525.Az

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsində turizmin rolu


 

Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsində turizmin rolu<b style="color:red"></b>

Dünyanın bir çox ölkələri üzrə aparılmış tədqiqatlardan aydın olur ki, xarici ticarət əlaqələrinin genişlənməsi, xüsusilə də ixracın artması ölkənin iqtisadi inkişafını stimullaşdırır. Bu səbəbdən də hər bir ölkə dünya iqtisadiyyatına inteqrasiya məsələlərinə xüsusi diqqət göstərir və onun genişlənməsi istiqamətində zəruri tədbirlərin reallaşdırılmasına çalışır. Son illərin beynəlxalq statistik rəqəmlərinə əsasən, xarici ticarət əlaqələrinin genişlənməsində əmtəələrlə yanaşı, xidmətlərin beynəlxalq mübadiləsinin rolu artıb. Dünya üzrə əmtəə və xidmət ixracında xidmətlərin payı artmış və xidmətlərlə beynəlxalq ticarətin artım sürəti əmtəələrlə beynəlxalq ticarətin artım sürətini üstələmişdir. Xidmətlərlə beynəlxalq ticarətdə ən önəmli sahə turizm xidmətləri hesab olunur. 

Statistik rəqəmlərə əsasən, 2019-cu ildə dünya üzrə bütün məhsul ixracında xidmətlər ixracının payı 24,5 faiz olub. İnkişaf etmiş ölkələrə nisbətən inkişaf etməkdə olan ölkələrin ümumi məhsul ixracında xidmətlər ixracının payı daha yüksəkdir. Belə ki, inkişaf etmiş ölkələrin ümumi əmtəə və xidmət ixracında xidmətlər ixracının payı 20,9 faiz olmuşdursa, inkişaf etməkdə olan ölkələrdə bu rəqəm daha yüksək 29,3 faiz təşkil edib. 
Bir sıra xidmətlərin ticarəti istehlakçı ilə xidmət göstərən arasında birbaşa reallaşdırıldığından əmtəə mübadilələrindən fərqlənir. Xidmətlərin təklifi (beynəlxalq ticarəti) aşağıdakı modellər üzrə həyata keçirilir:

- Model 1. Xidmətlərin ölkə sərhədini keçməklə mübadiləsi. Bu model əmtəələrin beynəlxalq mübadiləsi ilə eynilik təşkil edir, yəni xidmət növü ölkə sərhədlərini keçməklə ticarət edilmiş olur. 

- Model 2. Xarici ölkədə istehlak etməklə mübadiləsi. İstehlakçılar (misal üçün turistlər və ya tələbələr) ölkə sərhəddini keçməklə xarici ölkəyə səyahət edir və həmin ölkədə müəyyən növ xidmətlərdən faydalanırlar.

- Model 3. Kommersiya iştirakı. Xidmət göstərənin hər hansı bir nümayəndəliyinin istehlakçının ölkəsində fəaliyyət göstərməsi və həmin ölkədə xidmət göstərməsi bu modelə aid edilir. 

Model 4. Fərdi insanların hərəkəti. Fərdi istehsalçının (xidmət göstərənin) ölkə sərhədini keçərək başqa bir ölkədə fəaliyyət göstərməsi buna misal ola bilər. 

Turizm ixracı bir çox yollarla ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Xarici turistlərin ölkədə qaldıqları müddətdə müəyyən məqsədlər üçün xərclədikləri maliyyə vəsaiti həmin ölkə iqtisadiyyatına xarici valyuta axınına səbəb olur. Ölkədə turizmin fəaliyyəti məqsədilə müvafiq infrastruktur yaradılmalı və bir sıra zəruri tikinti işləri həyata keçirilməlidir. Bu istiqamətdə mühəndislər və tikinti fəaliyyəti ilə məşğul olanlar müəyyən miqdarda gəlir əldə edirlər, dövlət bu sektorla birbaşa və dolayı əlaqəsi olan vətəndaşların fəaliyyətlərinə vergilər bağlamaqla öz mədaxilini artıra bilir. Bəzi beynəlxalq tədqiqatlarda bildirilmişdir ki, sürətli inkişaf tempinə malik turizm sektoru ölkədə zəruri infrastrukturun formalaşdırılması və gücləndirilməsilə, habelə bu istiqamətdə müvafiq investisiyaların cəlb edilməsilə başqa sektorların inkişafına zəmin yaratmış olur. Turizm məqsədilə yaradılan infrastrukturdan kənd təsərrüfatı məhsullarının daşınmasında istifadə edilir ki, bu da ölkədə aqrar sektorun inkişafına təkan vermiş olur. Habelə turizm məqsədilə zəruri tikinti işlərinin aparılması tikinti sektorunda yeni iş yerlərinin yaranmasına və bu sahədə gəlirlərin artmasına səbəb olur. Başqa bir tərəfdən isə xarici turistlərin ölkəyə səfər etdikləri zaman bir sıra məhsullar (ərzaq, nəqliyyat, qalmaq üçün yer və əyləncə mərkəzləri) istehlak etməsi həmin ölkənin iqtisadiyyatında turizm ilə əlaqədar sahələrin inkişafına töhfə vermiş olur, bu sahələrdə istehsalın və gəlirlərin artmasına səbəb olur. Gəlirlərin artımı isə öz növbəsində vergilər və gömrük rüsumları vasitəsilə dövlət mədaxilinin artımını təmin edir. 

Hər bir ölkənin iqtisadiyyatında ixracın önəmli rola malik olması bir çox tədqiqatçılar tərəfindən birmənalı şəkildə vurğulanıb. Hazırkı şəraitdə bəzi inkişaf etməkdə olan ölkələrin ixracında təbii ehtiyatlar və kənd təsərrüfatı məhsulları əsas paya malikdir, bu ölkələrdə turizm xidmətləri ixracının genişlənməsi valyuta gəlirlərini artırmaqla yanaşı, iqtisadiyyatın xammal ixracı asılılığını azaltmış olur. Eyni zamanda, turizmin inkişafı nəticəsində bu sektorun iqtisadiyyatın başqa sahələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsi və ölkədə istehsal olunan məhsulların turizm sektoru vasitəsilə istehlak edilməsi ölkənin idxalının azalmasına və idxal üçün istifadə olunacaq maliyyə vəsaitinin yerli sektorların inkişafı məqsədilə sərf edilməsinə şərait yaradar. 

Respublikamız müstəqilliyinin ilk dövrlərindən etibarən dünya iqtisadiyyatına inteqrasiyaya xüsusi diqqət göstərib və xarici ticarətin inkişafını ölkənin iqtisadi inkişafının əsası hesab edib. Bu məqsədlə uğurlu neft strategiyasının reallaşdırılması bir sıra istiqamətlərdə olduğu kimi dünya iqtisadiyyatına inteqrasiyada əhəmiyyətli nəticələrin əldə edilməsinə səbəb olub. Son illərdə respublikamızda ixracın şaxələndirilməsi istiqamətinin prioritet hesab edilməsi bir çox strategiyaların və siyasətlərin həyata keçirilməsinə zəmin yaradıb. Reallaşdırılan tədbirlər nəticəsində artıq ölkəmizin dünya iqtisadiyyatında təkcə təbii ehtiyatlar üzrə deyil, bir sıra digər məhsullar üzrə ixtisaslaşmasına şərait yaradıb və ixracımızda həmin məhsulların payı durmadan artır. Belə əsas məhsullardan biri turizm xidmətləri ixracıdır. Statistik məlumatlardan aydın olur ki, respublikamızın 1995-2019-cu illər üzrə əmtəə və xidmətlər ixracında böyük artım əldə edilib. 1995-ci ildə ölkəmizin əmtəə və xidmətlər ixracının həcmi 784 milyon ABŞ dolları olduğu halda, 2019-cu ildə bu rəqəm 23 milyardan artıq olub. Eyni zamanda, 1995-2018-ci illər ərzində xidmətlər ixracı davamlı olaraq artıb, təkcə 2019-cu ildə azalma müşahidə edilir ki, bu da dünyada mövcud olan pandemiya ilə əlaqədardır. Habelə qeyd etmək lazımdır ki, 1995-ci ildə ümumi xidmətlərin ixracında turizm xidmətləri ixracı 40,6 faiz olduğu halda 2019-cu ildə artaraq 47,6 faiz və hətta 2015-2018-ci illərdə bu rəqəm daha yüksək olub. 

Ölkəmizin xidmətlər ixracı içərisində turizm xidmətləri ən böyük çəkiyə malikdir. Lakin respublikamızın malik olduğu potensiala nəzər yetirdikdə turizm xidmətləri ixracında daha böyük artımın mövcudluğu nəzərə çarpır və bir sıra əlavə tədbirlərin reallaşdırılması nəticəsində ürəkaçan mövqeyə yüksəlməsini gözləmək olar. 

Dünyanın bir çox ölkələrində aparılmış tədqiqatlara əsasən turizm xidmətlərinin ticarətinə müsbət təsir edən önəmli amillərdən biri müvafiq infrastrukturun olmasıdır. Dünyanın bir sıra ölkələrinin turizm xidmətləri ixracında maneələri əsasən müvafiq infrastrukturun yoxluğu, insan resursları sahəsində çatışmazlıq, müasir texnologiyalardan lazımi şəkildə istifadə edilməməsi, lazımi informasiyanın yoxluğu və maliyyə ehtiyatlarının azlığı ilə bağlıdır. 

Qeyd edilənlərdən aydın olur ki, bir çox ölkənin iqtisadi inkişafında turizm xidmətləri ixracının rolu böyükdür. Ölkəmizin malik olduğu potensiala əsasən ixracın şaxələndirilməsində, qeyri-neft sektorunun inkişafında və dünya iqtisadiyyatına inteqrasiyanın genişlənməsində bu sektorun inkişafı böyük önəm kəsb edir. Bu məqsədlə respublikamızda reallaşdırılan müvafiq strategiyalar, siyasətlər və tədbirlər turizm xidmətləri ixracında mühüm rol oynayıb. Lakin Azərbaycanda bu sektorun daha böyük inkişaf potensialını nəzərə alaraq bir sıra əlavə tədbirlərin reallaşdırılmasını məqsədəuyğun hesab edirik. 

Turizm məqsədlərinin seçilməsinə önəmli təsir edən amillərdən biri müvafiq infrastrukturun gücləndirilməsidir. Hazırkı dövrdə dünya miqyasında turizm xidmətləri ixracı sahəsində güclü rəqiblərin olduğunu, bu sahənin böyük həcmdə investisiya ehtiyacını və ölkə iqtisadiyyatında yalnız bir sahəyə deyil, bir sıra sektorlara müsbət təsirini nəzərə alaraq dövlətin birbaşa iştirakını məqsədəuyğun hesab edirik. Dövlət müəyyən vergi güzəştləri tətbiq etməklə və lazımi subsidiyalar verməklə respublikamızın turizm xidmətləri ixracının artımına böyük təkan vermiş olar. Bundan başqa, turizm sektoru ilə əlaqədar sektorlar arasında yaranan əlaqələrin genişləndirilməsi sayəsində təklif edilən turizm xidmətləri, ətraf mühitin keyfiyyəti və qorunması olduğundan bu sahənin inkişafı təkcə bir sahənin deyil, eyni zamanda, firmaların, dövlətin və ictimai təşkilatların müştərək maraqlarına uyğundur. Beləliklə, həmin maraqlı tərəflərin birgə fəaliyyətinə şərait yaradan klasterləşdirmə qeyd edilən məqsədin reallaşdırılmasında önəmli təsir gücünə malikdir. Belə növ klasterlərin yaradılması və inkişafı dövlətin stimullaşdırıcı tədbirləri ilə reallaşdırıla bilər. 

Günay ƏZİZOVA 
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)

 

 





24.09.2021    çap et  çap et