525.Az

Dövlət qulluğu sahəsində insan resurslarının idarəedilməsi


 

Dövlət qulluğu sahəsində insan resurslarının idarəedilməsi <b style="color:red"></b>

Dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir.

Azərbaycan Respublikasının Qanununa əsasən, Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimlənməsi bu qanunun məqsədləri hesab edilir. Məlum olduğu kimi, hər bir təşkilatda həm idarə heyəti - idarə edənlər, həm də işçi heyəti - idarə edilənlər mövcuddur. "İnsan resursları" ifadəsi məhz idarəolunanlar tərəfindən öz işçilərinə münasibətdə səsləndirilən bir anlayış olub, müxtəlif təşkilatlarda "şəxsi heyət", "işçi heyət", "insan ehtiyatı" kimi terminlərlə xarakterizə olunur. İnsan resurslarının idarə edilməsində texniki funksiyaların rolu önəmlidir.

Əməkdaşların seçilməsi prosesinin ardıcıllığı

1. Elanların hazırlanması və yayılması

Elanda təşkilatın loqosu və missiyası qeyd olunmaqla bərabər, həvəsləndirici və motivasiyaedici bir tərzdə yazılmalıdır. Təşkilatın müvafiq seçimindən asılı olaraq müxtəlif vasitələrlə yayıla bilər. Dövlət qulluğu sahəsində vakant vəzifələrə qəbul üzrə olan elanlar Dövlət İmtahan Mərkəzi və vakant vəzifənin elan edildiyi mərkəzi icra hakimiyyəti orqanı tərəfindən müvafiq vaxtlar üzrə elan edilir.

2. Ərizə və müraciətlərin qəbulu və nəzərdən
keçirilməsi

Bu zaman insan resurslarının bu iş üçün ayrılmış əməkdaşları öncəliklə daxil olmuş ərizə və müraciətləri sənədləşdirir, nəzərdən keçirir və əsasən işin prinsip və tələblərinə istinadən uyğun olan və ya olmayan namizədləri çeşidləyirlər.
Dövlət qulluğu sahəsində isə test və müsahibə mərhələsindən uğurla keçən namizədlər isə 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim edilirlər.

3. Potensial namizədlərin müəyyənləşdirilməsi və dəvət edilməsi

"Uyğundur" kateqoriyasında cəmləşmiş ərizələrin içərisindən müvafiq qərarverici iclasdan sonra  müsahibə üçün dəvət edilməsi qərarı verilir və namizədlər müsahibətə dəvət edilir.

4. Müsahibə

Namizədlərlə tanışlıq prosesi zamanı müəyyənləşdirilmiş kriteriyalar üzrə qabaqcadan razılaşdırılmış, tərtib edilmiş və düzülmüş suallar əsasında aparılır və namizədlərin cavablarının qısa şəkildə qeyd edilməsi ilə müşaiyət olunur. Seçim qərarının verilməsində müsahibə mərhələsi önəmli rol oynayır.
Seçim mərhələsində 3 nümayəndə iştirak edir ki, onlardan biri Dövlət İmtahan Mərkəzinin əməkdaşı, biri sərbəst ekspert, digəri isə vakant vəzifənin elan olunduğu orqanın nümayəndəsi.

5. Seçim

İdarəedənlər və ya menecerlər seçim mərhələsində namizədə dair əlavə araşdırmalar da daxil olmaqla dəstək və tövsiyə məktubları kimi sənədlər nəzərdən keçirilməli və menecerlərin sərəncamında olan komanda üzvlərinin fikirləri belə öyrənilməlidir. Yalnız bundan sonra yekun qərar verilir və namizədə müvafiq şəkildə məlumat verilir. Dövlət qulluğu sahəsində müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.

6. Sınaq müddəti

Təşkilatda seçilən namizədin işə alınmağa uyğunluğunun müəyyən edilməsi prosesidir. Sınaq müddətinin sonunda özünü isbatlamış əməkdaşların seçimi rəsmən təsdiqlənir. Sınaq üçün təşkilatlar müxtəlif müddət təyin edirlər. Azərbaycanda qəbul edilmiş standart 1-3 ay aralığında, dövlət qulluğu sahəsində isə 3-6 ay arası kimi müəyyən edilmişdir. Yeni əməkdaşın birbaşa meneceri sınaq müddətində onun davranışı, işə davamiyyəti və münasibəti barədə müntəzəm olaraq müşahidələr aparıb hesabat hazırlamalı, sınaq müddətinin sonunda isə əməkdaşlığa qəbul edilib-edilməməsi ilə bağlı şəxsi münasibətini və tövsiyələrini bildirməlidir. Bütün əməkdaşlar yeni təsdiq edilmiş əməkdaşın yeni mühitə alışmasında ona əllərindən gələn dəstəyi verməlidirlər. Dövlət qulluğu vəzifələrinin tutulması prosesində isə bu əməkdaş kurator adlanır.

6. Rəsmi təyinat

Bu mərhələ rəsmi şəkildə əmək müqaviləsi bağlanan və rəsmi formada təsdiqlənmiş əməkdaşın yeni iş yeri, birgə işləyəcəyi kollektiv, tutacağı postun xarakterindən asılı olaraq tələb olunan hər cür informasiya, bir sözlə, yeni işin şərtləri, qayda-qanunları və təşkilatın ab-havası ilə tanış edilməsi metodudur. Bu proses yeni əməkdaşın rəsmən işə başlamasından əvvəl lazımi məkanda həyata keçirilməlidir. Dövlət qulluğu sahəsində isə bu müddət rəsmi olaraq 6 aylıq staj və 3 aylıq sınaq müddətinə cəlb edilir ki, bu zaman kurator işçi onun fəaliyyəti barədə müsbət rəy verdiyi halda ümumilikdə 9 aydan sonra rəsmi şəkildə seçilən namizəd qulluğa qəbul olur və rəsmi sənədlə təsdiq edilir.

Adilə FƏRƏCOVA,

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin aparıcı məsləhətçisi,

III dərəcəli dövlət qulluqçusu


 

 





21.09.2021    çap et  çap et