525.Az

"Nargin - Saralmış kədər"in sirri və sehri - Natəvan Abdulla yazır


 

"Nargin - Saralmış kədər"in sirri və sehri -<b style="color:red"> Natəvan Abdulla yazır</b>

Bu günlərdə Bakının küçələri mənə elə doğma gəlir ki... Milli Azərbaycan Tarix Muzeyinin qarşısından keçəndə binanın əzəmətinə baxıb qürur hissi keçirirəm. Köhnə Qorçakovskaya, indiki Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən bu bina vaxtilə Tağıyevin öz şəxsi mülkü olub. O və qurucusu olduğu Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin üzvləri məhz bu binada toplaşıb, saatlarla xalqın taleyi, onların dolanışıq dərdi, qadınların-qızların maariflənməsi ilə bağlı məsələləri müzakirə ediblər. Birinci Dünya müharibəsində əsir düşmüş Nargin adasındakı Osmanlı hərbçilərinin taleyi ilə bağlı da burada uzun müzakirələr aparıb, onları Nargindəki "ilan"ların dişindən qurtarmaq üçün əlbir olublar. Özü də elə bir vaxtda ki...

Küçədən asta addımlarla keçdikcə Sona Hacıyevanı düşünürəm. Onun kimi fərasətli qadını, onun çətin dövrdəki fəaliyyəti, gördüyü işlər ağlıma gətirdikcə ruhum qürurlanır, başım qeyri-iradi dikəlir. Sona xanım, "İsrafilin rus arvadı". 

Yunis Orucov yazır ki, camaat onu bu cür tanıyırmış. O və əri İsrafil Hacıyev Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin qadın qolunda təmsil olunurdular. Atası azərbaycanlı, anası rus əsilli olan Sona Hacıyevanın ən böyük faəliyyətlərindən biri də elə Nargindən türk zabitləri qaçırtması olub. Əsərdə qurd ürəyi yemiş bu qadının türk əsirləri Bakının və bütün Qafqazın kralı titulunu qazanan Ağabala Quliyevin xahişi ilə adadan necə qaçırdığından bəhs edilir.

Sentyabrin 15-də Əməkdar jurnalist Yunis Orucovun yazdığı bu kitabın - "Nargin - Saralmış kədər" əsərinin təqdimat mərasimi, imza günü keçirildi. Mən də sevinə-sevinə kitabı qoltuğuma vurub tədbirə qatıldım. Bu kitabın ilk oxucularından biri olmaq mənim üçün böyük qürur hissidir. Tədbirdə stolun üstünə düzülmüş sarı üzlü, üzündən kədər yağan bu kitabları gördükcə oxuduqlarımı xatırlayır, hələ də kitabın təsirindən çıxa bilmədiyimi anlayırdım. 

Bir yandan da sevinirdim. Çünki kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub və Azərbaycanın dörd bir yanında hər kəsin bu kitabı oxumaq imkanı olacaq, indiki zamanda və gələcəkdə. Oxuduqca mənim keçirdiyimə bənzər hisslər keçirəcəklər: qürur, kədər, qəhər, qorxu... 

Yolu Lev Tolstoy, Həzi Aslanov küçəsinə düşənlərin ağlına gələcək ki, burada Azərbaycanın un milyonçusu Ağabala Quliyevin mülkləri olub. Həmin Ağabala Quliyev ki, onun fəaliyyəti bu gün də Türkiyə-Azərbaycan dostluq-qardaşlıq münasibətlərinin tarixindən söz düşəndə böyük ehtiramla xatırlanır.

Yunis müəllim kitabın ilk səhifələrində bu mövzuya geniş yer verib. Bəlkə də elə buna görə kitab adamı içinə elə alır ki, heç xəbərin də olmur. Birdən-birə gəlib düşürsən 1900-cü illərin əvvəlindəki Bakıya. Sanki o küçələrdə, o səkilərdə dayanmısan, hər şey gözlərinin önündə cərəyan edir. Bakının general-qubernatoru Knyaz Nakaşidzen elə burada - Fəvvarələr meydanının yanındaca öldürülür.

Azərbaycan xalqının, ziyalılarımızın və milyonçuların əsirlərin adadan qaçırılaraq xilas edilməsi yolunda göstərdiyi fədakarlıqlar insanı riqqətə gətirir. Əsirlərə ilk yardım 1915-ci il martın 11-də Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri Mirzə Əsədullayevin maddi dəstəyi ilə "Qardaş köməyi" adlı qəzetin satışından toplanır. Bakının faytonda gəzənlərindən ayağı çarıqlı fəhlə babalarına qədər hamısı türk əsirlərə yardım toplanmasında iştirak edir. Yunis Orucov insanların indiki  Nizami, o vaxtkı Quberniski küçəsinin qarşısındakı köşkə axışdığını, türk əsirlərə yardım etmək üçün bu qəzeti aldıqlarından yazır. Əsərdə bu və bunun kimi qürurverici faktlar o qədər canlı təsvir olunub ki, insan özü xəyalən yaxınlaşır o köşkə, bir qəzet də sən alırsan. Xəyalən sən də türk əsirlərin xilası üçün can atır, onlara yardım etmək istəyirsən. 

Sonra birdən özünü gah Allahuəkbər dağlarının ətəyində tapırsan, gah da Sarıqamışda. Albay Hafız Haqqı bəyin fəryadı qulağında cingildəyir, o tərəfdən Ənvər Paşanın inadına mat qalırsan. Şuşadan, anasının dizinin dibindən durub Osmanlı ordusunun sıralarına qoşulan, atasının intiqamını almaq üçün yola düşən anasının xınalı quzusu Xəlili Allahuəkbər dağlarından alıb bağrına basmaq istəyirsən ki, bəlkə bir az isinə, bir az dincələ...

Kitabın təqdimat mərasimində iştirak edən Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, hərbi ekspert Ədalət Vəliyev, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının fikirləri də bu kitabın ədəbiyyatımız, siyasətimiz üçün nə qədər önəmli olduğunu göstərdi.

Musa Qasımlı Yunis Orucovun bu romanını gələcək nəsillərə ünvanlanmış manifest adlandırdı. Məncə, o, haqlıdır. Bu tarixi roman gənc nəslə qan yaddaşımızı unutdurmamaq üçün ədəbiyyatımızın ən gözəl incilərindən olacaq. İllərlə oxunacaq, oxunduqca Cümhuriyyətçilərimizin, Ənvər Paşanın, Nuru Paşanın ruhu, erməni təxribatına qurban gedən bütün şəhidlərimizin xatirəsi yaddaşlarda dönə-dönə canlanacaq, cəsur, fədakar Xəlillərin ruhu dinclik tapacaq. 

Nargin adası Azərbaycanın coğrafi "payı", Türkiyənin qəlb yarasıdır. Amma Əməkdar jurnalist Firuzə Nadirin də dediyi kimi, bu ada günahsızdır. O neyləsin ki, onun da bəxtinə bu qara yazı düşüb. İlan mələyən bu torpaqlarda indi addımbaşı bir türk hərbçisinin sümüyünə rast gəlmək olur. O sümüklər ya bir əsgərə, ya da adi bir kəndliyə aiddir. Onların əti torpağa, sümükləri bir-birinə qarışıb. Burada məzarsız dolaşan ruhların tək "günahı" türk olmaqdır.

Onu da qeyd edək ki, uzun axtarışlar və araşdırmalar nəticəsində ərsəyə gələn bu roman tarixi faktlar əsasında qələmə alınıb və Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun dəstəyi ilə çap olunub. Yunis Orucova ədəbiyyatımıza qatdığı bu əsərə görə sonsuz minnətdarlığımı bildirirəm. "Nargin - Saralmış kədər" kitabı, adi bir oxucusunun - mənim Bakıya, onun hər bir tininə, dalanına, küçələrinə olan münasibətimi dəyişdirdi. Bu kitab məndən nələrisə apardı, mənə nələrisə qatdı. Elə bil, kitab bitəndə mən bütün bir xalqın taleyini, onların çəkdiyi əzab və sevinci qısa bir zaman dilimində yaşayıb hiss etmişdim. Əgər 44 günlük Vətən müharibəsindəki tarixi qələbəmiz olmasaydı, bəlkə də bu hisslər məğlubiyyət hissinin verdiyi yorğunluq, ümidsizlik olaraq qalacaqdı yaddaşımda. Elə Yunis müəllimin də dediyi kimi, "qalib ölkənin vətəndaşı olmaq inanılmaz hissdir". 

Şəhidlərimiz, qazilərimiz bizə bu hissi yaşatdılar. Onlar Şuşalı Xəlilin də,  Nargində erməni həkimin əlində qalan türk əsirlərin də intiqamını alıdılar. Kitab da elə bu ifadələrlə tamamlanır: "Qarabağ bütün türk dünyasının ZƏFƏR yaddaşıdır. QARABAĞ AZƏRBAYCANDIR!"
 

 





19.09.2021    çap et  çap et