525.Az

“Veneranın doğulması” - "Bir rəsmin dedikləri" rubrikası


 

“Veneranın doğulması” -<b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Bakı Xoreoqrafiya Akademiyasının sənətşünaslıq kafedrasının müəllimi,  sənətşünas Aysel Məmmədəliyevadır. Aysel xanımla Sandro Bottiçellinin "Veneranın doğulması" əsəri haqqında danışmışıq.

***

- Rəssam Sandro Bottiçellinin dəsti-xətti bu əsərdə özünü necə göstərir?

- Florensiya boyakarlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Sandro Bottiçelli Renesans dövrü rəssamlığının inkişafında böyük rol oynamışdı. Onun sənətində dini mövzular, aristokratik meyllər daha çox üstünlük təşkil edir. O, 1480-1490-cı illərdə Florensiyada Lorenzo de Medicinin himayəsi altında fəaliyyət göstərib. Bu dövrdə "Primavera" ("Bahar"), "Venera və Mars", "Pallas Athena və Kentavr" kimi mifologiyaya əsaslanan şah əsərlər yaradıb. Ən məşhur əsərlərindən biri olan "Veneranın doğulması" tablosu da bu qəbildəndir.

- Əsərin yaranma tarixçəsi haqqında nə bilirik?

- "Veneranın doğulması" 1482-1486-cı illərdə kətan üzərində çəkilmiş tempera rəsmidir. Bottiçelli bu əsəri florensiyalı Mediçi ailəsinin Kastilyadakı malikanəsi üçün yaratmışdı. Rəssam bu əsəri çəkərkən bir çox qaynaqdan ilhamlanıb. Bunlardan ən vacibi dövrün məşhur şairi Ancelo Polizanın "Veneranın doğulması"ndan bəhs etdiyi şeiridir. Bu şeir Afroditaya həsr olunmuşdu. Venera yunan eşq və gözəllik ilahəsi Afroditanın latın mifologiyasındakı qarşılığıdır.Yunan mifologiyasındakı Afroditanın doğum hekayəsi belədir: Kron (Zevsin atası) tanrı qatında hökmdarlığı ələ keçirmək üçün öz atası Uranın cinsi orqanını kəsir və Aralıq dənizinə atır. Dənizə düşən orqanın yaratdığı köpüklərdən tanriça Afrodita doğulur. Afrodita bir inci sədəfi üzərində yola çıxaraq Kipr sahilinə çatır. 

- Əsərin kompozisiyası və koloriti haqqında nə deyə bilərsiniz?

- Rəssamın sakit ləpələnən dənizdə balıqqulağında üzən Venera obrazı dünya incəsənətində ən füsunkar qadın obrazlarından biridir. Rəssam misilsiz gözəlliyə malik ilahənin simasına daha çox Məryəm ananın təsvirlərinə xas olan şövq verib.

Əsərdə Veneranın sahilə çıxdığı an təsvir edilib. Sol tərəfdə Zefir (qərb küləyi tanrısı) və ona sarılmış olan Xlor (qədim Roma mifologiyasında çiçək, gənclik və bahar ilahəsi, Zefirin arvadı) yaratdıqları qərb küləyi ilə sədəfin suyun üstündə yol almasını təmin edirlər. Bir yandan da küləklə birgə Veneranın simvolu olan güllər onun üzərinə uçuşur. Sahilə yaxınlaşan sədəfin üzərində Veneranı bütün təntənəsi ilə görürük. Saf gözəlliyi və zərafəti izləyicini həmin dəqiqə cəzb edir. Dövrün gözəllik anlayışını əks etdirən vücud xətləri ilə Venera təvazökar bir duruş nümayiş etdirir. Klassik heykəldə bu duruş "Venus Pudica - Modest Venus" (təvazökar - həyalı Venera) adlandırılır. Bu duruşun təməl xüsusiyyətinə uyğun olacaq şəkildə Venera əlləri ilə döşlərini, saçları ilə də cinsiyyət orqanını zərif şəkildə örtür.

Sahilə yaxınlaşan Veneranı geyindirmək üçün rəsmin sağ tərəfində qaçaraq gələn Horai görünür. Horai latın (Roma) mifologiyasında fəsilləri, bəzən ayları və hətta saatları simvolizə edən ilahələrdəndir. Bu rəsmdə də onun yazı təmsil etdiyini anlaya bilərik. Onun üzərindəki paltar və əlində Venera üçün hazırlanmış olan geyim yaz çiçəkləri ilə bəzədilib. Horainin boynunda Veneranı təmsil edən mərsindən bir çələng asılıdır, eyni zamanda, belində Veneranın simvolu olan güllərdən bir çələng və ya kəmər var.

Bottiçelli tabloda öz tərzindən kənara çıxmayıb, müəyyən hissələrdə sürreal duruş və formalar yaradaraq sərbəstliyini qoruyub. Veneranın standart bədən ölçülərindən çox uzun olan vücud nisbəti, imkansız şəkildə aşağıda duran sol çiyni, Zefir və Xlorun qəribə sarılma şəkli Bottiçellinin özünə xas tərzinə işarə edir. Bundan əlavə, əsərdə Bottiçellinin öz tərzinə uyğun texniki xüsusiyyət görə bilirik. Fiqurların üzərində konturlar, kənar xətlər var. Məsələn, yaxından baxdığımızda Venera obrazının əlinin kənarlarının qara xətlə çəkildiyini müşahidə edirik.

- Əsərdə orta əsr rəng palitrasında görməyə öyrəşmədiyimiz rənglərə də rast gəlirik.

- Bəli, Bottiçelli əsərdə orta əsrlərin məhdud rəng palitrasından fərqli olaraq daha canlı, şux rənglərdən istifadə edib. Yağlı boya istifadəsi ilə həm rəng, həm də mövzu zənginləşib. Yumşaq rənglərə yönlənmiş isti və parlaq rənglər istifadə olunub.

- Əsər hazırda harda saxlanılır?

- Tablo İtaliyanın Florensiya şəhərində yerləşən məşhur Uffitsi incəsənət qalereyasında saxlanılır.

- Bu rəsm bizə nə deyir?

- Bottiçellinin bu əsəri yaratmaqda tək məqsədi Paqan (Paganism) dininə aid simvolları izləyiciyə göstərmək, klassik yunan mifologiyasına aid bir hekayəni təsvir etmək deyil. Əslində, rəssamın məqsədi Rrenessans dövründə xüsusilə geniş yayılan Paqan inancını və xristianlığı birləşdirərək sintez yaratmaq idi. Əgər bu gözlə baxsaq, Venera eşq ilahəsidir və doğulması ilə dünyaya gözəllik gətirir. Eynilə Venera kimi xristianlıq da dünyaya gözəllik bəxş edir. Beləliklə, bu gözəlliyi (Veneranı və ona paralel olaraq xristianlığı) qiymətləndirən insanlar ülvi və müqəddəs məqsədlərinin arxasınca gedirlər. Həmin dövrdə Florensiyada geniş yayılan bu inanc klassik yunan və xristianlıq düşüncələrini birləşdirir. Bir sözlə, Venera haqqında olan bu əsərin, eyni zamanda, dini məqsəd daşıdığını da görürük.

Aytac SAHƏD
 

 





22.09.2021    çap et  çap et