyildir. 

Hüseyn müəllim dostlarına təzə arvadının ona necə böyük təsir göstərdiyini etiraf etməkdən də çəkinmirdi, Ruhiyyədə müşaiyət etdiyi, əvvəllər isə ona naməlum olam qeyri-adi səmimiyyətini qeyd edir, daha yaşlı olan ərinə hətta yol göstərməyini də yada salırdı. Arvadı ona deyirdi ki, biz məhəbbətdə yaşasaq da, hətta məhəbbətin özünün də xatirinə ömrümüzü heç də yandırmamalıyıq, bir-birimizi qorumalıyıq, səhvlərdən çəkindirməliyik. Mən bunları təcrübəli adam kimi deyirəm, çünki səndən xeyli cavan olsam da, səhvlərə görə, mənfi xarakterli təcrübəyə görə, bəlkə də, sənə dərs verə bilərəm. 

Hüseyn arvadının təsiri ilə spirtli içkilərə olan meyldən xeyli uzaqlaşdığını, buna görə ona daim minnətdar olacağını deyirdi. İnşaatçılar başqa peşə sahiblərindən iki şeyə görə fərqlənirlər - onlar spiritli içkilərdən istifadə etməkdə o qədər də hədd tanımırlar, həm də onların istehsalat müşavirələrində ən çox işlənən ifadələr söyüş xarakterli, evdə, ailədə heç vaxt işlədilməyən sözlər olurdu. Hüseyn müəllim də əsl inşaatçı olduğundan, yəqin ki, bu qəbahətlərdən xali deyildi. 

Ruhiyyə onun öz kolleqaları ilə söhbətini eşitməmişdi, evdə isə o, təkcə yaxşı davranmırdı, həm də qulağı narahat edən sözlər işlətmirdi. Lakin axşamlar bəzən evə sərxoş vəziyyətdə qayıtması halları da olmuşdu, bu da öz kolleqaları olan inşaatçılarla keçirdiyi şən məclislərin nəticəsi olurdu. Ona görə də Ruhiyyə çox ustalıqla ərinə deyirdi ki, səhhətinə pis təsir edəcəyinə görə bu adətindən uzaqlaşmağını məsləhət görürəm. Bilirəm ki, özündən eşitdiyim kimi, bəzi tikinti nazirliklərinin elə başçıları olmuşdur ki, onlar ixtisas qabiliyyətlərinə görə deyil, spirtli içkilər istehlakındakı biabırçı rekordlarına görə ad çıxarmışdılar. Onlarla özünü intihar edən adamlar arasında mən elə bir fərq görmürəm. Fikrini aydınlaşdırmaq üçün əlavə etdi ki, Tokio yaxınlığında intihar edənlər meşəsi mövcuddur, həyatla vidalaşmaq istəyənlər ora gəlir, ömürlərinə son qoymaq qərarını izah olunmayan bir qəddarlıqla burada icra edirdilər. Bizdəki bəzi adamlar isə yüz kilometr məsafədə olan belə bir meşəyə üz tutmur, onlar guya kefi qaldıran spirtli içki gölməçəsində üzməklə, orada batıb, boğulmağa üstünlük verirlər. Sərxoşluğun qurbanı olanlar elita arasında da az deyildi. 

Bir dəfə arvadı bu sözlərini təkrar eləndə, hətta ağlamışdı. Hüseyn müəllim buna dözməyib, sərxoşluğa olan meylinə son qoyacağına söz vermişdi və əsasən ona əməl etmişdi.

Arvadının göz yaşları ona olduqca pis təsir etdiyindən, ona almanların mifologiyasında yer tutan bir hadisəni xatırlatmağı lazım bildi. Almaniyadakı çox saydakı knyazlıqların başçılarından birinin ailəsində qız uşağı doğuldu. Bu qız ağlayanda gözlərindən yaş deyil, daş-qaş tökülürdü. Qız yaşa dolanda, ərə getməyə namizəd olmaq üçün gözəl bir varlığa çevrilmişdi. Digər knyazlar qızın qəribə gözlərinin böyük daş-qaş mənbəyi olduğunu eşitmişdilər və onu öz oğlanlarına almaq istəyirdilər. Lakin qız bu izdivac təkliflərinin heç birinə razılıq vermirdi. 

Bir çoban oğlan qızı görüb ona vurulmuş və onunla ailə qurmaq istədiyindən qızın atasının yanına xahişə gəlmişdi. Knyaz şübhələndi ki, bu kasıb oğlan onun qızına evlənməklə, yəqin ki, varlanmaq istəyir. Ona görə də qızının ağladıqda gözündən yaş əvəzinə daş-qaş töküldüyünü bilib-bilmədiyini oğlandan soruşduqda, çoban dedi: "Bunun mənim üçün heç bir əhəmiyyəti yoxdur, çünki mən ölənə qədər çalışacağam ki, qızınız mənim arvadım olsa, ömründə bir dəfə də olsun ağlamasın". 

Knyaz gənc çobanın bu sözlərinə məəttəl qalmışdı. Qız da oğlanı görmüş və çoban onun xoşuna gəlmişdi, ona görə də ona ərə getməyə razılıq vermişdi. 

Mən də həmin çoban kimi özümə söz vermişdim ki, heç vaxt sənin ağlamağını görməyim. Bugünkü göz yaşların məni yuxudan ayıltdı və sənə söz verirəm ki, spirtli içkilərə aludəçiliyimə birdəfəlik son qoyacağam ki, bir daha sənin gözüdən axan bir damlanı da görmək mənə qismət olmasın.

Buna görə Ruhiyyənin ərinə olan hörməti daha da artmışdı. Sevginin zəifləməsi və ya solması barədə isə heç bir söhbət gedə bilməzdi, ərini o, ayıq olanda da, sərxoş olanda da eyni şiddətlə, hərarətlə sevirdi, bu adam, ləkəli keçmişinə baxmayaraq, onu qəbul etmiş, ictimai rəyə məhəl qoymayaraq, vaxtilə "gecə kəpənəyi" kimi şöhrət tapmış bir qızla evlənmiş, onu özünün qanuni arvadı etmişdi. Hamnetin anadan olması isə onların məhəbbətini daha şiddətli etmişdi. Ruhiyyəni oğul anası olmaq hədiyyəsi ilə mükafatlandıran bir kişiyə, öz qanuni ərinə o, minnətdar idi. Bu qız əvvəllər Bolivudda filmlərə çəkilmək xülyası ilə yaşadığı bir vaxtda da belə xoşbəxtliyə malik olacağını heç ağlına da gətirmirdi. Özünün bəxtəvərliyinə bəzən inanmır, təəccüb edirdi, lakin bunun yaxşı mənadakı baiskarı olan Südabə xanıma rəhmət diləyir, onun əziz xatirəsinə minnətdarlıqla dualar səsləndirirdi. Digər bir minnətdarlıq ünvanı isə onun əri - Hüseyn müəllim idi. O, bu qızla sadəcə evlənməyə razılıq verməmişdi, keçmiş arvadının vəsiyyətinə əməl etməsi ilə təkcə onun xatirəsini əziz tutduğunu göstərməmişdi, ən başlıcası, bədbəxt taleyindən daim şikayətlənən bu fağır qızı hansısa mərhəmət naminə deyil, həqiqi hisslərlə sevməyə başlamış, bu sevgisi, arvadını daim əzizləməsi ilə həm də başqalarından da tam fərqli olduğunu göstərmişdi. O, Ruhiyyəyə ürəkdən vurulmuşdu, onların ittifaqına polad möhkəmliyi verən oğullarına görə isə bu ər-arvadın hissləri daha yüksək ucalıq qazanmışdı. 

Hüseyn bakılı olduğundan mövsüm yaxınlaşan kimi dənizə getməkdən, Xəzərin sularına baş vurmaqdan həzz alırdı. Dağ kəndində dünyaya göz açmış Ruhiyyəni isə dəniz heç cür cəlb etmirdi. Sonradan tanış olduğu və rəfiqəlik etdiyi xanımların da ağız dolusu plyajdan (çimərlikdən), dənizin təravətverici havasından olan söhbətlərinə maraq göstərmir, bunun da onların özlərinin fərqli, unikal olduqlarını vurğulamaq üçün, adəti qiybəti əvəz edən bir mövzu olduğunu düşünürdü. Hətta bir yaşlı xanım Ruhiyyəni nəzərdə tutaraq, kinayəli şəkildə demişdi ki, kənddən gələnlər heç vaxt nə Bakının, nə də dənizin qədrini bilərlər. Gərək onlar kənddən heç paytaxta gəlib çıxmayaydılar. Onlardan bəziləri həddi aşıb, sazda Bethoven musiqisini çaldıqdarı ilə lovğalanır, sərsəm uydurmaları ilə qidalanırlar, böyük alman bəstəkarı bu yalanı eşitsəydi, yəqin ki, yatdığı qəbirdə çevrilməsə də, qulaqlarındakı karlığın daşını birdəfəlik atardı. Həmin qadının da əri vaxtilə tikinti nazirliyinə başçılıq etmişdi. O, yeri gəldi, gəlmədi, kəndlilərin Bakıya axınına öz narazılığını bildirir, onların hesabına şəhər mədəniyyətinin xeyli aşağı düşməsindən gileylənirdi. 

Ruhiyyə belə danışıqlardan artıq incimirdi, qeyzə gəlmirdi, bilirdi ki, bakılılar həmişə şəhərlərinin kosmopolit xarakteri ilə öyünürmüşlər, onlar əvvəllər rayonlardan paytaxta gələnlərə, vaxtilə neft mədənlərində ağır dartayçı peşəsində işləyən İrandan gəlmiş həmşərilər kimi baxırdılar. Axırıncılar isə çörək qazanmaq üçün bu ağır işlə məşğul olurdular.

Kənd rayonundan olan tarixçi alim qadını isə bakılı xudbəsənd xanımın danışığı əsəbiləşdirirdi. Ona cavab vermək üçün dedi ki, bəlkə deyəsən ki, Bakıda heç azərbaycanlılar da yaşamamışdı. Belə sərsəm ideyalar da mövcud olmuşdu. XIX əsrin xəritəsində Abşeron yarımadasında yalnız tatların yaşadığı göstərilir. Yeni, ikicildlik "Azərbaycan Demokratik Respublikası" ensiklopediyasının 1-ci cildində bu xəritə çap edilmişdir. Naşirlərin və müəlliflərin bu hərəkətinin hansı məqsəd güddüyü də anlaşılmazdır. 

Ruhiyyənin əri nəsil etibarilə bakılı olsa da, heç vaxt onun kəndli olduğunu üzünə vurmamışdı, bir-iki dəfə zarafatla demişdi ki. Bakıda sərt küləklərə görə orxideya bitmir, ancaq mən arvadımın şəxsində dağ kəndində bitən gözəl bir orxideyanı dərmişəm və bu çiçək bizim ailəmizə əlavə füsunkarlıq vermişdir. Arvadı onun şişirtməsini başa düşürdü, bilirdi ki, heç onların meşəsində də orxideya bitmir.

Ruhiyyə qoca, yaşlı qadının şəhərlilik şovinizminə cavab olaraq, onların yanında demişdi ki, ərim deyir ki, mən əgər bakılı qıza evlənsəydim, qiymətli çiçəyin nə olduğunu heç vaxt bilməyəcəkdim, Allaha şükür edirəm ki, mənə dağ kəndinin meşəsində çiçək açan orxideya qismət oldu və onunla heç bir şəhərli qız müqayisəyə girə bilməz. Bu sözlər qoca qadını elə əsəbiləşdirdi ki, o, məclisi tərk etməli oldu. Lakin onu hirs götürdüyündən gedə-gedə ucadan mızıldandı ki, "ər ağlını itirəndə daim arvadını tərifləyir, onun qoxusunu parfümə, bədənini subalp çiçəyinə - rodedondrona bənzədir. Vay o kişiyə ki, ağlını itirib, arvadına şərqilər söyləyir". Lakin o, anlamırdı ki, çar Solomon çox saydakı, yüzlərlə arvadlarına və kənizlərinə deyil, yalnız gənc Sulamitə şərqilər, məhəbbət himnləri qoşmuşdu. Solomonun isə müdrikliyi dillər əzbəri olmuşdu, yalnız səfehlər onun zövqünə şübhə ilə yanaşa bilərdi. Solomonun qələmindən çıxan "Şərqilər şərqisi" kitabı üç min ildən sonra da əsl poeziya incisi hesab olunur. Bəlkə də özünü elm dəryası hesab edən bu xanımın "Bibliya"dan heç xəbəri də yox imiş. 

Ruhiyyə qoca qadını əsəbiləşdirmək üçün dedi: 

- Ancaq unutmayın ki, İsrail-İudaya çarının sevgilisi Sulamit Yerusəlimdən deyildi, sadə kəndli qızı idi və üzüm bağlarına qarovul çəkirdi. Həm də nə etmək olar, adətən yaşlı qadınlar daim cavan gözəl gəlinlərə köks ötürürlər. Ərimin məni orxideyaya bənzətməsindən də pərt olmaq lazım deyildir. Bu sözü sırf məcazi mənada işlətmişdir, yaxşı bilir ki, bizdəki dağ meşələrində orxideya olmur, bu gözəl gül kolu tropik iqlimdə, ağaclara sırmaşaraq bitir. 

(Ardı var)
 

 





19.09.2021    çap et  çap et