525.Az

Pyotr Davıdovun müharibə lövhələri


 

Pyotr Davıdovun müharibə lövhələri<b style="color:red"></b>

Dostum Petya - Pyotr Davıdov İsrailin tanınmış şairidir. Bakıda doğulub, boya-başa çatıb, çalışıb. Çox istedadlı sənət adamıdır, təbii ki, həm də jurnalistdir. AZƏRTAC-da birgə çalışdığımız vaxtlarda Qarabağın elə bir bölgəsi olmayıb ki, onunla ora ayağımız dəyməsin. Yaxşı yadımdadır, Boris Yeltsin və Nursultan Nazarbayev xüsusi olaraq yollarını Azərbaycana salmışdılar.  Gəlişlərinə də böyük ümid bəslənirdi. Biz jurnalistlər əmin idik ki, əgər Yeltsin Nazarbayevlə gəlibsə, fövqəladə hadisə gözlənilir. Dağlıq Qarabağ separatistlərinə "sakit oturun" deyən tapılacaq, yerli azərbaycanlılara da olsa-olsa məsləhətlər veriləcək. Bir çoxunun görə bilmədiyini yəhudi dostumuz görmüşdü. Yeltsin çıxışında birbaşa məsələyə qiymət verdi. Stabilliklə bağlı ümumi sözlər işlətdi, məsələni ona gətirdi ki, yaxın günlərdə Şimali Qafqazda məsələ müzakirə olunacaq. Orada Azərbaycan, Ermənistan və Dağlıq Qarabağın nümayəndələri iştirak edəcəklər. Bu o demək idi ki, Azərbaycanın kitabı bağlanmağa gedir, ortaya yeni bir danışıq iştirakçısı çıxır. Elə buradaca yəhudi dostum ani olaraq dodağını dişlədi və fikrini gizlətməyərək birbaşa dedi ki, Rusiya öz mahiyyətini göstərir, Dağlıq Qarabağı tərəf kimi meydana soxur. Bu isə konfliktlərin yeni başlayan vaxtlarına düşürdü. Aradan illər keçdi. Ən azı 30 il biz bu acı həqiqətin ağrısını çəkdik...  
Şuşanın ermənilər tərəfindən işğalından əvvəl də şəhərdəydik. Yerli televiziyaya baş çəkmişdik. Vəziyyətin nə qədər gərgin olduğunun canlı şahidiydik. Bu şahidlik, ağrı-acıların və məhrumiyyətlərin yaşantısı sonradan İsrailə köç etmiş Pyotrın yaradıcılığına da təsir göstərdi. 

Onun Azərbaycanla bağlı şeirlərində Qarabağ nisgili qırmızı xətt kimi keçdi. Dostumla 44 günlük Vətən müharibəsi dönəmində də mütəmadi əlaqədə idik. Tez-tez müharibə ilə bağlı şeirlərini mənə göndərər, fikir bildirməyimi istəyərdi. İndicə xəbər verdi ki, həmin şeirləri, ümumən Qarabağla bağlı daha əvvəl qələmə aldığı nümunələri kitab halında çapa hazırlayır. İstədim ki, bunun sevincini sizinlə bölüşüm. Çünki Pyotr Davıdov həqiqətən bir Azərbaycan sevdalısıdır, paytaxt Bakımızın vurğunudur. Tam əminəm ki, onun Azərbaycanla bağlı ikinci şeir kitabı hər iki Vətənində oxucu auditoriyası toplayacaqdır.

Əflatun Amaşov

***

Pyotr DAVIDOV

Torpağın da gözü var...

Son bahar yağışları -
Yoxa çıxmış dəlillər.
Bu payız torpaqları
Yeni qəbirlər gözlər.

Bu röya - yuxu deyil,
Burda insanlar ölür.
Azadlıq savaşıdı -
Toplar havanı bölür.

Son bahar arzuları -
Eşq, uşaqlıq peyzajı.
Ölümün son həddində
Var çocuqluq mesajı.

Torpaq hey pıçıldayır:
"Hazıram əfv etməyə.
Məni mənfur düşməndən
Alın, ona verməyin...

Mən dəhşət içindəyəm,
İnanın - səhər, axşam.
Hey çəkməylə əzirlər...
Həm də minalanmışam.

Axı nə vaxt dönərsən,
Ey mənim xilaskarım?
Haçan tuş gələcəksən 
Bu, doğma ocaqlara?"

Son baharın tufanı,
Yağış bilmir dayanmaq.
Torpağın da gözü var -
Bilir, nədir ağlamaq...
Azərbaycan əsgərinin monoloqu

Arxamda doğma ölkəm,
Onu vermərəm qəti!
Axı bircədir Vətən,
Onadır məhəbbətim!

Arxamda öz ailəm,
Doğma valideynlərim.
Dostlarım, əzizlərim -
Lap çoxdur sevdiklərim.

İnanın, bir addım da
Atmayacağam geri.
Cəzalandırmaq gərək
Qaniçən düşmənləri.

Cəzadan qaçmaz onlar,
Bu yurdda qalmaz onlar.
Biz haqqın yolçusuyuq,
İntiqam ovçusuyuq.

Haqq qapısı açılsın,
Qoy göylərə yüksələk!
Düşmən atır?...Vur onu!
Aman verməyək gərək.

 

Mənim Şuşam

(Azərinformda iş yoldaşım olan Gülnarə Rzayevanın yuxusu)

O şəhərə qayıtdım ki,
Orda illərcə qabaq
Nağılvari həyət vardı,
İçində - meyvəli bağ.

Hər şey xəyal idi onda -
Tamlı-dadlı bağ-bağat.
Elə bilirdim ki, atam 
Zəngin idi... eh, həyat.

Bir gün əkdiyi armuda 
Mənim adımı verdi:
"Meyvə yedikcə güc topla,
Tez boy at!" - atam dedi.

Yel qanadlı çətin illər,
Ömrün qəliz anları...
Yalnız o bağda yemişəm
Möcüzə-armudları.

Artıq qalmadı mümkünat,
Tamam unutdum dadı.
Əsirliyə düşdü ağac -
Çoxillikdir fəryadı.

Eh, o zamandan bu ağac
Bar-bəhərdən kəsilmiş.
Və...çoxillik əsirlikdə
İnildəmiş, əzilmiş.

Hə, birdən başladı savaş -
Xoş günlər işarəsi.
Tamam yaralı bir şəhər
Yaydı azadlıq səsin.

Böyümüş o qızcığaz da
Cəld oraya yol aldı.
Öz uşaqlıq ağacını
Görməyə... bu vüsaldı.

Orda - o yiyəsiz bağda
Xəyal et, dostum, əfsus!
Həmin qocalmış ağac
Gətirdi yeni məhsul.

Armudlar necə dadlı!
Lap Azadlıq tamında!
Getdi qəm dolu illər...
Dönəcəm bura yenə
Payızın axşamında.

 

Salam, Şuşa!

Salam,  əziz Şuşam!..
Hamıya bəxş etdin möhtəşəm bayram.
Göylərə qanad çalan şəhərsən, bəh-bəh,
Sənsən xain düşməni divarlardan aşıran.

Buraya can atırdıq biz döyüşə-döyüşə,
Üç gün nə yuxu yatdıq, nə də yemək yemişik.
Quyuya dolan yağış salammadı təşvişə -
Ocaqsız üç gün qalıb, Göyə ümid etmişik!

Nəhayət ki, qayıtdı azadlıq özümüzə,
Sevincək dil açaraq, doğma dildə danışdı!
Sizdə hava necədir, xəbər göndərin bizə?
Sizdə balıq boldumu, dadı-tamı tanışdı?

Bunlar boş şey əslində,
Qalıb - müqəddəs cihad...
Yad edək igidləri -
Şəhid ruhu olsun şad!

Mavi rəng alır dağlar, toxunaraq səmaya,
Ən azı hər zirvənin özü boyda ədası.
Deyil ki, güclü qalib, öyünməsin havayı,
Qələbə haqlınındır, yadda saxla, qadası!

***

Nə vaxtsa bizə həsrət bu şəhər
Gecələr hayqırıb, səslərdi bizi.
Boğurdu bizləri hər acı qəhər...
Qərq oldu sevincə kədərin izi.
"Qələbə" - bu sözdən bal tamı gəlir,
Necə də oxuyur, sevinir Şuşa!
Gəlib küçələri gəzərəm bir-bir,
Şəninə şeirlər mən qoşa-qoşa...

 

Şəhid əsgər haqqında ballada

O, ağır gün əridi -
Mənim son döyüşümdə.
Ana, yadıma düşdün
Burda, son nəfəsimdə.

Çox uzaq tarixlərə
Qayıdıram yenidən.
Gələrsən buralara
Məni anmağa hərdən.

Çüxurla dolu yollar,
Səmada quş nəğməsi.
Keçmiş dolu olaylar...
Ruhun təzələnməsi.

Yarpaqlar rəqs edəndə
Xəfif gülümsəyər ay.
Sanki mən silahsızam,
Yox müharibə - haray.

Dumanın tələsinə
Bürünüb bütün yollar.
Bağışla məni, ana...
Getməliyəm, nə olar!

Qan axır köynək boyu,
Onun tamı damağda.
Evə qayıtmaz oldum -
Ölmüşəm Qarabağda.

Əminəm ki, ay ana, 
Canı vermədim nahaq.
Qoynunda qoruyacaq 
Cismimi Ana torpaq.

 

Şuşaya gəlmək istərəm

Yaman istəyirəm dəyim Şuşaya,
Dağlar göylər ilə deyişən yerə.
Bəlkə aradığım məni oxşayar,
Bizləri nə gözlər, bilmirik hələ?

Keçmişə qayıtmaq? Çətindən çətin...
Qala qalıqları sarıb hər yanı.
Seyr edim qarğa tək bu məmləkəti,
Qalalar unudub sökən şeytanı.

Əsrlər sirrinə varım bəlkə də?
Bunu bacarmaram, əfsuslar olsun.
Daşların istisi yalın əllərdə
İndi də duyulur, sözün doğrusu.

Şuşada - məhrəmlik iqlimi vardır:
Tanrıya yaxınlıq aydın sezilir.
Orada yağış da bir "təmizkardır" -
Yuyub üfüqləri, tozunu silir.

Əzəldən buralar qeyri-adidir,
Bunu duya bilməz hər gələn naşı.
Mənim bölüşdüyüm - mənə aiddir:
Kaş şehdə gəzəydim hər addım başı.

Qürubun rəngləri - qan damlaları,
Gəzirəm xəzəlin xışıltısında.
Qaçır payız günü yuxuya sarı...
Şuşa nə görəcək öz yuxusunda?

O, dumanı ilə aldadıcıdır,
Baxışı insanın içini dəlir.
Deyir: "Həyat şirin, həm də acıdır,
Şübhələr - zəhərdir, qorxağa gəlir!"

Ona əminəm ki, bir axşam çağı
Şuşada tək-tənha gəzişən zaman
Gördüyüm hər kəsə açım qucağı,
Yüngüllük hiss edib, sevinim yaman.

Rus dilindən Giya Paçxataşvili çevirib
 

 





24.09.2021    çap et  çap et