525.Az

Azərbaycançılıq: ümummilli və bəşəri ideyaların misilsiz vəhdəti


 

Azərbaycançılıq: ümummilli və bəşəri ideyaların misilsiz vəhdəti<b style="color:red"></b>

Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən ümummilli ideologiyadır. Onun əsasında Azərbaycanı özünə vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.

Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycanın Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.

Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Ulu öndər Heydər Əliyev hələ Sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlib. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı. 1990-cı illərdə hakimiyyətə qayıtdıqdan sonra o, xaricdəki soydaşlarımızın mütəşəkkil qüvvəyə çevrilməsinə, onların doğma vətənlə əlaqələrinin möhkəmlənməsini prioritet məsələ kimi hər zaman diqqətdə saxlamışdır. Çünki güclü azərbaycanlı diasporu müstəqil Azərbaycanın dayağıdır.

İdeologiya olaraq azərbaycançılıq mühüm funksional elementlərlə zəngindir və bunların da mahiyyəti ölkəni mənəvi və fiziki baxımdan zəiflətmək cəhdlərindən qorumaqdır. Bu ideologiya inzibati-ərazi quruluşuna görə unitar, siyasi quruluş və dövlət idarəçiliyinə görə hüquqi və demokratik dövlət kimi Azərbaycanın möhkəmlənməsinə və inkişafına yönəlib.

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir.

Azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, onun demokratik inkişafını təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapıb. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanır. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova deyir ki, Azərbaycançılıq məfkurəsi Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları, etnik qrupları birləşdirən dəyərdir. E.Kərimova bugünkü və gələcək inkişafımızın əsas meyarlarından sayılan azərbaycançılıq ideologiyasını Ulu öndərimizin xalqımıza yadigar qoyduğu sərvətlərdən biri adlandırıb. Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Məhz bu birgəyaşayış ənənəsi Azərbaycan vətəndaşı sayılan hər kəsi azərbaycançılıq ideyası ətrafında birləşdirib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini vahid konsepsiya halında birləşdirən azərbaycançılıq ideyasının tərkibində dini həmrəyliyimizin xüsusi yeri vardır: "Bu gün dünyada dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq, birgəyaşayış, multikulturalizm kimi ülvi dəyərlər Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. İnkaredilməz həqiqətdir ki, dünya ölkələrində demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlərboyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir. Müstəqil Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin banisi Ulu öndər Heydər Əliyev daim mötəbər tribunalarda Azərbaycan Respublikasının çoxmillətli dövlət olduğunu, ölkəmizdə müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da sülh və əmin-amanlıq şəraitində yaşadığını, Azərbaycanın öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq imkanları verdiyini fəxrlə vurğulayıb. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmiz konfessiyalararası münasibətlərin, tolerantlıq mühitinin, multikultural təfəkkürün dünya üçün nümunəvi modelinə çevrilib. Həyata keçirilən uğurlu strategiya nəticəsində milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır və mütərəqqi tarixi ənənələr daha da inkişaf etdirilir".

E.Kərimova vurğulayır ki, ölkəmizdə vətəndaşların dini etiqad azadlığının təmin edilməsi, bütün dini konfessiyalara ibadət və ayinlərinin rahat icrası üçün hər cür şərait yaradılıb. Mütəmadi olaraq hər il dövlət başçısı tərəfindən dini konfessiyalara ayrı-seçkilik qoyulmadan maliyyə yardımı ayrılır. Bundan başqa, ölkədəki bütün dinlərin tarixi-memarlıq abidələri, məscid, kilsə və sinaqoqlar, ziyarətgahlar təmir və ya bərpa olunur. "Müxtəlif mədəniyyətlər və sivilizasiyalar arası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun, xüsusilə Fondun prezidenti Mehriban  Əliyevanın bu sahədə əvəzolunmaz xidmətləri vardır. Fond fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi dini abidələrin bərpası və yenidən qurulması ilə bağlı kifayət qədər böyük işlər görmüşdür. Bir məqamı da vurğulamaq lazımdır ki, bu gün azərbaycançılıq ideologiyası multikultural dəyərlərin qorunub saxlanıldığı Azərbaycan cəmiyyətində öz orijinallığı ilə seçilir. Azərbaycançılıq bəşəri dəyərlərə böyük əhəmiyyət verən, mənəviyyatı və insanpərvər prinsipləri bütün maraqların fövqündə saxlayan xalqımızın davranış tərzində öz aydın ifadəsini tapıb. Azərbaycançılıq ideologiyasının əhəmiyyətinin ölkəmizdə yaşayan müxtəlif xalqların, dinlərin nümayəndələrinin Qarabağ müharibəsində, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması prosesində yaxından iştirak etməsi zamanı bir daha şahidi olduq. Həm 1-ci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan digər xalqların nümayəndələri, istər müsəlman, istərsə də qeyri-müsəlman vətəndaşlarımız, ölkəmizdəki bütün dini konfessiyalar vahid mövqe nümayiş etdirərək həmrəylik nümunəsi göstərdi. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var", - deyən E.Kərimova onu da əlavə edib ki, azərbaycançılıq ideologiyasının təcəssümü kimi Vətənin bütövlüyü uğrunda ortaya qoyulan bu milli həmrəylik, birlik və bərabərlik Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda apardığımız haqq savaşının qələbə ilə başa çatmasında müstəsna rol oynayıb. 

Sevinc QARAYEVA 
 

 





24.09.2021    çap et  çap et