525.Az

Balaca qonur it - Stefen KREYN 


 

Balaca qonur it -<b style="color:red"> Stefen KREYN </b>

Balaca qonur it

Stefen KREYN  (Stephen Crane)

I hissə

Uşaq küçənin tinində durmuşdu. O, bir çiynini hündür hasara söykəmiş, o biri çiynini isə irəli-geri yellədərək ayağı ilə çınqıl daşlarını oynadırdı. 

Günəş daşları qızdırmışdı, xəfif yay küləyinin qaldırdığı toz qəsəbənin üzərində sarı bulud kimi süzürdü. Ağır yük maşınları toz-duman içərisində sanki kor-koranə hərəkət edirdi. Uşaq mürgülü gözlərini harasa zilləmişdi. 

He was the picture of a little dark-brown dog en route to a friend.

Bir az keçmiş səkidə arxayın əda ilə qaçan balaca qonur bir it göründü. O, tez-tez boynundan sallanan qısa kəndirin ucunu basdalayır və büdrəyirdi.

İt uşağa çatanda dayandı və hər ikisi diqqətlə bir-birinə baxdı. Küçük əvvəlcə bir qədər tərəddüd etdi, sonra isə quyruğunu yüngülcə tərpətməyə başladı. Uşaq əli ilə onu çağırdı. İt çəkinə-çəkinə uşağa yaxınlaşdı. Uşaq iti sığallayır, it isə aramsız olaraq quyruğunu yelləyirdi.

Sığallanmasından getdikcə daha çox xoşlanan it birdən şən halda atılıb düşməyə başladı. Onun bu qəfil hərəkəti uşağı diksindirdi və əlini qaldırıb itin başına möhkəm bir zərbə endirdi. 

Bu hərəkəti zor tətbiq etmək kimi qəbul edən balaca qonur it heyrətləndi və bu, onun qəlbini yaraladı. Küçük ümidsiz halda uşağın ayaqları qarşısında yerə çökdü. Uşaq cümlələrilə nəsihət verməklə müşayiət olunan zərbə təkrarlananda it arxası üstə çevrilib pəncələrini özünümüdafiə vəziyyətində tutdu. Eyni zamanda qulaqları və gözləri ilə uşaqdan aman istədi. 

Küçüyün arxası üstə uzanıqlı vəziyyətdə pəncələrini xüsusi formada tutması çox məzəli görünürdü və bu, uşağı o qədər əyləndirdi ki, onu bu halda saxlamaq üçün təkrar-təkrar iti yüngülcə döyəcləməyə başladı. Amma bunu ciddi qəbul edən küçük şübhəsiz nəsə bir qəbahət etmiş olduğunu zənn etdi və bacardığı qədər əzilib-büzülərək günahını yumağa çalışdı. O, uşağa yalvarır və imdad istəyirdi, sanki onun rəhmə gəlməsi üçün ürəyində dua edirdi.

Nəhayət, uşaq bu əyləncədən bezdi və evə doğru yönəldi. İt hələ də arxası üstə uzanaraq dua edir və gözləri ilə uşağı izləyirdi.

Bir qədər sonra o, ayaqları üstə qalxıb uşağın ardınca qaçmağa başladı. Uşaq gəzə-gəzə evə doğru gedir, hərdən gördüyü nələrisə daha yaxından müşahidə etmək üçün dayanırdı. Belə fasilələrin birində itin onu oğrun-oğrun izləyərək arxasınca gəldiyini gördü. 

Uşaq yoldan tapdığı çubuqla onu təqib edən məxluqu döyməyə başladı. İt yenə yerə uzandı və uşaq döyməyi dayandırıb yoluna davam edənə qədər gözlədi. Sonra isə dikəlib yenə təqibə davam etdi. 

Yol boyu uşaq bir neçə dəfə arxaya çevrilib uşaq hərəkətilə iti əhəmiyyətsiz bir varlıq kimi döyüb təhqir etdi. Öz cinsinə layiq xarakter nümayiş etdirərək it də hər dəfə günahkar görkəmlə təəssüfünü bildirməyə çalışır və yenə gizlincə uşağı izləməyə davam edirdi. İtin davranışı o qədər günahkar təsiri bağışlayırdı ki, az qala qatilə bənzəyirdi. 

Uşaq qapılarına çatanda it bir qədər fəallaşdı və arxadan bir neçə addım yaxınlaşdı. Gözləri uşağın gözləri ilə qarşılaşanda isə utandığından həyəcanlandı, ayağına dolaşan kəndiri unudub ona dolaşdı və irəliyə doğru yıxıldı. 

The child attempts to drag the dark brown dog

 

Uşaq pilləkənin üstündə oturdu və itlə növbəti “intervü” başladı. Bu müddət ərzində it uşağı razı salmaq üçün əlindən gələn hər şeyi etdi. O, atılıb düşür, uşağı əyləndirməyə çalışırdı. İtin bu canfəşanlığını görən uşaq qəfildən onu qiymətli bir varlıq kimi gördü. Cəld hərəkətlə və tamahkarlıqla kəndiri qamarladı.

O, öz əsirini ümumi zala dartıb uzun pillələrlə qaranlıq mənzillərinə doğru sürüdü. İt əvvəlcə həvəs göstərdi, amma çox balaca və yumşaq olduğundan pillələri çox da bacarıqla qalxa bilmirdi və nəhayət, inadkar uşağın addımları o qədər sürətli oldu ki, it qorxudan təlaşa düşdü. Qorxunun təsirindən itin gözləri vəhşiləşdi və o, çaşqınlıqla başını yelləməyə və ayaqlarını dirəməyə başladı.

Uşaq səylərini ikiqat artırdı. Pilləkənlərdə əməlli başlı savaş başladı. Uşaq məqsədində tamamilə qərarlı və köpək də çox kiçik olduğundan əlbəttə ki, o, qalib gəldi. Əldə etdiyini evinin qapısına sürüklədi və nəhayət, qürurla eşikdən içəri daxil oldu. 

Presently he struggled to his feet and started after the child.

İçəridə heç kim yox idi. Uşaq yerə oturaraq köpəyə nəvaziş göstərdi. Köpək bunu dərhal qəbul etdi. İndi o, öz yeni dostuna məhəbbətlə baxırdı. Qısa müddətdə onlar möhkəm və mehriban dost oldular.

Uşağın ailəsi evə daxil olan kimi bir hay-küy qopdu ki. İt müxtəlif cəhətlərdən yoxlandı, haqqında cürbəcür şərhlər edildi və ona müxtəlif adlar verildi. Bütün gözlərdən ona qarşı rişxənd yağırdı, buna görə də o, çox xəcalət çəkdi və yanmış bitki kimi büzüşdü. Ancaq uşaq cəsarətli addımlarla otağın ortasına addımlayıb gur səslə iti tərifləməyə başladı. 

Ailənin başçısı ata işdən gələndə uşaq qollarını itin boynuna dolayaraq öz etirazlarını səsləndirirdi. Ata uşağın niyə belə bağırdığının səbəbini soruşdu. Hay-küylə ona bildirdilər ki, bu yaramaz uşaq biabırçı bir iti ailənin içinə soxmaq istəyir.

Dərhal ailə iclası təşkil olundu. İtin taleyi bu iclasdan asılı idi, o isə buna qətiyyən fikir verməyib uşağın paltarını didişdirməklə məşğul idi.

Məsələ tez bir zamanda həll olundu. Ata, ailənin başçısı, o axşam çox əsəbi idi və belə bir köpəyin qalmasına icazə verilsə, hamının heyrətlənəcəyini və qəzəblənəcəyini təsəvvür edincə bunun məhz belə olmasına qərar verdi. Ata arvadının şiddətli etirazlarını yatızdırmaqla məşğulkən bayaqdan bəri sakitcə ağlamaqda olan uşaq itlə münasibəti yaxşılaşdırmaq üçün otağın bir küncünə çəkildi. Beləliklə, köpək ailənin bir üzvü oldu.               

 

II hissə

               

Həmin gündən başlayaraq uşaq yuxuda olduğu vaxtdan başqa bütün günü itlə bir yerdə olurdu. İndi o, itin həm qəyyumu, həm də dostuydu. Ailənin böyük əksəriyyəti iti təpikləyərdilərsə, yaxud ona nələrsə atardılarsa, uşaq onu üsyankarcasına müdafiə edərdi. Bir dəfə uşaq gözlərindən yaş axa-axa dostunu müdafiə etmək üçün qollarını geniş açaraq uca səslə etiraz edib qaçarkən, itin bəzi yaramaz hərəkətlərindən qəzəblənən atanın atdığı qazana tuş gəldi. Qazan zərblə uşağın başından dəymişdi.  

Bu hadisədən sonra evdəkilər itə bir şey atarkən diqqətli olmağa çalışırdılar. Bundan əlavə, it də ona tuşlanan əşya və təpiklərdən çox bacarıqla yayınmağı öyrənmişdi. Soba, yazı masası, stol və bir neçə stullar olan kiçik bir otaqda mebellərin arası ilə cəld qaçaraq fənd işlədir, bəzən təqibçisini yalandan qorxutmaqla yüksək səviyyəli strateji qabiliyyət nümayiş etdirirdi. O, ona zərbə endirmək üçün bütün məharətlərindən istifadə edib süpürgə, çubuq və ovuc dolusu kömürlə silahlanmış üç-dörd nəfərin hər cür hücumlarını məharətlə dəf edə bilirdi. Hətta çox nadir hallarda onlar nəyəsə nail olsaydılar belə, ona ciddi bir xətər yetirə bilməz və ya dəymiş zədənin heç bir izi qalmazdı...

Ancaq uşağın hüzurunda bu səhnələr baş verməzdi. Köpəyə təcavüz edilərsə, uşağın hıçqırıqlara qərq olacağını, ağlamağa başlayarsa, çox aqressivləşəcəyıni və praktiki olaraq heç cür sakitləşməyəcəyini bildiklərindən köpəyin evdə bir qoruyucusunun olduğu aydın idi.

Lakin uşaq həmişə ətrafda ola bilməzdi. Gecə o, yatarkən onun tünd qəhvəyi rəngli dostu hansısa bir qaranlıq küncdən sonsuz tənhalıq və ümidsizlik ifadə edən hıçqırığa bənzər vəhşi, fəryadlı səsini ucaldar, blokun bütün mənzillərini titrədər və insanların söyüşünə səbəb olardı. Bu vaxt o, həmişə mətbəx boyu qovular və çox müxtəlif əşyalarla döyülərdi.

Bəzən, uşağın özü də, baxmayaraq ki, heç vaxt həqiqətən tutarlı bir cavabının olmadığı səbəblərdən köpəyi döyürdü. Köpək bu hücumları həmişə etiraf edilmiş bir günah havası ilə qəbul edirdi. Belə hallarda o, qisas almaqdan daha çox cəzalanmağı qəbul edən məxluq təsiri bağışlayırdı və zərbələrə dərin təvazökarlıqla boyun əyirdi. Hələ üstəlik, uşaq işini bitirən andaca dostunu bağışlayır, balaca qırmızı dili ilə onun əlini yalamağa hazır olurdu.

Uşağa nəsə olanda, yaxud özünü qəmgin hiss edəndə stolun altına girər və qəmli kiçik başını itin belinə qoyardı. İt həmişə mehriban idi. Belə vaxtlarda uşaq çox güman ki, təhrik edildiyi zaman dostuna tətbiq etdiyi haqsız döyülmələri düşünmürdü.

Ailənin digər üzvləri ilə nəzərəçarpacaq dərəcədə yaxınlıq edə bilmirdi. Onlara inamı yox idi və onların təsadüfi yanaşmalarından duyduğu qorxusu onları tez-tez həddindən artıq hirsləndirirdi. Əvvəllər evdəkilər onu az qidalandırmalarından müəyyən bir məmnunluq duyurdular, amma axır ki, dostu uşaq məsələni bir az diqqətlə izləməyə başladı və əgər o, nə vaxtsa nəzarəti unutsaydı belə, köpək özü gizlicə nələrsə əldə etməyə müvəffəq olurdu. 

Beləliklə, it böyüyürdü. O, artıq kiçik bir küçükdən möhtəşəm bir köpəyə çevrilmişdi. Gecələr inadla ulamaqlarını dayandırmışdı. Əslində, bəzən yuxuda bir az qışqırırdı, amma bu, şübhəsiz ki, yuxularında onu qorxunc dərəcədə təhdid edən nəhəng vəhşi itlərlə qarşılaşanda baş verirdi.

Uşağa sədaqəti ülvi bir məhəbbətə çevrilmişdi. Onu görən kimi sevinclə quyruğunu bulayır, ayrılanda isə pərt və qəmgin olurdı. Uşağın addım səslərini məhəllənin bütün səsləri arasından seçə bilirdi. Bu səsləri o, çağırış kimi qəbul edirdi.

 

III hissə 

             

Yoldaşlıqları bu çox güclü hökmdar-uşaq tərəfindən idarə olunan krallığa bənzəyirdi; lakin nə tənqid, nə də üsyan heç vaxt itin ürəyinə yol tapa bilmirdi. Kiçik köpək ruhunun mistik, gizli tərəflərində sevgi, sədaqət və mükəmməl inam çiçəkləyirdi.

Uşaq ətrafdakı qəribə şeyləri müşahidə etmək üçün kiçik ekspedisiyalara çıxmağa vərdiş etmişdi. Bu zaman dostu həmişə arxada məqsədyönlü şəkildə qaçırdı. Əlbəttə, bəzən irəli də keçirdi. Belə məqamlarda isə dostunun gəlib-gəlmədiyindən əmin olmaq üçün tez-tez arxaya çevrilirdi. Elə ədayla qaçırdı ki, sanki bu cür səyahətlərin əhəmiyyətini dərk edirdi və belə böyük bir insanın xidmətçisi olduğuna görə qürur duyurdu. 

Ancaq bir gün ata həddindən artıq içib sərxoş olmuşdu. O, evə gəlib yemək qablarını, mebelləri bir-birinə çırpıb hay-küy salır, həyat yoldaşına əməlli-başlı “konsert verirdi”. Fəaliyyətinin tam ortasındaykən uşaq, ardınca da tünd qəhvəyi köpək içəri girdi. Onlar səyahətdən qayıdırdılar.

Uşağın adətkərdə gözləri dərhal atasının vəziyyətini sezdi. Təcrübəsinin ona etibarlı bir yer olduğunu təlqin etdiyi masanın altında gizləndi. Bu kimi məsələlərdə təcrübəsi olmayan it isə, əlbəttə ki, işlərin real vəziyyətindən xəbərsiz idi. O, dostunun qəfil gizlənməsinə maraq dolu gözlərlə tamaşa edir, stolun ətrafında fırlanaraq ayaqları ilə döşəməni cırmaqlayır, dostuna qoşulmaq istəyirdi. Bu vəziyyətdə o, dostunun yolunda hər şeyə hazır olan balaca qonur it idi. 

Ailənin başçısı onu bu anda gördü. Çox böyük nəşə ilə bağırdı və iti ağır qəhvə qazanı ilə yerə yıxdı. Böyük təəccüb və qorxu içində zingildəyən it ayağa qalxaraq gizlənmək üçün qaçmağa çalışdı. Kişi nəhəng ayağı ilə onu təpiklədi. Bu dəfə it cərəyan vurmuş kimi qıvrıldı. Qəhvə qazanının ikinci zərbəsi onu yerə sərdi.

Uşaq ucadan fəryad edərək cəngavər cəsarətilə irəli çıxdı. Ailənin başçısı uşağın bu çırpıntılarına əhəmiyyət vermədi, əksinə, sevinclə itə doğru irəlilədi. Ardıcıl olaraq iki dəfə vurulub yerə sərildikdən sonra, it qaçmaq ümidindən tamamilə əl çəkdi. Arxası üstə çevrilərək pəncələrini özünəməxsus bir şəkildə tutdu. Eyni zamanda, gözləri və qulaqları ilə rəhm dilədi.

Ancaq ata əylənmək əhval-ruhiyyəsində idi və ona elə gəldi ki. köpəyi pəncərədən atmaq əla əyləncə olar. Bu fikirlə o, aşağı əyilib heyvanı qamarladı, bir ayağından tutub yuxarı qaldırdı, onu başı üzərində şən-şən üç-dörd dəfə firladaraq sərrast hərəkətlə pəncərədən aşağı tolazladı. 

Havada uçan it blokda hamının çaşqınlığına səbəb oldu. Qarşıdakı pəncərədə bitkiləri suvaran qadın qeyri-ixtiyari qışqıraraq bir dibçəyi əlindən yerə saldı. Başqa pəncərədə bir kişi itin uçuşunu görmək üçün həyəcanla bayıra boylandı. Həyətdə paltar asmaqda olan bir qadın qorxudan dik atıldı. Ağzı paltar sancaqları ilə dolu olduğundan qollarını etirazla yuxarı qaldırdı. Bu halda o, ağzı qapanmış məhbusa bənzəyirdi. Uşaqlar qiyyə çəkərək kənara qaçdılar. 

Tünd-qəhvəyi rəngli vücud beş mərtəbə aşağıda bir anbarın damına çırpıldı, oradan isə səkiyə yuvarlandı.

Çox yuxarıdakı mənzildə uşaq dəhşətli uzun bir fəryad qopardı və tələsik otaqdan çıxıb aşağı qaçdı. Aşağı düşmək onun çox vaxtını aldı, çünki balaca idi və hər dəfə iki əllə yuxarıdakı pilləni tutmaqla pillələri bir-bir enməli olurdu. 

Ailəsi onun yanına gələndə uşağı tünd qəhvəyi rəngli dostunun cəsədinin yanında donmuş halda oturmuş vəziyyətdə tapdılar.

 

İngiliscədən tərcümə edən: Asudə N.Abdullayeva

 

 





23.09.2021    çap et  çap et