525.Az

"Heç kəs ölmək istəmirdi" - Əlisəfdər Hüseynov yazır


 

"Heç kəs ölmək istəmirdi" -<b style="color:red"> Əlisəfdər Hüseynov yazır</b>

"AXUND DA, MOLLA DA İNQİLABIN DÜŞMƏNLƏRİDİR" (MİRPAŞANIN ÖLÜMÜ)

Bəlkə də dünya kinosunda "proyekti" qəhrəman qəlibində cızılsa da, hələ seans başa çatmamış  dönüb mükəmməl bir antiqəhrəmana çevrilən personajlardan biri məhz bizim kinomuzda yaradılıb.

Söhbət "Yeddi oğul istərəm" filmində mərhum rəssam (!) Elçin Məmmədovun ustalıqla yaratdığı Mirpaşa obrazından gedir.

Filmdə təsvirini tapan ölüm-dirim savaşının əsl mahiyyətini açmaqda, məzlum kütləyə nicat yolunu göstərmək üçün Peykanlıya təşrif buyuran dəstənin, əslində, hansı yuvanın quşu olduğunu, hansı qorxunc missiyanı yerinə yetirdiyini anlamaqda bu personajın müstəsna rolu var.

...Bu müdhiş obrazın keçmişi barədə ən vacib məlumatı Gizir verir: "Haralı olduğunu bilmirəm, amma deyilənə görə, Tiflisdən Gəncəyədək qazamatlarda ad qoyub". Cavan Mirpaşanı tez-tez qazamatlar sakininə çevirən səbəblər barədə filmin heç bir epizodunda konkret söhbət getmir, amma təsvir olunan hadisələr, dialoqlar, xüsusən də Mirpaşanın öz canfəşanlığı haqqında danışılmayanları sərt bir həqiqət kimi ortaya qoyur.

Filmin əvvəlini yada salaq. Kələntər Bəxtiyarın "Kimsən, a kişi" sualına qeyri-müəyyən cavab verəndə Mirpaşa dərhal tüfəngini ayağa çəkir: "Bu saat kim olduğunu yadına salarıq" və səsinin tonu, artıq vərdiş kimi görünən hərəkətləri ilə inandırır ki, Bəxtiyar mane olmasaydı, Cəlal işə qarışmasaydı, kimliyini bilmədiyi Kələntəri öldürmək Mirpaşa üçün bekarçılıqdan tum çırtlamaq kimi məşğuliyyətdir. 

Söhbət heç də Kələntərin öldürülməyə layiq adam olub- olmamasından yox, Mirpaşanın  İçindəki patoloji "öldürmək" istəyindən gedir və bu istəyin necə müdhiş bir yanğı olduğunu biz sonrakı səhnələrin birində - Mirpaşanın öz qurbanının bədəninə 8 güllə boşaltdığı epizodda seyr edirik və bu dəfə də Cəlal mane olmasaydı, Allah bilir güllələrin sayı nə qədər olacaqdı.

Mirpaşanın axund Şirəli ilə hər sözü, cümləsi tüfəngə əl atmağa bəhanə təsiri bağışlayan dialoqu, məscidə it bağlayıb həyasızcasına uğunması (özü bunu komsomolun dinə qarşı mübarizəsi kimi qələmə verir) - onun içindən çıxdığı millətin mənəvi dünyasına, adət-ənənələrin münasibətdə hansı mövqedə dayandığının əyani göstəricisidir. "Axund da, molla da inqilabın (əslində, bolşevik rejiminin - Ə.H.) düşmənləridir. Məndən olsa, hamısını bircə-bircə güllələyərdim" - öz hərəkətlərinə bu sözlərlə bəraət qazandırmaq istəyən Mirpaşa, əslində, Bəxtiyarın "Hanı bu kəndin igidi? Hanı Peykanlının kişisi?" hayqırtısına züy tutur, "Qorxaqlığın daşını atan Peykanlı camaatına eşq olsun" şüarı ilə öz doğma məkanından küncə sıxışdırılmış Gəray bəyin deyil, məhz bolşeviklərin at çapıb tüfəng oynatdıqları məkanın igid, qəhrəman yetişdirə biləcəyi barədə əcaib bir fikirlə bir az da irəli gedir.

Filmin üst qatında haqq, ədalət uğrunda mübarizə aparan qəhrəmanın, əslində, millətin keçmişinə, milli adət-ənənələrinə münasibətdə tam müxalif mövqedə dayanan, özünə qədərki hər şeyi vəhşi bir ehtirasla inkar edən antiqəhrəman olduğunu sübut etmək üçün daha nə lazımdır ki?

Mirpaşa işğalçıların süngüsünün ucunda Azərbaycana gətirilən "milli ruhu sarsıtmalı, milli yaddaşı məhv etməli, qorxaqlardan qəhrəman düzəltməli" çağırışının daha ucadan və milli dildə səsləndirilməsi üçün yerli materialdan düzəldilmiş rupora bənzəmirmi?

Hərdən adama elə gəlir ki, böyür-başında digər komsomolçular olmasaydı Mirpaşa Peykanlının bütün camaatını divara dirəyib bircə-bircə güllələyərdi.

O, öz canfəşanlığının, "igidliyinin" əvəzini artıqlaması ilə alır - itin onun sinəsinə yox, kürəyinə saplanan xəncərin dəstəyinə bağlanmasında da birbaşa ifadə olunmayan gizli bir məna var...

"GETDİ O GÜNLƏR..." (CƏLALIN ÖLÜMÜ) 

Şəkər bəyin oğlu Cəlal revkomun göndərişi ilə Peykanlıya komsomolçu kimi təşrif buyurur. Gəlir ki, "haqq-saya tüpürsün", Gəray bəyin torpaqlarını kəndlilər arasında bölüşdürsün, Qəqəninin dədəsinin qanını alsın və  sevdiyi Humaya -  Gəray bəyin qızına elçi düşsün...

Amma məsələ burasındadır ki, Cəlal öz dünənindən, keçmişindən sözün tam mənasında ayrılmayıb: komsomolçu olsa da, bəyzadə paltarını - çərkəzi arxalığını, papağını çıxarmayıb; adının gədə-güdələrlə bir sırada çəkilməyini qüruruna sığışdırmır. Gəray bəyə "Gədə özünsən" - deyib ona güllə atır. O, həmin illərin tipik inqilabçıları, komsomolçuları kimi öz məhəbbətini sinfi, inqilabi maraqlara qurban vermir, əksinə, məhəbbəti yolunda ölümü qəbul edir.

Cəlalın böyük ürəyi var. Di gəl ki, bu ürək nə qədər böyük, nə qədər geniş olsa da, bir-birinə zidd 2 əxlaqı, 2 mənəviyyatı, 2 dünyagörüşü eyni vaxda orada yerləşdirmək və üstəlik, barışdırmaq mümkün deyil. Cəlal düşməninin cəsədini güllə ilə deşik-deşik edən Mirpaşadan, köməksiz qadına əl qaldıran Bəxtiyardan rəhmlidir, Kələntərin saxta səmimiyyətinə inanan sadəlövhdür, ürəkdən sevən bütün aşiqlər kimi kövrəkdir. Bütün bunlarla bərabər, Cəlal Qan Çanağına qalxmağa cəsarət etməyən, Gəray bəyə aşağıda tələ quran digər komsomolçulardan fərqli olaraq təkbaşına, silahsız-filansız ora qalxmaq qədərində cəsarətli və qətiyyətlidir.

Cəlal Gəray bəyin üzünə tüpürəndən sonra onun sağ qalmayacağı gün kimi aydın idi. Amma onun "Yanıq Kərəmi"nin sədaları altında öləcəyini yalnız Gəray bəy bilirdi.

Mənliyi, qüruru aşağılanan Gəray bəy içinin yanğısını yalnız bu yolla - verdiyi hökmün qeyri-adi dramatizmi ilə söndürə bilərdi. Amma Gəray bəy beşik başında çalınan havanı ölüm havasına, matəm himninə - rekviyemə çevirməklə başqa bir missiyanı da yerinə yetirir və bu mənada o, hamını çaşdıran böyük mistifikatordur.

"Çal, aşıq, çal. Ağa, bəy havasıdır". Gəray bəy Cəlalı o dünyaya komsomolçu kimi yox, bəyzadə kimi yola salır, çünki Qan Çanağına qalxmağa komsomolçulardan heç kim cəsarət etməmişdi - bunu komsomolçu-bəyzadə Cəlal bacardı, ona görə ki, faktiki cəhətdən komsomolçu olsa da, ruhən, qan yaddaşına görə bəyzadə idi.

Cəlal bəyzadəliyi və komsomolçuluğu öz vücudunda əridə, birləşdirə bilmədi və biməzdi də. Elə buna görə də Cəlalın Gəray bəyə qarşı mübarizəsi eyni zamanda, onun özünün özünə, öz keçmişinə, yaddaşına, ruhuna qarşı mübarizəsiydi.  O, Gəray bəyin üzünə tüpürməklə təkcə böyük bir epoxanı simvolizə edən dəyərlərə tüpürmür, həm də öz babalarını, damarlarında axan qan yaddaşını aşağılayır, təhqir edir. 

Və son anda "Ürəyimdən nişan al, ağrıdır axı" - deyə Kələntərə yalvaran Cəlalın ağrılarına dözməyən  Gəray bəy naqanındakı gülləni  onun ürəyinə sıxmasaydı da, Cəlal Peykanlını bir qalib ədası ilə tərk etsəydi də, əslində, gələcəyi olmayan Gəray bəy yox, o, özüydü - bəy nəslindən olan inqilabçıların, komsomolçuların vətən xaini, casus, əks-inqilabçı kimi güllənəcəkləri illərə elə də çox  qalmamışdı...

"MƏN YAŞAMAQ..." (ŞAHSUVARIN ÖLÜMÜ)
 
Ötən əsrin 60-cı illərinin sonlarında Litva kinorejissoru V.Jelikyaviçus "Heç kəs ölmək istəmirdi" (!) adlı  bir film çəkmişdi. Filmin özəlliyi bunda idi ki, rejissor o dövrün bütün senzura qadağalarına, məhdudiyyətlərinə rəğmən vaxtilə Litvada Sovet hakimiyyəti uğrunda gedən mübarizəni "qurucu" bolşeviklərin yox, "dağıdıcı" əks-inqilabçıların baxış bucağından göstərmiş və təbii ki, bu ölüm-dirim savaşının bir sıra incə nüanslarını üzə çıxara bilmişdi. Təəccüb doğuran filmin senzuradan keçməsində, böyük ekrana buraxılmasında idi. Görünür, tekst qanunlarını bilməyən,  hər şeyi üst qatda, üzdə axtaran, filmin təkcə göz önündə görünənlərdən, qulaqla eşidilənlərdən yox, həm də görünməyənlərdən, eşidilməyənlərdən (fəqət ünvana çatan ismarınclardan), montaj olunmuş kadrlar arasında qalan "qaranlıqlardakı" informasiyadan ibarət olduğunu anlamayan çinovniklər rejissorla dartışmada uduzmuşdular.

Mən nə üçün Şahsuvarın ölümü ilə bağlı qeydlərimə belə uzaqdan başladım?

Məsələ buradındadır ki, Şahsuvarın davranışı, hərəkətləri, bir insan kimi xisləti və xüsusilə də ölüm ayağında dediyi son sözlər mənə nəyə görəsə bu filmi, ələlxüsus da onun 4 sözdən ibarət adında şifrələnmiş informasiyanı xatırladır.

Zahirən daha çox inqilabçı qiyafəsində olan Şahsuvar (ən azından onun şiş papağını yada salaq) əslində, komsomolçuların içində fiziki cəhətdən ən zəifi ("deyilənə görə, əvvəllər vərəmi olub, elə indi də vəziyyəti yaxşı deyil"), ruhən ən kövrəyidir. O,  Mirpaşanın cəsədinə baxa bilmir - eynəyni çıxarır ki, gözləri bu müdhiş səhnəni görməsin (üstəlik, üzünü yana da çevirir), Bəxtiyar  "eşşəyə gücü çatmayıb palana cumanda", bütün film boyu kişilikdən, igidlikdən dəm vurub bunu 16 yaşlı günahsız qızı vəhşicəsinə şallaqlamaqda görəndə onun köpünü alan, "Sən nə edirsən?" hayqırtısı ilə durduran da Şahsuvardır. Digər epizodlarda, səhnələrdə də biz onu pis adamlar cərgəsinə qatacaq tutarlı bir işarə, eyham görmürük. Aktyor Rafiq Əzimov, zənnimcə, özünün ən maraqlı ekran obrazlarından birini məhz bu filmdə yaradıb, Şahsuvarı qrafik cizgilərlə rəsm edərək onun kövrək, emosional və bir qədər də romantik xarakterə malik portretini ortaya qoya bilib.

Amma şəxsən mənim üçün bu filmdə Şahsuvarın insan qəlbinin zəif yerinə - sarı siminə  toxunan bu keyfiyyətləri yox, onun ölüm ayağında bildirdiyi son arzusu - 2 sözdən ibarət replikasıdır...

Ölümcül güllə yarası alan Şahsuvar Zalımoğlunun qolları arasına yıxılır və  öldüyünü görüb yanıqlı-yanıqlı, öz xarakterinə uyğun emosionallıqla cəmi 2 kəlmə pıçıldaya bilir: "Mən yaşamaq...(istəyirəm - Ə.H.)". 

Burda nə var axı? Kim yaşamaq istəmir ki? Kim ölməyə tələsər?

Stop. Məhz bu məqamda Jelekyaviçusun filminin adını, onun təkcə qrammatik yox, həm də bədii-fəlsəfi intonasiyasını necə yada salmaya bilərsən?

Şahsuvarın dediyi sözlər valın bir üzünün oxutduğu təsirli mahnıdır, rekviyemdir. Amma o valın tərs üzü də var axı və oraya əks qütbdəkilərin - bayaqdan bəri Şahsuvarın və dostlarının sərçə kimi dənlədikləri insanların da arzularını bildirən nəğmələr yazılıb!

Suallar doğur: Məgər komsomolçu cildinə Peykanlıya soxulan quldurların  sağdan, soldan, yuxarıdan, arxadan güllə yağışına tutub öldürdüyü kəslər insan deyilmi? Məgər onların da yaşamaq haqqı yoxdurmu? Öz dəyərlərini, keçmişlərini xilaskar cildinə girmiş işğalçılardan qoruyub gələcək nəsillərə ötürmək istədiklərinə görə pis adamlara çevrilib barələrində ölüm hökmü çıxarılan bu insanlar da əqidə, amal uğrunda döyüşürlər axı. Buna görə onların yaşamaq haqqını əllərindən almaq nə dərəcədə ədalətlidir?

Hər halda ən azından azərbaycanlı olduğunu qoruyub saxlaya bildiyinə, Humayı Bəxtiyarın əlində ölməkdən, Bəxtiyarı isə daha böyük rüsvayçılıqdan qurtardığına görə Allah sənə rəhmət eləsin, yoldaş Şahsuvar -  amma sənin və sizlərin rəhmsizcəsinə öldürdüyü qeyrətli həmvətənlərinizlə bir yerdə!

Gəlin onların ruhuna bir salavat çevirək, Rafiq Əzimova isə cansağlığı arzulayaq.

(Ardı var) 
 

 





24.09.2021    çap et  çap et