525.Az

Raskolnikovun yolu: məğlubiyyət və faciə - Nihat Pir yazır...


 

Raskolnikovun yolu: məğlubiyyət və faciə -<b style="color:red"> Nihat Pir yazır...</b>

"Qəhrəmanı qatil və pozğun olan bir roman mənə çevrəmdəki savaşdan daha təsirli gəlir".
Borxes

Yəqin ki, hər kəs həyatında, heç olmasa bir dəfə, özünə "Mən qatil ola bilərəmmi?" sualını verib.  

Ümumiyyətlə, "qatil" anlayışı ağla gələn kimi "Cinayət və cəza"nın Raskolnikovunu xatırlamamaq mümkün deyil. Bu obraz sələmçi bir qadının ölümünü, daha doğrusu, öldürülməsini adicə bir bitlə müqayisə edərək, onları, demək olar ki, eyniləşdirir və müəyyən mənada özünə haqq - bəraət qazandırır.

Bəlkə də, insan başqa bir insanı öldürmək, onun həyatına haqqı olmadan son vermək üçün həmin işdən xüsusi zövq almalıdır: daxilində baş qaldıracaq vicdan əzabı onu sıxmasın, narahat etməsin və etsə belə, bu hissi gözə ala, hətta ona qalib gələ bilsin deyə! 

Ancaq Raskolnikov əməlindən zövq almamaqla bərabər, həm də vicdan əzabı çəkir.  Başqa sözlə desək, israrla vurğuladığımız həmin bu vicdan və onun əməldən sonrakı peşmanlıq hissi Raskolnikovun qatil obrazını "zövq almağa" qoymur.

Bu,  Raskolnikovun faciəsi və  eyni zamanda, Raskolnikov timsalında qatilliyindən həzz ala bilməyən istənilən subyektin faciəsidir.

Yəni Raskolnikov qatil olacaq potensialda bir obraz deyil. Bu qəti fikir, əslində, sözügedən şəxsin Alinanın bacısı Lizavetanı da öldürdüyü anda ortaya çıxmış olur. Raskolnikovu cinayəti törətməyə təhrik edən tamah idi və o, törətdiyi qətl hadisəsini zövq almadan edirdi.

Oxucunun və ümumən romanın (eyni zamanda, situasiyanın) gedişində gözlənilmədən Lizavetanın da qurban getməsi isə Dostoyevskinin oxucuya verdiyi pas idi: mənim obrazım qatil deyil. 

Niyə?

Çünki o, sadəcə tamah ucbatından bu yola əl atıb və indiki vəziyyətdə zövq almadığı bir qətl prosesini kor-koranə davam etdirir, hətta, az qala, nə etdiyi belə bilmir...

Yəni həmin vaxt otaqda Alina İvanova və Lizavetadan başqa kiminsə və ya kimlərinsə olması qətl prosesinin mütləq və silsilə şəklində davam etməsini qaçılmaz edəcəkdi.

Raskolnikovun cinayəti törətmək ideyası ağlına batan dəqiqədən etibarən, baltayla Alina İvanovanı vurduğu ana qədər özüylə mübarizəsi onu oxucunun gözündə qaldırmaq və bir növ, ona rəhm hissini yaratmaq üçün müəllif "hiylə"sidir. Bu, "öz" Raskolnikovun daxili "mən"idir. O daxili mən ki, hər addımbaşı eyni sualı obrazın qulağına pıçıldayır: Sən bunu bacararsanmı? 

Eyni zamanda, əsərin gedişində fərqli-fərqli metodlarla mövcud dövrün dözülməz cəmiyyət şəraiti, ürəkbulandıran və pozulmuş insan şəxsiyyətləri və digər bu kimi hallar isə Raskolnikovun təhtəlşüurunda Alinanı məhz bu "yaramaz" insan kateqoriyasında görməyə və onun əsaslı şəkildə aradan götürməyə təhrik edir. 

Nəticədə o "öz" məğlub olur. Bu məğlubiyyət cinayət törədilən anda baş vermir, bu məğlubiyyət  Raskolnikovun məhz cinayəti törədəcəyi barədə qərar verdiyi anda baş verir. Ondan sonra baş verən proseslər isə sadəcə və sadəcə Raskolnikovun bir insan olduğunu unutdurmamaqdan ötrü Dostoyevski cidd-cəhdidir. Vəssalam.

Bu nəticədən yola çıxaraq deyə bilərəm ki, əsərin finalı Raskolnikovun Alina İvanovanın qapısını ikinci dəfə döydüyü andır. Oxucu və ümumiyyətlə, roman üçün o hissədən sonra yüksəliş, demək olar ki, yoxdur. Romanın və ümumən mövzunun qayəsi obrazın cinayəti törədə bilib-bilməməsi sualıdır ki, ikinci səfərdə məhz bu sual 99 faiz cavabını tapmış olur. Baxmayaraq ki, əsərin "cəza" hissəsi hələ tamamlanmamış qalır...

Amma Raskolnikovun qapını döyəcəyi ana qədərki yaşadıqları, eyni zamanda, içindəki "mən"i, yəni ona "Bunu edə bilərsənmi?" sualını verib vicdanını oyatmaq istəyən "mən"i öldürməsi Raskolnikov və ümumi olaraq, həmin vəziyyətdə ola biləcək şəxs üçün ən böyük "cəza"dır və bu, katorqa cəzasıyla müqayisə olunmayacaq dərəcədə ağır və dözülməzdir.

Bir sözlə, Dostoyevski romanın irəlliyən hissələrində iki günahsız (bu, mübahisə üçün açıqdır) qadını öldürən obrazını hadisəni törətməmişdən əvvəl içindəki "öz"ü öldürməklə cəzalandırmağa nail olub. Gedişata təsir etməsə belə...

Elə müəllifin özünün dediyi kimi:

"Hər kəs özü barəsində özü qərar verir və özünü ən yaxşı aldada bilən adam hər kəsdən daha nəşəli yaşayar".

Raskolnikov özünü ona görə aldadırdı ki, heç bir işə yaramayan, əksinə, insanların çıxılmaz vəziyyətindən istifadə edib onların olan-qalanına sahib çıxan qadını öldürməklə, əslində, alçaldımış, təhqir olunmuş insanların qürurunu və haqqını müdafiə etmiş olacağını düşünürdü.  Amma təəssüf ki, bu, Dostoyesvkinin bir müəllif kimi obrazına verdiyi təsəllidən başqa bir şey deyildi.

"Möhtərəm cənab, daha gediləsi bir yer qalmayıb sözünün nə demək olduğunu başa düşürsünüzmü?" 

Əsərin başlanğıcında dözülməz cəmiyyət və onun fəsadlarının göstərilməsində əsas kartlardan biri olan Marmeladovun dilindən səslənən bu fikir, əslində, qəhrəmanımız üçün "geri dönüş" rolunu oynaya bilərdi. Çünki Raskolnikov hələ öldürmədiyi daxili "mən"indən getməyə yeri olub-olmadığını soruşa və məhz gediləsi yerin heç də Alinanın evinin olmadığını özünə yedizdirə bilərdi. 

Amma təəssüf...

Raskolnikovun faciəsi təkcə bununla bitmir. O, eyni zamanda, müəllif tərəfindən də "ikili siyasət"ə məruz qalır. Belə ki, biz müəllifin obraza münasibətindən bəzən onu sevdiyini, ona xüsusi rəğbət bəslədiyinin şahidi olsaq da, bəzən, tamamilə, əksini də görürük. Bu da oxucunu baş qəhrəmana haqq qazandırıb-qazandırmaması mövzusunda çıxılmaz vəziyyətdə qoyur.

Məsələn, əsərdə Raskolnikovun dostu olan Razumixin obrazı heç də Raskolnikovdan yaxşı yaşamır, heç də ondan yaxşı dolanmır və heç də tamaha yenilib müftə pul qazanma potensialından uzaq görünmür. Amma o, qəhrəmanımızdan fərqli olaraq, bütün bu çətinliklərə dözməyi bacarır və müəllifin də istədiyi kimi oxucunun gözündə yüksəlir. 

Amma bu yüksəliş həm də bizim baş qəhrəmanın oxucu gözündə çöküşü hesabına başa gəlir ki, Raskolnikovun faciəvi obraza çevrilməsinin təməli məhz bu hissədən başlayır və finala kimi yüksələn templə davam edir. 

Oskar Uayld məşhur "Dorian Qreyin portreti" əsərində deyir ki, "Günahlarımıza görə bizi bağışla" yox, əksinə, "Cinayətimizə görə bizi cəzalandır!" demək lazımdır. Çünki ədalətli Allahdan ancaq bunu diləmək lazımdır!

Bəs Raskolnikov nə edirdi?..
 

 





24.09.2021    çap et  çap et