525.Az

Şuşanın yolları... - Leyla Bəyimin Şuşa təəssüratı


 

 Şuşanın yolları... -<b style="color:red"> Leyla Bəyimin Şuşa təəssüratı</b>

Yollar xalça kimi uzanırdı. Yuxulu təxəyyülümdə naxışlar bir-birini əvəz edir, sanki əriyərək bir-birinə qarışırdı. Yatmaq istəsəm də, bizi gözləyən o möhtəşəm görüşün həyəcanı gözlərimi yummağa imkan vermirdi. Hələ tanış olmağa macal tapmadıım yol yoldaşlarımın səs-küyü də yuxumu bir yandan qaçırırdı.

- Səhər yeməyi! Düşürük - deyə bir səs düz başımın üstündə 
cingildədi.

Bir dəqiqə sonra artıq "Qonaq evi" adlanan müasir bir tikilinin girişində növbəyə dayanmışdım.

Sadə, evsayağı səhər yeməyi idi. Kəklikotulu çay yuxumu qaçırıb məni özümə gətirdi. Qarşıma düzülən naz-nemətlərə əl də vurmadım.

Həyəcandan nəinki yemək yadıma düşür, hətta heç nə eşidə bilmirdim.

Uzun süfrə arxasındakı mehriban dostluq mühiti mənə Renuarın "Avarçəkənlərin səhər yeməyi" adlı məşhur rəsm əsərini xatırlatdı.

- Doğrudan e, əsl avarçəkənlərdir, - deyə düşündüm və elə o dəqiqə bu sətirlər ağlıma gəldi:

...Sənin fəxr etdiyin mərd oğulların
Yuxuma girmişdi bu gecə yarı.
Belə bir xoş xəbər verdilər mənə:
Az qalıb, mələklər çatacaq sənə...

Ağ qu quşları kimi cərgəyə düzülmüş avtobuslar yenidən yola düzəldi.

Növbəti bir neçə saat tez ötüşdü. Deyəsən, nəhayət, bir az yuxuya gedə bilmişdim ki, kuratorun təntənəylə söylədiyi

"Biz Qarabağdayıq", - sözlərinə ayıldım.

Asfalt yol dərhal torpaq yolla əvəz olundu. Maşın bizi elə atıb-tuturdu ki, elə bil at çapırdıq.

Hə də, Qarabağda atdan başqa nə sürəcəksən ki?

Amma gördüyüm mənzərə poetik fikirlərimi bir andaca alt-üst elədi.

Bayırda ucsuz-bucaqsız, minalanmış cansız çöllər uzanırdı.

20-ci əsr iblisinin səsi qulaqlarımda əks-səda verdi: "Müharibənin nə əvvəli, nə də sonu var". Bu minalanmış çöllər həmin o mənfur sitatın təcəssümü idi. Hardasa buralarda elə o minalardan birinə düşüb partlayan iki jurnalistin siması gözümün qabağına gəldi.

Get-gedə gözlərimiz önündə bir-birindən dəhşətli mənzərələr canlanırdı. Dağıdılmış, yerlə-yeksan edilmiş kəndləri, yaşayış yerlərini ötüb keçdikcə hiddətdən sanki donub qalmışdıq. Gör bu yerlərdə nə qədər insanlar ölüb, neçə-neçə talelər yarımçıq qalıb. Amma yanıb külə dönmüş torpaqların iniltisi, möcüzə nəticəsində sağ qalmış beli bükük ağacların fəryadı, ruhlara çevrilmiş şəhərlərin ah-naləsi bütün sualları kölgədə qoyurdu...

Torpağın harayın duyursanmı sən?
Otlar da əl açıb göyə bir qarış.
Ağacların beli bükülüb həmən
Hər kolun dilində dua, yalvarış.
Kül olub sinəsi çölün-çəmənin
Fəryad səslərindən kar oluram mən.
Yenə sənin səsin ayırır məni
Beynimi gəmirən düşüncələrdən.

Uğrunda o qədər qanlar tökülmüş torpaqlar 30 il ərzində xarabazarlığa çevrilmişdi. Zəbt etdikləri şəhər və kəndləri, yüzlərlə tarixi abidələri darmadağın edən, meşələri qırıb tökən, təbiətə divan tutan, özlərini gah Haykın, gah Nuhun törəmələri adlandıran vandallar bu 30 ildə bir dənə də olsun ağac əkməyib, tək bir daşı daş üstünə qoymayıb, işğal etdikləri torpaqlarda bir addım da yol çəkməyiblər. Ancaq gör bir nə qədər mina basdırıblar!..

Gördüyüm bu dəhşətli mənzərəni telefonun kamerasına çəkmək istəsəm də, dərhal başa düşdüm ki, yer üzündə heç bir fotoşəkil, heç bir çəkiliş Qarabağın, burada yaşamış insanların faciəsini olduğu kimi əks etdirə bilməz. Şəkil hər hansı kiçik bir anı, videoçəkiliş ancaq bir dəqiqəlik, uzağı bir saatlıq bir hadisəni əks etdirir. Amma canlı-canlı baxdığın zaman gözlərin önündə bütöv bir ömür, bir həyat canlanır...

Keçmiş, bu gün və gələcək. Bax, elə indi də avtobusun titrəyişi, təkərlərin səsi altında, pəncərədən görünən maşınların, yol çəkən fəhlələrin fonunda, qədim tarixi və memarlıq abidələrinin dağıntıları arasında mən neçə-neçə böyük şəhərləri təsəvvürümdə canlandırırdım. Gerçəkdə isə, uzaqdan artıq yeni hava limanı görünürdü.

Biz Şuşaya yaxınlaşanda yağış səpələməyə başladı. Xeyir və uğur gətirəcəyinə inandığım yağışa sonuncu dəfə nə vaxt bu qədər sevindiyimi xatırlamıram...

Şuşam, yağışınla haqladın bizi,
Yoxsa sevincdənmi dolubdur gözün?
Yenidən titrədi tarın simləri,
Susmuş ocaqların ötdü dilləri.
Yenə doğmaların səsi ucaldı,
O uzaq günləri yadıma saldı,
Orda əcdadların ruhu yatırdı,
Xan qızının şeiri at oynadırdı.

Yağış səngidi. Göyün üzü açıldı. Biz yuxarı, əzəli arzumuza doğru qalxırdıq - əzəmətli qayalarıyla qollarını bizə açmış doğma Şuşaya doğru. Bu qayalar dağların başında yerləşən şəhərini əsrlərlə düşmən hücumlarından qoruyub. On ay öncə, Şuşanı 28 illik əsirlikdən azad edən qəhrəman oğullara öz nəhəng çiyinlərilə dayaq duran da elə bu qayalardır.

Günəşin şəfəqlərində yuyunan küçələrlə şəhərə daxil olduq.

Bizə donuq gözlərlə baxan yaralanmış qədim evlər, eyvanları qanqrena olmuş ayaq kimi kəsilmiş yanıq beşmərtəbələr səbirsizliklə təcili yardım gözləyən xəstələrə bənzəyirdi. Bu fikirlərimi sanki torpaq yolun altından dikəlib çıxan asfaltçəkən maşınlar dəstəklədi. Təcili yardım artıq yetişmişdi. Yolun hər iki tərəfində dayanan işçilər gülərək bizlərə əl eləyirdi.

Bir qədər irəlidə Sovet irsinin nümayəndəsi sayılan "Qarabağ" mehmanxanasının təmkinlə ucalan binası üzərində bərpa işləri aparılırdı. Qarabağın rəmzi - Xarıbülbül çiçəyinin, sanki uzun illərin ayrılığından saçları ağarmış zərif, gümüşü budağı binanın fasadını bəzəyirdi.

Hardansa uzaq keçmişdən öz səsimi eşidirdim:

Quşların cəh-cəhi burda nə vaxtsa
Aşıq nəğməsiylə birgə ötərdi.
Bilirdim hər zaman mənimlə varsan,
Çiçək tək qəlbimdə daim bitərdin.
Əminəm, gələcək nəsillərin də 
Əbədi, əzəli Vətənisən sən!

Nəhayət bizim maşın karvanımız dayandı. Fərqli yaş təbəqələrindən olan, müxtəlif ölkələrdən gəlmiş adamlar avtobuslardan tökülüşdülər.
Bir neçə addım irəlilədikdən sonra üzəri ensiz boz naxışlarla bəzənmiş yamyaşıl örtüklü qayaların qoynunda uzanan geniş bir düzənlik gördük. Sıldırım, ürküdücü uçurumun kənarına aparan böyük bir düzənlik.

Cıdır düzü! - sərin dağ mehi pıçıldadı...

Cıdır düzü! - deyə ayağımız altında xışıldayan otlar təsdiqlədi...

Yəqin ki, 1752-ci ildə Şuşanın əsasını qoyan Pənahəli xan gələcək şəhərin adını da məhz bu yerdə qoymuşdu: Şuşa! Dupduru bulaqların, sərin küləklərin səsilə cingildəyən, dağ havası kimi tər-təmiz və şüşə kimi şəffaf!

"Əziz Şuşa! Sən Azadsan!" Yeni, azad Şuşanın qurucusu İlham Əliyevin kövrək səsi eşidildi. Və bu yel qanadlı sözlər nəhayətsiz çəmənliyin üzərində üçrəngli bayraqla həmahəng dalğalanmağa başladı...

...Və o nəfəs kəsən uçurumun kənarında, Canel adlı o gözəl qızın ifa etdiyi skripkanın sədaları altında mənim ən böyük arzum yerinə yetdi...
Bu dəm qəlbimin ən gizli, saralmış vərəqlərindən süzülən, sanki bu günləri hiss edərək Qarabağa həsr etdiyim şeirimdən bir bənd hafizəmdə canlandı:

Bilirəm, tezliklə görüşəcəyik,
Sənin nəfəsini hiss edirəm mən.
Yenə şeirlərlə deyişəcəyik
Rəşidin nəğməsin söyləyəcəksən.

Əyri, döngəli küçələrlə gəzərək gəlib bir meydana çıxdıq. Burada Şuşanın üç korifey sənətkarının -Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyov və Bülbülün düşmən tərəfindən güllələnib dəlik-deşik edilmiş büstləri yanaşı qoyulmuşdu. Həmin bu meydanın düz arxasında Xan qızı Natəvanın sarayının dağıntıları görünürdü. Bu böyük qadının bütün varlığını həsr etdiyi torpağa səcdə edə bilmək üçün illərdir ki, mən bu görüşün arzusuyla yaşayırdım...

Bir ovuc quru torpağı götürüb gözlərimə sıxmışdım ki, qəfil bir səs eşitdim. Düz başımın üstündən pırıltıyla bir quş uçdu. Mənim dünyamın üzərində isə Xan qızının bu ölməz beyti dolaşırdı:

Çağırram allahımı hal, Natəvan ilə
Məgər ki, tez verə həq düşmənə cəza, ey dust!

Azərbaycanın mədəniyyət qalasına səfərimizin zirvə nöqtəsi isə Yuxarı Gövhər ağa məscidinin ziyarəti oldu. Məscid qapılarının səmavi tağları sanki şəhidlərin ruhuna qoynunu açan cənnət qapılarının təcəssümü idi.

Məsciddən Şuşanın azadlığı uğrunda şəhid olmuş qəhrəmanlarımızdan birinin bizimlə birlikdə Şuşaya gələn kiçik qızının ağlamaq səsi eşidilirdi. O an qəlbimdən bir dua qopdu - bütün bu müsibətlərə qəhrəmancasına sinə gərmiş torpağa yönələn bir dua: 

Sənsiz ötüb keçdi ömür nahaqdan,
Sadəcə səsini duydum uzaqdan.
Hər gün gözümüzdən qan yaş tökərək
Beləcə yaşadıq əzab çəkərək.

 
Bütün günahları atıb təkbətək,
Dartıb qandalları qıracaq ürək.
Xoş günlər görəcək qarşıda hələ,
Nə qədər yaralı olsa da belə.

Bakıya axşam, elə həmin yolla qayıdırdıq. Telefonun ekranı 17 avqust tarixini göstərirdi - Müslüm Maqomayevin doğum gününü. Pəncərədən göyə boylandım. Göy üzündə ulduzlar sayrışırdı. Qəlbimin səmasından isə Müslüm Maqomayevin ölməz nəğməsinin sədaları süzülürdü:

Ey əziz Anam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan, 
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan!

Leyla BƏYİM (Leyla BEGİM)
 

 





24.09.2021    çap et  çap et