525.Az

Bir evdən iki qəhrəman: ata qazi, oğul şəhid


 

Bir evdən iki qəhrəman: <b style="color:red"> ata qazi, oğul şəhid</b>

Məmməd İSLAMOV
Şəki şəhər 8 nömrəli məktəbin müəllimi

Qarabağ - 30 il ərzində düşmən tapdağı altında inildəmiş, nəhayət, 44 gündə şəhidlərin, qazilərin canı və qanı hesabına azad edilmiş müqəddəs diyar...

Nələr çəkdi başımız: döyüldük, söyüldük, sındıq, amma əyilmədik. Buna haqqımız yox idi. Çünki bizim qarşısında əyilə biləcək igidlərimiz var idi. Bunlar şəhidlər və qazilər idi.

Bütün Azərbaycan oğulları kimi mənim şagirdlərimdən də bu mübarizəyə qoşulanlar oldu. Bunlardan biri də şəhid İsmayılov Elnur Arif oğludur.
Əlbəttə, hamı kimi mən də qəhrəman oğullarla fəxr edir, onlarla qürur duyuram. Hələ o da həmişə gördüyün, salamlaşdığın, bəzən də zarafatlaşdığın, özünəməxsus dəcəlliyindən xoşlandığın şagirdlər ola.

Elnur, sənin yoxluğunu dilə gətirmək mənim üçün nə qədər mənəvi əzab olsa da, bir o qədər də fəxarət və qürur hissidir. Sən təkcə bir şagird kimi deyil, eyni zamanda, qəhrəman bir vətən oğlu, bir şəhid kimi mənim qəlbimdə əbədi yaşayacaqsan.

Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbin məzunu İsmayılov Elnur Arif oğlu 2001-ci ildə fevral ayının 24-də Şəkinin Baş Küngüt kəndində Birinci Qarabağ müharibəsində qazi olmuş Arif İsmayılovun ailəsində anadan olub. Atası İsmayılov Arif  1993-cü ildə Ağdərə döyüşlərində yaralanmış, 4 ay xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdı. 

2019-cu ildə hərbi xidmətə çağırılan Elnur əvvəl Cəlilabadda, sonra Ağcabədidə, daha sonra isə Füzulidə hərbi xidmətini davam etdirmişdi.Hələ hərbi xidmətdən məzuniyyətə gələndə 2016-cı il Aprel döyüşlərinin şəhidi Elnur İsgəndərovun məzarını ziyarət etmiş, orada şəkil çəkdirmişdi. Anası şəkilə baxanda Elnurun öz kölgəsinin məzar daşının üzərinə düşdüyünü görür və onu silmək istəyir. Lakin Elnur icazə vermir. Məzarlıqda dayısı oğluna deyir ki, İsgəndərov kimi igid olmaq hər oğulun hünəri deyil. Əgər mən şəhid olsam, məni burada - Elnur İsgəndərovun yanında dəfn edərsiniz.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda döyüşlərə qatılır, çox böyük qəhrəmanlıqlar göstərir. Hətta Füzuli uğrunda gedən döyüşlərdə 60 nəfər döyüş yoldaşını igidlik göstərərək düşmən mühasirəsindən çıxarır. Hələ Şəkiyə ilk şəhid gələndə atasından soruşdum ki, Elnur nə edir? Dedi, döyüşlərdədir, zəng vurdum ki, necədir vəziyyət, cavab verdi, toydayam, narahat olma. Görün nə qədər igid, qəhrəman oğuldur ki, vətənin azadlığı uğrunda döyüşməyi toy-bayram kimi qəbul edir. 

Nəhayət, oktyabrın 15-də Füzuli uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhid İsmayılov Elnur Arif oğlu özünün vəsiyyətinə uyğun olaraq şəhid Elnur İsgəndərovun uyuduğu məzarlıqda dəfn olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Elnur, sənin xatirən kollektivimiz tərəfindən daima əziz tutulacaq! Şəhadətin mübarək, Elnur!

Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, şəhid Elnur İsmayılov "Vətən uğrunda" medalı ilə təltif olunub.
 

 





21.09.2021    çap et  çap et