525.Az

"Ermənistan heç vaxt rusiyapərəst dövlət ola bilməz"


 

"Ermənistan heç vaxt rusiyapərəst dövlət ola bilməz"<b style="color:red"></b>

"Ermənistanda Baş nazir Tiqran Sarkisyanın istefası barədə müəmmalı şərhlər hələ davam edir. Ən düzgünü Rusiyanın Sarkisyanın təcili istefasını tələb etməsi barədə olan şərhlərdir".

Bu sözlər Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna məxsusdur. Politoloq hesab edir ki, Ermənistanın ikibaşlı oyunlarından ehtiyatlanan Rusiya aydın rusiyapərəst mövqeli şəxsi baş nazir postuna gətirməklə Ermənistanın şübhəli oyunlarının qarşısını almaq niyyətindədir. O deyib ki, Ermənistanın Qərblə münasibətdə Rusiyaya qarşı hiyləgərliyi indi Kolerov, Tarasov Dubnov kimi ermənipərəstlərdə şübhə yaratmır: "Onlar bu barədə açıq şərhlər verməkdən çəkinmirlər. Prezident Sarkisyan Tiqran Sarkisyanı baş nazirlikdən uzaqlaşdırmaqla Rusiyanın tələbinin birinci hissəsini yerinə yetirdi. Sarkisyan Lavrov başda olmaqla Rusiya ermənilərinin avrointeqrasiya arzusunun Brüsselə çatdırmaqda xeyli irəliləmişdi. Lakin qatı rusiyapərəstlər hesab edilən iki Karen Karapetyandan heç birisini baş nazir təyin etməməklə Sarkisyan əvvəlki antirusiya mahiyyətli oyunlarını davam etdirmək iradəsini ortalığa qoydu. Bunun üçün ən uğurlu namizəd spikeri Ovik Abramyan idi. Abramyan parlamentin spikeri olduğu dövrdə Ermənistanın Avropa İttifaqı ilə assosiativ əməkdaşlıq müqaviləsinin imzalanmasının əməlli-başlı carçısı idi, hətta bu məsələdə Tiqran Sarkisyanla onun arasında yarış gedirdi. Abramyan Tiqran Sarkisyana nisbətən Avropa istiqamətində daha çox görüşlər keçirmişdi. Elə ölkələr var ki, Tiqran Sarkisyan həmin ölkələrin baş nazirləri ilə görüşə bilmədiyi halda, Abramyan həmin ölkələrin parlament spikerlərilə avrointeqrasiya məsələlərini müzakirə edib, Ermənistanın bu istiqamətdə çalışdığını onlara çatdırmışdı. Ermənistan mətbuatı avrointeqrasiya məsələsində daha çox Tiqran Sarkisyanı ön plana çıxardığı üçün Abramyanın bu istiqamətdəki fəaliyyəti nisbətən kölgədə qalmışdı".

Politoloqun fikrincə, antirusiyaçılıqda O.Abramyan T.Sarkisyandan daha öndədir. Onun fikrincə, Qərb tərəfindən tam qəbul edilən T.Sarkisyanın özünü İrana təqdim etməsində problemlər var idi: "İran Tiqran Sarkisyanı öz adamı hesab etmirdi. Abramyanın ilkin mərhələdə Avropada zəif qəbul edilməsini İranın ona münasibəti tamamlayacaq. İran Tiqran Sərkisyandan fərqli olaraq Abramyanın dilini başa düşür. Abramyan baş nazir təyin olunan kimi ilk olaraq pensiya sisteminə yığım fondlarının lobbiçiliyinə başladı. İndi Ermənistanda pensiya sisteminə yığım fondları qərbpərəstliyin indikatoru rolundadır. Beynəlxalq maliyyə qurumları, ABŞ başda olmaqla aparıcı Qərb dövlətlərinin Ermənistandakı səfirləri Ermənistanda "alternativ iqtisadiyyat"ın yaranmasında əsas istiqamət kimi bunu görürlər. Eləcə Abramyanın ilk görüşdüyü xarici qonaq da məhz ABŞ-ın Ermənistandakı səfiri Heffern oldu. Abramyan rəhbərlik etdiyi hökumətin səfir Heffernə vaxtaşırı hesabat verəcəyini bildirdi".

Politoloq hesab edir ki, O.Abramyanın Baş nazir təyin edilməsində prezident S.Sarkisyanın əsas məqsədlərindən biri Çiçəklənən Ermənistan Partiyası onun lideri - multimilyoner Q.Çarukyanın müxalifətçilik fəaliyyətinin neytrallaşdırılmasıdır. M.Əhmədoğlu qeyd edib ki, Çiçəklənən Ermənistan Partiyası rusiyapərəstdir, Q.Çarukyan Rusiyanın maraqlarını aşkar şəkildə dəstəkləməkdən çəkinmir: "Çarukyan həm Abramyanın qudasıdır; Abramyanın oğlu Çarukyanın qızı ilə evlənib. Çarukyanı neytrallaşdırmaqla Sarkisyan Ermənistanda siyasi müxalifətçiliyin kütləviləşməsinin qarşısını almaq istəyir. Bu ərəfədə baş verən digər proseslər Sarkisyanın Rusiyadan uzaqlaşmaq, Qərbə doğru yaxınlaşmaq kursunu götürdüyünü sübut edir: Birincisi, prezident Sarkisyan Kəsab hadisələrində Ermənistanın neytral qaldığını bildirdi. Kəsab hadisələrində Rusiya ermənilərə tam dəstək kursu götürmüşdü. Rusiyanın siyasi dairələrində Kəsab hadisələri Ermənistanın siyasi dairələrindən daha aktiv müzakirə olunurdu. Kəsab hadisələrində Ermənistanın neytral qaldığını bəyan etməklə Sarkisyan Rusiyanın ermənipərəst mövqeyini dəstəkləmədiyini bəyan etdi. Bununla da özünü Qərbin mövqeyinə yaxınlaşdırdı. İkincisi, Sarkisyan Avroparlamentin Ermənistanla Əlaqələr Komissiyasının sədri Engelə bildirdi ki, Ermənistanın Avrointeqrasiya siyasətində heç dəyişməyib. Üçüncüsü, rəsmi Yerevan Ermənistanın aprelin 29-da Gömrük İttifaqında üzv olmaq haqqında sənədləri imzalamayacağını bildirdi. Bu faktiki Ermənistanın Gömrük İttifaqından uzaqlaşmaq cəhdlərindən biridir".

Politoloqun fikrincə, Ermənistan heç vaxt rusiyapərəst dövlət ola bilməz. O deyib ki, ermənilər ya Rusiyanın əlində alət olub Qərbə qarşı mübarizə aparmalıdır, ya da Qərbin əlində alət olub Rusiyaya qarşı mübarizə aparmalıdır. Onun fikrincə, Rusiyanın Qərbə qarşı irimiqyaslı mübarizə aparmağa bu işdə erməni diasporundan istifadə etməyə imkanı yoxdur: "Lakin Qərbin ermənilərdən Rusiyaya qarşı alət kimi istifadə etmə planları, konsepsiyaları var. Qərb üçün Ermənistan antirusiya alət kimi sınanıb. Ermənistan özünə lazım olan geosiyasi maliyyə dividentini yalnız Qərbin ssenarisinə uyğun antirusiyaçılığından qazana bilər. Rusiya üçün bu istiqamətdə iri təhlükə Ermənistanla ABŞ-dakı erməni təşkilatlarının tandemidir. Rusiya bu tandemi dağıdacağı təqdirdə özü üçün olan iri təhlükələrdən birini neytrallaşdırmış olur. Amma bu fantastikadır. Çünki Rusiyada vəzifədə olan ermənilər Ermənistanı Qərbə doğru itələməklə özlərinin niyyətlərini reallaşdırmaq istəyirlər. Rusiya Ermənistanı öz tərkibinə vilayət statusunda salmaqla özü üçün olan təhlükənin neytrallaşmasına başlaya bilər. Seçim Rusiyanındır. Rusiya erməni təhlükəsini neytrallaşdırmayanadək Qərb özünü Rusiya ilə mübarizədə psixoloji baxımdan daha üstün vəziyyətdə hesab edəcək. Rusiyadan pulun kütləvi miqdarda Qərbə axını bu işdə ermənilərin rolu haqqında məlumatlar prezident Sarkisyanı da antirusiyaçılığa şirnikləşdirir. Erməni Apostol kilsəsinin Rusiyadakı fəaliyyəti Qərbi Ermənistanı antirusiyaçılığa təhrik edən faktorlardandır. Ermənilər, o cümlədən prezident Sarkisyan həmişə Rusiyanı aldada biliblər bundan sonra da aldadacaqlar. Abramyanın baş nazir təyin olunması Rusiya baş naziri Dimitri Medvedyevin onu təbrik etməsi bu istiqamətdə ermənilərin resurslarının tükənməz olduğunu göstərir".

AQİL

 





22.04.2014    çap et  çap et