525.Az

Almanlar kimi seçəcək? - Xaqani Cəfərlinin siyasi şərhi


 

Almanlar kimi seçəcək? -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Sabah, sentyabrın 26-da Almaniyada parlament seçkiləri keçiriləcək. Bu seçkilər ilk dəfədir ki, Almaniya iqtisadiyyatında durğunluğun yaşandığı bir zamana təsadüf edir. Avqust ayı cari ilin səkkiz ayı ərzində istehsalın və xidmət sahələrinin ən aşağı səviyyəyə düşdüyü ay oldu. Bu isə heç şübhəsiz, seçicilərin seçiminə ciddi təsir göstərəcək. Seçicilərin əhval-ruhiyyəsinin dəyişməsi isə Almaniya Sosial Demokrat Partiyasının və onun lideri Olaf Şoltsun xeyrinə işləyir. Seçicilərin sosial-demokratların xeyrinə seçim etməyə başlamasını rəy sorğuları da təsdiqləyir. Üstəlik, Olaf Şolts seçicilərin əksəriyyətinin maraqlarına xidmət edən şüarla çıxış edib. Sosial-demokratların lideri hakimiyyətə gələcəkləri halda işçilərə bir saatlıq iş üçün ödənən minimum əmək haqqını 9 avro 50 sentdən 12 avroya qaldıracağını vəd edir. Koronavirus pandemiyasının ağır təsirlərinin hələ də davam etdiyi bir şəraitdə Olaf Şoltsun təklifi təsirsiz qala bilməz. Son rəy sorğularına görə, almanların 29 faizi Olaf Şoltsu kansler vəzifəsinə ən layiqli namizəd edir. İqtidardakı Almaniya Xristian Demokrat Birliyi və Bavariya Xristian Sosial Birliyi (CDU/ CSU) blokunun namizədi Armin Laşet hətta "yaşıllar"ın lideri Annalena Berbokla belə rəqabət aparmaq iqtidarında deyil. Seçicilərin 15 faizi Annalena Berboku dəstəklədiyi halda, Armin Laşeti kansler vəzifəsinə layiq görənlər seçicilərin cəmi 11 faizini təşkil edir. Bu rəy sorğularının mötəbərliyini şübhə altına almayanlar CDU/CSU-nun 16 illik iqtidarının sona çatacağına şübhə etmirlər. 

Qeyd edək ki, CDU/CSU-nun kanslerliyə namizədi Armin Laşetin seçki kampaniyasının ağır olacağı əvvəlcədən məlum idi. Ancaq o zaman Armin Laşetin əsas rəqibi İttifaq 90/Yaşıllar Partiyasının (Bündnis 90/Die Grünen) namizədi Annalena Berbokun olacağı güman edilirdi. Çünki seçki kampaniyasının başlanması ərəfəsində xanım Annalena Berbokun reytinqi çox yüksək idi. Bir çoxları Almaniyanın növbəti kanslerinin də xanım olacağına şübhə etmirdilər. Digər tərəfdən, ilk dəfə iqtidara gələcək "Yaşıl"ların hakimiyyətinin doğuracağı təsirlərlə bağlı narahatlıq mövcud idi. 
Məlum olduğu kimi, Angela Merkelin 16 illik hakimiyyəti ərzində Almaniya ən böyük qaz kəməri qovşağına malik ölkəyə çevrilib. "Şimal axını-2" qaz kəmərinin fəaliyyətə başlaması ilə Almaniya Avropada ən böyük qaz bazarına çevriləcək. İttifaq 90/Yaşıllar Partiyası isə qətiyyətlə "Şimal axını-2" qaz kəmərinin istifadəyə verilməsinin əleyhinə çıxır və birmənalı olaraq "yaşıl" enerjiyə keçilməsini hədəfləyir. Bu isə qaz kəmərlərinin fəaliyyətində maraqlı olanları narahat edirdi. Buna görə də xanım Annalena Berbokun şəxsi məlumatlarında və gəlirləri ilə bağlı hesabatda kiçik səhvlərə yol verməsi dərhal onun əleyhinə işlədi. Halbuki onun rəqibləri ilə bağlı daha ciddi iradlar var. Məsələn, sosial-demokratların namizədi Olaf Şoltsun maliyyə naziri olduğu zaman xəzinədə iki milyard avroya yaxın çatışmazlıq aşkar olunmuşdu. Eyni zamanda, Olaf Şolts maliyyə naziri olanda Wirecard ödəmə sistemində dələduzluğa yol verilməsinin qarşısını ala bilməmişdi. İqtiadardakı CDU/CSU blokunun namizədi isə prezidentin təbii fəlakətlə üzləşmiş insanlarla görüşü zamanı kameralara gülərüzlü vəziyyətdə düşmüşdü. Belə görünür ki, Almaniya seçimdə sərt dəyişiklik etməyə, "Yaşıl"ları hakimiyyətə gətirməyə hələ hazır deyil. 

Digər tərəfdən, bütün dünyada solçu qüvvələrin yenidən güclənməsi müşahidə olunur. Ən son olaraq solçu qüvvələr bir neçə gün öncə Norveçdə hakimiyyətə gəldilər. Almaniyanın dünyada baş verən proseslərdən kənarda qalması mümkün olmadığı üçün almanların da "Yaşıl"lara deyil, solçu qüvvələrə üstünlük verəcəkləri əksər ekspertlər tərəfindən proqnozlaşdırılır. Ancaq bu, "Yaşıl"ların hakimiyyətdən kənarda qalacağı demək deyil. Almaniyanın növbəti hökumətinin də koalision hökumət olacağı gözlənilir. Əgər, sosial-demokratlar seçkinin qalibi, "Yaşıl"lar isə ikincisi olarsa, onların koalisiya quracağı ehtimalı çox yüksəkdir. Çünki bundan əvvəl sosial-demokratlar mühafizəkarlarla koalisiyada iştirak etdikləri üçün ciddi tənqidə məruz qalmışdılar.  

Almaniyadakı parlament seçkiləri bütün dünyada, xüsusilə Avropada diqqətlə izlənilir. Bu da təsadüfi deyil. Almaniya Avropa iqtisadiyyatının lokomotivi hesab olunur. Bu ölkənin iqtisadiyyatında baş verən proseslər bütün Avropanın iqtisadiyyatına ciddi təsir göstərir. Digər tərəfdən, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsindən və Fransanın müttəfiqləri ilə münasibətlərində gərginlik yarandıqdan sonra Almaniya Avropa Birliyinin siyasi liderinə çevrilib. Buna görə də Almaniyada parlament seçkilərinin nəticələri böyük maraqla izlənilir. 

Almaniyadakı seçkilərin nəticələrini Rusiyada da diqqətlə izləyirlər. Rusiya mətbuatında Angela Merkelin varisinin "Moskvanın adamı" olacağına böyük ümid bəslənilirdi. CDU/CSU-nun kanslerliyə namizədi Armin Laşet Rusiya mətbuatında "Moskvanın adamı" kimi təqdim olunurdu. Eyni zamanda, Rusiyada ümid edirlər ki, Armin Laşet qalib gələcəyi halda Angela Merkelin siyasətini davam etdirəcək. Ancaq sosial demokratların qalib gələcəyi halda vəziyyət dəyişə bilər. Üstəlik, sosial-demokratlar "Yaşıl"larla hökumət qurarsa, bu, Rusiyanın Almaniyadakı maraqlarına ciddi təhlükə yarada bilər. Doğrudur, sosial-demokratların 16 il əvvəl başa çatan hökuməti ilə Rusiya çox asanlıqla anlaşa bilirdi. Ancaq Almaniyada da, Rusiyada da anlayırlar ki, Olaf Şolts ikinci Gerhard Şröder olmayacaq. 

Almaniyanın yeni hökumətini hansı qüvvə tərəfindən formalaşdırılacağı bütün dünyada diqqətlə izlənsə də, bu seçim yalnız alman seçicisindən asılıdır. Belə görünür ki, sentyabrın 26-da almanlar faktiki olaraq Avropanın yaxın dörd ildə hansı istiqamətdə inkişaf edəcəyini müəyyənləşdirəcəklər. 
 

 





25.09.2021    çap et  çap et