525.Az

"Bu himn öz energetikası ilə bütöv bir imperiya üçün yetərlidir!"


 

AZƏRBAYCAN DÖVLƏT HİMNİ - 33 YAŞLI ÜZEYİR BƏYİN MUSİQİ, VƏTƏNPƏRVƏRLİK VƏ MİLLİ MÜSTƏQİLLİK MÖCÜZƏSİ

"Bu himn öz energetikası ilə bütöv bir imperiya üçün yetərlidir!" <b style="color:red"></b>

Aşağıdakı sətirlərin müəllifi  rus politoloqu Qriqori Trofimçukdur. Qonşularımız nadir hallarda belə səmimi olurlar. Tərcümə etdim ki, mümkün qədər çox soydaşımız  tanış ola bilsin.

Vilayət Quliyev

***

“Hər bir ölkə himndən başlanır. Bütün ölkələrin özləri kimi himnləri də fərqlidir – haradasa caz bir qədər çoxdur, haradasa rəsmi patetika... Amma nadir hallarda olur ki, ölkənin əsas melodiyasını rəsmi tədbirlərdən kənar da dinləmək istəyəsən.  Əslində, bu heç mümkün  deyil. Ona görə də Azərbaycanda Rus İcmasının qurultayı açılanda və hamı kimi  mən də rəsmi prosedura əməl etmək üçün ayağa qalxanda heç bir sürpriz gözləmirdim. Himn – himndir,qoy olsun, qulaq asarıq.

Dinamiklərdən ilk səs eşdiləndə dərhal  mümkün qədər tez kresloya yayxanmaq fikri yaddan çıxdı. Dinlədiyim Azərbaycanın himnidir? Bu mənim üçün əsl kəşf idi, Xəzər sahilindəki paytaxtda duyduğum ilk güclü sarsıntı idi. Qəribədir, mən (eləcə də çoxları!) indiyə qədər bu musiqi haqda eşitməmişdim. Himnin musiqisi sanki adamı fiziki şəkildə burulğana salırdı, ağuşuna alırdı, cazibə dairəsindən kənara buraxmırdı. Həm də istəyindən asılı olmayaraq! Burada hər şey qaynayıb qovuşmuşdu: faciə, qüdrət, əzab, mübarizə, əzəmət, sonu görünməyən ənginlik.

Təbii ki, dərhal bizə paylanan bukletlərdəki mətnə baxmaq istədim: “Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni!”

Bir saniyəliyə düşündüm: o qədər də böyük olmayan ölkədə belə əzəmətli akkordları necə bəstələmək olardı? Bu, mümkün olan iş deyil! Bu himn öz energetikası ilə bütöv bir imperiya üçün yetərlidir! O dəqiqə digər nüanslar da məndə maraq doğurdu: himnin musiqisinin müəllifi  kimdir?

Üzeyir Hacıbəyov- deyə cavab verdilər. Bəs başqa nə yazıb? Bir anda Hacıbəyovla bağlı hər şey mənə son dərəcə maraqlı gəldi.

Əgər bu xalqın belə musiqisi varsa, o zaman bağışlayın məni, onlar planetdə heç də sonuncu sırada dayanmırlar. Bu cür musiqinin meydana çıxdığı ölkələri barmaqla saymaq mümkündür. Hətta Amerika belə onların həndəvərinə hərlənə bilməz. Azərbaycan isə, heç şübhəsiz, birinci beşlikdədir!”

 





21.09.2021    çap et  çap et