525.Az

Şəhid olmaq ölmək deyil - Dünya boyda ölümsüzlük!


 

Şəhid olmaq ölmək deyil -<b style="color:red"> Dünya boyda ölümsüzlük!</b>

Bu gün qayıdan torpaqların qayıtmayan oğullarından danışırıq. Necə danışırıq? Gözümüz, könlümüz dola-dola, içimizdəki ayrılıqlara baş əyərək... O möhtəşəm, həyəcanlı, azadlıq nəşəli, şəhid ağrılı o payız günlərindən nə tez bir il keçdi? Onsuz da son vaxtlar illər tez keçir. Günü günün, ayı ayın, ili ilin ucuna düyünləyərək yel qanadlı atın belində ötüb keçirik gözlərimizdən...

2020- ci ilin qırx dörd günü işıq sürətiylə bizi yeni bir eraya apardı. 

27-i onların anım günüdür... Yox, yox, doğum günləridir. Canı, qanı torpaq, bələyi  bayraq olan oğullar... Nur üzlərinə lay-lay əvəzinə vətən himni oxunan igidlər. Bizi biz edib bizdən gedən, bizə qayıdan Tanrı mələkləri... Ölümləri ilə bizi öldürüb, yenidən dirilənlərim... Sizin vətənlə qovuşmağınız, bizi vətənə qovuşdurmağınız Yaqub peyğəmbərlə oğlu Yusifin görüşü oldu. Düz otuz il həsrət çəkdik. Vətən, yurd həsrətinə bükülüb torpağa dönənlər çox oldu. Ağrılı-acılı illər uzun çəksə də, sonu aydınlıqilə nəticələndi. İndi dizin-dizin sürünüb qan qoxulu, şəhid yuxulu torpağı öpənlər torpağa qurbanım var demişdi. Siz irəli düşdünüz. Çəkinmədən, göz qırpmadan, düşünmədən, bəlkə də elə arxada buraxdıqlarınızı düşünərək cisminizi, ruhunuzu, arzularınızı qaraca torpağa qurban verdiniz... 

Üç min şəhidimin şəhadətindən - yenidən doğulmasından  indi “Qırx dörd gün” adlı tarix danışır. Çox qəribə, “heyrət!” dedirdəcək bir tarixdi. İlk günü anım, hüzn, hər günü, hər saatı həyəcanla, qürurla yazılan tarix, son günü qələbə, sevinc... 

***                                         
                                                                     
ÖLÜMSÜZLÜK

Şəhid olmaq-bu torpağı ürəyində qucaqlamaq!
Vətən daşın xəzinətək varlığıyla ovuclamaq!
Düşmənini yox etməyə gözündə qılınc saxlamaq!
Şəhid olmaq-bir arzuya çatmaq üçün,
Min arzunun yollarını açmaq üçün,
Varlığıyla Vətən olmaq, Vətən demək, Vətən sevmək!
Kim sevəcək bu Vətəni, biz sevməsək?
Kim deyəcək düşmənlərə sözümüzü, biz deməsək?
Şəhid olmaq xəyanətə dözümsüzlük,
Şəhid olmaq-mən demədən Vətən deyib,
Sinəsini bu torpağa sipər edən bölümsüzlük!
Şəhid olmaq ölmək deyil,
Dünya boyda ölümsüzlük!

***

ZƏFƏR PAYIZ

Mən sevirəm payız səni
Vətən kimi, əsgər kimi, bayraq kimi...
müjdə verdin əsir olan torpağımdan.
Dedin, daha əsir deyil,
Dedin, daha azad olub vandallardan,
Qurtarıbdı əsgərlərim ürəyimi qandallardan.

Mən sevirəm payız səni...
əsgərimin yaşıl-sarı paltarısan,
neçə vaxtdı başsız qalan bağlarımda
əkilməmiş ağacımın dərilməmiş nubarısan...  
əsgər oğul səngərində
hər an vuran ürəklərin qubarısan, qızıl payız...

Mən sevirəm payız səni..
əllərimin tumarına uzaq qalan torpaq kimi,
otuz ildi qalaq-qalaq həsrət qoxan yarpaq kimi...
isti-ilıq şüaların qoy isitsin daşa yatan,  silah tutan 
mərd balamın əllərindən.
Qələbənin ətri gəlir 
Yarpaq-yarpaq, xəzan-xəzan çöllərindən...

Mən sevirəm payız səni...
oğlum payız, qızım payız,
möhtəşəmsən,qızıl payız...
Poladların qıy səsini,
düşmənimin məglub olan”vay” səsini
 qızıl-sarı rənglərində gətirdin sən...
 Şuşa dolu, laçın dolu ətirsən sən...
namərdlərin yazdığını poza-poza,
yeni tarix, yeni era, yeni əsr yaza-yaza,
tələsirəm...
 mərd, mübariz oğulların addımını öpə-öpə
Qarabağın qalasına, 
Cıdır düzün bağrı qara lalasına ,
Xarı bülbül havasına,
meşəsinə, dağlarına , talasına mən edirəm səfər, payız! 
Qarabağdan yol çəkmişəm sinən üstə,
Bu günümlə öyünərək ad qoymuşam- ZƏFƏR- payız!

Mən sevirəm payız səni...
Gün bu gündü, vaxt bu vaxtdı!..
 illərimdən il ayırdım,
Günlərindən gün ayırdım,
Güllərindən gül ayardım,
Tellərimdən tel ayırdım,
Çəkdim düşmən gələn yola çəpər, payız!
Yazdım sərhəd dirəyinə “Zəfər payız”...
Bayrağımın rənglərini həzin-həzin öpər payız! 

Bilirsən ki,adın çoxdu ürəyimdə-
qızıl payız, şair payız, sevgi payız...
bu il sənə Tanrı verdi vergi, payız!
Sən yuxumu çin elədin,
Iğid-iğid oğulların od püskürən ürəyiylə, 
Düşməninə silah çəkən o müqəddəs əlləriylə
Bir arzumu min elədin mərd, ər payız!
Qoy ən gözəl adın olsun qələbələr müjdəçisi, 
zəfər səsli-Zəfər  payız!
                                                  

***

Şəhid Xansu Qurbanovun əziz xatirəsinə ..
Cənnətdəki ilk doğum günün- 21 yaşın mübarək, Şəhidim! 

Görüşünə gəlmişəm,
Otağında Xan şəhid.
Su olub gozlərimi
Yandırıb, yaxan şəhid.

Şuşaya qonaq gedən,
Şuşanı azad edən,
Sən ruhu ucmus bədən,
Mən ruhsuz bir can, şəhid.

Ananın bir çırağı,
Qeyrət oldu yarağın,
Şəhiddir solun, sağın,
Günəş doğur dan, şəhid.

Qarabağa can dedin,
Düşmənə divan ,dedin
Gülüşünü, sözünü
Vətənə qurban, şəhid.

Sən mənim qürur yerim,
Ürəkdə vurur yerin,
Torpaq sevgin nə dərin,
Qısası coşan şəhid.

Ocağım, pirim, qalam,
Rahat yat, mənim balam,
Anasına söz verib,
Sözünü tutan şəhid...

Cənnətdəki ad günün,
Vətəndə azad günün,
Zəfər günün, şad günün
Mübarək olan şəhid..

23.09.2021

 





26.09.2021    çap et  çap et