525.Az

"Gənc əsgər"in son məktubu - Orxan Saffari hərbi xidmətdən yazır...


 

"Gənc əsgər"in son məktubu -<b style="color:red"> Orxan Saffari hərbi xidmətdən yazır...</b>

Bu yazını “maladoy tabor”da yazdığım son yazı , məktub kimi qəbul edin. Ona görə son yazı deyirəm ki, artıq “bayavoy tabora”a keçirəm. Yəni, daha gənc əsgər deyiləm. Əsgərlikdə olanlar nə demək istədiyimi yaxşı bilirlər. Əl-qərəz, yolum isə 30 ilə yaxındır işğal altında olan, bu gün isə azadlığına qovuşmuş Laçınadır. Qəribədir – Laçının ilk qışını görəcəyəm... Bunu düşünəndə içimdə özümlə fəxr edirəm. Laçın əsgəri! Bu ifadə Laçının özü kimi əzəmətli səslənir. 

Gənc əsgər dövrüm gözəl keçdi. Sayğıdəyər dostlarım da sağ olsunlar, tez-tez ziyarət elədilər. 

Burda yaxşı mütaliə elədim. Bəzən vaxt getməyəndə kitabı o qədər ağır oxuyurdum ki... Oxudum, özümdə qeydlər apardım. Cəmi, səkkiz kitab oxumuşam. Hətta siyahısını da yazmışam ki, qayıdanda həmin kitabları alım, rəfimə yerləşdirim, yenidən oxuyum:

1)    Mayn Rid – “Başsız atlı”
2)    Lev Tolstoy – “Hacı Murad”
3)    Aleksandr Belyayev – “Amfibiya adam”
4)    Ernest Hemenquet – “Qoca və dəniz”
5)    Jül Vern – “ İyirmi min lye su altında”
6)    Paulo Koelyo – “Kimyagər”
7)    Aleksandr Düma - "Qraf Monte Kristo"
8)    Knut Hamsun – “Aclıq”

Məncə, pis deyil... 

Yenə həmişəki kimi, yazmaq istədiyim şeylər çox, yazacaqlarım isə, az olacaq. İndi daha çox düşünürəm. Özümü ayrı dünyada hiss edirəm. İçimdə elə boşluq var ki, mənim üçün maraqlı materiallarla dolu keçən bu günlər bir ömür içimdən sızıltı kimi keçəcək. 

“İçimdən nə qədər adamlar keçir,
İlahi, boşluğum hər gün böyüyür...”

Nəysə, çox da sentimentallaşmamış sağollaşaq. 

Salamat qalın, qismət olsa, qısa vaxtdan sonra, daha doğrusu, sizin üçün qısa, mənim üçün... yaxşı, yaxşı, demirəm...

                       Diqqət! Düzül! Düzlən! 
                                  Fərəqət!

 

 





26.09.2021    çap et  çap et