525.Az

"Ehtiyac qul eylər qəhrəmanı da..." - Aytac Sahəd yazır


 

 "Ehtiyac qul eylər qəhrəmanı da..." -<b style="color:red"> Aytac Sahəd yazır</b>

Maliyyə üzrə təhsil aldığım illərdə müəllimlərim sələm haqqında danışanda, ya da bu haqda oxuyanda düşünürdüm ki, insan nə qədər ağılsız olsun ki, belə bir riskə getsin. Ancaq bu gün sələmə pul götürən insanları görəndə düşünürəm ki, insan nə qədər çarəsiz olsun ki, sələmə pul götürsün.

Əlbəttə, sələm və sələm kimi digər riskli variantlara əl atan adamlar bunu həmişə ehtiyacdan eləmir. Ağılsızlıqdanda eləyəni var, başqa səbəbdən də. Mən məhz ehtiyacın boğaza dirədiyi bıçağın diktəsi ilə bu yolu tutanlardan danışıram.

Sələmə pul götürməyi ağılsızlıq hesab etdiyim dövrlərdə uşağı əməliyyat etdirməyə pul tapmayıb xəstəxananın dəhlizində hönkür-hönkür ağlayan dostumu tanımırdım. Onda heç təhsil haqqını ödəyə bilmədiyi üçün sinif otağının qapısından qayıdan rəfiqəmin gözündəki çarəsizliyi də görməmişdim. 

Bu adamların heç biri ehtiyacın diktəsi ilə günah qapısını açmamışdı. Amma onların əksini edənləri də sonralar çox tanıdım.  

Sən demə, həyatın elə anları varmış ki, sən bütün ömrün boyu inandığın, əməl etdiyin prinsiplərdən bir göz qırpımın da vaz keçə bilirsən. Bu keçişlər çox vaxt insanı uçuruma aparır. Bu yolda da insana "çarəsizlik" bələdçilik edir.

Keçən illərdə "çarəsizlik" sözünün sayəsində öyrəndim ki, həyat maliyyə haqqında mənim oxuduğum kitablardakı kimi bəsit deyilmiş. Həyatın min bir rəngi varmış. Çarəsizlik də o rənglərdən biridir. 

Çarəsizliyə yoldaş olan bir də "ehtiyac" kəlməsi var. "Ehtiyac" mənim bildiyim ən iyrənc sözlərdən biridir. Çox qorxuram bu sözdən, bu sözün ağırlığından və bu sözdən doğulan "möhtaclıqdan". Ehtiyac insanı nələrə məcbur etmir ki... Neçə-neçə günahlar bu sözün kölgəsində doğulub, işığında boy atır. Dostoyevskinin Raskolnikovunu törətdiyi cinayətə görə mühakimə edəndə heç onu bu cinayətə sürükləyən məhrumiyyətləri düşünmüsünüzmü?

Heç düşünmüsünüzmü ki, o məhrumiyyətlər və məcburiyyətlər olmasaydı, Raskolnikov o cinayəti yenə törədərdimi? Onun qızdırmalı, ac, çarəsiz keçən günlərini deyirəm. Onun bacısının pul üçün sevmədiyi adama ərə getməyə məcbur qalmasını eşidəndə keçirdiyi hissləri deyirəm. Axı, Raskolnikov kefindən qarət fikrinə düşməmişdi. O, ehtiyacın da, ehtiyacın gətirdiyi ağrının da nə demək olduğunu çox gözəl bilirdi.

Təbii ki, ehtiyac da daxil olmaqla heç bir səbəb cinayətə, oğurluğa haqq qazandıra bilməz. Mən də haqq qazandırmıram. Sadəcə düşünürəm ki, "ehtiyac" sözünün mahiyyətini tam şəkildə dərk edib düşmənin gücündən agah olmaqda fayda var. Əsas məsələ odur ki, sən hansı çətinlikdən keçməyindən asılı olmayaraq, vicdanına sadiq qalasan. Bu sədaqət isə insandan böyük ürək və ehtiyat istəyir. Ehtiyatı əldən vermək olmaz. Yoxsa ki, Səməd Vurğunun da dediyi kimi,"ehtiyac qul eylər qəhrəmanı da..."
 

 





20.09.2021    çap et  çap et