525.Az

Udmurtiyadakı diasporumuzdan nəcib təşəbbüs - Şəhid ailəsi üçün ev tikilir


 

Udmurtiyadakı diasporumuzdan nəcib təşəbbüs - <b style="color:red">Şəhid ailəsi üçün ev tikilir</b> Rusiya Federasiyasının Udmurtiya Muxtar Respublikasında fəaliyyət göstərən "Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi" İdarə heyətinin sədri Zülfüqar Mirzəyev və idarə heyətinin üzvü İlqar Cəbrayılov təşkilatın idarə heyətinin qərarıyla doğma Azərbaycana gəliblər. 
 
525.az xəbər verir ki, diaspor nümayəndələrimizin Vətənə gəlişinin əsas məqsədi İkinci Qarabağ müharibəsinin ildönümü ərəfəsində müharibə zamanı daha çox itkilərə məruz qalan ailələri ziyarət etmək və onlara mümkün dəstək göstərməkdir.
 
Udmurtiyada yaşayan 10 minlik Azərbaycan diasporunu təmsil edən Zülfüqar Mirzəyev və İlqar Cəbrayılov səfər çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsində olublar. Komitə sədri Fuad Muradovla görüşərək səfərin məqsədi və ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində diaspor təşkilatlarının rolu barədə müzakirələr aparıblar.

Növbəti gün nümayəndə heyəti əvvəlcədən planlaşdırıldığı kimi Ağcabədi rayonuna səfər edib və Rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüblər. Görüş zamanı diaspor təmsilçiləri "Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzinin" ətrafında birləşən həmvətənlərimizin könüllü topladığı vəsait hesabına Ağcabədi rayonunda mənzilə ehtiyacı olan bir nəfər Vətən Müharibəsi şəhidinin ailəsinə fərdi yaşayış evinin tikilməsi barədə təşkilatın idarə heyətinin qərarını rayon rəhbərinin diqqətinə çatdırıblar. 

Bundan sonra "Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi" İdarə heyətinin sədri Zülfüqar Mirzəyev, İdarə heyətinin üzvü İlqar Cəbrayılov, Ağcabədi Rayon İcra Hakimiyyətinin Tikinti və memarlıq şöbəsinin müdiri Səfər Səfərovun,  RİH apatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucovun və RİH  başçısının sərəncamı ilə yaradılmış Komissiyanın digər üzvlərinin iştirakı ilə rayonun Nəcəfqulubəyli, Minəxorlu, Hacıbədəlli kəndlərində və Ağcabədi şəhərində 10-a yaxın şəhid ailəsi ilə görüş keçirilib və hər bir ailənin ehtiyacları və mənzil şəraiti öyrənilib. Nəticə olaraq şəhid Atayev Tariyel Fəxrəddin oğlunun ailəsinin ehtiyacları nəzərə alınaraq onun həyat yoldaşı, Ağcabədi rayonunun Minəxorlu kənd sakini Atayeva İlhamə Şakir qızı və iki azyaşlı övladı üçün 0,07 ha həyətyanı torpaq sahəsində müasir tələblərə cavab verən tam təmirli üç otaqlı fərdi yaşayış evinin tikilməsi qərara alınıb. Dərhal da layihə smeta sənədləri hazırlanmış və tikinti işlərinə başlanıb. Hazırda fərdi yaşayış evinin özülü qazılıb, dəmir beton işləri başa çatdırılıb və tikinti işləri sürətlə davam edir.

Əsgər Tariyel Atayev 5 sentyabr 1986-cı ildə Ağcabədinin Minəxorlu kəndində anadan olub. Vətən Müharibəsində Füzuli, Ağdərə, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə fərqlənib. İgid döyüşçü Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycanın xalq artisti, mərhum Səfa Qəhrəmanovun bacısı oğludur. 

Qeyd edək ki, "Udmurtiya-Azərbaycan Dostluq İctimai Mərkəzi"nin üzvlərinin səfər çərçivəsində görüşləri, eləcə də şəhid ailələrinə yardımlar və Minəxorlu kənd sakini şəhid Atayev Taryelin ailəsi ücün üç otaqlı evin tikintisi Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevin və fondun könüllülərinin təşkilati dəstəyi ilə həyata keçirilir.


 

 





25.09.2021    çap et  çap et