525.Az

Asan-da nə baş verir? - Sosial şəbəkələrdə yazılanlar


 

Asan-da nə baş verir? -<b style="color:red"> Sosial şəbəkələrdə yazılanlar</b>

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- ASAN-da nə baş verir?

ASAN mahiyyətcə mövcud dövlət xidmətlərinin daha innovativ formada təqdimatıdır. Paralelçilik olsa da, sistem bütövlükdə uğurludur və faydalıdır. Fikrimcə, ASAN-ın rəqəmsal transformasiyası üzərində çalışmaq daha doğru olardı.

Baxıram ki, son dövrlərdə VXSİ Dövlət Agentliyi həllini gözləyən ciddi problemlərin üzərinə getmək əvəzinə, sürətlə digər paralel fəaliyyətlərə, hətta digər mövcud layihə və səlahiyyət mənimsəmələrinə meyl etməkdədir.

Müşahidələr göstərir ki, ASAN-da müəyyən şəxslər, tabeli qurumlar digər dövlət, özəl və ictimai qurumların ideyalarını, layihələrini və hətta  səlahiyyətlərini mənimsəyərək açıq-aşkar öz adından təqdim edirlər. Güman ki, bu tip addımlar qurumda bəzi məsul şəxslərdə təşəbbüskarlıq və ideyaların çatışmazlığı, daha ciddi və ağır işlərdən yayınmaqla bağlıdır. Bu formada paralelçilik isə, düşünürəm ki, doğru yanaşma deyil və cəmiyyətdə kifayət qədər çəkisi və  imici olan quruma şərəf gətirmir.

Çox da dərinə getmədən, ASAN-da bu tip fəaliyyətlərin dayanıqlı və uğurlu olacağını düşünmürəm. Ümid edirəm, qərar qəbul edənlər baş verənlərin fərqindədir.

***

- Rusiyada elektron formada verilən səsləri yenidən sayası oldular. Bir neçə gün öncə Rusiyada seçkilərdə, kütləvi səsvermə prosesində blokçeyn texnologiyalardan istifadə eidlməsi haqqında yazmışdım. Baxıram ki, bu sistemlə verilən səslər açıqlandıqdan sonra nəticələrə ciddi təsir etdiyindən aləm qarışıb.  Bu sistemlə səslərin nəticələri elan olunanadək dairələrin əksərində müxaliflərin səsləri üstün olub. Lakin elektron nəticələr əlavə edildikdə vəziyyət hakim partiyanın xeyrinə dəyişib. Rusiyanın Kommunist Partiyası səsvermənin nəticələrini tanımaqdan imtina edib.

Elektron səsvermənin nəticəsinədək dairədə Kommunist Partiyasının səslərinin sayı 30.4 faiz,  hakim partiya isə 30.1 faizlə ikinci yerdə olub. Lakin elektron səsvermədən sonra hakim partiya 44.7 faizlə birinci, Kommunistlər isə 15.5 faizlə 2-ci yerdə olublar. Bütün dairələrdə situasiya təxminən belə dəyişilib.

Problem əsasən Moskva regionunda olub. Bu regionda blokçeyn əsaslı informasiya sistemi ilə təxminən 2 milyon seçici səs verib. 

Digər regionlarda bu sistemlə verilən səslər dərhal elan edilsə də, Moskva dairəsində bir qədər gec,  seçkilərdən sonra səslərin elan edilməsi şübhələr yaradıb.

İctimai nəzarəti həyata keçirənlər sistemə xaker hücumlarının da olduğunu bildirirlər. Həmçinin, elektron bülletenlərin sayında, səslərin elektron formada düzgün hesablanmasında, səslərin emal olunmasında problemlərin olduğu deyilir. Səsvermənin blokçeyn əsaslı emalı prosesi normal gerçəkləşsə də, kiber hücumlarla bağlı ciddi ləngimələrin olduğu bildirilib. Yetərincə testlər aparılmadığından sistemin böyük həcmdə müraciətlərə ləng reaksiya verdiyi də vurğulanıb.Buna görə də seçkilərə müşahidəni həyata keçirən qərargah Moskva şəhərində elektron formada verilən səslərin yenidən sayılacağını bildirib. Bununla bağlı texniki qrup yaradılıb. Hətta elektron səsvermənin ləğvi və 27 sentyabradək yenidən ənənəvi formada səsvermənin keçirilməsi də təklif olunub.

Məlumat üçün bildirirəm ki, blokçeyn əsaslı seçki  informasiya sistemləri özəl platformalardan istifadə edilməklə hökumət qurumları tərəfindən hazırlanıb.

Səsləri kimin yenidən sayacağı açıqlanmayıb.

***

Elnur Məcidli, jurnalist:

- Əfqanıstanda Taliban hakimiyyəti ələ aldıqdan sonra Fransaya evakuasiya olunan əfqanların sayı 2700 nəfərə yaxındır. Hələ bu proses başlamadan, bu prosesi hansı yöndə və daha rahat həyata keçirməklə bağlı müxtəlif iclaslar, toplantılarımız oldu. Artıq bir neçə həftədir, Fransaya pənah gətirənlərin qeydiyyat və yerləşdirmə işlərinə başlamışıq.
Burada bir neçə məqam var.

Gələnlərin heç də hamısı Əfqanıstanda xidmət etmiş Fransa ordusuna tərcüməçilik, yaxud digər administrativ işlərdə kömək edənlər deyil, yaxud Kabuldakı Fransa səfirliyində işləyən, yaxud bu və ya digər formada səfirliklə əlaqəsi olanlar deyil.

Pənah gətirənlər arasında xeyli sayda əfqan incəsənət xadimi, musiqiçi, aktyor, aktrisa və başqaları var. Təəssüfləndirici haldır ki, öz ölkələrinin mədəniyyətinə misilsiz töhfə verən bu insanlar didərgin düşmək məcburiyyətində qalıblar.

Dünən şəxsən xanım əfqan aktrisanı ailəsiylə birlikdə qəbul etdim. Azərbaycan kinosunda Nəsibə Zeynalova, Afaq Bəşirqızı, Amaliya Pənahova hansı yerə sahibdirsə, yaxud Marion Cotillard, Catherine Deneuve, Audrey Tautau fransız kinosunda hansı zirvədədirsə, bu xanım da əfqan kinosunda o yerdədir.

Sadəcə Əfqanıstanda deyil, qonşu Özbəkistan, Tacikistan və İranda belə populyar olmuş biridir.

Xarici telekanalların haqqında sənədli film çəkdiyi, müxtəlif xarici filmlərdə rol alan, fransız rejissorlar və kino xadimləriylə ortaq layihələri olan bu aktrisa xanım öz ölkəsindən 58 yaşında didərgin düşmək məcburiyyətində qalıb.

Bu, bir daha göstərir ki, Əfqanıstan bütün bu siyasi və hərbi qarışıqlıqla yanaşı, öz milli və mədəni faciəsini yaşayır. Öz incəsənəti olmayan bir xalqın milli kimlik kimi formalaşması mümkün deyil.

***

Vüqar Bayramov, millət vəkili:

- Prezident İlham Əliyev "Azərbaycan Beynəlxalq Bankı" və "Azər-Türk Bank"ın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi haqqında sərəncam imzalayıb. Sənədlə hazırda bank sektorunda fəaliyyət göstərən 30 bankdan yeganə dövlət bankları olan 2 bank holdinqin idarəetməsinə verilib.

Holdinqin idarəedilməsinə verilən Beynəlxalq Bank aktivlərin həcminə görə hər zaman seçilən banklardan hesab olunur. Belə ki, bu ilin ilk yarısında aktivləri 8 milyard 856 milyon manat olan bankın öhdəlikləri 7 milyard 376 milyon manat,  kapital isə 1 milyard 479 milyon manat olub. Qeyd edək ki, 2020-ci ili bank 8 milyard 962 milyon manat aktivlə başa vurmuşdu. Ötən ilin yekunlarında isə Beynəlxalq Bankın aktivləri əvvəlki illə müqayisədə 2,8 faiz azalıb. 2020-ci ili 129 milyon 391 min manat xalis mənfəətlə başa vuran bankın xalis mənfəətində əvvəlki illə müqayisədə 57,2 faiz azalma qeydə alınıb.

Bununla belə, Beynəlxalq Bank Azərbaycanda ümumi bank aktivlərinin 27 faizə yaxınını formalaşdırır. Mərkəzi Bankın hazırladığı "Bank İcmalına" əsasən, bu ilin birinci yarısında bankların ümumi aktivləri 33 milyard 69 milyon manat olub. Həmin dövrdə 28 milyard 220 milyon manatlıq öhdəliklər, 4 milyard 519 milyon manatlıq isə kapital qeydə alınıb.

"Azər-Türk Bank"ın audit hesabatına əsasən, 2020-ci ildə bankın aktivləri 349 milyon manat, öhdəlikləri isə 297 milyon manat olub. 

Cari rəqəmlər və eləcə də ötən il üzrə müqayisəli göstəriciləri göstərir ki, hər iki bankın İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi həmin bankların idaredilməsi baxımdan yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir.

Sərəncama əsasən, beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, mövcud müqavilə öhdəliklərinə riayət olunması şərtilə "Azər-Türk Bank" hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay müddətində diaqnostikası aparılacaq və bankın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq. Bu isə ondan xəbər verir ki, "Azər-Türk Bank"ın fəaliyyətinin təkmilləşdirilməsinə növbəti mərhələdə xüsusi diqqətin ayrılması nəzərdə tutulur.

***

Vüqar Əliyev, iqtisadçı:

- Hazırda İrəvanda Ermənistanın "müstəqil"liyinin 30 illiyi münasibətilə zurna-qavallı tədbir keçirilir. 

Sifətlərindən zəhrimar yağır... 

Yedikləri, içdikləri zəhər dadır.

Bütün gün matəmdədirlər.

Çox güclü gözləmədikləri zərbə aldıqlarını heç cürə gizlədə bilmirlər, nə qədər artistlik etsələr də.

...30 il günümüz gün olmadı. İl başlayan kimi faciələrin anım günləri başlayırdı - 20 yanvar, 26 fevral, 31 mart, Kəlbəcərin işğalı, Şuşanın işğal günü, Laçının işğal gün.... 

Allah dövlətimizi, Ali Baş Komandanımızı, əsgərimizi, xalqımızı daha UCA etsin. 

Şəhidlərimiz ruhu şad olsun. 

Qazilərimiz şəfa tapsın.

***

Asif Nərimanlı, jurnalist:

- Azərbaycan əsgəri Şuşaya girən rus sülhməramlılarının maşınında yoxlamalar aparıb. Bu, rus sülhməramlılarının indiyə qədər rastlaşdığı ilk hadisədir.

İddianı erməni mənbələr irəli sürürlər. Gec-tez belə də olacaq. Rus sülhməramlılarının missiyasına uyğun olmayan fəaliyyətinə adekvat reaksiya vacibdir.

*** 

- Erməni mediası Azərbaycan əsgərinin Xocavəndin Cütcü kəndi istiqamətində 1200 metr irəlilədiyini, rus sülhməramlıları ilə danışıqlardan sonra geri çəkildiyini yazır. 

Azərbaycan Ordusunun tələbi ilə həmin istiqamətdə yerləşən Amaras monastırında separatçıların qondarma "bayrağı" götürülüb. Rus sülhməramlılar ermənilərə bildirib ki, separatçıların əski parçasının yerinə Ermənistan bayrağını asın. Lakin monastırda heç bir bayraq asılmayıb.
Ermənilərdən biri də Azərbaycan Ordusunun postuna keçdiyi üçün saxlanılıb. Hazırda onun qaytarılması ilə bağlı danışıqlar aparılır.

Separatçıların qondarma "deputatların"dan Metakse Akopyan isə son günlər Azərbaycan maşınlarının Qırmızı Bazardan Xankəndinə gedən yolda artdığını deyir.

***

Rəşad Məcid, jurnalist: 

- Niyə SOCAR-da çalışan bəzi işçilər alimlərdən, müəllimlərdən, hətta icra başçıları və nazirlərdən çox əməkhaqqı almalıdırlar ki?
 

 





24.09.2021    çap et  çap et