525.Az

Mobil tətbiqli ilk Əlifba: "İlmə"lərlə öyrənmək


 

Mobil tətbiqli ilk Əlifba: <b style="color:red"> "İlmə"lərlə öyrənmək</b>

İki ilə yaxındır ölkəmiz də daxil olmaqla, bütün dünyanı cənginə almış koronavirus pandemiyası bir çox sahələr kimi, təhsilin də bir müddət onlayn şəraitdə tədrisini şərtləndirdi. Pandemiya səbəbindən yaranmış qapanma halları insanları virtual dünyaya bir az da yaxınlaşdırdı və işlərin virtual alternativinin yaranmasına səbəb oldu. 

Məktəbli dostlarımıza çoxdan tanış olan "İlmə" mobil tətbiqi bu dəfə daha bir yeniliklə balacaları sevindirməyi bacardı. Belə ki, ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi ibtidai siniflərdə sinifdənxaric oxu və əlavə dərs vəsaiti kimi "İlmənin macəraları" kitabını www.e-derslik.edu.az  portalına yerləşdirib. Həmin nağılların əsasında "Əlifba" İş dəftəri Təhsil Nazirliyi tərəfindən təsdiq edilib (№ 46-22-8222/16.02.2015-ci il). İbtidai təhsilin bütün fənlərinə aid bilikləri özündə cəmləyən Əlifba - "İlmə ilə yazmağı və oxumağı öyrənirəm" kitabı 5-7 yaşlı uşaqlar üçün çox əhəmiyyətlidir. 

İlk mobil tətbiqli Əlifba - "İlmənin macəraları" nağılları əsasında hazırlanmış əyləncəli oyunlar uşaqlara hərflərin, sait və samit səslərin, fonetik qaydaların öyrənilməsində, onların məntiqi təfəkkürünün inkişafında yardımçı olacaq. "Sehirli cəhrə" oyunu uşaqlarda söz yaratmaq vərdişini formalaşdırır. Məntiqi təfəkkürün inkişafına yardımçı olan "Uçan xalça" oyununda uşaqlar üçün çox maraqlı tapmaca xarakterli illüstrasiyalar və şəkillərdən istifadə edilib. Oyunların "Sait-samitlər" hissəsində isə uşaqlara sait və samit səslərin bir-birindən fərqlənməsi, fonetik qaydaların öyrənilməsinin vacibliyi anladılır. Kitabı əldə edən uşaqlar "İlme" oyununu İOS və Android proqram platformalarında pulsuz əldə etmək imkanı qazanacaqlar. 

Rus dilində də "İlğmə"-playmarketdə yerləşdirilib. Kitabda verilmiş QR və 5 simvoldan ibarət kodların köməyi ilə oyuna daxil olmaq mümkündür. Pandemiyanın çətinliklərini nəzərə alanda belə əlavə dərs vəsaitləri gündəmə vacibdir. Oyunlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi ilə hazırlanıb. "Everest" Nəşriyyat Evi tərəfindən təkmilləşdirilmiş təkrar nəşr çap edilib. 

"İRS" fənninin tətbiqi və belə kitabların gələcək nəsil üçün təklif edilməsi müəllimlərin işini asanlaşdıracaq və uşaqların marağına səbəb olacaq. Kitabın müəllifi "Everest" Nəşriyyat Evinin baş redaktoru, uşaq yazarı, professor Solmaz Amanovadır. S.Amanova "525-ci qəzet"ə açıqlamasında dövlətin bu əlifbaya və ümumən "İrs" fənninə olan diqqətindən məmnunluğunu ifadə etdi və xüsusən hazırkı şəraitdə bu dərs vəsaitinin vacibliyini vurğuladı:

"Hələ 2004-2005-ci ildən etibarən İRS fənni 160 nömrəli klassik gimnaziyada təbliğ edilir. Hələ vaxtilə Təhsil Nazirliyimiz tərəfindən bu fənn təsdiq edilib və bu zaman müddətində mən onun əsasında 70 kitabın müəllifiyəm. Bu kitabların arasında 55 elektron cizgi filmim var. 
Bu gün uşaqlarımız pandemiyaya görə əziyyət çəkirlər. Bəzi hallarda məktəbə gedə bilmirlər. Məhz bu dərsliklər uşaqların, valideynlərin və müəllimlərin işini asanlaşdırır. Çünki bu fənnin iş dəftəri, nağıl kitabları, cizgi filmləri, testlər və sair kimi şagirdlərə yararlı ola biləcək hər bir vəsaiti var. Fikrimcə, bu, həmçinin, uşaqlarla irsimizi təbliğ etmək, öyrətmək üçün də çox yaxşı bir üsuldur. İstərdim ki, övladını məktəbə yola salan hər bir valideyn, eləcə də, müəllimlər, təhsil olacaqları bu fənnə və bu vəsaitlərə daha diqqətlə yanaşsınlar". 

Qeyd edək ki, "İRS" silsiləsindən Əlifba ("İlmə ilə yazmağı və oxumağı öyrənirəm") Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilib. Bu əlifba - "İlmə ilə yazmağı və oxumağı öyrənirəm" köməkçi dərs vəsaitidir. "İlmənin macəraları"nağıl kitabını www.e-derslik.edu.az saytından (1 sinif) əldə edə bilərsiniz.


 

 





26.09.2021    çap et  çap et