525.Az

İnkar yox, davam - Xalq yazıçısı Anar Azad Yaşar haqqında yazır...


 

AZAD YAŞARIN KİTABLARIYLA BAĞLI ÇEŞİDLİ DÜŞÜNCƏLƏR

 İnkar yox, davam -<b style="color:red"> Xalq yazıçısı Anar Azad Yaşar haqqında yazır...</b>

Azad Yaşarla xoş bir təsadüf nəticəsində tanış oldum. 

Sovet illərində Moskva qəzet və jurnallarında otuza qədər məqalələrim, ədəbi söhbətlərim dərc olunmuşdu. Rus dilində yazdığım bu mətnləri dilimizdə çap etmək istədim. Həm o dövrün ədəbi həyatının müəyyən səhifələri kimi, həm tənqidi fəaliyyətimin nümunələri kimi, həm də o vaxt yazdıqlarımın bir sözünü, bir cümləsini, bir ifadəsini dəyişmədən müstəqillik dövründə oxucularımıza çatdırmaq üçün. 

Bir neçə vacib yazımla məşğul olduğuma görə tərcümə etməyə macalım yox idi. Savadına bələd olduğum tənqidçi Əsəd Cahangirdən xahiş etdim ki, bu mətnləri dilimizə çevirsin. İki ədəbi söhbəti çevirdi və dedi ki, qalan məqalələrin tərcüməsini Etimad Başkeçiddən və Azad Yaşardan xahiş edib. Bir müddət sonra tərcümələrlə tanış olanda məmnun qaldım, Azərbaycan və rus dillərinin incəliklərini duyaraq çevirmişdilər. Etimadla tanış idim, zəng edib minnətdarlığımı bildirdim. Azad Yaşarla da tanış olmaq istədim. Dəvət etdim, gəldi, tanış olduq və mənə xoş təsir bağışladı. Qərbin və Şərqin dini, fəlsəfi cərəyanlarına, milli və dünya ədəbiyyatına bələdliyi xoşuma gəldi. Ay­dın oldu ki, ikimizin də Şərqdə sufizmə, zen buddizmə, Qərbdə ekzisten­sia­liz­mə marağımız var. Mən vaxtilə sufizmə, zen buddizmə, ekzis­ten­sializmə aid bəzi mətnləri dilimizə çevirmişdim. Azad daha böyük həcmdə sufizm və dao zen mətnlərini çevirib çap etmişdir. Dünyanın mənəvi sərvətlərini millətimizə çatdırmaq cəhdləri, maarifçilik təşəbbüsləri mənə də yaxın idi. Bir sözlə, söhbətimiz tutdu. Maraqlı ədəbiyyat adamıyla belə gec tanış olmağıma təəssüfləndim. Mənə tərcümələrini və Türkiyədə basılmış şeir kitabını təqdim etdi. Vaxt tapıb onlarla da tanış oldum. Səlis tərcümələri də, orijinal şeirləri də xoşuma gəldi. 

Amma eyni zamanda içimdə bir nigaranlıq duyğusu, təşviş hissləri də baş qaldırırdı. «Başına gələn başmaqçı olar» – deyiblər. Ömrüm boyu haçansa cavan, indi yaşa dolmuş bir çox şairlərlə rastlaşmışam. Əvvəl-əvvəl özləri də, yazıları da mənə yaxşı təsir bağışlayıb. Məişət məsələlərində köməyim, maddi yardımım da olub onlara, təqaüdə də təqdim etmişəm, rayonlarında keçirilən tədbirlərinə də qatılmışam, bəziləri haqqında dəstəkləyici yazılar da yazmışam. Amma bir müddət sonra nədənsə narazı qalaraq tamam başqa sifət göstərdilər. Əlbəttə, həm istedad, həm mərifət, qanacaq baxımından yazarlar – cavanı da, orta yaşlısı da, ahılı da dəfə-dəfə çoxdur. Amma, neyləməli, üzüdönüklər də az deyil.
İnsanları sonacan qavramaq mümkün olmasa da, hər halda az-çox tanıya bilirəm. Azad Yaşar mənə qətiyyən qeyri-səmimi adam təsiri bağış­lamırdı. Ancaq əndişələrim də səbəbsiz deyilmiş. Demə, Azadın gələcəkdəki davranışından yox, keçmişdə yazdıqlarından pəjmürdə olacam. Dediyim kimi, şeirləriylə Türkiyə nəşrindən tanış olmuşdum. Dillərimiz nə qədər yaxın olsa da, poeziyasıyla Azərbaycan türkcəsində, orijinalda tanış olmaq istədim. Xahiş etdim, mənə azərbaycanca şeir kitabını gətirdi. «Konsept» kitabına daxil edilən şeirləri maraqla oxuduqdan sonra həmin kitabda yer alan iki məqaləsiylə də tanış oldum və niyə elə ilk görüşümüzdə bu kitabı mənə vermədiyinin səbəbini anladım. 

Bu iki məqaləylə qətiyyən razılaşmadığımı demək azdır, onlarda məni çox incidən məqamlara da rast gəldim. Yazıçılar Birliyində otuz dörd illik işim müddətində özümə, atama qarşı çox cahil hücumlarla rastlaşmışam. Ancaq belə atmacalar heç bir ədəbi dəyəri olmayan uğursuzların qələm məhsulları olanda bu sayaq cızmaqaraları eynimə almıram. Bilikli, zəkalı, ədəbiyyatda öz yeri olan bir Azərbaycan ziyalısının bu cür ədalətsiz hökmləri, doğrusu, məni həm təəccübləndirdi, həm təəssüfləndirdi. 

Bu məqalələrlə tanış olmaqdan öncə şeirləri və maarifçilik fəaliyyəti barəsində ürək dolusu bir yazı yazmaq niyyətindəydim. Bu iki yazı məni şübhəyə saldı. İki məqaləsiylə tanışlıqdan sonra səmimi yazı yaza bilərəmmi və ümumiyyətlə, yazmalıyammı? Bəlkə elə heç nə bilməmiş kimi, üstündən sükutla keçim və münasibətlərimiz sırf rəsmi ünsiyyət şəklində olsun? 

Müəyyən tərəddüdlərim olsa da, qərarım birmənalı idi: maraqlı bir müəl­lif­lə tanış olduğum barədə, onun diqqətimi çəkən şeirləri və maarifçilik fəaliy­yə­ti haqqında hər şeyə rəğmən obyektiv fikir bildirməliyəm. Eyni zamanda, ra­zılaşmadığım məqamlara da münasibətimi gizlətməməliyəm. Necə de­yər­lər, «örtülü bazar dostluğu pozar». Qoy hər şey aydın-aşkarlansın. Bu ya­zım­dan sonra Azadla münasibətlərimizin necə olacağını isə, Həyatın və Za­ma­nın ixtiyarına buraxaq. 

Beləliklə, Azad Yaşarın şeirləri haqqında. 

Məni yaxşı mənada heyrətləndirən o oldu ki, postmodernistlərdən sayılan şairin poeziyasının böyük qismi milli folklor ruhunda, aşıq şeiri səpkisində yaradılmışdır. Forması dəqiq müəyyənləşdirilmiş «cığalı təcnis», «cinaslı bayatılar», «bayatılar»dan başqa, bir çox digər şeirləri də qoşmalar, gəray­lılar səpkisindədir. 

Qərib-qərib dolaşıram,
Qara geyər ağım mənim.
Macalım yox göz açmağa,
Dərddir sağım, solum mənim.

Yad bağın gülün qoxlayım,
Dərib də dəstə bağlayım.
Gülən könüllər dağlayım.
Var sinəmdə dağım mənim. 

Qara bulud başım üstə
Əhdim kəsər, durar qəsdə.
Yetməz əlim yara, dosta,
Dağlar çəkməz dağım mənim. 

Allah eşqinə deyin, bu şeirin postmodernizmə nə dəxli var? Yaxud bu gəraylının:

Gözəl yarım, usanmadın,
Evimi yıxmaqdan-yıxmaqdan.
Göydə ay kimi saraldım,
Sənə baxmaqdan-baxmaqdan.

Könül nəşələnməz, gülməz,
Xəyalım səndən üzülməz.
Gözüm yaşı durmaq bilməz
Qanlı axmaqdan-axmaqdan.

Bir yazı yazılmış bizə, 
Əcəl də görünməz gözə,
El usanmaz sevgimizə
Qara yaxmaqdan-yaxmaqdan.

Belə örnəklərin sayını xeyli artırmaq olardı. Amma Azadın başqa səpkidə yazdığı şeirlər də maraqlıdır. Özəlliklə kiçik şeirləri:

Şüşə soyuq gözlərlə mənə baxır
Yaxınlaşıram –
İlıq nəfəsim oxşayır onu
toxunuram –
puçur-puçur tərləyir xəcalətdən, 
bayaq mənə 
soyuq yanaşdığı üçün. 

Sırf realist bir görüntü – soyuq şüşənin insan nəfəsiylə «tərləməsi» gözləniməz şəkildə mənalandırılır. 

«Qul nərgizlər» ən zərif şeirlərindəndir:

Vitrindən bir qucaq nərgiz
Boylanır küçəyə boynu bükülü
Dərilmiş çiçəklər
kəpənəksiz, çəmənsiz tez solur, 
ləçəkləri tökülür.

Uğurlu şeirləri çoxdur. «Kəpənək», «Aman ovçu», «Totalitar rejim», «Sahibinə bənzəməyən mal», «Ağaclar haqda əfsanə», «Qəribə qoxulu pullar», «Günəbaxan», «Kağız para» yadda qalan şeirlərdəndir. 

«Nənənin ölümünə ağı», anasına həsr olunmuş şeirləri oxuyanda hansı vəzndə yazıldığı barədə, üslubun təzəliyi, köhnəliyi haqqında düşünmürsən, onların təsir gücünün cazibəsinə düşürsən. 

Çağdaş şeirlə nəsrin sərhədləri müəyyən dərəcədə şərtidir. Nazım Hikmət demiş, şeir hecayla da yazıla bilər, sərbəst vəzndə də, qafiyəli də ola bilər, qafiyəsiz də. «Vəznsiz şeir olmaz» deyənlər də, «şeir yalnız vəznli olmalıdır» deyənlər kimi, «qafiyə lazım deyil» bəyan edənlər, «şeir yalnız qafiyəli yazılar» söyləyənlər təkin dar qafalıdırlar. Nazımın fikridir. 

Amma şeiri şeir edən, nəsrdən fərqləndirən nəsə izaholunmaz bir sehr də var. Azadın istər obrazlılıq, istər duyğu zənginliyilə seçilən şeirlərini, vəz­nin­dən ya vəznsizliyindən asılı olmayaraq, qəbul edirəm. Lakin indi misal çə­kəcəyim parçaların hansının şeir, hansının nəsr olduğunu təyin etmək çə­tin­dir. 

Gənc aktyorun filmdə və ya tamaşada anasının rolunu oynayan aktrisa ilə real həyatda sevişməsi nə dərəcədə insest faktı sayıla bilər? – bu, şeir kimi təqdim edilir.

Selfi çəkməyə düşgün ata-analar üçün qəttəzə qız adı tapmışam – Selfiyyə» – bu isə, nəsr kimi.

Bir fərq duydunuzmu?

Azadın ən yaxşı şeirlərində mövzu və ifadə rəngarəngliyi duyulur. Bələd olduğu hind fəlsəfi dünyagörüşündən gələn reinkarnasiya motivləri («bəlkə də qəbrimin üstündə çiçək/ot olub/ dünyaya yenidən gələcək/ otları oxşayan mehlər dinəcək/ «nə idi, nə oldu, nəyə qarışdı?») söz oyunları («Lə»siz kütlə», «Hiberbayatı» şeirləri, «Yox/ ürəyim bu dərdə/ dayanmaz…/ və dayanar» misraları), yumor («başqasına çox güvənib/ o qədər yaxın olma ki/ əli çaşıb/ sənin cibinə girəndə/ öz cibi sanmasın). 

Uğurlu misalların sayını artırmaq olar. 
Dostlar bu gün məni üzümə öydülər
Xəcalətdən soyuq tər seli suvardı kürəklərimi
Öz dəfn mərasimindəydim sanki

«Vaxtsız ölüm» şeirində ifadə olunmuş bu hiss mənə də çox yaxındır. 

«Qırx yaş» şeirində yazır: 

Bu yaşda 
yenidən 
başqa türlü yaşamağa başlamaq 
gec olduğu qədər
başladığımız işləri bitirmədən ölmək də
tezdir. 
Deyə bilərəm ki, 83 yaşında da belədir. 

Azadın ictimai mövzularda yazdıqlarının ən uğurluları, məncə, Birinci Qarabağ savaşına aid olan şeirləridir. Bu ağrımızı, bu nisgilimizi, bu dərdimizi ifadə etməkçün şair təsirli üsul tapıb. Şəhidlərin ruhları özləri danışır, öz hisslərini ifadə edir, həyatları və ölümləri haqqında söz açırlar. Bu şeirlərə xas olan bədbinlik, küsgünlük, kədər ruhu Azadın, şübhəsiz, 44 günlük zəfərimizə həsr olunacaq nikbin və qürurlu şeirləriylə ovudulacaq. 

Şeirlərinə aid bu bölümdən sonra məni düşündürən və qayğılandıran üç problemdən söz açmasam, yazımda bir kəmlik olar. Bu problemlərdən biri postmodernizm məsələsidir. İkincisi, «sovet ədəbiyyatı» adıyla damğalanan söz sənətimizin böyük bir dövrünə inkarçı münasibətlə bağlıdır. Üçüncü isə, özlərini postmodernist adlandıranlardan bəzilərinin «Ədəbiyyatımız bizdən başlayır» iddiasıdır. 

Başqalarıyla işim yox, ancaq Azad Yaşarın «Hamı və heç kim» və «Konsept» adlı şeir kitabları postmodernizm məsələsinə şübhə yaradırsa, ikinci və üçüncü problemləri tamamilə aradan qaldırır.

Konkret söhbətə keçək. Postmodernizm nə olan şeydir? Postmoder­nizm­dən əvvəl Qərb ədəbiyyatında və incəsənətində onlarla, bəlkə yüzlərə cə­rə­yan­lar olub keçib. Klassisizm, romantizm, sentimentalizm, simvolizm, rea­lizm­dən sürrealizmə, neorealizmə, əfsunlu (maqik) realizm, SOSrealizmə qədər. 

(Kiçik bir haşiyə: Mən hazırda «Altmışıncılar» və son 60 ilin ədəbi həyatı» adlı kitab üzərində işləyirəm. Bu kitabda sosialist realizm metodunu SOSrealizm kimi yazıram. Yəni realizmin SOS! – İmdad! çağırışı kimi. Demə, məndən əvvəl bu sözü Azad da bu şəkildə yazıbmış, Bu işdə onun prioritetini, birinciliyini təsdiq edərək, mən də belə yazırdım və yazacam).

XIX əsrin sonu – XX əsrin əvvəllərində Avropada, Rusiyada, Şimali və Cənubi Amerikada ötüb gedən cərəyanları xatırlayaq. Rəssamlıqda impressionizm və postimpressionizm, puantilizm, fovizm, ekspressionizm, abstraktsionizm, taşizm, pop art, op art. Ədəbiyyatda (həm də sənətdə) futurizm, dadaizm, imajinizm, akmeizm, ekzistensializm, absurdizm və s. və i. a. Hamısını öz dövrünün modernizmi (yəni çağdaşlığı) da saymaq olar və ona görə də bütün bunlardan sonra meydana çıxan cərəyanları postmodernizm adlandırmaq mümkündür. Özümü postmodernizm üzrə uzman saymasam da, hər halda müəyyən məlumatlarım var və bu məlumatlar çox ziddiy­yətlidir. Postmodernizmi çağımızın aparıcı sənət cərəyanı, ədəbiyyatda yeni söz, yeni dövr sayanlar da var, onu büsbütün inkar edən, sadəcə olaraq, yaza bilməyənlərin şarlatanlığı, başaldatmaq təşəbbüsü kimi qələmə verənlər də…

Ədəbi tənqidin, ədəbi ictimaiyyətin postmodernist saydıqları Umberto Eko, Orxan Pamuk kimi yazıçıların özlərinin postmodernizmə münasibətləri birmənalı deyil. Umberto Eko postmodernizm tarixinin az qala Homerə çatdırılması haqqında istehzayla danışır, yazır:

«Təəssüf ki, postmodernizm hər şeyə yarayır. Mənə elə gəlir ki, bizim zamanda bütün bu sözdən istifadə edənlər onu hər dəfə kimi isə tərifləmək istədiklərində işlədirlər… Postmodernizm – modenizmə cavabdır. Madam ki, keçmişi yox etmək olmur və ya onun məhv edilməsi heçliyə gətirib çıxarır, o zaman onu yenidən ironiya ilə şəbədəyə – lağa qoyaraq təqdim etmək lazım gəlir… Mənə elə gəlir ki, biz daima müzakirələrimizdə mövcud olan bu gizli fikirlərdən əl çəkməliyik – o fikirlərdən ki, hay-küy əsərin yeganə meyarıdır». 
Orxan Pamuk Bakıda olarkən ondan soruşdum: 

– Orxan bəy, siz postmodernistsinizmi? – Əsla yox, – dedi. – Bizdə yaza bilməyənlər özlərini postmodernist adlandırırlar – dedim. – Bizdə də öylə

– qarşılığını verdi. 

Məsələn, mən dostum Kamal Abdulla kimi istedadlı yazıçını postmodernist adlandıranda təəccüblənirəm. Hətta özü belə bu təyini qəbul edirsə belə, mən onun parlaq nəsrində ədəbiyyatımızın ən sağlam ənənələrinin yeni dövrdə, yeni üslubla davam etdirilməsini görürəm, keçmişin inkarını yox. Davam etmək səndən əvvəlkiləri danmaq deyil. Bu baxımdan Azad Yaşar da indiki rus ədəbiyyatından seçdiyi və çevirdiyi mətnlərə, bəzi inkarçı nəzəri fikirlərinə görə postmodernistdirsə, bədii yaradıcılığı etibarıyla bu cərəyana, məncə, heç bir aidiyyatı yoxdur. 

Yeri gəlmişkən, rus postmodernistləri barədə yunan yazıçısı Nikos Zavras belə yazır:

«Həyasız, kəmsavad jurnalistlərə öz ordusunu alçaltmağa, vulqar post­mo­der­nist «yazıçılara» əzəmətli rus ləyaqətini təhqir etmək, rus məktəb­lərinin mü­dir və müəllimlərinə hər cür zibil və çirkabı təqdim etməyə icazə verən xalqı gör­mək xəcalət gətirmirmi? Postmodernizm şöhrətpərəst, həyasız, özün­dənrazı və ifrat dərəcədə pafosludur. Çünki naqislik və günah həmişə aqressivdir. Homoseksualizm pafosu, kobudluq pafosu bayağı rişxəndçilik pafosu». 

Umberto Ekonun «Qızılgülün adı» romanından məni heyrətləndirən bir sitatı da gətirim:

«Elə bir vaxt gələcək ki, qanunsuzluq yayılacaq, oğullar valideyn­lərinə əl qaldıracaq, arvadlar ərlərinə xəyanət edəcək, ər arvadını hakimlərin qarşısına çıxaracaq, ağalar öz təbəələrilə insafsız davra­nacaq, təbəələr ağalara itaət etməyəcək. Böyüklərə hörmət qalmayacaq, yetkinləşməmiş gənclər hakimiyyət tələb edəcək, iş, əməl faydasız, zəhlətökən bir şeyə çevriləcək, hər tərəfdə günahın, qüsurun, bütün əxlaq qaydalarının pozulmasının şərəfinə mahnılar oxunacaq». 

Vaxtilə (2012-ci ildə) Orxan Pamuk haqqında yazdığım essedə U.Ekonun romanından bu parçanı gətirdikdən sonra qeyd edirdim:

«Bu fikir mənə təkcə orada sanki postmodernizm estetikasının və eti­kasının ifadə olunması və bütün bu deyilənlərin zəmanəmizin həqiqətlərinə tuş gəlməsi ilə deyil, həm də bu mətnin qədim «Oğuznamə»lərdən birində ailə bağlarının qıırılması, yaş ierarxiyasının pozulması, hakimiyyət hərisi olan «südəmər» gənclərin hərcmərclik və qanunların tapdanması haqqında şikayətlərilə tam eyniliyilə heyrətləndirdi. Həqiqətən, dünyada heç bir şey yeni deyilmiş». 

Bəs çağdaş postmodernistlərin məqsədi nədir? Yalnız adamların mənəviyyatını qıcıqlandırmaqmı, epatajmı? Qısa bir müddətdə doğrudan da epatajla kimlərinsə diqqətini çəkmək, hətta populyarlaşmaq olar. Amma epataj – sənətdə ömrü ən qısa olan bir oyundur. 

Postmodernizmin əsas postulatlarından biri – keçmişə, ədəbiyyata, dilə, üsluba, klassik süjetlərə və nəticə etibarilə bütün bədii və əxlaqi dəyərlərə destruktiv münasibətdir.

Belə olan surətdə bizdə klassik ədəbiyyata destruktiv münasibətin ilk örnəkləri M.Ə.Sabirin Füzuli qəzəllərindən satirik məqsədlərlə istifadə etməsi, onları «aşağılaması», necə deyərlər, «isbatdan çıxarmasıdır». 

Eyni cəhd Mayakovskinin «Yaxşı» poemasında Puşkin Tatyanasının kövrək sevgi məktubunu parodik şəkildə istifadə etməsidir. Yadıma düşdü ki, vaxtilə Molla Pənah Vaqifin «Kür qırağının əcəb seyrangahı var / yaşılbaş sonası heyif ki, yoxdur» misralarını Rəsul Rza «Kür qırağının əcəb seyrangahı var/, yaşılbaş sonası yaxşı ki, yoxdur» şəklində istifadə etməsi necə tufan qoparmışdı, hətta yazıçılar qurultayında sərt tənqidi çıxışlara səbəb olmuşdu. Azadın bir şeiri də atamın vaxtilə kəskin etirazlara məruz qalmış misralarını xatırlatdı mənə. Bir şeirində Azad qadınların «Çoxusu ya sarımsaqdır ya da ki, soğan» yazır. Vaxtilə Rəsul Rzanı «Sən öpüşməyi sevirsən, mən sarımsağı» misralarına görə az qala çarmıxa çəkəcəkdilər. 

Dediyim kimi, dünya ədəbiyyatında da, rus ədəbiyyatında da postmo­dernizmə sırf mənfi münasibət də var. Şəxsən mənim postmodernizmdə qəbul etmədiyim ən əsas cəhət onun bütün özündən əvvəlki ədəbiyyata nihilist, inkarçı münasibəti, özəlliklə də «altmışıncılara» qarşı açıq düşmənçiliyidir. Bu da bizə çağdaş rus postmodernistlərindən yoluxmuş azardır. 

Amma axı çağdaş rus ictimai ovqatıyla bizim ictimai əhvalımız bir-biriylə daban-dabana ziddir. Rus cəmiyyətində hakim olduqları böyük imperiyanın itirilməsilə bağlı, bunun nisgilini çəkən, özlərini hamı tərəfindən alçaldılmış və ona görə də hamıya nifrətlə baxan bir əhval-ruhiyyənin daşıyıcıları mövcuddur. Biz isə uzun illər həsrətini çəkdiyimiz müstəqilliyimizə qovuş­mağın fərəhini duyan, 44 günlük zəfər yürüşündən və işğal olunmuş ərazilərimizin azad olunmasından sonra isə, qələbənin qürurunu yaşayan millətik. Söz yox, bugünkü həyatımızda mövcud kəsirləri, çatışmazlıqları, haqsızlıqları danmırıq, amma bunlar müstəqilliyimizin bəxtəvərliyilə tutuşdurula bilməz.

Rusiya Prezidenti SSRİ-nin süqutunu XX əsrin ən böyük faciəsi sayır. Nə XX əsrdə milyonlarla insanın həyatına son qoyan iki cahan hərbləri, nə 37-ci il müsibətləri, nə Stalin rejiminin cinayətləri, nə Xolokost, nə faşizm və onun fəsadları, nə konslagerlərin qaz kameraları, nə QULAQ, nə Yaponiyanın atom bombardmanı, nə böyük şəhərləri sarsan terror aktları… Demə, bütün bunlar deyil, sonuncu imperiyanın süqutu imiş əsrin ən böyük faciəsi. Tarixdə bütün imperiyalar gec-tez dağılır. Makedoniyalı İskəndərin, Çingiz xanın, Teymurləngin, Napoleonun səltənətləri, Qədim Roma və Sasani dövlətləri, Ərəb xəlifəlikləri, XX əsrdə isə Britaniya, Avstriya-Macarıstan, fransız, ispan, portegiz, holland, Belçika, Osmanlı imperiyaları dağıldı, yüzlərlə xalq azadlığa qovuşdu, istiqlalını elan etdi. İmperialist ölkələrin heç birində keçmiş hökmranlıq dövrü üçün nostalji hissləri açıq bilin­mir, daima dartışılmır. Bircə rus imperialistləri hələ də itirilmiş neomüs­təmləkələrinin xiffətini çəkir, SSRİ-nin yenidən bərpa olunacağı xülyalarıyla yaşayırlar. Rus postmodernist­lərindən, məsələn, Limonovun 60-cılar nəslinə qarşı iradı ondan ibarətdir ki, onlar sovet rejiminin yenilməsinə çalışıblar. Başqa bir rus postmodernisti Vladimir Sorokin (Azad Yaşarın tərcüməsində) bəyan edir ki, «altmışıncılar ədəbi nəslini yenilikçi yox, sosialist realizminin davamçısı sayır». Əfsus ki, Azad özü də bu sözlərə özünün elə Sorokin ruhunda və leksikonunda biədəb rübaisini əlavə edir. Bəlkə bəzən iddia olunduğu kimi, doğrudan da rus ədəbiyyatının Gələcəyi onun Keçmişidir. Hansı postmodernizmə, ostmodernizmə, dostmodernizmə, tostmodernizmə mənsub olursan-ol, rus ədəbiyyatının tarixində Limonovun və Sorokinin pornoqrafik romanları deyil, o vaxt döyülən, indi isə söyülən altmışıncıların yaratdıqları qalacaq – şeirdə Y.Yevtuşenkonun, A.Voznesenskinin, B.Axmadullinanın, İ.Brodskinin, V.Vısotskinin poeziyası, nəsrdə Y.Kazakovun, V.Şukşinin, V.Aksyonovun, Fazil İsgəndərin, V.Maksimovun, V.Rasputinin, A.Bitovun, V.Belovun əsərləri… 

Rusiyada postmodernistlər «altmışıncıları» sovet rejiminə qarşı olduq­larına görə sevmirlər, bizim postmodernistlər isə, həmin nəsli guya sovet quruluşuna xidmət etdiyimizə görə qınayırlar. Quruluşa xidmətimiz nədən ibarət imiş – yazılarımızı güc-bəlayla senzuradan keçirə bilməyimiz ya Sovet həyatına qara yaxmağımıza, SOSrealizmə xilaf çıxmağımıza, millətçiliyə, turançılığa meyil etməyimizə görə ən yüksək kürsülərdən suçlanmağımız, Partiya mətbuatında «ifşa» edilməyimiz?! 

Çağdaş Azərbaycan ədəbiyyatından «altmışıncıları» və onların ən yaxın sələflərini – İsmayıl Şıxlını, İsa Hüseynovu, Sabir Əhmədlini, Yusif Səmədoğlunu, İsi Məlikzadəni, Maqsud İbrahimbəyovu, Fərman Kərim­zadəni çıxarın, görün nə qalır? Şeirdə Bəxtiyar Vahabzadəni, Qabili, Əli Kərimi, Məmməd Arazı, Xəlil Rzanı, Cabir Novruzu, Tofiq Bayramı, Fikrət Qocanı, Fikrət Sadığı, Vaqif Səmədoğlunu inkar etməklə nə qazanarıq? Yalnız dünyasını dəyişən rəhmətliklərin adlarını çəkirəm. Amma axı hələ də diri-diri basdırmağa nə qədər çalışsalar da, ölməyə tələsməyən, yazıb-yaradan «altmışıncılar» durur. Nəsrdən söz düşmüşkən, sonrakı nəsillərdən kim «Saz», «Tütək səsi», «Yamacda nişanə», «Qətl günü», «Quyu», «Küsü» (“Ondan yaxşı qardaş yoxdu”), «Qarlı aşırım» səviyyəsində əsərlər meydana çıxarıb?

Sovet dövründa aldığımız mükafatları, fəxri adları başımıza qaxmasınlar. So­vet hakimiyyəti o qədər ağılsız deyildi ki, bütün istedadları ucdantutma məhv edəydi. Rejimə də yalnız Sofronovlar, Qribaçovlar yox, Şukşin və Ras­pu­tin, Yevtuşenko və Voznesenski lazım idi ki, heç olmasa dünya qarşısında öz dözümlülüyünü nümayiş etdirə bilsin. Mükafatlar və fəxri adlar Üzeyir Ha­cıbəylinin, Səməd Vurğunun, Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Bülbülün, Rəşid Behbudovun, Səttar Bəhlulzadənin, Bəxtiyar Vahabzadənin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun, Arif Məlikovun, Məmməd Arazın, Müslüm Maqomayevin sənət ucalığını zərrə qədər aşağı salmır. 

Tək çağdaş Azərbaycan ədəbiyyatına deyil, Füzulidən Mirzə Fətəliyə, Mirzə Cəlilə, Sabirə qədər dahilərə də dil uzadırlar. İndi hər yetəni dahi adlandıranda, əsl dahilərdə nöqsan axtarırlar. Görəsən, heç düşünürlərmi ki, bütün bu ədəbi və mədəni sərvətlərimiz olmasaydı, Azərbaycanın mənəvi varlığı necə də kasıb görünərdi? 

Belə inkarçılıq, istər-istəməz, erməni dəyirmanına su tökməkdir. Axı ermənilərin də alçaqcasına iddia etdikləri budur ki, bizim nə şanlı tariximiz olub, nə zəngin mədəniyyətimiz. Ədəbiyyatımız da olmayıb. Fürsət düşən kimi oğurladıqları musiqimiz də demə, bizim deyilmiş. «Arşın mal alan»a sahib çıxmaq istəyənlərə bircə sualım var: Məgər erməni qadınları da bizimkilərtək çadra altında gizlənirdilər ki, belə süjetə ehtiyac olsun?

Sözün ucundan tutub ucuzluğuna getməyək. Məni çox narahat edən odur ki, postmodernist dedikləri mətnlərin bir çox tərbiyəsiz, ədəbsiz, abırsız örnəkləri (onları misal çəkməsəm də bollu miqdarda gətirmək olar) ümu­miyyətlə, əxlaqda aşınmaya gətirib çıxarar. Min illər boyu təsdiq olunmuş milli «Böyük-Kiçik» münasibətlərinə qarşı çıxanların ağıllarına gəlirmi ki, özləri də qocalacaqlar və bir gün o zamanın lovğa cavanları onlara hörmətsizlik edərkən acı təəssüf hissiylə öz gənclik illərini xatırlayacaqlar? 

Azad Yaşarla bağlı belə çeşidli düşüncələri qələmə almağımın səbəb­lərindən biri də odur ki, nə qədər qəribə görünsə də, onun şeirləriylə keçmiş ədəbiyyat arasında uçurum yox, körpü gördüm. Konkret misallar gətirərək, bunu sübut etməyə çalışacam. Söhbət təkrardan ya xudanəkarda təqliddən getmir. Heç təsirdən də getmir. Söhbət ondan gedir ki, bəzən eyni mövzuya müraciət edən Azad Yaşar da, keçmiş dövrlərin şairləri də oxşar, fəqət, fərqli sənət nümunələri yaradırlar. Heç kəs Azadın yazdıqlarını öz istəyiylə postmodernizmə aid olmasını yasaqlaya bilmədiyi kimi, heç kəs də sovet illərində yaranan dəyərli örnəkləri SOSrealizm kimi damğalaya bilməz. 

O dövrün tələblərinə uyğun olaraq şairlər, yazıçılar, bəzən tam səmi­miyyətlə, ürəkdən, bəzənsə, məcburi Partiyaya, Leninə, Stalinə şeirlər həsr etmişlər. Amma məsələn, Səməd Vurğunun «Yadıma düşdü», «Dünya», «Ceyran», «Mən tələsmirəm» və onlarca şedevrlərini sovet ədəbiyyatı kimi damğalayıb dışlamaq olarmı? Aşıq Ələsgərin «Dağlar» qoşması nə qədər «sovet ədəbiyyatı»dırsa, Səməd Vurğunun «Dağlar» şeiri o qədər sovet ədəbiyyatıdır. Süleyman Rüstəmin Cənub həsrətli şeirlərini, qəzəllərini, Bəxtiyar Vahabzadənin şüurları milli ruhda yetişdirən şeir və poemalarını, Qabilin lirikasını ədəbiyyatdan çıxarmaq olarmı? 

«Bunların heç biri olmayıb, ədəbiyyat bizdən başlayır» kimi sərsəm fikirlər, cəhalət, nadanlıq örnəyi kimi son dərəcə ziyanlıdır. Bir daha təkrar edim ki, ədəbiyyat inkar zəminində yox, davamiyyət üstündə inkişaf edir, yeniləşir, çağdaşlaşır. 

Səməd Vurğunun «Körpünün həsrəti» şeiri var. Azad da «Araz» adlı şeir yazıb. Nə əsasla Azadın dəyərli şeirini yeni ədəbiyyat, Səməd Vurğunun gözəl şeirini köhnə ədəbiyyat saymalıyıq? Sözlərimi Rəsul Rza mövzusuna keçmək üçün bəhanə sayanlar saysınlar. Amma bu həqiqəti necə danmaq olar ki, Azadın «Eynəyin yuxusu» və Rəsul Rzanın «Eynək» adlı şeirləri nə postmodernizmə aiddir, nə sovet ədəbiyyatına.

Azadın şeiri: 

Yatanda insan çıxarır eynəyini
«Yetər hər yerə səninlə baxdığım, 
Yuxumu şəriksiz görmək istəyirəm» deyə. 
Eynək susar, uyuyar bir az aralıda –
İnsan öz yuxusuna dalar, 
Eynək öz yuxusuna… 
Rəsul Rzanın şeiri:
Bir şüşədir, bir sümük 
Gözə artıq pərdə, buruna artıq yük, 
Mənə əziz olmasa da gözlərimtək
Gözlərim qədər mənə gərək oldu eynək. 

Bunlardan hansı postmodernizm örnəyidir, hansı deyil? Bir nəfər bunu izah eləyə bilərmi? Fərq yuxudadırsa, Rəsul Rzanın da yuxuya aid xeyli şeiri var, o cümlədən senzura əsarətindən xilas olmaq üçün yazdığı «Yuxuma gəlmişdi Ezop» şeiri.

Ezop gedib 
dili qalıb 
Dünyanın min bir müşgülü qalıb 
Bəzən qorxudan işlənir bu dil 
Bəzən qəzəbdən. 
Sizi necə, bilmirəm, 
mən ki, yerdən-göyə 
razıyam Ezopdan. 

Bu misralar Rəsul Rzanın da, o dövrün bir çox şairlərinin də yazılarına bu günün gözüylə baxmaqçün açardır. 

Senzurasızlıq dövrünün ərköyünləri bəzən sovet illərində yaranan şeirlərin Ezop dilinə rişxənd edirlər, halbuki o dövrün ən cəsarətli əsərləri tək Azərbaycan dilində deyil, həm də Ezop dilində yaranırdı. 

Azadın azadlıq və sensurasızlıq dövründə yazdığı müəyyən şeirlərilə sovet illərində yaşayıb-yaratmış bəzi şairlərin əsərləri arasında paralellər üzərində dayanmaq istəyirəm. Bir də təkrar edim; məsələ təqliddə ya təsirdə deyil. Məsələ ondadır ki, müxtəlif siyasi quruluşlarda yazanlar eyni ümumbəşəri hissləri keçirmiş və ifadə elə bilmişlər. 

«Mənim sonum» şeirində Azad yazır:

Mənim sonumdur sənin əvvəlin
Sən mənim sonumsan –
Mən sənin əvvəlindim. 
Mənim sonum, 
səni düşünürəm 
məndən başlayan sonu düşünürəm.

Eyni duyğular və düşüncələr Bəxtiyar Vazabzadənin məşhur şeirində ifadə olunmayıbmı?

Azadın «Qocalıq əlaməti» şeirini oxuyanda Fikrət Qocanın «Yaş o yaş deyil» şeirini xatırlamamaq mümkün deyil. 

Azadın: «Dəli» şeirində «dəli-ağıllı» dilemması, Fikrət Qocanın «Hamının özünü ağıllı sayması» fikriylə səsləşir. 

Vaqif Səmədoğlu: «Ömrün divarında yenə kəndir dayanır qapı yerinə» – deyir: 

Azad Yaşar da: «Gözü – pəncərəsi/ dili – qapısı olan divarlar» – yazır. 

Hər ikisi orijinaldır, tapıntıdır, gözlənilməz obrazlardır. Birini qəbul edib, digərini inkar etməyin nə mənası var?

Ədəbiyyat – davamiyyətdir, ardıcıllıqdır və məhz bu yolla dəyişir, yeniləşir. 

Rus şairi Andrey Voznesenski kimi, Azad Yaşar da təhsili etibarilə memardır. Peşəkar memar kimi işləyib də. Voznesenski kimi, o da şeirlərinə çeşidli geometrik fiqurlar və naxışlarla illüstrasiyalar çəkir, ərəb əlifbasının hərfləriylə Qurandan ayələri, din xadimlərinin adlarını təsviri sənət üsullarıyla bədiiləşdirir.

Azadın şeirlərində yaşadığı Zamanın da izləri açıq-aşkardır: mobil telefonlar, konturlar, plastik əməliyyatlar, silikon və sair elementlər var, ancaq onun poeziyası, zənnimcə, bu zahiri əlamətlərə görə yox, ruhu etibarilə yenidir. Bu poeziyanın yeniliyi heç vəchlə daha əvvəl yazılanların köhnəldiyi demək deyil. Azadın şeirlərində bu fikirlərimin tam təsdiqini tapıramsa, bəzi nəzəri baxışlarında bunun tam əksini görürəm. «Yenə də kitab» essesində yazır:

Son dövr ədəbiyyatımızın hədsiz lokal, məhəlli xarakter daşıdığı qə­naətin­dəyəm. Belə rəqibsiz situasiyada istebleşment ədəbiyyatımız özünü xeyli rahat hiss edir, çap və yayımla bağlı hər ixtiyarı öz təkəlində cəmləşdirən bu qaragüruhçu dəstə «Ədəbiyyatın qaymağı bizdədir» – deyə car çəkir. Məncə, köhnə səhifəni qapatmağın vaxtı çoxdan çatıb. Heç fil qulağında da bu qədər yatmaq olmaz. Təzə səhifəyə keçmək lazımdır». 

Bu kinayəli abzasda «istebleşment» sözünü öz üstümə götürürəm, «fil qulağında yatan» da yəqin ki, mənəm, amma Azadın deyimiylə «çap və yayımla bağlı hər ixtiyarı öz təkəlində cəmləşdirən qaragüruh dəstə»yə mənsub olsam da, yüzlərlə qəzet, jurnal çıxan, elə təqribən o qədər də saytlar olan məmləkətdə hər şeyi necə öz əlimdə cəmləşdirməyim müəmma olaraq qalır. Haçan, hansı birimiz «Ədəbiyyatın qaymağı bizdədir» kimi ucuz sözlər söyləyib? Əksinə, sizin nəslin bəzi nümayəndələri «ədəbiyyatı ancaq biz yaradırıq, ədəbiyyat bizdən başlayır» – deyə çığır-bağır salanlar, özlərini postmodernist elan edənlərdir. Elə onlar da heyifsilənirdilər ki, neçin terroristlər Yazıçılar Birliyinə gəlib, oranın rəhbərliyini qırıb-çatmayıblar. Aqressiv olanlar kimlərdir, rəqib saydıqlarının ölümünü, fiziki məhvini gözləyənlər deyilmi?

Yazıçılar Birliyinə üzv olmayanların təşkilatımıza əsas iradı belədir ki, niyə Dövlətin bizə ayırdığı maddi vəsaiti onlarla bölüşmürük. Biz Yazıçılar Birliyi olaraq, həmişə Dövlətimizin və dövlətçiliyimizin tərəfində olmuşuq. 44 günlük zəfər döyüşü, ərazi bütövlüyümüzün bərpa olunması nə qədər haqlı olduğumuzu sübut etdi. Dövlət də mədəniyyətə, elmə, səhiyyəyə, təhsilə, idmana vəsait ayırdığı kimi, Yazıçılar Birliyini və onun ədəbi orqanlarını büdcəyə salır. Bu, dövlətin sədəqəsi deyil, borcudur. Bu maddi dəstəyin müqabilində ən azı son 34 ildə Dövlət heç vaxt təşkilatımızın daxili işlərinə qarışmır – nə katiblər, redaktorlar təyinatlarına, nə təqaüd, fəxri ad, mükafatlar siyahısına müdaxilə edir. Təbii ki, bizə nədən yazıb-yazmamağımızı da tövsiyə etmir. Dövlətin bizə ayırdığı vəsait qəpiyinəcən ədəbiyyatımıza, ədəbi tədbirlərə, kitab çapına, ehtiyacı olan ixtiyar və cavan yazıçıların məişət, səhhət və dolanışıq qayğılarına sərf edilir. Özlərini Azərbaycanın postmodernistləri elan edənlər bizi tənələyirlər ki, niyə vaxtilə Ulu Öndəri dəstəkləmişik, indi də nədən Prezident İlham Əliyevin tərəfindəyik. Hətta Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyimizə görə, kitablarımızı erməni qəbiristanlığında yandırmaq təklifi də səslənirdi. İndi deyin görək, hansı məntiqlə Dövlətin bizə ayırdığı vəsaiti onun və bizim əleyhdarlarımızla paylaşmalıyıq? 

Bir də, əzizim Azad, yalnız çağdaş dünya ədəbiyyatından hansısa müəl­lifin bu gün dəbdə olan, sabah unudulan yazılarını çevirməklə, öz ədə­biy­ya­tımızı yeniləşdirmək də olmaz, zənginləşdirmək də... Dünya ədə­biyyatının bir sıra şah əsərləri dilimizdə yoxkən, sorokin-limonov yazı­la­rıyla oxucula­rımızın zehnini bulamaq vacib deyil. Bir az qeyri-təvazökar səslənsə də, deyim, o Qərb yazıçılarından ki, sizin bəzi nəsildaşlarınız təzə-təzə xəbər tutur, biz o müəlliflərin əsərlərini altmış-yetmiş il bundan qabaq oxumuşduq. Tutalım, elə sizlərin göylərə qaldırdığınız fransız yazıçısı Lui Ferdinand Selini. Keçən əsrin əllinci illlərində Selinin «Gecənin qırağına səyahət» kitabını oxuyarkən, öz anasına aid işlətdiyi «qancıq» sözündən diksin­mişdim. 

Şübhəsiz, istedadlı yazıçının əsəriydi, amma bütün insanlara zooloji nifrət bəs­ləyən birisi bizdə heç bir rəğbət oyada bilməzdi. Selin Qərbdə Hertruda Stay­nın ifadəsiylə «itirilmiş nəsil» adlandırılan generasiyanın nümayəndəsi idi. On­lar Birinci dünya müharibəsindən çıxıb, hər şeyə inamlarını itirmiş insanlar idi. Selin Birinci cahan hərbində almanlara qarşı vuruşub, yaralan­mışdı. Amma mü­haribədən sonra amerikalı Heminquey, alman Remark, ingilis Oldinqton, fran­sız Barbüs inamsızlıqlarını, ümidsizliklərini üstələyib, humanist əsərlər yaz­dıqları halda, Selin qapqara mizantropiyaya qapılmış, qatı antisemit kimi faşist ideologiyasına tapınmış və daha betər – almanlar Fransanı işğal edərkən kollaborasionist, düşmənlə işbirliyi yapan satqın olmuşdu. İkinci dünya müharibəsində fransız yazıçıları – Andre Malro, Antuan Sent Ekzüperi, Jan Pol Sartr, Alber Kamyu, Fransua Moriak və bu kimi neçə-neçə başqaları silahla (Malro və Ekzüperi təkin) ya qələmlə, gizli fəaliyyətilə Müqavimət hərəkatında iştirak etmişdilər. Selin isə, işğalçıların buyruğunda durmuşdur. Təbii ki, müharibədən sonra fransız xalqı onu xain kimi ittiham edib, cəzalandırmışdır. 

Selin tənhalığından gileylənir. Yazıçıyçün iki növ təklik var. Müasirlərinin onu anlamadıqlarından doğan yalqızlıq, bir də hamıya düşmən gözüylə baxıb, hamıya paxıllıq etməyinin nəticəsi olan tənhalıq. Potsmodernistlər öz kumirləri saydıqları Selindən ona görə belə müfəssəl yazdım ki, Azad Yaşar rus antisemit yazıçısının Selinə aid mətnini də çevirib kitabına salıb. 

Çox təəssüflənirəm ki, Azad kimi Azərbaycan ziyalısı «Boz axına qarşı» («boz axın» yəqin ki, bizik) məqaləsində yazır: 

«Bu gün nəzmdə Y.Əmrə və ya Molla Vəli Vidadi şeirinə sönük yamsı­lamalar baş alıb gedir, nəsrdə isə bu adamlara görə ən böyük avtoritet uzaqbaşı Mirzə Cəlildir». 

Paradoks ondadır ki, bu sözləri Y.Əmrə və M.V.Vidadi şeiri üslubunda bir çox şeirlər yazan adam deyir. Cavab verə bilər ki, mən sönük yamsılamaları nəzərdə tuturam. Amma başqa birisi də onun öz yazılarını belə adlandıra bilər və əlbəttə, haqsızlıq edər. Azad ad çəkmədən bu üslubda yazan bir çox şairlərə şarşı haqsızlıq etdiyi kimi. Nəyi sönük yamsılama saymaqsa, yalnız konkret örnək göstərməklə mübahisəyə səbəb ola bilər. «Nə şiş yansın, nə kabab» ədəbi polemika üsulu deyil. 

O ki qaldı bədbəxt Mirzə Cəlilə – bədbəxt ona görə deyirəm ki, sağlığında da, ölümündən 90 il keçəndən sonra da ona avam, cahil hücumlar səngimir – bəli, bizimçün – «bu adamlarçün» ən böyük avtoritet Selin ya Sorokin yox, Mirzə Cəlildir. Həmişə də belə olacaq.

İndi özümün də gözləmədiyim ölçüdə uzanmış yazımın mənimçün ən ağır bölümünə keçirəm. İnanın ki, bu bölümü heç yazmaq istəməzdim. Amma Azadın iki məqaləsi məni buna vadar edir. 

«BOZ AXINA QARŞI» adlanan və təbii ki, ilk olaraq «Ədalət» qəzetində (30 iyul 2002) dərc olunmuş essesi Yazıçılar Birliyinə hücumla başlanır. 
«Hər halda ötən bir il ərzində AYB öz mövhumatçılığını, fitvabazlığını daha da artırıb ki, azaltmayıb». 

Quran ayələrini və din xadimlərinin adlarını kalliqrafik üsullarla şeir kitab­la­rında illüstrasiyalar kimi yerləşdirən adamın Yazıçılar Birliyini mövhumatçılıqda suçlaması qəribə deyilmi?

Sonra Azad Yazıçılar Birliyində bir müzakirədən bəhs edir, çıxışlardan sitat gətirir: 

“Gəlin, YB-yə qəbulun qarşısını alaq… YB-nin işini gözdən salanları, əxlaqsızlıq edənləri, özündən yaşca böyükləri təhqir edənləri iclas çağırıb, təşkilatın üzvlüyündən xaric etmək lazımdır”.

Bu sitatı bir neçə dəfə oxusam da, burada kriminalın nədən ibarət olduğunu an­laya bilmədim. Bizə iradlardan biri budur ki, üzvlərimiz həddən artıq çoxdur­lar. Bununla razıyıq, amma nizamnaməmizə uyğun olaraq, çıxarılmalı adam­ları Birlikdən xaric etmək təklifi nədən qəbahət sayılsın? Belə çıxır ki, Birliyi gözdən salanlar da, əxlaqsızlıq edənlər də, böyükləri təhqir edənlər də əcəb edirlər, onları üzvlükdən çıxarmaq isə, Sibirə sürgünə bərabər işdir. Yeri gəldi-gəlmədi, repressiya mövzusuyla nə qədər möhtə­kirlik etmək olar? Əslində, elə otuzuncu illər repressiyaları siyasi əxlaqı olmayan, böyük-kiçik tanımayan, hər bir ədəbi dılğırın Hüseyn Cavid kimi ağsaqqalların üstünə qalxmağından başlamışdı. Azadın həmin yazısında bizlərin maskasını yırtaq ifadəsi isə, hətta leksik cəhətdən otuzuncu illərin çağırışlarını birə-bir təkrar edir. 

Yazıçılar Birliyinin ədəbi orqanlarında guya ki, dram çapına qadağa qo­yul­ma­sı uydurmadır. Azad Vaqif Yusiflini bu uydurmaya şahid çağırır. Guya ki, V.Yusifli deyib dram əsərlərinin çapı, olsa-olsa, Xalq şairlərindən Va­hab­za­də­yə, Qabilə nəsib ola bilər. Azaddan fərqli olaraq, Vaqif Yusifli dəqiq bilir: Qabil öm­ründə dram əsəri yazmayıb ki, çap olunmasına da əngəl törədilməsin. Ya­zı­çılar Birliyinə belə hücumlar da bu sayaq təhriflərə, yanlışlara, ara söh­bət­lə­ri­nə, qeybətlərə, dedi-qodulara, şayiələrə əsaslanır. Lütfkarlıqla mənə «al­ternativ» sözünü izah edən Azad yazır ki, «alternativ bir şeyin tam əksi, in­ka­rı demək deyil, sadəcə, iki ya daha çox seçimdən birinə üstünlük vermək məc­buriyyətidir».

Yaxşı, seçimdə bir şeyi digərindən üstün tutmaq elə birincisini inkar etmək deyil, onun əksi olmaq deyil? Odur ki, mənə dil dərsi vermək lazım deyil. 

Bizim postmodernistlərin sevimli metodu keçmiş illərin ən məşhur, ən tanınmış, ən sevilən yazıçılarını «ifşa» etməkdir. Keçmişin qrafomanlarıyla işləri yoxdur, əlbəttə. Azad da Səməd Vurğunu neçə-neçə nəslin dillər əzbəri olan, ən ağır «beynəlmiləlçilik» zamanında azərbaycançılığın təsdiqi və məramnaməsi olan «Azərbaycan» şeirində «Partiyanın eşqilə» ifadəsinin dəyişdirilməsinə görə «ifşa» edir. Dövrün tələbləriylə bu şeirdə partiya sözünün işlənməsi, Vaqif Səmədoğlunun haqlı olaraq söylədiyi kimi, «minillik Azərbaycan ədəbiyyatının ən populyar şeirinə» kölgə sala bilməz.  Rəsul Rza ruhunu «Lenin» poemasına görə ən yıpranmış sözlərlə təhqir edən Azada cavab vermək istəmirəm. Bu sözlərinə görə, haçansa ədəbi vicdanı qarşısında xəcalət çəkəcəyinə inanmaq istəyirəm. 

Azadın da, bəzi başqalarının da bizə tutduqları iradlardan biri də, niyə No­bel mükafatı almamağımız ya heç olmasa bu mükafata təqdim edil­mə­mə­yi­miz­dir. Əvvəla, hər halda, bizi bu mükafata ən azı namizəd kimi görmələri çox şey­dən xəbər verir. Bu iradın cavabı isə budur ki, bəs onda niyə Azərbaycan fut­bol komandası dünya çempionu deyil? Niyə bizim kosmonavtımız yoxdur? Ni­yə Kann, ya Venetsiya kinofestivallarının qalibləri deyilik? Niyə, niyə, niyə? Ni­yələr çoxdur. Nobel mükafatı adətən, dünyanın çox yayılmış dillərində – in­gil­is, ispan, fransız, alman dillərində yazan müəlliflərə, bir də Nobelin vətəni Skandinaviya yazıçılarına verilir.

Deyərlər ki, dünyada ən çox Çin dilində danışırlar – milyard yarım insan… Milyard yarım çinlinin yalnız bircə yazıçısı Nobel alıb. Bir milyardlıq Hindistanın yeganə nobelçisi Rabindranat Taqordur. Neçə yüz milyonluq müsəlman dünyasından yalnız Orxan Pamuk bu mükafata layiq görülüb, o da mifik erməni soyqırımını qınayandan sonra. Misirli nobelçi Məhfuz ərəbcə yazsa da, koptdur, xristiandır. Bir də, bu mükafat əksər hallarda öz ölkə­lərindəki rejimə asi olanlara verilir. Sıravi bir publisist olan belarusiyalı Svetlana Aleksiyeviç məhz elə buna görə böyük belarus yazıçısı Vasil Bıkovun ala bilmədiyi Nobel mükafatına layiq görüldü. Onu da xatırlayaq ki, Nobel mükafatına layiq görülmüş beş rus yazıçısından üçü ölkələrindən didərgin salınmış mühacirlər (İvan Bunin, Aleksandr Soljenitsın, İosif Brodski), biri öz ölkəsində pisikdirilən Boris Pasternak idi. Odur ki, bizi Nobel almadığımıza görə qınamaq yersizdir. 

Azadın məni daha çox ağrıdan yazısı atama həsr olunmuş «Kimdir ilk modernist» məqaləsidir (Bu da şübhəsiz, ilk dəfə «Ədalət» qəzetinin 2002-ci ilin 13 sentyabr sayında dərc olunmuşdu). Sitat gətirirəm:

«AYB-dən və şəxsən onun sədri A.Rzayevdən hər hansı bir şey (ev, mükafat, təqaüd, vəzifə və s.) umanların bu sədr cənablarına deyil, məhz onun atası mərhum şair Rəsul Rza haqqında mədhiyyələr yazmağa girişməsi, son illər nəinki bir adət, hətta epidemiya halını alıb».

Ondan başlayım ki, Azad postmodernistlərin yəqin ki, qərarlaşdırılıb təsdiq olunmuş şanlı ənənəsinə sadiq qalaraq, mənim adımı bütün xalqın tanıdığı kimi, Anar deyil, Anar Rzayev şəklində yazır. Yəqin əmindirlər ki, bununla sinəmə dağ çəkirlər. Bu işdə Azad curlarından da irəli gedərək, A.Rzayev yazır. Yazıq oxucu nə bilsin söhbət kimdən gedir – jurnalist Ağababa Rzayevdən, artist Atamoğlan Rzayevdən ya yazıçı Anar Rzayevdən? Əlbəttə, arif oxucu təhqirlərin şiddətinə görə söhbətin məhz yazıçı Anardan getdiyini anlayacaq. 

Bir yandan Azad Rəsul Rzanın çox illər öncə aldığı mükafatlara, fəxri adlara təəssüflənir, o biri tərəfdən də elə çıxır ki, bütün bu reqaliyalar Rəsul Rzaya Anara görə verilib. Onun bu gümanından daha bir məntiqi nəticə çıxır: əgər Rəsul Rzanı tərifləyənlər (yenə yazıq Vaqif Yusiflini hədəfə alır) Anara görə tərifləyirlərsə, deməli, ona çirkab atanlar da, bunu Anara görə edirlər. Şəksiz, bu ikinci güman daha doğrudur. Yazıçılar Birliyindən, şəxsən Anardan umduqlarını – ev, mükafat, təqaüd, vəzifə ala bilməyənlər bunun hayıfını Rəsul Rzadan çıxırlar. «Uman yerdən küsərlər» – deyiblər. Yazıçılar Birliyindən umduqlarını almayanda Rəsul Rzadan «küsürlər». Namuslu ədəbiyyat adamları, gözəl şair Çingiz Əlioğlunu, istedadlı tənqidçi Vaqif Yusiflini top atəşinə tuturlar ki, niyə onlar Rəsul Rzanın «XX əsr Azərbaycan şeirində ilk modernist şair olduğunu» iddia edirlər. Yaxud nə səbəbdən «Ustad Rəsul Rza Azərbaycan şeirində bütün özündən sonrakı başlanğıcların başlayıcısı, əzəli, ibtidasi idi» – yazırlar. Çingiz Əlioğludan daha bir sitat gətirir: «Məhz bu səbəbdən müasir şeirimizin bügün çağdaş avanqard, modernist və postmodernist (Allah göstərməsin – mənim qeydim) axtarışlarının başlanğıc mənbəyini də Rəsul Rzanın metafizik poeziya irsində soraqlamaq lazımdır». 

Onu da deyim ki, nə Çingiz Əlioğlu, nə Vaqif Yusifli Yazıçılar Birliyindən ev, mükafat, fəxri ad, vəzifə almayıblar, intəhası, ədəbi vicdanları var. 

Yaxşı, əziz postmodernistlər, Rəsul Rza nə yenilikçi olub, nə novator. Yenilikçi də, novator da rəhmətlik Məmməd Rahim idi. Di dincəldiniz? Sərbəst vəzni də (indi çoxunuzun yazdığınız vəzni) Azərbaycan ədəbiyyatında üçüncü vəzn kimi təsdiq edən Rəsul Rza deyil, otuz il ərzinə bu vəzni təkbaşına yaşadan, o vaxtın nadanlarından qoruyub saxlayan, 60-cı illərdə o vəzni estafet kimi yeni nəsillərə ötürən də Rəsul Rza olmayıb. Ədəbi davamçıları da, ədəbi məktəbi də yerli-dibli yoxdur. Əl çəkin onun ruhunu incitməkdən, adını yeri gəldi-gəlmədi hallandırmaqdan. Məni də atamdan yazdığım üçün qınamayın. Onun yaradıcılığına və ömür yoluna hamıdan artıq bələd olan mənəmsə, niyə bildiklərimi yazmamalıyam? Bilmirəm Azad mənim «Mübarizə bu gün də var» kitabımla tanış olub ya yox. Tanışdırsa, dana bilməz ki, orda Rəsul Rzanın yaradıcılığı təriflənmir, izah olunur, anladılır, qandırılır.

O ki qaldı mərhuma atılan böhtanları təkzib etməyim, haqsız hücumlara cavab verməyim bu hər bir qeyrəti olan övladın müqəddəs borcu deyilmidir? 

Rəsul Rzanın əsas günahı «Lenin» poemasını yazmağı imiş. Əvvəla, Rəsul Rzanın «Lenin» poeması da, Mayakovskinin «Vladimir İliç Lenin» poeması kimi ilk növbədə sənət əsəri kimi dəyərləndirilməlidir. Bu poemaya görə, Maya­kovskinin Moskvanın mərkəzi meydanında ucalan heykəlini uçurmurlar ki…

İkincisi, hansı sovet şairi Lenindən, Stalindən şeir yaşmayıb? Bədbəxt Müşfiqin hətta «Stalin» poeması da var. 

Üçüncüsü, Azərbaycan xalqının qatı düşmənləri «İyirmialtılar» və onların başçısı Şaumyan haqqında yazan Kirov, hətta onun heykəlini mədh edən şairlər yada düşmür, yalnız Anara görə Rəsul Rzanın «Lenin» poeması məhkəməyə çıxarılır. Onu da deyim ki, Lenin Azərbaycana, hər halda, Stalindən, Şaumyandan, Kirovdan daha az zərər vurub. Stalin Azərbaycanı vilayətlərə bölüb beynəlmiləl əhali içində əritmək istəyirdisə, Lenin buna qarşı çıxmış, Azərbaycanın respublika statusunda saxlanmasını təmin etmişdi. Qarabağın Azərbaycanın tərkibində qalmasına da Nərimanovun xəbərdarlığıyla Lenin qərar vermişdi. 

Mən heç də Lenini ağa çıxarmaq istəmirəm. Rus xalqı qarşısında da, başqa xalqlar qarşısında da günahları hədsizdir. Stalin ondan da betər. Amma şübhəsiz, indinin «icazəli qəhrəmanları» o vaxt yaşasaydılar, pioner qalstuku taxıb bayram təntənələrində Leninə, Stalinə həsr olunmuş şeirləri şövqlə oxuyacaqdılar. 

Azad yazır ki, guya biz «Lenin» poemasını gizlətmişik. Mən Rəsul Rzanın beş cildliyini tərtib edərkən məhz bu sayaq söhbətlərə əsas verməməkçün «Lenin» poemasını da, Moskvada Azərbaycan dekadası günləri üçün yazılmış Stalin haqqında nəğməni də (musiqisi Niyazinindir) kitablarına salmışam. Stalinə həsr olunmuş kantatanın müəllifi böyük Üzeyir bəy Bülbülün ifasında bu mahnını çox bəyənirmiş. «Lenin» poeması da, Stalinə həsr olunmuş nəğmə də Rəsul Rzanın yaradıcılıq dəryasında bir damladır. Bir damlaya görə bütün dəryanı danmaq nadanlıqdır. Biz «Lenin» poemasını gizlətmirik, bizim opponentlər Rəsul Rzanın bütün başqa yaradıcılığını gizlətməyə çalışırlar. Onun: «Qızıl gül olmayaydı» poemasını, Nəsimi, Füzuli, Sabir, Qız qalası haqqında poemalarını, «Çinar», «Darısqallıq», «Ömürdən səhifələr», «Göy at», «Sarı dana və balaca qız», müstəmləkəçilik əleyhinə şeirlərini, azadlığı tərənnüm edən, Təbriz həsrətini, Qarabağın, Naxçıvanın bizimliliyini ifadə edən yüzlərlə şeirini gizlədir, yoxmuşlar kimi, üstündən keçirlər. 

Azad Yaşar dənizlə bağlı silsilə şeirlər yazıb. Rəsul Rzanın da Dəniz şeirlər silsiləsi var. Mən hər iki silsilənin bədii dəyərini müqayisə etmək fikrində deyiləm, ancaq onu demək istəyirəm ki, nə əsasla Azadın sərbəstlik dövründə yazdığı silsiləsi ədəbiyyat sayılsın, Rəsul Rzanın çətin illərdə meydana çıxardığı silsiləsi sovet ədəbiyyatı kimi damğalansın? Dəniz həmin dənizdir; sovet dövründə də, müstəqillik illərində də. Şairlərin dənizdən aldıqları təəssürat da, dənizlə bağlı fikirləri, duyğuları da heç bir rejimlə bağlı deyil. Bəs onda söhbət nədən gedir? Niyə biri ədəbiyyatın qapadılmalı köhnə səhifəsi, biri açılası yeni səhifəsi sayılsın? 

Mənə elə gəlir ki, nədənsə – hikkədənmi, tənbəllikdənmi, qərəzdənmi, kor­po­rativ həmrəylikdənmi – nədən olur-olsun, bir para qələm sahibləri Rəsul Rza­nın əksər əsərləriylə tanış deyillər, sovet vaxtı ona qarşı amansız hücum­lar­dan sanki xəbərləri yoxdur ya özlərini bilməməzliyə vururlar. Ən sərt sovet il­lərində atamın şeirləri, istər yüksək rütbəli partiya məmurlarının, istərsə sital so­vet tənqidçilərinin qınaq hədəfi olanda, uzaq Münhendə Süleyman Təkinər ad­lı azərbaycanlı mühacir və ədəbiyyatçı bu şeirlərin kommunist quruluşuna qarşı üsyançı ruhunda olduğunu dərk etmişdi və bu barədə geniş məqalə yazmışdı. 

«Azərbaycanın müasir sovet yazarları arasında misilsiz şairlik qüdrəti və həssas daxili aləmi ilə çoxdan bəri oxucuların diqqətini çəkməkdə olan şair Rəsul Rzanın son aylarda yazılmış şeirləri… qızıl tənqidçilərdən başqa bəzi partiya çevrələrini də ciddi məşğul etmişdir».

Süleyman Təkinər Rəsul Rzanın tənqidə məruz qalmış «İnsan», «Qədim əlyazması», «Yazıq» kimi şeirlərini geniş təhlil edib haqsız tənqidlərə əsaslı cavab verəndən sonra «Sığorta» şeiri üzərində dayanır. 

«Və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı «Kommunist» qəzetində şair Rəsul Rzanın son şeirlərini şiddətli tənqid edən məqaləsində «Sığorta» başlıqlı şeir üzərində önəmlə durmaqdadır». 

Ən qəribə isə odur ki, «Kommunist» qəzetindəki məqalənin müəllifi Rəsul Rzanın bu şeirini tənqid etdikdən sonra özünün sığorta haqqında yazdığı şeiri nümunə göstərir. Yazıq Süleyman əfəndi belə «tənqid» üsuluna təəccüb qalmasın, neyləsin? Ədəbiyyat tarixində bu, yəqin ki, ilk və yeganə faktdır ki, tənqidçi şairə NECƏ şeir yazmağın nümunəsini ÖZÜ yazdığı «şeirlə» göstərir. 

Həm tənqidçilər, həm yüksək rütbəli partiya məmurları tərəfindən daha kəskin tənqidlərə «Rənglər» silsiləsi hədəf oldu. 

«Rəsul «Rənglər»lə türk şeirində yeni bir səhifə açıb» – deyən Nazım Hikmətdən, bu tsikli Artur Rembonun poetik ixtiralarından üstün tutan görkəmli rus şairi İlya Selvinskiyə qədər bir çox məşhurlar «Rənglər»ə valeh olduqları vaxt, «Ədəbiyyat qəzeti»nin hər nömrəsində bu silsiləyə qarşı bir-birindən nadan yazılar çıxırdı. 

Nə isə… olan olub, keçən keçib. «Mübarizə bu gün də var, yarın da…» 

Sonda iki şeiri misal çəkərək yazımı yekunlaşdırmaq istəyirəm. 

Rəsul Rzanın «Rənglər» silsiləsindən «Boz» şeiri:

Çoxlara qarışıb itənlər
hər torpaqda bitənlər
Cansız barmaqlar arasında
sönmüş siqaretin külü. 
Vağam güllər – selofana bükülü
Boş günlər, 
Boş ürəklər, 
Həm elə, həm belə adam
Vərdişli könülsüz gülüş
Soyuq tənhalıqdan
Saçlarda qalmış gümüş                                                                                                                                                                                                Yetim bir qız uşağının
dəyişiksiz dizliyi
Vaxtın rəngsizliyi. 
1963


Azad Yaşarın «Daşlar» şeiri:

Yumulu gözlər, 
mumlanmış dodaqlar
Kəsik başlar
Gec düyünlənmiş yumruqlar 
Vaxtında deyilmədiyindən 
daşlaşan sözlər
Ürəkdən asılan yüklər 
Kimsəsizlər
Qərib dənizin yetim damlaları
Yaranışdan bəri unudulmuşlar
Atılmışlar, 
Yatmışlar
susmuşlar
donmuşlar 
Bir gün dil açacaqlarına 
Dil açacaqlarına aid nağıla aldanmışlar
Bir sözlə –
DAŞLAR! 
1983

Azad Yaşarın ədəbi vicdanına xitab edirəm. 1963-cü ildə Rəsul Rza bu üs­lubu, bu ifadə tərzini, bu intonasiyanı, bu poetik-obrazlı düzümü ədə­biy­ya­tımıza gətirməsəydi, 20 il sonra – 1983-cü ildə Azad Yaşar «Daşlar» şeirini bu şəkildə, bu səpkidə, bu üslubda yaza bilərdimi?

Daha sualım yoxdur. Asad Yaşarla bundan sonrakı münasibətlərimiz ondan asılıdır. Mən bu yazımı Azada sayğı əlaməti hesab edirəm. Onu saymasaydım, düşünən insan kimi onunla hesablaşmasaydım, ömrümün bu dar vaxtında belə yazını faktlarla, dəlillərlə, sitatlarla dəqiqləşdirmək əziyyətinə və bəlkə də vaxt israfçılığına qatlaşmazdım. 

Postmodernistlərdən fərqli olaraq, yazımda heç bir sərt ifadəyə, illah da təhqirlərə yer vermədim. Bir təsəllim olur ki, bu iki məqaləni Azad 19 il bundan qabaq yazıb, ola bilsin ki, ordakı fikirləri indi durulub, dəyişib. Digər tərəfdən, onu da nəzərə alıram ki, bu məqalələri 2016-cı ildə nəşr olunmuş kitabına da salıb. Amma hər halda, 2016-ci ildən də beş il keçib. Dünyada hər şey axır, hər şey dəyişir. İnanmaq istərdim ki, Azad ümumən əbə­biy­ya­tı­mıza da, Yazıçılar Birliyinə də, Mirzə Cəlilə də, Səməd Vurğuna da, Rəsul Rzaya da, o dövrün yazıçılarına, şairlərinə də daha obyektiv yanaşacaq, tarixilik ölçülərini, «Hamburq hesabını» unutmayacaq, Keçiciylə Əbədini ayıra biləcəkdir. 

Ədəbiyyatın inkişaf yolunun keçmişin inkarından yox, olanların yeni mər­hə­lədə, yeni üsullarla, yenə formalarla davamından keçməsiylə razı­la­şa­caq­dır. 

Mənimlə polemikaya girməyi lazım bilsə, cavab yazar və hər hansı ca­va­bının Yazıçılar Birliyinin mətbuat orqanlarında çap olunacağına təminat verirəm. 

Yaş fərqimizə görə yaxın dost ola bilməsək də, həmsöhbət ki, ola bilərik. 

İyul ayı, 2021 
Zuğulba

(Yazı "Azərbaycan" jurnalının sentyabr sayından götürülüb)

 





25.09.2021    çap et  çap et