Onun gözləri ilə oyanmaq ... Onunla eyni səhəri açmaq... Daha buna var ... İlk olaraq sevilmək və qayğı arzusunu sadəcə toxunuşla qavrayar insan ... Ana sığalı, ata qucağı olar bu sevginin ilk ünvanı . Əlbəttə, bu ilkləri yaşamayanlar da var... Sonra ayaq basdığın yeri sevməyə başlarsan, ən çox da səni ayaqda tutduğu üçün, səni cazibəsiylə özünə bağladığı üçün... Sevilmək arzusu burda da özünü biruzə verər. Dəydiyin yerin hamar və yumşaq olmasını arzulamaq buna bir işarədir. İsti, ya da soyuq, yox sənə xoş olan bir ilıqlıq istərsən toxunduğun hər yerdən. Həyatın istisindən, soyuğundan isə böyüdükcə xəbər tutarsan.
Onun gözlərilə oyanmaq, onunla eyni səhəri açmaq demişdim az əvvəl... Valideynin sevgi arzusu da budu, elə... Övladının nəfəsi, səsi, təbəssümü və bu üçlük heç dəyişmir. Sevilmək arzusu ömür boyu insanı izləyir. Məktəbdə, univeristetdə, iş həyatında, hətta son anında belə... Ağlayanları, ağıları düşünərsən ağrılarla bərabər.
Başımızdan çox sevdalar ötər, amma sadəcə biri ruhumuzun dərinliyindən, ürəyimizin tən ortasından keçər. Siz buna nə deyirsiz bilmirəm, mənə görə bu. eşqdir. Çoxunuzun inanmadığı eşq. Qayıdaq əvvələ. Onun gözlərilə oyanmaq, onunla səhəri bir açmaq... daha bu başlanğıcdır. Bütün gözəlliklərə bir az ondan qatmaq var. Həyatı onunla sevərsən yəni. Hətta acıları belə ... Aşiq olduğunla dərd çəkməyin özü bir başqadır. Ayrılıq məsələsini unutmamışam . Amma heç bir məsafə, heç bir fəlakət eşqi öldürə bilməz. Xəyanətmi gəldi ağlınıza? Mən eşqdən danışıram. Və bir də həyat elə gətirə bilər ki, cismən başqasının ola bilərsən. Mən ruhdan danışıram. Aşiq olmaq üçün rast gəlinməyən ideal insanla qarşılaşmağa ehtiyac yoxdu, özündə itirdiklərini və yarımçıq olanları kimdəsə tapmaqdır əsas məsələ. O "kim" dediyim hakim kəsiləndir varlığına.
Bütün dərdlərə eşq olsun, eşq olsun bütün dərdlərə çarə .... Sevilmək arsuzu dedim. Bir də sevmək istər insan. Özündən və ömründən daha çox sevmək. Toxunmadan hiss etmək, oxumadan bir kitabın içindəkiləri bilmək, yəni sevmək...
Zamansız olur bəzi duyğular... Bircə dəfə hiss etdinmi o səndə ölənə kimi var olur. Hansı yaşda olursan ol... Bəzən can ağrısı tək, bəzən də könül xoşluğu kimi ... Qol-boyun yaşayır səninlə.
Gecikdiklərimiz və tələsdiklərimiz çoxaldıqca təcrübələrimiz artar. Bu bir gerçək ki, yaş üstünə yaş gəldikcə insan daha az təəccüblənər. Yavaş-yavaş təəssüflər hirsdə yox, təbəssümdə özünü biruzə verər və gülümsəyib keçərsən. Amma nə qədər çox bilirsən bil, eşq möcüzə kimi gələr insana.
Allahın bəlkə də yeganə arzusu elə bu olub. Sevilmək! Bu hiss və istəkdən güc alaraq bizləri- insanları yaradıb . Yaradıb ki, sevək onu . İtaətimizlə , ibadətimizlə. Hər halda təklikdən darıxdığı üçün bizi xəlq eləməyib ki... Ola bilsin mən yanılıram. Kim bilir bəlkə də darıxırdı Tanrı ....
Tənhalıq böyük dərddir. Xüsusən də saysız -hesabsız insanların içində tək hiss etmək özünü. Bir də bunun əksi var. Sevilmək arzusu və bu istəyə çatmaq. Milyonların içində onu görmək , havanın xoşluğundan , baharın ətirli çiçəklərindən onu sezmək, yanında belə olmasa ağlında, canında hiss etmək onu. Bir də düşün, ruhu kimi cismi də yanındadı. Yarpaqlar saralır, sən ona sarılırsan .... Qışın soyuğunda isinərsən nəfəsində, bəzən baxışlar yağışlara qarışar və bütün fəsilləri yaz kimi yaşayarsan sevdiyinlə, sevildiyinlə...
Və bu cümləni bir də deyirəm. Bütün dərdlərə eşq olsun, eşq olsun bütün dərdlərə çarə ....