525.Az

"Məktəblərdə sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib"


 

"Məktəblərdə sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib"<b style="color:red"></b>

Yeni dərs ili ilə əlaqədar ümumi təhsil müəssisələrində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndirilib.

525.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, mövcud vəziyyətlə əlaqədar məktəblərdə dezinfeksiya işləri və müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlərin aparılması nəzərdə tutulur.

Eyni zamanda yeni dərs ilinə hazırlıq tədbirləri çərçivəsində paytaxtda bir sıra yeni məktəb binaları, tədris korpusları inşa olunub, əsaslı və cari təmir işləri aparılıb. Ehtiyac olan ərazilərdə 5 yeni məktəbin (Hövsan qəsəbəsi, Binə qəsəbəsi, Yeni Yasamal yaşayış massivi, Binəqədi rayonu Xocasən qəsəbəsi) tikintisi tamamlanıb. Eyni zamanda ehtiyac olan ərazilərdə 3 yeni məktəbin (Binə qəsəbəsi “Bolluq” yaşayış massivi, Binə qəsəbəsi “Atıcılıq” yaşayış massivi və Kürdəxanı qəsəbəsi) tikintisi davam etdirilir. 1 məktəbin (205 nömrəli tam orta məktəb) sökülərək yenidən tikintisi tamamlanıb. 7 məktəbdə əsaslı təmir, əlavə korpusun tikintisi, köhnə korpuslarının sökülərək yenidən tikintisi və bərpa-gücləndirilmə işləri aparılıb. Eləcə də ehtiyac olan 74 təhsil müəssisəsində cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb".

BŞTİ-dən həmçinin bildirilib ki, artıq paytaxtın təhsil işçilərinin 90 faizi vaksinasiya prosesinə qoşulub.

 





20.09.2021    çap et  çap et