525.Az

Unutmaq özgürlükdür - Türkan Turan yazır


 

Unutmaq özgürlükdür -<b style="color:red"> Türkan Turan yazır</b>

Unutmağa çalışdığımız o qədər məqamlar var ki; qorxular, acılar, kədərlər, zəncir kimi bir-birinə calanaraq uzanan uğursuzluqlar, ən çox da hüsranla sonlanan eşqlər... Bəzən ağrını elə dərində hiss edirik ki, elə bilirik bir daha canımızdan çıxmayacaq. Həmişə ürəyimizi göynədəcək, içimizi sızladacaq, heç vaxt ruhumuzu rahat buraxmayacaq. Ona görə təlaşa qapılır və unutmağın yollarını axtarırırıq. Ağlagəlməz yollara əl atırıq, həndəvərindən keçməyəcəyimiz qapıları döyürük, darmadağın olmağımıza rəğmən, fırtınaları limanlarda lövbər salırıq. Kimliyimizi unudur, amma ondan bir zərrə belə əksilməsinə razı olmuruq. Çabaladıqca batırıq fərqində olmadan. Halbuki insanı dibə çəkən dərinlik deyil, suyun üzərində sabit və sakit dayana bilməməyi, yaratdığı panikadır. 

Unutmağa çalışmaq canlı tutmaq deməkdir. Rahat buraxmaq isə daşların yerinə oturmağına təkan verməkdir. Dərhal unutmaq təbiətə müdaxilə etmək kimidir. Günəşin doğmağına, yağışın yağmağına, zəlzələyə, doluya müdaxilə etmək necə mümkünsüzdürsə, tez-tələsik unutmaq üçün özünü dağa-daşa vurmaq da o qədər mənasızdır.

Böyük eşqə tutulan bir yaxınım vardı. Aylarla onun çöküşünü, xətalarını, göz yaşlarını, yeri gələndə fəryadlarını müşahidə etdim. İlk baxışda sənə elə gəlir ki, bu insan sevinməyi, gülməyi, əylənməyi, göy üzünə baxmağı, yer üzündə olduğunu unudub. Gördüklərimə əsasən deyə bilərim ki, gecənin necə başladığının, səhərin harda açıldığının əhəmiyyəti qalmamışdı gözündə. Beyni ancaq yaşadığı acı ilə məşğul idi. Həll etmək, yoluna qoymaq üçün elə addımlar atırdı ki, görən ağlını itirdiyini sanardı. Antik əşyalar satılan mağazaya girmiş fil kimi dağıdırdı toxunduğu yeri. Bir sözlə, çabaladığı üçün batırdı. Təbii ki, bunu dərk etmirdi. Bir gün səhər saat 7-də zəng etdi. Bir neçə dəqiqə telefonun ekranına baxdım və beynimdə fəlakət ssenariləri sıralanmağa başladı. O saatlar zəng etmək üçün heç də məqbul deyil, deməli, nəsə baş vermişdi. Özümü eşidəcəklərimə hazırlayıb cavab verdim. Səsindən fışqıran enerji qulağımdan dolaraq bütün bədənimə yayıldı. "Bilirsən, uzun, çox uzun müddətdən sonra gözümü açdım və kəfən kimi başıma keçirilmiş ağ tavana deyil, pəncərədən görünən göy üzünə baxdım. Mavinin tonlarını izlədim. Təbəssüm etdim. Sonra əlimi bədənimdə gəzdirdim; artıq mədəm içəridən burulurmuş kimi bir ağrı hiss etmirəm, ürəyimdə iki daş arasında qalmış hissi yaradan o sıxıntı da yoxdur, qəddimi əyən kürək sızıltılarım da... Günə beynimi keyitmək üçün içdiyim dərmanlarla başlamadım. Azadam, özgürəm, xoşbəxtəm" dedi. O danışdıqca dinləyir və düşünürdüm. Əlbəttə, qəfəsdən qurtulmuş kimi hiss etməyinin səbəbi vardı; unutmaq! Özünün də xəbəri olmadan unutmuşdu "böyük sevgisini". Köləsinə çevrildiyi adamı xatırlamadığına görə idi bu zəfər ədası. Kabus kimi üzərinə çökən duyğularla üzləşmədiyi üçün uşaq kimi sevinirdi. Unutmaq hər əzabı silir, yox edir, yenidən sağlamlığına qovuşdurur. İnsan yenilənərək irəliləyən varlıqdır. Bir acının içinə həbs olmaq, orada öz quyruğunu qovalayaraq tutmağa çalışan pişik kimi yerində dövrə vurmaqdan başqa heç bir işə yaramır.

Beynimiz ana bətnində formalaşmağı tamamladığı andan etibarən yaşadığımız hər şeyi yaddaşımıza həkk etməyə başlayırıq. Əgər baş zərbəyə məruz qalmırsa bunların silinməsi mümkün deyil. Bunu bildiyimiz üçün kritik dönəmləri çətin keçirdirik. Bir növ, tərs psixologiya kimi. Məsələn, birinə "bu almanı düşünmə" deyəndə dərhal beyin kodları hərəkətə keçir və meyvənin dadı, forması, rəngi canlanır. Ya da bizi incidən birinə zəng etməmək qərarı veririk. Dayanmadan, "ona zəng etməyəcəm, onu axtarmayacam, artıq bitti, bir daha əsla" deyə-deyə bir də baxırsan ki, əlində telefon yalvarmaqla məşğulsan. Yəni unutmaq üçün mütəmadi özünə nəyisə aşılamaq, qarşına məqsəd qoymaq, özünlə şərt kəsmək əks effektdən başqa heç bir işə yaramır. Qorxuları unutmağa çalışmaq və ya onlardan qaçmaq insanı qorumur, əksinə, onların iqtidarı altında bir həyat yaşamağa sövq edir. Üzləşdikdə isə immunitet yaranır və güclənirik. Unutmaq özgürlükdür! Özgür insan isə xoşbəxtdir!
 

 





26.09.2021    çap et  çap et