525.Az

Ərdoğan ABŞ-a gedir


 

Ərdoğan ABŞ-a gedir<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19 sentyabrda Nyu-Yorka səfər edəcək.

525.az Report-a istinadən xəbər verir ki, üç gün davam edəcək səfərdə Türkiyə lideri BMT-nin iclasının ilk günündə çıxış edəcək.

Baş Assambleyanın iclası “COVID-19 pandemiyasının keçid dövrü”, “Davamlılığın bərpası”, “Planetin ehtiyaclarına cavab vermək”, “İnsan hüquqlarına hörmət” və “BMT-nin yenidən canlanması ümidi ilə möhkəmlik yaratmaq” kimi mövzulara həsr edilib.

Ərdoğan eyni zamanda ABŞ-ın Nyu-York şəhərində 2017-ci ildə təməli qoyulan “Türk evi” binasının da açılışını edəcək.

Açılış mərasimi sentyabrın 20-də baş tutacaq. Pandemiya səbəbindən açılışı təxminən bir il gecikən “Türk evi” binası Nyu-Yorkun ən nüfuzlu yerlərindən birində, BMT-nin baş qərargah binasının qarşısında yerləşir. Binada Türkiyənin BMT-dəki Daimi Nümayəndəliyi və Nyu-Yorkdakı Baş Konsulluğu yerləşəcək.

Türkiyə prezidenti həmçinin bir sıra ölkələrin lideri, BMT baş katibi Antoniu Quterriş və Türk-Amerika Milli İstiqamətləndirmə Komitəsi tərəfindən təşkil olunacaq “Daha Ədalətli Dünya Mümkündür” mövzulu konfrans çərçivəsində bu ölkədə yaşayan türklər və müsəlman cəmiyyətin nümayəndələri ilə də görüşəcək.

 





19.09.2021    çap et  çap et