525.Az

"Yurduma aparan yollar hardadır?" - Asif Hacılı yazır


 

AHISKALI ŞAİR ŞƏMŞİR ŞİMŞƏKOĞLUNUN SÖZ DÜNYASINA BİR NƏZƏR - "Ahıska türk yazarları" silsiləsindən

 "Yurduma aparan yollar hardadır?" -<b style="color:red"> Asif Hacılı yazır</b>

XX yüzilliyin ortalarından bu günə qədər sönməz sürgün acısını, Vətən dərdini, yurd həsrətini yaşayan türk toplumlarından biri də 1944-cü ildə doğma yurdlarından sürgün edilmiş Ahıska türkləridir. Tarix boyu Gürcüstanın cənub-qərbində, tarixi Ahıska mahalında yaşamış, qonşu gürcülərlə, digər xalqlarla dostluq və qardaşlıq münasibətində olmuş Ahıska türkləri indiyədək Vətəndən uzaqlarda, dünyanın ondan çox ölkəsində yayğın halda yaşamaqda, sivil yollarla yurda dönüş mücadiləsi aparmaqdadırlar. Doğma yurda buraxılmayan Ahıska türkləri 1958-ci ildən toplum halında köç etdikləri qardaş Azərbaycanın ictimai, mədəni, iqtisadi, təsərrüfat həyatında fəal iştirak etmiş və etməkdədirlər. Bu illər ərzində ahıskalı qardaşlarımız Azərbaycanın üzləşdiyi ağır sınaqdan - Ermənistanın qəsbkar ordusu tərəfindən işğal edilmiş ərazilərimizin azad edilməsi uğrunda mübarizədən də kənarda qalmamışlar. Bir çox ahıskalı döyüşçü göstərdiyi şücaətə görə orden və medallarla təltif edilib, müharibəyə könüllü getmiş üç övlad atası ahıskalı İsgəndər Aznaur Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. 

Azərbaycanın çağdaş həyatı, apardığı azadlıq savaşı və müzəffər ordumuzun şanlı qələbəsi Ahıska türklərinin xalq yaradıcılığında, rəngarəng folklor mətnlərində, şair və yazıçılarının əsərlərində yüksək bədiilik, emosional ovqat və vətənpərvərlik duyğuları ilə ifadə olunur. Qeyd edək ki, ümumən, 1944-cü il sürgünündən sonra Ahıska türklərinin milli varlığında folklor və yazılı ədəbiyyat mühüm mənəvi-ictimai amil kimi aktuallaşıb. Vətən, yurd, qürbət anlayışları Ahıska söz sənətinin əsas mövzusuna çevrilib. Son dövrlərdə intensiv inkişaf edən Ahıska türk ədəbiyyatının bir çox nümayəndələri Azərbaycanda yaşayıb fəaliyyət göstərir və əsərlərində doğma yurdla yanaşı, Azərbaycan motivlərini də böyük coşqu və fərəhlə tərənnüm edirlər. 

Ahıska türklərinin istedadlı və kamil el şairlərindən biri də, əslən Ahıskanın Xeveşen kəndindən olan Şəmşir Şimşəkoğludur (Aytayev Şəmşir Şimşək oğlu). Şəmşir 1955-ci ildə vətəndən uzaqlarda, Özbəkistanda anadan olub, 1961-ci ildən ailəliklə Azərbaycana köçüblər. Doğma diyarı görməsə də, ahıskalıların qürbətdəki ailə və toplum mühiti, atası Şimşək Aytayevin Vətən təəssübkeşliyi və mücahidliyi çocuqluğundan onu ana yurdu Ahıska mahalının türk ruhuna, doğma Koblıyan bölgəsinə və Xeveşen kəndinə bağlayıb. Xeveşen kəndi türk xarakterini, əsatirlərini, dastan və rəvayətlərini, adət və ənənələrini yaşadan obalarımızdan olub. Elə də böyük olmayan Xeveşen kəndinin türk ruhu haqqında 1980-ci illərdəki folklor-etnoqrafik ekspedisiyalarım zamanı ağsaqqal və ağbirçəklər maraqlı məlumatlar söyləmişlər. Bu ağbirçəklərdən biri, 1920-ci ildə Varxanda dünyaya göz açmış, gəlinliyindən 6 il sonra sürgün olunmuş Buğligillərdən Günəş Müzəffərova (qız nəsli Çolaxgillər), sözlü-söhbətli Günəş nənə doğma yurdundakı Abioğlu, Xoros dağları, Çillər qışlası, Savux puvar, Abastumanda Çərmügün hamamları, Aqobil şəfaxanası, Datvet meşələri, Zaden, Cuhud, Nazo tarlaları, Xurşudun yatağı, Gülbaxça, Hasan Xoca, Nəsrəddin Xoca türbələri, Xurşudun yatağındakı müqəddəs küknarla yanaşı, şəfalı Xeveşen puvarını da xüsusi yada salardılar, bu puvarın bütün mahalda məşhur olduğunu deyərdilər. 

Sinəsi doğma yurdun təbiəti, tarixi, insanları ilə bağlı xatirələrlə, şeir, rəvayət, dastanlarla dolu olan Kikinetli Toromangillərdən Qafur Hüseynov el qəhrəmanlarını yaxşı xatırlayardı. Bu igidlərdən Kikinetli Cavad, Entelli Bədəl ağa, Qorqisimdalı Abbas, Sakunetli Məhəmməd, Varxanlı Nədim, Balabek, Niyaz, Sürlü Türən kimi basılmaz pəhləvanlarla, qaçaqlarla yanaşı, Ahıskanın qüdrətli qaçaqlarından olan, adı dastanlara, ədəbi əsərlərə düşən Xeveşenli Ali Sultan haqqında da həvəslə bəhs edərdi. Onun söylədiyinə görə, Xeveşenli Ali Sultan ədalətli, Qaçaq Nəbi kimi bir şəxs olub, bütün mahalda tanınıb.  

Tiflis, Borçalı və Ahıska mədəni-ədəbi mühitinin, Azərbaycan-gürcü mədəni-ədəbi əlaqələrinin görkəmli tədqiqatçısı professor Abbas Hacıyev Tiflis ədəbi mühitinə, Adıgün teatrına adlı tədqiqatlarında göstərir ki, 1930-cu illərdə bir müddət Adıgündə Maarif müdiri, Adıgün Türk Teatrının bədii rəhbəri olmuş Borçalı əsilli Azərbaycan maarifçisi və ədibi, teatr xadimi Rza Şahvələdin bu mahala dərin sevgisi və marağı oyanıb. Burada işlədiyi dövrdə yerli əhalinin adətləri, rəvayətləri ilə maraqlanan Rza Şahvələd məşhur pəhləvan Xeveşenli Ali Sultanla bağlı əhvalatları toplamış və onun haqqında pyes yazmışdı.

Teatr və maarif xadimi kimi bu mahalın tarixində böyük rol oynamış Rza Şahvələdin Ali Sultan haqqında topladığı materialdan rus dramaturqu Ş.Şaxov da istifadə edərək, eyni adda pyes yazmış və Rza Şahvələd həmin pyesi türk dilinə çevirərək, teatr təcəssümündə də yaxından iştirak etmişdir. Professor Abbas Hacıyev belə bir maraqlı faktı da göstərir ki, Adıgün Türk Teatrı 3 dekabr 1936-cı ildə başlamış geniş repertuarlı qastrolunu "26-lar teatrı"nın səhnəsində Ş.Şaxovun üç pərdəli "Altun qala" pyesi ilə açmışdır. Ahıska Atabəyliyinin, Altunqala bəylərinin əsas istehkamlarından və mərkəzlərindən olan məşhur Altunqala haqqında eyni adlı pyesi rus dilindən türk dilinə Borçalı türkü, jurnalist, yazıçı-dramaturq Rza Şahvələd tərcümə etmişdi. 

Şair Şəmşir Şimşəkoğlu sürgündə doğulub yaşasa da, bu zəngin tarixi-mədəni mühitin, Ahıska-Koblıyan mühitinin yetirməsidir. Ahıskanın tanınmış taxımının, Aytayevlər nəslinin nümayəndəsi olan Şəmşir Şimşəkoğlu Xeveşen kəndi, Koblıyan mahalı və bütövlükdə Ahıska diyarı haqqında məhz belə xatirələrlə, yaddaşlarda yaşayan rəvayət, dastan və nəğmələrlə böyümüş, ana yurdundan, ailəsindən, Ahıska türklüyündən gələn türk ruhunu, türk dilini, türk mənliyini qoruyub-saxlamış və yazığı əsərləri ilə yeni nəsli də bu ruhda tərbiyə etməyə çalışmışdır. 

Şəmşir Şimşəkoğlunun bir vətənpərvər, şair kimi formalaşmasında Azərbaycan mühitinin də böyük rolu var. 1961-ci ildə, altı yaşında ailəliklə Özbəkistandan Azərbaycana gəlmiş və Saatlı rayonunun Qarayevkənd kəndində məskunlaşmış Şəmşir Şimşəkoğlunun həm bir mütəxəssis, həm türk ziyalısı və həm də türkdilli şair kimi yetişməsində Azərbaycanın qardaş ictimai və ədəbi mühiti, ortaq mədəniyyəti, Ahıska ləhcəsi ilə faktiki eyni olan Azərbaycan türkcəsində təhsili əsas amillərdən olub. Şəmşir Şimşəkoğlu Azərbaycana qəlbən bağlanıb, əsərlərini əsasən Azərbaycan türkcəsində yazıb və şeirlərinin böyük bir qismi də Azərbaycan mövzusundadır.  

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycanda Yaşayan Ahiska Türkləri Yazarlar Birliyinin üzvü olan Şəmşir Şimşəkoğlu hazırda Ahıska türklərinin müasir ədəbi prosesinin, eləcə də Azərbaycan ədəbi-mədəni mühitinin fəal nümayəndələrindəndir. 

Dəyərli ziyalı, ictimai xadim, Vətən mücahidi olan Şəmşir Şimşəkoğlu kökə, nəslə, el-obaya, əcdadlara, ailəyə bağlı adamdır və öz həyat yolunda və fəaliyyətində Ahıska türklərinin el ağsaqqalı - tanınmış ziyalı, Vətən mücadiləsinin fəal iştirakçısı, məktəb direktoru və kolxoz sədri işləmiş atası Şimşək Urşan oğlunun şərəfli həyat yolunu davam etdirir. Ailə ənənəsinə uyğun olaraq, Şəmşir yüksək səviyyəli ali təhsil alıb, 1974-76-cı illərdə Sovet ordusu sıralarında xidmət etdikdən sonra 1979-cu ildə "Xalqlar Dostluğu" ordenli Moskva Kooperativ İnstitutuna daxil olub və 1982-ci ildə həmin təhsil ocağını əla qiymətlərlə bitirib. Mühasib, baş mühasib vəzifələrində, bank sistemində çalışıb. 

Məsul sahələrdə əmək fəaliyyəti ilə yanaşı, Şəmşir Şimşək oğlu bədii yaradıcılıqla daim məşğul olub və bu vaxta qədər bir çox əsərləri dərc edilib. Bədii əsərləri Azərbaycanda və Türkiyədə müxtəlif qəzet və dərgilərdə, toplularda dərc edilib. Eyni zamanda, "Həsrət gözlərimin yaşında - Ana", "Axısxaya gedən yolda", "Uzağa gedən qatar", "Muğan yarpaqları" və "Zəfər sevincləri" adlı kitabları çap olunub.

Bu günlərdə oxuculara təqdim edilən "Zəfər sevincləri" adlı  növbəti şeir kitabı, adından da göründüyü kimi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tərəfindən 44 günlük müharibədə qazandığımız Qarabağ zəfərinə həsr olunub. Qarabağ mövzusu, ərazilərimizin işğalı, erməni terroru və dinc əhalimizə qarşı qanlı məzalimi Şəmşir Şimşəkoğlunun daim diqqət mərkəzində olub, əsərlərində bu işğalın acısını, köçkün və qaçqın dərdini, Qarabağ həsrətini ifadə edib. Müharibənin fərqli cəhətlərini qələmə alan şair xalqın həmrəyliyini, vahid məqsəd uğrunda birləşməyini  önə çəkir, müsəlləh əsgər tək azadlıq savaşına qalxmış millətin basılmaz gücünün təməlini məhz rəhbər və xalqın birliyində görür.

Şair Şəmşir eyni zamanda, Azərbaycan türklüyünün əzəli azadlıq eşqini vurğulayır, Azərbaycanın yüz il əvvəl qazanılmış müstəqillik tarixindən qürur duyur, ana vətəni tək sevdiyi bu diyarın əbədi azad gələcəyinə inanır:

Adın çəkiləndə nur gəlir gözə,
Sorağın dillərdə elbəel gəzə,
Üçrəngli bayrağın qürurdur bizə,
Bayramın mübarək, Azərbaycanım.

Şair öz duyğularını poetik tərzdə şəxsiləşdirir, fərdliyə keçir - onun Azərbaycan sevdası övladın anaya olan sevgisidir və buradan aralanmaq, doğma da olsa başqa yerlərə varmaq ona ağrı və əzab verir, məhz Azərbaycanda o, ata-ana ətrini, həyatının xoş çağını duyur. Lakin Azərbaycanın doğmalığı, Ana kimi məhrəmliyi şairin qürbətdə qalmış yurd dərdini, Ahıska yanğısını söndürmür, şairin dərdini artıran, yarasına duz basan yurddaşlarının vətənsiz qalması, yurd-yuvadan uzaq düşməsi, qərib adından qurtula bilməməsidir:

Şair ömür sürdü elsiz-obasız,
Arzular puç oldu, toxundu daşa.
Qaldı uzun illər yurdsuz-yuvasız,
Çıxdı istəkləri əlindən boşa.

Bütün bu acılar, ağrılar şarin ruhunu əzir və bədbin ovqata salır, vətənsizlik onun şəxsi taleyindən keçən acı kədərə, qara sevdaya çevrilir:

Qəlbinə taleyin qəm-kədər əksə,
Bəzən gələcəyə ümid qalmayır.
Həyat yollarında sınağa çəksə,
Verilən qismətdən qaçmaq olmayır.

Belə məqamlarda həmdəm, dərdbilən, sirdaş, tale ortaqlığı yada düşür, şair sadəcə həyatda deyil, əsərlərində, şeirlərində onu anlayacaq dost, sufisayaq "quş dili"ni biləcək tərəf-müqabili, onu duyacaq oxucu axtarır:

Gəzib dolaşdıqca yanımda hər gün,
Bir yaxın dost ola, bilə dərdimi,
Dərin iz buraxıb canımda sürgün,
Anlada bilmədim elə dərdimi.

Şairin yurdsuzluq dərdi, qəriblik acısı Azərbaycanın Qarabağ dərdindən və şəhid qanıyla əldə edilmiş qəhərli və həm də sevincli qələbə duyğularından ayrılmazdır. Onu sarsıdan və həm də qürurlandıran kədər - müharibədə namərd gülləsinə tuş gəlmiş şəhid dərdidir, məqsədi - canını vətən, xalq yolunda fəda etmiş qəhrəmanların nakam taleyini yaşamaqdır, şəhid atasının dərdini öz içinə almaqdır, bu ağrıya sirdaş olmaqdır, ona görə də şəhid atasına xitabən yazır:

...Bilirəm, dərdinin dərmanı yoxdur,
Mərd oğul həsrəti qəlbinə oxdur,
Gəlmişəm yanına, sözlərim çoxdur,
Bir gün də yanında qalıb gedərim.

Gecələr gözündən tökülən yaşam,
Qəmli xəyalına daim sirdaşam,
O şəhid oğluna mən də qardaşam,
Dərin fikirlərə dalıb gedərim.

Şairin yaradıcılığında bəşəri-fəlsəfi mövzular - həyat, zaman, dövran, insanlıq haqqında düşüncələr müasirliyin problemləri ilə səsləşir, müəllif bu gün dünyanı saran terror, qaçqınlıq və bu kimi məsələlərə münasibət bildirir. Bütövlükdə isə çətin də olsa, ağrılı da olsa, inam, əzm, dönməzlik, iradə, zəhmət kimi keyfiyyətləri önə çəkir, oxucusunu haqq yoluna səsləyir:

Söyləmədim nadanlara dərdimi,
Bu, yaşıma gələ-gələ yaşadım,
Unutmadım millətimi, mərdimi,
Ömür sürdüm gülə-gülə, yaşadım.

Biri sevdi, biri güldü, qınadı,
Fələk özü dar günlərdə sınadı,
Vurdu sanki qırdı qolu-qanadı,
Mən bunları bilə-bilə yaşadım.

Haqq yolu, məzluma kömək, riyadan uzaq olmaq, möhtaclara yardım - şairin nəzərində həyatın məzmunu, mənasıdır. İnsan başqasına gərək olanda insandır, başqasını özünə möhtac edəndə yox. Gərəklilik isə təmənnasız olmalıdır, gərək olduğun adama mənəvi yükə çevrilməməlidir. - Bu mülahizələr şairin əsərlərində sadə, aydın, açıq formada ifadə olunur və bununla da, anlamazın da anlamasına imkan yaradır və haqq yoluyla yaşamağın nümunəsini göstərir:

Haqq ilə batili seçib, düz anıb,
Əlimi qaldırıb haqqa uzanıb.
Mərhəmət göstərib savab qazanıb,
Bu dünyadan rahat köçmək istərdim.

Şairin insanlığa, bəşərə, vətənə, yurda sevgisi nəinki təmənnasız, həm də fədakardır, o, ümumi üçün, el üçün, yurd üçün özünü fəda etməyə hazırdır və bunu mənəvi rahatlıq sayır:

Zəhmətsiz, bağlarda bar da yetişməz,
Yaralar dərindir, heç vaxt bitişməz,
Bu dərdli ürəyim köz olar, bişməz,
Mən yandım, yanmasın qoy bizim ellər.

Bu ağrılar şairin ruhunu incidir və o bəzən Sabirsayaq, ürəyindən şikayətlənir, ürəyinin ona sirdaş olmasını istəyir, beləliklə, mənəvi cəfalar maddiləşərək şairin ürəyini sarsıdır:

Yenə sızlayırsan, yaşarır gözüm,
Mənim sirdaşımsan, sənsən gərəyim,
Bəsdir, əzab vermə, qalmadı dözüm,
De nə istəyirsən, söylə, ürəyim?

...Onu da deyək ki, bu şeirin də yer aldığı yeni kitabının çıxması ərəfəsində şair gerçəkdən də ürəkdən əməliyyat olundu, şairimizə Allahdan şəfa, uzun ömür və yeni əsərlər diləyirik...

Gərgin emosional hallarda şair özünü "payız küləyinin qopardığı yarpağa", "suları qurumuş çaya" bənzədir, taleyindən şikayətlənir. Lakin fərdi kədər və dərd ümumxalq maraqları qarşısında və Haqq dərgahında arxa plana keçir. Şairin ali dəyəri Vətən və Haqdır. Ana Vətən və Haqq dərgahı son mənzildir, sığınacaq yeridir:

Dolandım, dünyanı gəzdim qürbəti,
Yurduma aparan yollar hardadır?
Gördüm İlahidən gələn qüdrəti,
Dərgaha uzanan qollar hardadır?..

Bu nisgilli kədərli motivlər Müzəffər Vətən müharibəsindən öncə yazılmış şeirlərdə daha kəskindir. Həmin əsərlərdə, şair Qarabağı, işğalda olan torpaqları kədərlə anır, oxucularını fəryadla səsləyir, mənfur düşməni lənətləyir:

Əriyən şam kimi yanıb töküldüm,
Dur, deyə bilmədim gözümdə yaşa,
Həsrət deyə-deyə beldən büküldüm,
İllər ötür sənsiz, gözəlim Şuşa. 

***

Qəlbim Kəlbəcərdə, Qarabağdadır,
O dağmı, ellərmi düşüb yadıma.
Fikir, xəyallarım çox uzaqdadır,
Dolaşıb gəlsəydim yenə Ağdama.

Müzəffər Vətən müharibəsinin başlaması ilə Şəmşir Şimşəkoğlunun poetik duyumu, səsi, tonu və pafosu dəyişir, şaqraq, nidalı nitq, səfərbərlik ruhu aşkarlanır. Türk birliyi, türk qardaşlığı, qucağını Ahıskalı övladlarına açmış Ana Azərbaycana övlad sevgisi və sədaqəti ifadə edilir:
            
Türkün övladıyam mən də müsəllah,
Anamın, atamın xoş amalıyam.
Əynimdə libasım, əlimdə silah,
Sıravi əsgərəm - Ahıskalıyam.

Ey gözəl türk yurdum, cənnət Qarabağ,
Gəldim görüşünə bu sinəmdə dağ,
Döyüşüm uğrunda, hələ canım sağ,
Sıravi əsgərəm - Ahıskalıyam.

Şair Şəmşirin bu kimi sətirləri həyat eşqini, yurd sevgisini, türkün qəhrəmanlıq ruhunu və döyüş əzmini, türk birliyini yüksək emosional pafosla ifadə edir və oxucularının vətənpərvərlik ruhunu gücləndirir. Bu ovqat bir çox əsərlərdə, o cümlədən, reçitativ təkrarlar vastəsi ilə əsərin bədii təsirinin gücləndirildiyi "Vur, komandir" şeirində yüksək hissiyyatla aşkarlanır:

Vur, komandir, 
Qarabağ bütöv Azərbaycandır,
Damarımızda qandır, 
bədənimizdə candır.

Qarabağın yağı düşməndən qurtuluşundan doğan sevinc bir çox şeirlərdə sənətkarlıqla ifadə edilir. Eyni zamanda, müəllif qədim türk-islam mədəniyyət mərkəzi olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsinin bəşəri əhəmiyyətini, bütün Şərq üçün rolunu vurğulayır. "Kəlbəcər" şeiri bu baxımdan məzmunun metaforik ifadə tərzi ilə maraq doğurur:

Düşmən xar edildi, yandı çırağın,
Xalqıma qovuşdu azad torpağın,
Ulu tariximdən gəlir sorağın,
Şərqin minarəsi gözəl Kəlbəcər.

Qarabağ zəfəri ilə bağlı belə təsirli şeirlərdən biri də qəhrəman şəhid Xudayara həsr olunub. Müəllifin şəhid obrazına səmimi münasbəti, mətnin pafosdan uzaqlığı, üslubun məhrəm danışıq tərzinə yaxınlığı ümumxalq məhəbbətini qazanmış şəhid Xudayarın canlı simasını yaradır, həm də hisslərin təbii ifadəsinə imkan verir:

Səninlə fəxr edir millətin, ordun,
Keçdi xəyalından öz ana yurdun,
Vətən məbədini qəlbində qurdun,
Nə yaman ağlatdın bizi, Xudayar.

Ahıskalı Şair Şəmşirin şeirlərinin bir qismi müasir dünyamızın mürəkkəb gerçəkliyinə, insanlarası münasibətlərə, mənəvi, əxlaqi, ictimai anlamlara, eləcə də "qaynaq nöqtələr" deyilən məkanlardakı hadisələrə həsr edilib. Müəllif naqislikləri, nadanlığı, yamanlığı, xəyanəti pisləyir, insanları düzlüyə, vəfaya, sədaqətə, dostluğa, xeyirxahlığa dəvət edir. Həyatın gözəlliyini, ömrün mənalı yaşanmasının vacbliyini vurğulayır. Bəzən insani duyğuları təbiət hadisələri ilə, leysan yağışlarla tutuşdurur. Bu kimi psixoloji paralellər müəllifə tərənnüm etdiyi mətləblərin mahiyyətinə varmağa, məğzini anlamağa şərait yaradır. 

Bir qismini sərbəst, bəzilərini klassik biçimdə, qalanlarını heca vəznində yazdığı şeirlərində müəllif aparıcı fikir xətti - xeyir, ədalət, doğruluq, sevgi, yaxşılıq, vətənsevərlik, dostluqdur. Bu mətləblər mücərrəd ifadə olunmur, soydaşlara, ilk növbədə gənc nəsilə ünvanlanır və bir çox hallarda didaktik məzmunlu mətn formasında, yeni nəsilə tövsiyə tərzində ümumiləşdirilir:

Sevib yaşatdığın dinin-imanın
Axirətdə dostun olacaq sənin.
Kəsmə Allahına olan inamın,
Dərdinə O, dərman qılacaq sənin.

Düşün ki, gələndə vaxtsız əcəlin,
Dünyadan əlini yolacaq sənin.
Məşhərdə yaxşılıq, gözəl əməlin,
Cənnətdə ruhunu bulacaq sənin. 

    
Ömrünün ahıl çağına qədəm qoymuş, ruhən cavanlıq şövqünü saxlamış Azərbaycan sevdalı türklük aşiqi, Ahıska həsrətlisi, istedadlı şair, vətənpərvər ziyalı Şəmşir Şimşəkoğlunun şeir dünyasına bu qısa baxış, təbii ki, onun yaradıcılığı haqqında tam təsəvvür yarada bilməz. Şairi tanımaq və duymaq üçün onun əsərlərini oxumaq lazımdır. Hər bir qələm əhlinin ən böyük istəyi və xoşbəxtliyi onun yazdıqlarının oxunmasıdır. Şəmşir Şimşəkoğlu oxunmağa layiq səmimi, inandığını söyləyən, xalqın içindən və türk şeir ənənəsindən gələn istedadlı şairdir. Onun əsərlərini oxumağa dəyər! Bu oxunuş insanı düşünməyə, yaşadıqlarını saf-çürük etməyə, dünya və bu dünyada yeri, xalq və vətən, keçmiş və gələcək haqqında fikirləşməyə sövq edəcək. Bu isə bu gün bizim hər birimiz və bütövlükdə hamımız üçün çox vacibdir.   
 

 





21.09.2021    çap et  çap et