525.Az

"Yaponiyadan bütöv Azərbaycana qayıtdım" - Elvin Səhətbəyli


 

ELVİN SƏHƏTBƏYLİ: "RADİO TƏCRÜBƏÇİLƏRİ İLƏ MAKSİMUM SƏMİMİYYƏT YARADIRDIM Kİ, ONLAR ÖYRƏNMƏK İSTƏDİKLƏRİNİ ÇƏKİNMƏDƏN MƏNƏ DEYƏ BİLSİNLƏR"

"Yaponiyadan bütöv Azərbaycana qayıtdım" -<b style="color:red"> Elvin Səhətbəyli</b>

"İrəli" İctimai Birliyinin cəmiyyətdə populyarlaşaraq ətrafına daha çox gəncin cəlb olunmasında "İrəli" medianın rolu əvəzsizdir. Uzun müddət "İrəli" mediaya rəhbərlik edən şəxslərdən biri də Elvin Səhətbəyli olub.

Səhətbəyli Elvin Əbülfət oğlu 1993-cü il 28 martda anadan olub. 2011-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında boks ixtisası üzrə təhsil alıb. 2012-ci ildə Gənclər və İdman nazirliyi ilə Azərbaycan Televiziyasının birgə layihəsi olan "Müasir Azərbaycan Gənci" verilişində könüllü olaraq fəaliyyətə başlayıb. Daha sonra bir çox TV layihələrdə prodüsser, kordinator olaraq fəaliyyət göstərib. 2014-cü ildə "İrəli" İctimai Birliyində "İrəli" medianın rəhbəri təyin edilib. 2015-ci ildə hərbi xidmətə yola düşüb, 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olub. 2016-cı ildə xidmətini başa vuraraq yenidən "İrəli"də fəaliyyətini davam etdirib.

Elvin Səhətbəyli ilə müsahibəmizi sizə təqdim edirik.

***

- Elvin bəy, təhsiliniz sosial fəaliyyətlə tamam ziddiyət təşkil edib. Boks ixtisası üzrə irəlilədiyiniz vaxtda hansı amil sizi bu sferaya yönəltdi?

- Məktəbdə oxuduğum illərdə boksla peşəkar məşğul olmuşam. Bakı birincisi və Azərbaycan üçüncüsü olmuşam. Paralel olaraq, basketbolla da məşğul olmuşam. Məktəbimizin basketbol komandasında oynayırdım.  İdmanla peşəkar səviyyədə məşğul olmağıma və yaxşı nəticələr göstərməyimə baxmayaraq, həmişə yaradıcılıqla məşğul olmaq istəmişəm. Elə arzum da İncəsənət Universitetinə qəbul olmaq idi. Amma valideynlərimin təkidi ilə İdman akademiyasını seçməli oldum. Universitetdə oxuduğum ilk ildə, yəni 1-ci kursda artıq Gənclər və İdman Nazirliyi, Azərbaycan Televiziyası və MZ prodakşının birgə layihəsi olan "Müasir Azərbaycan Gənci" verilişində könüllü olaraq fəaliyyətə başladım. Daha sonra elə həmin prodakşında başqa vəzifələrdə çalışdım. Ordan ayrıldıqdan sonra isə, artıq müxtəlif televiziya kanallarında ayrı-ayrı layihələrdə çalışmağa başladım. Növbəti üz tutduğum yer "İrəli" İctimai Birliyi idi.

- "İrəli" medianın rəhbəri olduğunuz illərdən danışaq... Nələrə imza atdınız, hansı müvəffəqiyyətlərə nail oldunuz?

- "İrəli" İctimai Birliyində 2014-cü ildə media rəhbəri olaraq fəaliyyətə başladım. Ümumiyyətlə, onu deyim ki, elə o ildən "İrəli" komandası ilə uzun bir yola çıxdıq. Bu yolda bizi gözləyən çətinliklərdən, uğurlardan xəbərsiz idik. Elə fəaliyyətim dönəmində  ilk təşəbbüsüm 2 Fevral Gənclər günü münasibəti ilə "İrəli" radionun fəaliyyətini tamam başqa formatda yeniləmək idi. Buna nail olduq. 2 Fevral Gənclər günündə ölkədə keçirilən silsilə tədbirlərin siyahısına "İrəli" radionun açılış tədbiri də daxil oldu. Açılışda bir çox ölkə rəsmiləri, media nümayəndələri iştirak etdilər. Bundan əlavə, 13 Fevral "Ümumdünya Radio Günü"ndə "İrəli" radio olaraq Park bulvarda konsert proqramı təşkil etdik. Bu konsert proqramı UNESCO-nun tədbirlər planına əlavə edilmişdi. Daha sonra "İrəli" media olaraq ölkənin xüsusi günlərində hazırladığımız videoçarxlar həmin dövrün trend videolarına çevrilmişdi. Bir çox televiziya kanalları həmin videoçarxları gündə bir neçə dəfə nümayiş etdirirdilər.

- "İrəli" radio internet platformasında səslənsə də, yetərincə maraq cəlb edə bilirdi. Sizcə, bunun səbəbi nədir?

- Ümumiyyətlə, yaradıcılıq olan yerdə səmimiyyət olmalıdır. Mən də radio təcrübəçiləri ilə maksimum səmimiyyət yaradırdım ki, onlar öyrənmək istədiklərini çəkinmədən mənə deyə bilsinlər. Təbii ki, radionun uğurlu olmasının tək səbəbi mənim idarəetməm deyil, burada həm "İrəli" komandasının təcrübəçilərinin, həm də təcrübəçilərə təlim keçən peşəkar jurnalistlərin əməyi var. Fəaliyyətim dövründə radioda 8 təcrübə proqramı keçirmişəm və ümumi olaraq 100-ə yaxın gənc bu proqramdan yararlana bilib. 

- Radio təcrübəçiləri bu sahə üzrə hansısa peşəyə sahiblənə bilirdilərmi?

- "İrəli" radio "İctimai" radio ilə birgə əməkdaşlığa başladı. Radiomuzda təcrübə keçən gənclər "İctimai" radioda 1 ay daha peşəkar təcrübə keçirdilər. Təbii ki, mən təcrübəni bitirən dostlarımıza "sizi mütləq iş ilə təmin edəcəyik" deyə söz vermirdim. Bu, hər bir gəncin öz həvəsindən, öz istəyindən asılıdır. Onu qeyd edə bilərəm ki, məhz ilk təcrübə yeri "İrəli" radio olan gənclərin bir çoxu artıq televiziya və radio sahəsində daha peşəkar jurnalist olaraq fəaliyyət göstərirlər. Sağ olsunlar, hər işə düzəldikcə mənə öz təşəkkürlərini bildirirlər. Elə xəbərlər eşidəndə, ən azı, onlar qədər mən də sevinirəm. Nə yaxşı ki, uğurlarında az da olsa əməyim var və onlar bunu unutmurlar. Növbəti uğurumuz isə, hal-hazırda təcrübə proqramını uğurla bitirən Nadir Yalçının məndən müsahibə götürməsidir (gülür)...

- Bildiyimiz kimi, "İrəli" bu yaxınlarda rebrendinq elədi. Rebrendinqden sonra "İrəli"də nə kimi dəyişikliklər oldu?

- Bəli, "İrəli" bu yaxınlarda rebrendinq elədi. Məlumdur ki, "İrəli" gənclərlə iş üzrə fəaliyyətində vətənpərvərlik mövzusunu əsas tutub. Bütün xalqımız dəmir yumruq kimi birləşərək Ali Baş Komandanın rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr vurub öz torpaqlarını işğaldan azad etdi. Həmin dəmir yumruq bu gün "İrəli"nin yeni loqosunda əks olunub. "İrəli" İctimai Birliyi təkcə 2021-ci ildə Göygöldə "Marş İrəli" layihəsini, Ağdamda "Hərb oyunları" layihəsini, Naxçıvanda yenidən "Marş irəli" layihəsini və Şamaxıda "Yayfest-vətənpərvərlik" düşərgəsini təşkil etdi. Bu layihələrdə 500-dən çox gənc iştirak elədi. 

- Yaponiyada yaşadığınız dövrdən danışaq...

- Həyatımın ən böyük təcrübələrindən biri idi. Çətin idi, çətin olduğu qədər də maraqlı idi. 2 il ərzində, demək olar ki,  Yaponiyanın əksər görməli yerlərini gəzdim. Şükür, qayıtmışam, gözüm arxada qalmayıb. Türklər demiş, kvamında saxladım.

- Niyə geri qayıtdınız, ab-hava ürəyinizcə olmadı?

- Tam ürəyimcə idi. Bilirsiniz ki, Yaponiya çox inkişaf etmiş ölkədir. Həyat səviyyəm, aylıq gəlirlərimiz isə, yüksək idi. Bir məsəl var: El görməz, oba görməz, it yesin elə yağı (gülür).
Nə qədər gözəl yaşasam da, amma elə bil nəsə çatışmırdı. Dostlarım üçün, ailəm üçün, Bakı üçün, ölkəm üçün, Azərbaycan dilində danışmaq üçün - burda qoyub getdiyim hər şey üçün darıxırdım...

- Bildiyim qədərilə, Aprel döyüşlərində iştirak etmisiniz. Bu gün Qarabağ azaddır. Sizi də qalibiyyətin bir parçası adlandırmaq olar. Qalib ölkənin vətəndaşı olmaq necə hissdir?

- Aprel döyüşlərində şəhid kapitan İnqilab Quliyev və şəhid baş leytenant Rəşid Mehdiyev mənim zabitlərim idi. Komandirim isə, fəxr hissi ilə deyirəm ki, Milli qəhrəman İlqar Mirzəyev idi.

Qalib ölkənin vətəndaşı olmaq çox möhtəşəm hissdir. Təsəvvür edirsiniz, qalibiyyət münasibətilə Yaponiyada xarici dostlarım məni təbrik edirdi. Mən Yaponiyaya gedəndə torpaqlarımızın 20 faizi işğal altında idi, qayıdanda isə bütöv Azərbaycana qayıtdım! 

- Gələcək planlarınız nədir?

- Hal-hazırda Azərbaycan Respublikası Gənclər Fondunun və "İrəli" İctimai Birliyinin birgə layihəsi olan "Müzəffər əsgər" layihəsinin rəhbəriyəm. Layihə çərçivəsində 44 günlük Vətən müharibəsində ölkəmizin bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin ailələrini ziyarət edirik. Layihə ölkənin əksər regionlarını əhatə edir. Bundan əlavə gələcək planım - hər şey yaxşı olacaq!

Nadir YALÇIN 
 

 





25.09.2021    çap et  çap et