525.Az

2027-ci ildə yaşayan "Tək qurtulan" - EL Roman yazır


 

2027-ci ildə yaşayan "Tək qurtulan" -<b style="color:red"> EL Roman yazır</b>

Bir gün dünyada qalan tək insanın sən olduğu gerçəyi ilə oyansaydın, nə edərdin? Bütün dünyada azad olduğun üçün sevinərdinmi, yoxsa yalnız qaldığın üçün qorxardınmı? Bəlkə də hər ikisi birdən. Və hazırda məhz bunu yaşadığını iddia edən biri var. Dünyada təkbaşına qaldığını və zamanda ilişdiyini iddia edən biri. 

Ləqəbi UNİCOSOBREVİVİENTE ("Tək qurtulan") olan bu şəxsin öz dediyinə görə, əsl adı Javierdir. Son xatırladığı şey 2021-ci ildə xəstəxanaya aparıldığıdır. Oyananda xəstəxanada heç kəsin olmadığını, özünün də 2027-ci ildə olduğunu öyrənir. Dediklərinə görə, xəstəxanada nə bir həkim, nə bir tibb işçisi, nə də bir xəstə var. Hekayəsi də elə bu nöqtədən sonra başlayır. Bütün xəstəxananı gəzən Javier, qəribə bir şəkildə xəstəxanada bir insan belə görmür. Ardınca eyni gün açdığı bir "Tiktok" hesabına ilk videosunu yükləyir. Videonun açıqlamasında "Hələ təzəcə xəstəxanada oyandım və nə olduğunu bilmirəm. Bu gün 13 fevral 2027-ci ildir və şəhərdə təkəm" yazıb paylaşır. Çölə çıxanda yenə heç kəslə rastlaşmır. Sanki insanlıq yox olmuş kimi. 

Bir sonrakı gün yüklədiyi ikinci videoda şəhərin mərkəzinə gedən Javier, ən izdihamlı ola biləcək yerləri göstərir və küçələrin yenə bomboş olduğunu deyir və kömək istəyir. 

2027-də olduğunu deyən Javier, bu fikrini izləyicilərinə isbat etmək istəyir. Çəkdiyi videoda təsadüfi bir evə girdiyini deyən Javier, evdəki kompyuteri açır və tarixin 2027 olduğunu göstərir. Önündəki kağız təqvimin isə 2021-ə aid olduğunu görürük. Bunu belə izah edim: Javier əslində, 2021-ə aid bir yerdədir, amma 2027-də yaşayır və bu iki zaman arasında ilişib. Ətrafdakı hər şey 2021-ə aiddir, amma bütün elektron cihazlar 2027-ni işarə edir. Yəni, ortada qalan 6 illik zaman dilimi əslində yoxdur. Bəziləri ona "2022-yə aid bir məzar göstər", ya da "başqa illərə aid bir isbat göstər" deyir, amma Javier 2027-ci ildə olsa da, izləyicilərinə dünyanın 2021-də ilişib qaldığını deyir. 

Javier 2027-də olduğunu isbatlamaq üçün başqa bir üsuldan daha istifadə edir. "Alexa" adlı bir tətbiqetməyə hansı ildə olduğunu soruşur. Videoda "Google, hansı ildəyik?" deyə soruşan Javierə, cihaz "21 mart 2027, bazar günü" cavabını verir. Təbii olaraq, izləyicilərin bir çoxu bura qədərki isbatlarla razılaşmır. Javier izləyicilərdən gələn "Daha böyük isbatlar göstərməlisən, məsələn, oyandığın xəstəxanaya gedib keçmişini axtarmalısan" mesajından sonra xəstəxanaya gedir. Bir müddət sonra "Bunu tapdığıma inana biımirəm" başlığı altında video paylaşır və göstərir ki, sənədlərdə 2021-ci ildə xəstəxanaya gətirildiyi, vəziyyətinin ağır olduğu, tamamilə huşsuz vəziyyətdə yatdığı yazılır. Yəni 10 fevralda xəstəxanaya gələn Javier, bundan tam 6 il 3 gün sonra gözlərini açır. 

Ona inananlar olsa da, bir çox insan həmin videoların pandemiya dövründə çəkildiyini iddia edir və şəhərin boş olması məsələsinə bu cür aydınlıq gətirir. Bəziləri isə bu videoları səhər erkən saatlarda çəkdiyini deyir və küçələrin boş olmasını bu cür izah edir. Amma o saatlarda belə şəhərdə minlərlə insanın günə başladığını bilirik. Bundan başqa, əgər videolar pandemiya dövründə çəkilmiş olsa belə, bir polis, bir mühafizə, ən azından bir insanı görməli idik. Amma kilsələr, xəstəxanalar və bütün ictimai yerlər çəkdiyi videolarda tamamilə bomboş görünür. 

Bir müddət sonra məsələ daha da qarışır. Javier sosial media hesabından paylaşdığı bir şəkildə məktub tapdığını deyir. Məktubda bunlar yazılır: 
"Javier, əlbəttə hələ də kim olduğunu xatırlamırsan. Amma səninlə olan əlaqəmizi tamamilə itirməmişik. Səbəbini daha sonra özün öyrənəcəksən. İstifadə etdiyimiz zaman maşını ilə səni 2021-dən 2027-yə bir işi tamamlamağın üçün göndərmişik. Amma zaman maşınındakı bir problem ucbatından səyahəti tamamlamağı bacarmadıq. Ona görə də heç bir canlının olmadığı bir yerdəsən. Ən qısa müddətdə səndən xəbər alacağımızı umuruq". 

Bu məktub onun necə və niyə 2027-yə getdiyini qismən açıqlayır. Məktubda bir zaman maşını icad edildiyi və maşında problem olmasından dolayı insanların olmadığı paralel evrəndəki başqa bir dünyada olduğu deyilir. 

Javier növbəti videosunda insanlara başqa böyük bir sübutla gəlir və bələdiyyə binasına girir. Bina içində nə bir mühafizə, nə də hər hansısa bir işçi görünür. Əlini-qolunu sallayaraq çox rahatlıqla bələdiyyə başçısının otağına girən Javier, bunları çox rahatlıqla çəkir və paylaşır. Məsələn, çəkdiyi başqa bir videoda "Mersedes" avtomobil salonuna gedir və istədiyi maşını götürüb oradan çıxır. 

Javier hələ də videolar atmağa davam edir. İndi isə gələk bütün bunların gerçək olub-olmaması məsələsinə. 

Javierin 2021-ci ildəki insanlarla əlaqə qurduğunu bilirik. Fəqət, insanların olmadığı bir yerdə elektrikin mövcudluğu mümkünsüzdür. Küçələrin tərtəmiz olması, bir çox yerlərin aktov görünməsi də şübhə doğuran məqamlardandır. Bunlardan əlavə, videolarını izlədim və başqa problemlər olduğunu da gördüm. Məsələn, "Kilsəyə gedirəm" adlı videosunda dəmir qapıya yaxınlaşır və normalda qapını sağa doğru açmaq yerinə sola doğru açır. Əslində, bu nöqtədə qapıdan giriş etmir, kameranı qapıya yaxınlaşdırır, videonu kəsir və kilsənin içində çəkməyə davam edir. Fikrimcə, bu videoların hamısı insanların küçəyə çıxmadığı pandemiya dönəmində çəkilib və bəzi tək-tük insanlar montajla silinib. 

Qısaca, bu şəxs nə xəstəxanada oyanıb, nə də 2027-də yaşayır. Hamısı bir PR çalışması ya da onun qurduğu bir xəyal dünyasıdır. Amma deyə bilərəm ki, o, bu işi mükəmməl dərəcərə uğurlu görür. Çəkdiyi videolar bir çox "Tiktok" videolarından qat-qat dəyərlidir.
 

 





22.09.2021    çap et  çap et