525.Az

Qlobal istiləşmə bəşəriyyəti fəlakətə aparır - Sosial şəbəkədə yazılanlar


 

Qlobal istiləşmə bəşəriyyəti fəlakətə aparır -<b style="color:red"> Sosial şəbəkədə yazılanlar</b>

Əli İsa Cabbarov, kinorejissor:

- Səhər Arpadarinin antiCOVİD pasport statusunu ləzzətlə oxuyurdum ki, Sahibə Qafarovanın müsbət təsir bağışlayan Vyanadakı ingiliscə çıxışına rast gəldim. Əvvəlki spikerlərlə müqayisə apardım. Milli birlik cəhətdən Elmira Qafarovadan sonra indiki spikeri ən yüksək potensialı olan gördüm (həmfamildilər həm də). Ümumiyyətlə, qadınlar bizdə birləşdirici olur, kişilər təfriqəçi.

***

Elçin Alıoğlu, jurnalist:

- Ermənistan Gəncə-Naxçıvan reysləri üçün hava məkanını açdı.
Ermənistan Hava Yollarından bildirilib ki, beynəlxalq tələblərə uyğun olaraq tranzit uçuşları üçün Ermənistan Azərbaycana hava məkanını açıb.

***

Akif Aşırlı, jurnalist:

- Son illər media biliciləri arasında Türkiyədə qəzetçilik sahəsində ali təhsil almış Rizvan Qənbərlinin fikir və mülahizələri diqqətimi çəkir. Rizvan bəy jurnalistikanın nəzəriyyəsi barədə bir neçə kitabın da müəllifidir. Praktik qəzetçiliklə məşğul olub-olmaması barədə məlumatsızam. Amma düşüncələrindən görünür ki, praktik işlə az məşğul olub, ya da heç məşğul olmayıb. İnternet televiziyasına son müsahibəsi də, nəzəri baxımdan fərqli, diqqətçəkən məqamlarla dolu olsa da, medianın indiki kritik durumunun dəqiq təsvirini verə, çıxış yollarını göstərə  bilmədi. Çünki işin içində deyil, kənardan verilən təhlil bu baxımdan dolğun görünmür. Bir saata yaxın çəkən müsahibədə Rizvan bəy nələrə toxundu? Diqqətimi bir neçə məqam çəkdi. Baş redaktorların media kapitanları adlandırılmasına sətiraltı ironiya ilə yanaşdı, Mətbuat Şurasının fəaliyyətsizliyinə diqqət yönəltdi,  Media İnkişaf Agentliyinin son dövr gördüyü işlərə obyektivlikdən kənar qiymət verdi.

Ondan başlayaq ki, bu "media kapitanları" ifadəsi hardan qaynaqlanır, bu ifadənin müəlliflik hüququ kimə məxsusdur? İlk dəfə 1990-cı illərin ortasında məşhur "Redaktorlar Birliyi" fəaliyyət göstərir, cəmiyyətin, siyasi strukturların diqqətində olurdu ki, indi bu toplantıda nə qərar veriləcək? Etiraf olunmalıdır ki, məhz həmin vaxtlar mətbuat xalq və cəmiyyət qarşısında həqiqi missiyasını doğru, dürüst yerinə yetirirdi. Səhv etmirəmsə, "media kapitanları" ifadəsi həmin illərə təsadüf edir, müəllifi Aqil Abbasdır. Bu ifadə sonralar ümumişlək ifadəyə çevrildi. Amma burda qəribə, ironiya doğuracaq nəsə yoxdur. Həqiqi media kapitanı, qəzet, sayt baş redaktoru redaksiyanın bəzən korrektoru, müxbiri, meneceri, redaktoru olur, işin yaxşı nəticələr doğurması üçün çalışır. Kimsə bu ifadəni sevməyə, işlətməyə bilər, işlədirsə belə, ironiya mənbəyi ola bilməz.

Keçək Əflatun Amaşovun uzun illərdir sədrlik etdiyi Mətbuat Şurasının fəaliyyətinə. Mətbuat Şurası özünütənzimləmə mexanizmi olaraq yaradılıb, funksiyalarını da yerinə yetirməyə çalışıb. Bəli, bir iradıyla razılaşmamaq olmaz, MŞ bəzən özünə, funksiyalarına aid olmayan işlərlə də məşğul olmağa sövq edilib, uzun bir vaxtı "reket jurnalistikasına qarşı mübarizə"yə cəlb olunub. Amma bir çox jurnalistin həbsinin qarşısını aldığı vaxtlar da olub, həmkarlarımızın bəzilərini cəzaçəkmə müəssisələrindən də buraxdırıb, reklam, yayım problemlərini də  müxtəlif səviyyələrdə müzakirəyə çıxarıb. Nəticə yoxdursa, deməli, problemin həllini başqa müstəvidə axtarmaq lazımdır.

Rizvan bəyin  Medianın İnkişaf Agentliyi ilə bağlı söylədiyi tənqidi məqamlarda da obyektivlik görünmür. Yəqin Agentliyin əməkdaşları bu məqamlara toxunub, açıqlama verər. Obyektivlik naminə çoxları etiraf edər ki, Agentlik yaranandan sonra medianın problemlərinə baxış, yanaşma, idarəçilik, iş prinsipləri tam dəyişib, bir neçə istiqamətdə ciddi addımlar atılıb. Medianın çağdaş jurnalistika tələblərinə, beynəlxalq standartlara uyğunlaşdırılması proseslərinə başlanılıb. Bir sıra treninqlər, seminarlar keçirilib və jurnalistlərin peşəkarlaşması yönündə işlər görülur, davamlı bu sahədə iş planlaşdırılır. Agentlik barədə danışanda bəzən bu qurumun bir dövlət təşkilatı olduğu, müəyyən konsepsiyaya uyğun davrandığı da unudulur. 

Obyektivlik naminə qeyd olunmalıdır ki, Rizvan bəyin müsahibədə vurğuladığı bir çox problemlər var və jurnalistikanın inkişafına əngəllər törədir. Ən azı 20 ilə yaxın təbliğat, təşviqat  ruporuna çevrilən, missiyasından uzaqlaşdırılan medianın yenidən xalqdan etimad alması, əlbəttə, çətin bir məsələdir. Çalışmalıyıq, başqa yol yoxdur.

***

Vüsalə Məmmədova, jurnalist:

- Tale çox az hallarda üzümüzə gülüb. O nadir təbəssümlərdən biri #ÜzeyirHacıbəylidir.

XX əsrə "Üzeyir bəy olmasaydı, necə olardı" sualı ilə baxanda çox şeyi əskik görürsən... Nə yaxşı ki, doğulub və nə yaxşı ki, bu gün onun Şuşası azaddır...

28 il ərzində güllələnmiş heykəlini gözdən-qulaqdan kənar bir tərəfdə saxlasaq da, şükür ki, bu gün evindədir...

O, yaradanın bizə lütfüdür. Tanrıya təşəkkür imkanım olsa, ilk üçlükdə Üzeyir bəyin adı var...

Dünya durduqca Üzeyir musiqisini duyan insanlar olaq. O zaman yer üzündə pislik olmaz...

Ruhu şad olsun...

***

Xaqani Səfəroğlu, jurnalist:

- Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır - BMT-dən HESABAT

***

Fərasət Qurbanov, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru:

- Rusiya sülhməramlı qüvvələrinin hərbçiləri Əsgəran rayonun orta məktəblərində erməni uşaqlarına sülh dərsi keçiriblər. İdeya kimi pis səslənmir, uşaqların sülhə hazırlanması yaxşıdır. Amma bu dərslərin mövzusu sülh quruculuğuna, sülh istəklərinin yaranmasına və davamlı sülhün bərqərar olunmasına xidmət etmir. "Sülh dəsrlərində" erməni uşaqlara  yerin minalardan təmizlənməsinin necə aparıldığı göstərilir. Minaları basdıran tərəf ermənlər olduğu halda erməni uşaqlarına kimin basdırdığı minaların təmizlənməsi göstərilir? 30 il işğal altında saxladıqları ərazilərdə hər tərəfi  minalayıblar. İndi də rus hərbçiləri "sülh dərsləri" adı ilə minatəmizləmə prosesini göstərirlər. Hələ bilmək olmaz bu dərslər nəyə xidmət edir. Yəqin ki, bu cür dərslərdə separatçıların uşaqlarını daha çox minaların necə basdırılması maraqlandıracaq. Sülh dərslərinin QHT-lər tərəfindən keçirilməsi məqsədəuyğundur. Burada beynəlxalq təşkilatların köməyi ilə hər iki ölkəni təmsil edən QHT-lərin xüsusi hazırlanmış proqram əsasında birgə təlimləri faydalı ola bilər.

***

Nərgiz Salmanova Liftiyeva, jurnalist:

- Vallah məktəbi korlayan boş-bekar valideynlərdir. Hələ dərs başlamayıb, ayrıca qrup açıblar. Gəlin hərəmiz bir gül bağlatmayaq, o pulu qoyaq müəlliməyə verək, 1 dənə gül olsun, hərəyə bir şar olsun, bantikin rəngi filan olsun. Yazıq müəllimənin də xəbəri yox... Biri yazır hamı üzə düşür, məcbur "hə" yazır. Müəllim qalır pis vəziyyətdə, əzilir 200 manatın qarşısında. Ya daha pis halda ögey-doğmalıq başlayır ilk gündən... Maraqlı günlər qabaqdadı deyəsən.

***

Etibar Əliyev, millət vəkili:

- Vəzifədən böyük pullar qazanan şəxslərin bir qismi bizneslə məşğul olub şirkətlər açanda birdən yadlarına düşdü ki, orta məktəb də yaxşı gəlir gətirir. Özü də necə gəlir? Orta məktəb təsis etməyə başladılar. Hər uşağa 7000 manatdan 10000 manata qədər təhsil haqları müəyyənləşdirirlər. Kasıb ailənin istedadlı uşağının üzünə varlının açdığı yaraşıqlı məktəblər bağlıdır. İstedad pulla ölçülmür. Kasıb ailələrdən çıxan xeyli istedadlı uşaqlar var ki, orta və ali məktəbləri yüksək nailiyyətlə başa vururlar. Dünyada istedadlı uşaqları çıraqla gəzirlər, onları oxudurlar, işlə təmin edirlər. Bizim varlılar üçün bu, meyar deyil. Meyar yalnız puldur. Pulun varsa, gəl oxu prinsipi xeyli istedadın sönməsinə səbəb olur. Özəl məktəb sahibləri! İstedadlı kasıb uşaqlara heç olmasa, 10 faiz kvota ayırın. Milləti siz də sevin! Onlar gələcəkdə sizin məktəbi təmsil edəcəklər və sizə reytinq qazandıracaqlar. Axı yaratdığınız məktəb bu dövlətdən qazandığınız vəsaitin hesabınadır. Orda kasıbların da vergi payı var.

***

Əflatun Amaşov, Mətbuat Şurasının sədri:

- Bu gün səhər işə gələndə qarşıma bir yaşlı kişi çıxdı. Əslində, ona yol verməyə də bilərdim. Həm maşından aralı idi, yola yetişməsi zaman alardı, həm də yol mənim idi. Amma əyləci basdım. Niyəsini biləcəksiniz. Əlqərəz, maşını saxladım ki, yolu keçsin. Kişi də mənim ona yol verməyimdən təəccübləndi. Maşının pəncərəsinə yaxın idi, aramızda təxminən belə bir dialoq oldu:

- Yol sənindir, niyə keçmirsən?

- Çünki Sizin əlinizdə qəzet var.

- Hə, mən həmişə "525-ci qəzet"i alıram (çox böyük həvəslə bildirdi). 

- Elə mən də Sizə qəzet oxuduğunuz üçün yol verirəm. 

- Çox sağ ol.

Deyirəm, nə yaxşı ki, hələ köşklərdən qəzet alıb oxuyanlar qalıb. Heyif ki, sayları getdikcə azalır. Maşında bir anlıq nostalji duyğulara qərq oldum. Gözümdə vaxtilə köşklər önündəki növbələr canlandı. Heç də demək istəmirəm ki, qəzet dövrü geridə qalıb. Bir anlıq onu düşündüm ki, müasir qəzetlərimiz öz auditoriyalarını gəncləşdirmək üçün çalışmalıdırlar. Əlbəttə, çətin prosesdir. Amma  mümkündür. 

 





21.09.2021    çap et  çap et