525.Az

Mollabaşının xütbəsi və fitnəsi - Nadir Yalçın yazır


 

Mollabaşının xütbəsi və fitnəsi -<b style="color:red"> Nadir Yalçın yazır</b>

Arazın o tayında da, bu tayında da dinin keşiyində durmaq əvəzinə siyasi məsələlərə müdaxilə etmək istəyən, İslamın bayrağı altında maskalanıb xurafatla məşğul olan bir qrup naqislər var ki, onların qarşısını kəsmək şərt olub artıq. Daxildə çaxnaşma salmaq istəyən bəd qüvvələr öz hüquq-mühafizə orqanlarımız tərəfindən lazımi reaksiyanı görür. Bəs Arazın o tayına nə etməli?

İran rejiminin nümayəndəsi Seyid Həsən Amili bu günlərdə səfsəfə dolu xütbəsində Azərbaycana təhdid dolu mesajlar ünvanlayıb. Gəlin görək Seyid Həsən bu iddiada çıxış edəcək sanbala, gücə malikdirmi?

Görünür, Gorus-Qafan yolunda Azərbaycanın qurduğu buraxılış-nəzarət məntəqəsi və iranlı sürücülərin qanunsuz yük daşımasının qarşısının alınması Azərbaycanı istəməyən ünsürləri olduqca narahat edib. 

Bu, həmin Seyid Həsən Amilidir ki, hələ neçə illər qabaq yenə də fitnəçi xütbələrinin birində Şimali Azərbaycanda da özünü fars adlandıran insanların olduğunu iddia edir və bundan fəxrlə danışırdı.

Müharibə dövründə guya Qarabağın azadlığını arzu edən obraz yaratmışdı ki, ötən günkü xütbəsində əsl xisləti əyan oldu.

Seyid Həsən Amilinin sərgilədiyi bu çirkin mövqe onun dindarlığının qeyri-səmimi olduğunu göstərir. XX əsr ədəbiyyatımızda tənqid hədəfinə tuş gələn radikal hacıları, mollaları, məşədiləri xatırladır həmin bu Amili. Belə adamlar nəsə bilmədiyi halda, özünü bilən, mütəxəssis kimi göstərərək adamları aldadadırlar, fırıldaqçılıqla məşğul olurlar. Amma daha təhlükəlisi, hər məsələn xəbərdar ola-ola, fitnə yaratmaqla gün-güzəran keçirirlər. Müqəddəs dini anlayışları bir növ öz oyunbazlıqlarına alət edirlər...

Seyid Həsən Amili guya azərbaycanlı deputatın türkiyəli jurnalistə verdiyi müsahibəni bəhanə etməklə özünə əl qatır ki, qoy İranın yuxarı mövqeləri qoşunumuza icazə versin, biz öz qüdrətimizi onlara, yəni Azərbaycana və Türkiyəyə göstərək. Öz aləmində, hədə-qorxu gəlməklə məşğuldur. 

Birincisi, bu çıxış siyasi cəhətdən zərərli tezislərlə doludur. Azərbaycan-İran münasibətlərini belə fitnəkar mollabaşının məkrli xütbəsinə qurban getməsi Azərbaycandan əvvəl İran İslam Respublikası hökumətini narahat etməlidir. 

Soruşmaq lazımdır ki, İran öz qüdrətini bizlərə necə sübut edəcək? Cənubi azərbaycanlılara divan tutaraq bizi özümüzlə sınayacaq, yoxsa Ermənistana gedən yüklərin sayını birə beş artıracaq? Bəlkə buraya ordu yeridəcək? Bu hədə-qorxu cəhdindən yalnız belə qənaətlərə gəlmək olar. Amma həm də qeyd etdiyim nüanslara ehtimal da yoxdur. Hamısı xam xəyaldır. Çünki Amili ciddi fiqur deyil, bu danışıqları boşboğazlıq kimi qiymətləndirib üstündən keçmək olar. 

Seyid Həsənin çıxışında ən ağır ittiham odur ki, guya azərbaycanlı millət vəkili İsrailin ölkəmizdəki səfirindən pul alaraq İrana qarşı çıxış edir. Halbuki Azərbaycanın siyasi simaları daim bu mövzuda müxtəlif KİV-də çıxışlar edir, narahatlıqlarını dilə gətirirlər. Amilinin xütbəsi isə, muzdlu təşviqatçı çıxışını xatırladır. Azərbaycan-İran arasındakı münasibəti pisləşdirmək cəhdi bu iki ölkəni istəməyən hansısa qüvvələrin dəyirmanına su tökməkdir. Xütbəçi Həsən isə bu ambisiyalara xidmət edən gərəksiz qüvvədir.

Amili hansısa şirdən dəm vurur, onun quyruğundan söz açır, İranla Azərbaycan arasında öz aləmində fil-milçək müqayisəsi aparır. Amma bunu birbaşa deməyə gücü çatmır, azərbaycanlı deputata xitabən deyir. Nəzərə alaq ki, bunu əndazəsinin sərhədləri naməlum olan, üç-dörd ildən bir siyasi vəziyyətə arxayınlaşıb xütbələrinin istiqamətini min yerə haçalayan, həcvləri ilə sıravi iranlı vətəndaşlarını türklərə qarşı çevirən, bununla da böyük nifaq toxumu səpən Ərdəbil mollabaşısı söyləyir. Bu fitnə dolu xütbə bir yandan da İran ordusunun sərhəddə hansısa təliminin guya mühüm bir hərbi-siyasi addım kimi yozulmasına yol açır.

Xütbəçi Amili “məsləhətlərinin” birinə “Qədim Ərdəbilin həyətləri çox yekə olardı” cümləsi ilə başlayır. Xatırlatmaq istərdim ki, qədimdə Ərdəbil həyətlərində pak Səfəvi nəfəsləri, gerçək din-iman havası dolaşardı. Çox heyif ki, bu son dövrdə o gözəl məkanlarda bəzi xütbəçi-fitnəçilərin qaramat çıxışları əks-səda verir.
 

 





21.09.2021    çap et  çap et