525.Az

Estoniyada Azərbaycan Milli Musiqi Günü qeyd edilib


 

Estoniyada Azərbaycan Milli Musiqi Günü qeyd edilib<b style="color:red"></b>

Estoniyanın paytaxtı Tallin şəhərində Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 136-cı ildönümü münasibətilə 18 sentyabr - Azərbaycanın Milli Musiqi Gününə həsr edilmiş tədbir təşkil olunub.

Azərbaycan Diasporuna Dəstək Fondundan 525.az-a bildiriblər ki, Tallində fəaliyyət göstərən Azərbaycan Evində təşkil olunmuş konsertdə Şərqdə ilk operanın banisi Üzeyir Hacıbəylinin musiqiləri səsləndirilib. Tədbirdə ölkəmizin və Türkiyənin Estoniyadakı səfirləri, eston ictimaiyyətinin rəsmi və tanınmış simaları, diaspor nümayəndələrimiz və Estoniyada təhsil alan gənclərimiz iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın və Türkiyənin səfirləri Azərbaycan Evində Milli Musiqi Gününü birlikdə qeyd etməyin sevincini qonaqlarla bölüşüblər.

Konsertdə gənc azərbaycanlı musiqiçilər Nəriman Əmiraslanov, Nigar Süleyman, Tokay Oqtayoğlu, Humay Hacızadə və Nərgiz Əskərovanın ifasında dahi Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasından müqəddimə, "Cəngi", böyük mütəfəkkir və şair Nizami Gəncəvinin əsərlərindəki obrazlara uyğun olaraq bəstələnən "Sənsiz" musiqiləri səsləndirib. Bununla yanaşı dahi Azərbaycan bəstəkarları Tofiq Quliyevin, Şəfiqə Axundovanın, Qara Qarayevin, Cahangir Cahangirovun, Vaqif Mustafazadənin əsərləri dinləyicilərə təqdim olunub. Eston musiqiçi Mari Liis Uibonun, türkiyəli musiqiçi Faris Hekarenin iştirakı və azərbaycanlı musiqiçilərlə birgə ifaları tədbiri daha da rəngarəng edib.

Tədbir zamanı Estoniyada Azərbaycan diasporunun dəstəyi ilə Türkiyə-Estoniya Mədəniyyət Mərkəzinin də fəaliyyətə başlaması qeyd olunub.
Bildirilib ki, Azərbaycan-Türkiyə diasporunun fəaliyyətinin birgə həyata keçirilməsi, sıx əməkdaşlığı və bir-birinə dəstəyi Prezident İlham Əliyevin hər zaman diaspor siyasəti ilə bağlı qeyd etdiyi ən vacib məqamlardandır. Azərbaycan Prezidentinin qeyd etdiyi bu fikirlərə əsaslanaraq iki qardaş ölkənin diasporlarının Estoniyada birgə fəaliyyəti, bir-birinə dəstəyi daha da inkişaf edir və möhkəmlənir.

 





21.09.2021    çap et  çap et