525.Az

"Xalça sənəti - mənaların təkamülü" sərgilənir


 

"Xalça sənəti - mənaların təkamülü" sərgilənir<b style="color:red"></b>

Azərbaycan Milli Xalça Muzeyində rəssam Çingiz Babayevin əsərlərindən ibarət "Xalça sənəti - mənaların təkamülü" adlı sərgi açılıb.

525.az xəbər verir ki, muzeyin direktoru Şirin Məlikova tədbirin əhəmiyyətindən danışıb: "Biz artıq bu gözəl ənənələri bərpa edirik. Bu gün çox gözəl bir sərginin açılışına toplaşmışıq. 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan xalçaçılıq sənəti günüm üzdə davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq interpretasiya edir. Beləliklə, klassik əsərlər yeni, müəllif xalçaları ilə qarşı-qarşıya qoyulur, bununla da məsafələri və zamanı qət edərək onlarla dialoqa girir".

Bu sərgini Tatarıstan Respublikasının paytaxtında Kazan şəhərində 2 ay əvvəl açdıqlarını bildirən Milli Xalça Muzeyinin direktoru diqqətə çatdırıb ki, bu, Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş ilk genişmiqyaslı ekspozisiya olub. Nümayiş olunan bu sərgi tamaşaçılar tərəfindən böyük diqqət və maraqla qarşılanıb: "Biz çox şadıq ki, bu gözəl əsərləri hazırda muzeyimizdə də görmək mümkündür".

Tədbirdə çıxış edən Azərbaycan Dövlət rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam, Milli Xalça Muzeyinin əməkdaşı Məmmədhüseyn Hüseynov, Bakı İncəsənət Mərkəzinin rəhbəri Rafael Gülməmmədli sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını şəxsi yaradıcı təxəllüsü ilə hazırlayan tanınmış rəssam Çingiz Babayeva, sərginin təşkilatçıları və iştirakçılarına təşəkkürlərini bildiriblər.

Vurğulanıb ki, Azərbaycan xalçalarının ən dolğun kolleksiyasına malik, dünyanın ilk xalça muzeyi olan Azərbaycan Milli Xalça Muzeyi XIX əsrin sonu-XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirir. Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

Sərgidə Çingiz Babayevin yaradıcılıq prosesinin sirlərindən, ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edən sənədli film nümayiş olunub.

Qeyd edək ki, "Xalça sənəti - mənaların təkamülü" sərgisi oktyabrın 17-dək davam edəcək.

 





26.09.2021    çap et  çap et