525.Az

Azərbaycan alimləri Türkiyədə təşkil olunan beynəlxalq simpoziumda iştirak ediblər


 

Azərbaycan alimləri Türkiyədə təşkil olunan beynəlxalq simpoziumda iştirak ediblər<b style="color:red"></b>

2021-ci il sentyabr ayının 15-18-i tarixlərində Türkiyənin İstanbul şəhərində "Türk hərbi təhsil və təlim tarixi" beynəlxalq simpoziumu keçirilib.

525.az xəbər verir ki, simpozium Atatürk Mədəniyyət, Dil və Tarix Qurumu nəzdindəki Türk Tarix Cəmiyyəti (TTK), Milli Müdafiə Universiteti və Fatih Müharibə Tarixi Araşdırma İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Beynəlxalq simpoziumu açılış nitqi ilə Milli Müdafiə Universitetinin (MSU) rektoru, prof. Dr. Erhan Afyoncu açıb. O, çıxışında hərbi təhsil mövzusunda belə bir simpoziumun ilk dəfə təşkil olunduğunu vurğulayıb.

Sonra Türk Tarix Cəmiyyətinin başqanı, prof. Dr. Birol Çətin çıxış edərək MSU ilə keçirilən əvvəlki simpoziumlardan bəhs edib və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyini söyləyib. Pandemiya səbəbiylə simpoziumlara ara vermək məcburiyyətində qaldıqlarını ifadə edən Çətin gələcəkdə bu tipli tədbirlərin mütamadi keçiriləcəyini vurğulayıb.

Açılış çıxışlarından sonra Milli Müdafiə Universiteti tərəfindən təşkil edilən “Haluk Perk hərbi diplomlar sərgisi”nin eksponatlarının nümayişi olub. 

Beynəlxalq tədbirə dəvət alanlar arasında Azərbaycandan ADPU-nun kafedra müdiri, tarix elmləri doktoru Sevinc Əliyeva, AMEA-nın Folklor İnstitutunun Müasir folklor şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov, Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura rəisi, polkovnik Atamalı Şahbazov və AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr və analitik informasiya sektorunun aparıcı mütəxəssisi Aqil Məhərrəmov iştirak edib.

İki gün davam edən beynəlxalq simpoziumda hərbi musiqiyə, jandarm təşkilatının təlim fəaliyyətlərinə, İngilis Kral Hərbi Hava Qüvvələri Kollecində türk aviatorlarına, hərbi təhsilə, Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətində təlim fəaliyyətinə və s. mövzulara həsr olunmuş 79 məruzə dinlənilib.

Beynəlxalq tədbirdə tarix elmləri doktoru Sevinc Əliyeva “Şimali Qafqazda hərbi təhsilin inkişafında Osmanlı hərbçilərinin rolu(1918-1920), filologiya üzrə fəlsəfə doktoru, dosent Tahir Orucov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi təhsilin inkişafı və Azərbaycan Respublikası ilə Osmanlı Türkiyəsi arasında hərbi əməkdaşlıq”, polkovnik Atamalı Şahbazov "Azərbaycan Xalq Cümhuriyyətində Qafqaz İslam Ordusunun hərbi təhsil və təlim fəaliyyətləri", tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov “Azərbaycanda hərbi təhsil: Heydər Əliyev adına Ali Hərbi Akademiyanın tarixi haqqında”, Aqil Məhərrəmov isə “İslamdan qabaq türk cəmiyyətlərində hərbi musiqi və alətlər daxil olmaqla musiqi və çalğılar” adlı məruzələrlə çıxış ediblər.

 

 





21.09.2021    çap et  çap et