525.Az

Rusiya "rəng"ini dəyişir?


 

 Rusiya "rəng"ini dəyişir?<b style="color:red"></b>

Rusiyada Dövlət Dumasına keçirilən seçkinin yekunları ilə bağlı müzakirələr səsvermə bitər-bitməz başlayıb. Müzakirələrin iki əsas mövzusu var. Onlardan biri seçki saxtakarlığı, digəri isə Kommunist Partiyasının güclü dəstək qazanmasıdır.

Sentyabrın 20-də, günün ikinci yarısında Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova gün ərzində dörd dəfə təxirə salınan mətbuat konfransını nəhayət ki, keçirərək səsvermənin ilkin nəticələrini açıqladı. Yekun nəticələrin isə sentyabrın 24-də elan olunacağı gözlənilir. MSK sədrinin açıqladığı məlumatlara görə, beş siyasi partiya Dövlət Dumasında təmsil olunmaq hüququ qazanıb. Hakim "Vahid Rusiya" partiyası seçkinin qalibi elan olunsa da, ekspertlər Kommunist Partiyasının səslərinin kəskin artdığına, qalmaqallı siyasətçi Vladimir Jirinovskinin rəhbərlik etdiyi Liberal-Demokrat Partiyasının ciddi uğursuzluğa məruz qaldığına və yeni siyasi qüvvə hesab olunan "Yeni insanlar" partiyasının seçki barajını uğurla keçməsinə diqqət çəkirlər.

Ən çox müzakirə olunan məsələ isə rəsmi rəqəmlərə əsasən Kommunist Partiyasının səslərini beş il əvvəlki seçki ilə müqaysdə beş faizdən artıq artırmasıdır. Üstəlik, Kommunist Partiyası Federasiyanın bir neçə əyalətində hakim partiayadan üstün olmağı bacarıb. Ekspertlər xüsusilə Yakutiya və Xabarovskda kommunistlərin ciddi uğur qazandığına diqqət çəkirlər. Seçkilərin rəsmi nəticələrindən fərqli olaraq ekspertlər səsvermənin saxtalaşdırılmamış nəticələrinə görə, paytaxt Moskvada kommunistlərin ciddi uğur qazandığını qeyd edirlər. Buna görə də bəzi ekspertlər Rusiyanın "rəng"ni dəyişdiyini vurğulayırlar. Rusiyanın "qırmızı rəng"ə buründüyü qeyd olunur. Hətta bəzi ekspertlər "Kommunizm kabusu"nun geri qayıtdığı barədə fikirlər də səsləndirirlər.

Əlbəttə, bu seçkidən əsas faydalanan kommunistlər oldu. Ancaq bu, rusların yenidən kommunist dövrünə qayıtmaq istəyi demək deyil. Rusiyada son illər avtoritar rejimin qadağaları kəskinləşdirməsi sistemə müxalif siyasi qüvvələrin seçki prosesindən kənarda qalmasına səbəb olub. Buna görə sistemdaxili müxalifətin mövqeləri güclənməsi gözlənilən idi. Sistemdaxili müxalifətin arasında isə Kommunist Partiyası daha prinsipial mövqeyi ilə fərqlənir. Siyasi kloun Vladimir Jirinovskinin partiyadaşı, Xabarovsk vilayətinin sabiq qubernatoru Sergey Furqalanın dəstək olmaması Liberal-Demokrat Partiyasının mövqelərini sarsıdıb. LDP-nin ənənəvi olaraq güclü olduğu Xabarovskda səslərini itirməsi də Jirinovskinin qətiyyətsiz siyasətinin nəticəsi hesab olunur.

Kommunistlərin uğurunun əsas səbəbi müxalifət lideri Aleksey Navalnının təşəbbüskarı olduğu "Şüurlu səsvermə"dir. Bu səsvermə sistemi seçiciləri qalib gəlmək şansı daha çox olan namizədə səs verməyə yönəldir. Bunun da nəticəsində müxalifət liderinin çağırışı ilə səsvermədə iştirak edən seçicilər tərəfdarı olmasalar da, Kommunist Partiyasına səs veriblər. Kommunist Partiyasının bu səbəblərə görə daha çox səs qazanmasını Rusiyanın "rəng"ini dəyişdiyi kimi qəbul etməyin doğru olmadığını göstərir. Sadəcə iqtidardan narazı olan seçicilər hakim partiyanın idarəetmə üzərindəki inhisarına son qoymaq üçün kommunistlərə səs veriblər. Rusiya vətəndaşlarının həqiqi seçimini isə yalnız demokratik və azad seçkilər üzə çıxara bilər.  
 

 





22.09.2021    çap et  çap et