525.Az

Azərbaycan florası: sonsuz zənginlik, təkrarsız gözəllik


 

Azərbaycan florası: sonsuz zənginlik, təkrarsız gözəllik<b style="color:red"></b>

Azərbaycan ərazisi zəngin floraya malikdir. Burada 4500-dən çox çiçəkli, ayrı sortlu bitki növü yayılıb. Növlərin ümumi sayına görə Azərbaycanın florası Cənubi Qafqazın başqa ölkələrə nisbətən xeyli zəngindir. Ölkədə rast gələn bitki növləri Qafqazda bitən bitki növlərinin ümumi miqdarının 66 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirir ki, Azərbaycan üçüncü dövrə aid olan relikt cinslərlə də zəngindir. Bunların nümunələrinə bütün zonalarda, xüsusilə Talış zonası ərazisində daha çox rast gəlinir. Bunlardan dəmirağac, Lənkəran akasiyası, şabalıdyarpaq palıd, Qafqaz xirniyi, bigəvər, şümşad və sairi göstərmək olar. Ölkədə 240 endemik bitki növü mövcuddur.

Azərbaycan florası son dərəcə zəngindir, təkrarsız gözəlliyə malikdir. Onun tərkibində bütün areal tiplərinin nümunələrinə, yəni qədim meşə, boreal, bozqın, kserofil, səhra, Qafqaz və adventiv bitki tiplərinə rast gəlinir. Qədim meşə tipləri nümunələri ən çox Talışda, boreal tip Böyük və Kiçik Qafqazın dağ zonalarında, az miqdarda isə aşağı qurşaqlarda, kserofil, Qafqaz, bozqır və səhra tipləri isə respublikanın düzən, dağətəyi və bozqır yaylarında, ən çoxu isə Kür-Araz ovalığında yayılmışdır. Adventiv areal tipi isə bir qədər az təsadüf edilir. Kür-Araz ovalığı, Xəzəryanı və b. düzənliklərin göl, gölməçə, axmaz və bataqlıq sahələrində zəngin və rəngarəng bitki örtüyü inkişaf edib.

Onun sözlərinə görə, çay və supaylayıcı kanalların kənarında, bataqlıq yerlərdə, lokal formada isə düzənlik rayonlarda kosmopolit tərkibli qamış cəngəlliklərinə tez-tez rast gəlinir. Belə bataqlıqlarda hündürboylu tülküquyruğu, çiyən, suluf, yumşaq süpürgə, kalış və başqaları çoxdur. Burada savanna tipli hündürboylu murğuz da cəngərlik yaradır: "Kür-Araz ovalığında tez-tez rast gələn cayırlıq, biyanlıq və lığvər cəngəlliyi nisbətən geniş yayılıb. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, poruq, ağlarot, süsən kimi bitki növləri həm əngəllik yaradır və həm də başqa cəngəlliyin tərkbində rast gəlirlər. Liman və axmazlarda ən çox qamışlıq, çiyən, suçiçəyi və digər bitkilərdən ibarət cəngəlliklər mövcuddur. Bataqlıqlarda, sıcaq yerlərdə qovuqca, salviniya, saçaqotu, sufındığı, buynuzyarpaq xüsusi cəngəllik yaradır və Kür-Araz ovalığında özlərinə geniş məskən tapırlar. Qarğı cəngəlliyi də düzən rayonları üçün səciyyəvidir. Talış düzənliklərindəki bataqlıqlarda suçiçəyi, saçaqotu, süsən, qurbağaotu, sarı bataqlıq süsəni, bataqlıca xüsusi formasiyalar yaradır. Qurumuş bataqlıqlar üçün qaymaqçiçək, nanə, qırxbuğum, bigəvər və digər bu kimi bitkilər səciyyəvidir: "Su-bataqlıq bitkilərinə aşağı, orta, yuxarı və yüksək dağ qurşaqlarında da rast gəlinir. Xüsusilə subalp qurşaqlarında su-bataqlıq bitkiləri çox geniş sahələrdə yayılmışdır. Bu qurşaqlarda 100-dən artıq bataqlıq, göl və gölməçələr var. Geniş Kür-Araz ovalığı, Xəzəryanı və başqa düzənliklərdə səhra və yarımsəhra tipli bitki örtüyü üstünlük təşkil edir. Səhralarda qaraşoranlıq geniş yayılıb. Qaraşoranın yerə sərilmiş budaqları təpəciklər yaratmaqla ən çox Lökbatan ətrafında, Muğanda, Şərqi Şirvanda yayılmışdır. Xırda təpəcikli sarıbaş səhralarına ən çox Xəzər ətrafında, Kür-Araz ovalığında rast gəlinir. Göstərilən zonalarda şahsevdilik səhraları da geniş yayılıb. Şahsevdilik səhrasında yuxarıda göstərilən səhralardakı bitkilərdən fərqli olaraq 5-6 növ efemer bitkiyə təsadüf edilir. Şərqi Şirvanda və bir qədər də dağətəyi rayonlarda çərən səhrası əmələ gəlir. Şorangənin 3 növü Kür-Araz ovalığında geniş sahələrdə çox məhsuldar yarımsəhralıqlar yaradır". 

İ.İbrahimovanın sözlərinə görə, ölkənin quru və isti rayonlarında, Böyük Qafqazın bozqır yaylasında kserofit bitkiliyinə, yəni friqana, şiblək, tikanlı gəvənlik, tıstıslıq, bəzən və cılız ardıclığa, ardıcıq-püstəliyə rast gəlinir. Frinalalar Naxçıvan MR-da 1000-1500 m yüksəkliklərdə müstəqil formasiyalar (cəngəlliklər) yaradır. Bu formasiyalarda 300-dən artıq bitki növünə rast gəlinir. 

Kür, Araz, Qanıx və Qabırrı çayları boyu hissə-hissə lentşəkilli lokal formada tuqay meşəliyi var. Bu meşələrin əsasını qovaq, söyüd, iydə, qarağac, tut, yulğun, nar kimi ağac və kollar təşkil edir.

Bəzən dağ çayları boyu və yaxud çay vadilərində xüsusi qarışıq meşəliklər də bərpa olunub. Burada ən çox çaytikanı, iydə, söyüd, sumağ, sarağan, yulun, tut, ölməz kol, nar, itburnu, böyürtkən və digərləri yayılıb. Çaytikanı ən çox Şin, Kiş, Dəmiraparan, Türyan, Göyçay, Ağsu, Vəlvələ və Tərtər çaylarının vadilərində yayılmışdır. Talışın çay kənarında yalanqoz və qızılağac çox vaxt iri meşəlik cəngəlliyi yaradırlar. Böyük və Kiçik Qafqazın dağlıq zonalarında dəniz səthindən 600-1800 m hündürlüklərdə enliyarpaqlı meşələr yayılıb. Bu meşələri təşkil edən cinslərdən gürcü palıdını, Şərq fıstığını və yuxarı dağ qurşaqlarında Şərq palıdını göstərmək olar. Fıstıqlıq bu zonada yüksək məhsuldar, çoxtərkibli qarışıq meşələr yaradır: "Yüksək dağların yamaclarında Şərq palıdı, şimal yamaclarında isə qar uçqunları nəticəsində ağacları əyilmiş tozağacı meşəliyi, Böyük Qafqazın yüksək dağ yamacları üçün isə trautfetter ağcaqayını və tək-tək Qafqaz quşarmudu səciyyəvidir. İynəyarpaqlı meşələr lokal formada Eldar düzündə (Eldar şamı), Böyük və Kiçik Qafqazın dağ rayonlarında (Kox şamı), xüsusilə Balakən rayonunun Bulannıq çay hövzəsində, Göygöl ətrafında xırda meşəliklər, Kox şamı tozağacı ilə birlikdə isə Göygöl ətrafında iri qayalıqlar ərazisində qarışıq meşəlik yaradır. İynəyarpaqlılardan qaraçöhrə və ardıcın bir çox növəri dağ-meşə zonalarında geniş yayılıb. Böyük Qafqazın şimal-qərb zonasında, xüsusilə Zaqatala-Balakən rayonlarının subalp qurşağında kiçik sahələrdə Qafqaz rododendronluğu cəngəlliyi yerləşir.

Dəniz səthindən 1800-3200 m yüksəklikdə müxtəlif tərkibli subalp və alp çəmənliyi, bozqır və çəmən bitkiləri üstündür".

İ.İbrahimova vurğulayır ki, həqiqi subalp çəmənliyi yüksək dağların relyefindən, xarakteridən asılı olaraq onlarca variantda yayılmaqla müxtəlif formasiyalar yaradır. Subalp qurşağında müxtəlif tərkibdə çəmənliklər, az nəm və mezofil çəmənliklər, quru kserofitlər, bozqırlaşmış çəmənlər yayılıb. Subalp çəmənliyinin əsasını ağbığ, ala tonqalotu, Qafqaz nazikbaldırı, bənövşəyi arpa, alp dişəsi, topal və üçyarpaq yoncanın bir çox növləri, ətirşah, şehduran, iriçiçək, andız təşkil edir; bura üçün birəotu, bulaqotu, qantəpər, dilqanadan, yemlik, mərcanotu, novruzçiçəyi, skabioza, bağayarpağı, xaçgülü və onlarca başqa bitki səciyyəvidir. Subalp çəmənliyində 1000-dək bitki növü yayılıb: "Alp çəmənləri yüksək dağların zirvələrində, sərt yamaclarda, yəhərvarı dağ aşırımlarında geniş yayılmaqla, müxtəlifliyi subalp çəmənlərinə nisbətən az olsa da, xırdaboylu bitki tipləri çox rəngarəng və böyük əhəmiyyət kəsb edir. Müasir dövrün ən mühüm problemlərindən biri də ətraf mühitin mühafizəsidir".
Ekoloq Alim Məmmədov deyir ki, hər bir bioloji növ uzun sürən təkamülün nəticəsi olub, canlı təbiətin qiymətsiz unikal əsəridir. Lakin insanlar heç də həmişə özlərinin genetik fonduna ağılla, dərrakə ilə yanaşmır. Bu gün heç kimə sirr deyil ki, insanın təqsiri üzündən yüzlərlə bitki, ağac növü və başqa biogeokomplekslər məhv edilir. Məhz buna görə təbii ehtiyatlardan səmərəli istifadə edilməsi, nadir, relikt və məhvolma təhlükəsi ilə üzləşən bitki növlərinin və biogeosenozların mühafizəsi, bu məqsədlə qoruqların və milli parkların yaradılması vacibdir. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin sözlərinə əsasən, yaşıllıqlar yerin oksigen qatını əmələ gətirən ən vacib amillərdən biridir. Yaşıllıqları məhv etdikdə havada oksigen azalır və oksigenin azalması nəticəsində də canlı aləmin tələfinə gətirib çıxarır: "Ölkədə nadir və məhvolma təhlükəsi qarşısında qalan bitki növlərinin qorunub saxlanılması üçün bir sıra əməli tədbirlər sistemi həyata keçirilir. Bioloji müxtəlifliyin qorunub saxlanılmasında xüsusi mühafizə olunan təbiət ərazilərinin rolu əvəzedilməzdir. Bunun üçün ölkə ərazisində rast gəlinən nadir bitki və bitkiliyin qorunması üçün 4 milli park, 17 yasaqlıq və 15 dövlət qoruğu yaradılıb ki, bunlardan 9-u bilavasitə flora və bitkiliyin qorunması məqsədilə təşkil edilib".

Sevinc QARAYEVA
 

 





23.09.2021    çap et  çap et