525.Az

"Av"mı, "ov"mu? - Orxan Aras yazır


 

"Av"mı, "ov"mu? -<b style="color:red"> Orxan Aras yazır</b>

"Alman ədəbiyyatında Nizami" kitabıma professor Bədirxan Əhmədov ön söz yazmışdı. Kitabın almanca redaktoru bu ön sözü çox bəyənmişdi. "Bu adam rusdurmu?" deyə soruşdu. "Əhməd adını görmədinmi, türkdür!" - demişdim. 

Böyük bəstəkarımız Üzeyir Hacıbəyli ilə bağlı mübahisələr gündəm olunca, bu hadisəni xatırladım. Həqiqətən də hansı xalqdan olursa-olsun, adının sonuna "ov" gəlincə, avropalının ağlına onun ancaq rus olduğu gəlir. 

Bu hadisədən sonra rus hakimiyyətində qalan digər xalqların familiyasında "ov" olmadığını gördüm. Tərəddüt etmədən "Şeyx Google"da estoniyalı, litviyalı, gürcü, erməni xalqlarının yazıçı və şairlərinin adlarını axtardım. Məsələn, çarlıq dönəmində gürcü İlla Çavçavadze, Dmitri Kipianinin familyaları dəyişməmişdi. Yenə Sovet dönəmində məşhur Qalaktion Tabidze kimi digər şair və yazıçıların da soyadları dəyişməmişdi. Ermənilərdə də eyni idi. Yeğişe Çarents, Pruyr Sevak, Gevork Emin, Silva Kaputikyan kimi şair və yazıçıların heç birinin soyadları dəyişdirilməmişdi.

Deməli, ruslar sadəcə müsəlman xalqlarını  "ov"lamış, onların soyadlarına "ov" əlavə etmişdi.

Dünyaca məşhur böyük musiqiçimiz Üzeyir Hacıbəylinin pasportunda "ov" olması əlbəttə ki, onun könüllü və sevərək bu əlavəni aldığı mənasına gəlməz.  Sovet dönəmindən əvvəl yazılarında  "Hacıbəyli" soyadını istifadə etməsi onun bu "ov" şəkilçisini məmnuniyyətlə qəbul etmədiyini göstərmirmi?

"Rüstəmbekov" deyərkən dilimin ortasına bir "k" xəncəri,  dilimin ucuna isə "v" xəncərinin dəydiyini hiss edirəm, amma bunun rusdilli birinin hiss etməsi mümkün deyil. Dil ancaq qrammatika demək deyil. Dilin səsi, melodiyası, axışı, insan ruhunda oyandırdığı xoşluq anadilli olanda başa düşülür. Düşünün ki, "Həbibbəyov"mu, yoxsa "Həbibbəyli"mi daha axıcı və melodikdir? "Rüstəmxanlı" yerinə "Rüstəmxanov" desəydik, soyadın sonuna gələn "li" "yallısı" bizdən uzaqlaşmazdımı? 

Bir digər yazıçımız isə daha qəribə bir iddia irəli sürür: "Hacıbəyli istəyərək "Hacıbəyov" soyadını alıb və bunu bizim dəyişdirməyə haqqımız yoxdur! O zaman Axundov soyadını da dəyişdirəcəyik?!"

Kimin ovlanaraq könüllü "ov" şəkilçisini aldığını bilmək mümkün deyil. Amma Axundovun rus ölkəsindən, onun təsirindən qurtulduğu an "ov" şəkilçisinə bir şillə vurduğunu sübut edə bilərəm. Bilindiyi kimi, Mirzə Fətəli Axundzadə 1863-cü ildə Sultan Əbdüləziz zamanında İstanbulda Sədrəzəm Keçizadə Məhməd Fuad Paşaya əlifba mövzusunda bir layihə göndərmişdi. Sədrəzəm (vəzir) layihəni bəyənir və o dönəmin Elmlər Akademiyası olan "Cəmiyyəti İlmiyyəyi Osmaniyyə"ni bu iş üçün vəzifələndirir. Axundzadənin layihəsi "Hazineyi Fünun"da bu şəkildə çap olunub:
"Cemiyet-i İlmiye-i Osmaniye, bizzat Ahundzade Binbaşı Mirza Feth Ali'yi de davet ederek komisyon kurmuştur".

Mirzə Fətəli özünü yazarkən soyadını anasının ağ südü kimi halal Axundzadə ilə dəyişdirib. Nöqtə!
 

 





22.09.2021    çap et  çap et