525.Az

Şəhid ruhuna ehtiram, şəhid ailəsinə qayğı örnəyi


 

Şəhid ruhuna ehtiram, şəhid ailəsinə qayğı örnəyi<b style="color:red"></b>

Yayın cırhacırında qəfil qərar verdim ki, gərək istirahətə gedəm. Əksər hallarda "Bilgəh" Kardioloji Sanatoriyasında dincəlməyi üstün tutardım. Ürəyimdən keçəni Azərbaycan Tibb Universiteti Həmkarlar Təşkilatının sədrinə bildirdim. Cavabı qısa oldu: "Yollayış tapmaq indi müşkül məsələdir, gərək yazqabağı sifariş verəydiniz". 

Bir gün sonra zəng gəldi: "Bəlkə Mərdəkanda "Günəşli" sanatoriyasına gedəsiniz..." 

Təsadüfən yaranan bu fürsəti məmnuniyyətlə qəbul edib hazırlıq gördüm və yenə təsadüfən hər şey uğurlu keçdi. Yollayışın alınması da, sənədləşmələr də, səfərə çıxmağım da. Cəmi iki gün keçməmiş, müalicə edən həkimin qəbulunda olub prosedurlara başladıq. 

Yenə "təsadüf amili" önə keçdi. Pandemiyanın sərt tələblərinə görə, böyük yeməkxanada bir stola cəmi iki nəfər düşürdü. Mən 20-ci stola yer aldım. Üzbəsurət əyləşən, əslən Şamaxıdan olan, hazırda Abşeronun Saray qəsəbəsində yaşayan əmək adamı, yaxşı sənətkar Araz Qədirov idi. 4-5 gün keçməmiş, qonşu stolda, mənim sağımda bəstəboy, arıq bir nəfər əyləşdirildi. Adı Əlizaman idi. Fikir-xəyal içərisində qovrulurdu. Yeməyinə elə də fikir vermirdi. Bəzən bir stəkan çay və adi sıyıqla kifayətlənib, zalı tərk edirdi... 

Bunu daha tez sezən Araz günorta yeməyini bitirib çölə çıxır və qonşumuzu gözləyir. Sonra da onu dilə tutub skamyaların birində əyləşdirir. Məlum olur ki, Qobustan qəsəbəsindən gələn Əlizaman şəhid atasıdır. Oğlu Ələddin Xəlilov ötən ilin payızında, Suqovuşan tərəfdə torpaqlarımızın yağı düşmənlərdən azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Xeyirxah adamlar dərd-qəmini unutdurmaq üçün onu birtəhər razılaşdırıb müalicəyə göndərmişdilər. 

Lakin şəhid atasının daha bir dərdi var: böyük itki ilə üzləşmiş ailənin evdəki iki övladı - 15 yaşlı Elşanə və 13 yaşlı Elməddin ağır psixoloji vəziyyətdədirlər. Hər gün onlar anaları Elnarə Rza qızına qoşulub 2, bəzən də 3 dəfə qəbiristana baş çəkir, şəhidi yad edir, göz yaşı axıdırlar... Əlizamanı da narahat edən odur ki, bu gedişin sonu yaxşı olmayacaq...

Araz zəng vurub yaxın dostları ilə məsləhətləşib, sanatoriya rəhbərliyinə çıxıb, vəziyyətin kritik olduğunu söyləyib. Sağ olsun, ali dərəcəli baş həkim Ələkbər Nəzərov bu "siqnala" qayğı ilə yanaşıb, ataya tapşırıb ki, oğlun axşama burada olmalıdır. Elməddini gecə vaxtı atasının otağına yerləşdirib tapşırıblar ki, bir neçə gün burada qal, sonrasına baxarıq...

Sonrası da bu olur ki, atanın durumu gündən-günə normallaşır, onlar birlikdə yemək yeyir, dincəlir, söhbət edirlər, arabir Elməddin Əlizamanın kefini açmaq üçün atasıyla ərkyana zarafatlaşır da. Beləliklə, xoş bir təsadüf üzündən rastlaşdığımız insanın - şəhid atasının əhvalında dönüş yarandı, gözlənilən təhlükənin qarşısı alındı...

Öyrəndik ki, ailənin ilki Ələddin Xəlilovun orta təhsili varmış, həm işləyib ailəyə kömək edir, həm də peşə məktəbində oxuyurmuş. Kənd əhli, qonum-qonşu onu yüksək ədəb-ərkan sahibi gənc kimi tanıyır və ehtiram bəsləyirmişlər. O, yaxşı idmançı imiş, oruc tutar, namaz qılar, daim tanış-bilişin köməyinə çatarmış...

2019-cu ilin iyulunda Ələddin həqiqi hərbi xidmətə çağrılır. Goranboy tərəfdə, Ağcakənddə qulluq edirmiş. Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə qəlpə yarası alır və şəhidlik zirvəsinə yüksəlir. Şəhadətindən sonra Ələddin Xəlilov "Vətən uğrunda" və digər medallarla təltif edilib...
Əlizamanın dediyinə görə, ananın arzusu ilə evdə şəhidin şərəfinə "Ələddin guşəsi" yaradılıb. Onun şəkilləri, sənədləri, mükafatları, yarışlarda qazandığı prizlər, digər əşyaları burada toplanıb. Ana guşənin daimi sahmançısı və ziyarətçisidir. Vaxtaşırı keçib orada oturur, əziz əşyalara toxunur, övladını - şəhidimizi yad edir. Qonşular, qəsəbə ictimaiyyətinin nümayəndələri, şəhidin sinif yoldaşları, ona dərs deyən müəllimlər ananın başına toplaşır, igidimizi ehtiramla xatırlayır, ona təskinlik verir, səbir, dözüm diləyirlər... 

Vaxt tamama yetişəndə biz "Günəşli"dən xoş təəssüratla ayrıldıq. Buradakı səliqə-sahman, xidmətin səviyyəsi, yeməklərin çeşidi və keyfiyyəti barədə yüksək rəylə vidalaşdıq. Bir ziyalı, qələm əhli kimi məni ən çox sevindirən isə şəhid ailəsinə çətin məqamda əl tutulub yardım göstərilməsi oldu. Bir daha inandım ki,  dövlətimiz, xalqımız şəhidə, Vətən yolunda canından keçənlərə, qazilərimizə böyük ehtiram bəsləyir. 

Babaların güvənib yüksək qiymətləndirdikləri xeyirxahlıq nümunəsi, bu yolda sanatoriya rəhbərliyinin cəsarət və comərdlik nümayiş etdirməsi "Günəşli"də şahidi olduğum gözəl bir hal kimi heç zaman hafizəmdən silinməyəcək. 
 

 





24.09.2021    çap et  çap et