525.Az

Vətən üçün yaşanılan ömürlər unudulmur


 

Vətən üçün yaşanılan ömürlər unudulmur <b style="color:red"></b>

SSRİ-nin dağılması prosesi ilə Dağlıq Qarabağ münaqişəsinin başlanması, Ermənistana torpaqlarımızı ələ keçirmək üçün əlverişli fürsət vermişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məqsədilə təsis edilən, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçünün ATƏT-in Minsk qrupuna həmsədrlik etməsinə baxmayaraq, yarandığı gündən lazımi imkanlar çərçivəsində heç bir əməli iş görülməmişdi. 

2020-ci il sentyabr ayının 27-də səhər saatlarından başlayaraq  Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmuş  Ermənistan Respublikasının növbəti hərbi təcavüzünə cavab olaraq, mülki əhalinin təhlükəsizliyini təmin etmək, düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilməklə, Vətən müharibəsinə başlanıldı. Vətən müharibəsi zamanı "Dəmir yumruq" Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə xalqın və müzəffər Ordunun Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında birliyinin ümumxalq devizinə çevrildi.

Ümummilli həmrəylik Azərbaycanı Böyük Qələbəyə qovuşdurdu. Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Bu uğur, bu qələbə naminə Vətən oğullarımız son nəfəsinədək vuruşdu, canlarından keçdi. Dövlətimizin başçısının dediyi kimi: “Məhz Şuşa işğaldan azad olunandan sonra artıq düşmən dərk etdi ki, bundan sonra bizə qarşı müqavimət göstərmək heç bir əhəmiyyət kəsb etməyəcək. Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib və əslində, bu, düşmənə vurulan son zərbə idi.

Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq xalqın həsrətlə, həyəcanla gözlədiyi qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları hər bir Azərbaycan vətəndaşında dövlətimizin başçısına, döyüş qabiliyyəti yüksəldilmiş, ən müasir hərbi texnika ilə təchiz edilmiş rəşadətli ordumuza inamı gücləndirirərək, iftixar hissi doğururdu. Ali Baş Komandanın rəhbərliyi ilə gedən döyüşlərdə ordumuz qüdrətini bir daha dünyaya sübut etdi. Torpaqlarımız işğaldan məhz güc yolu ilə azad edilərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in qərarları yerinə yetirilməklə ədalət bərpa edildi. Qarabağ münaqişəsinə, xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. 

Qarabağ münaqişəsinin Azərbaycanın qalibiyyəti, Ermənistanın məğlubiyyəti ilə sona çatması, Ali Baş Komandan İlham Əliyevin qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələrinin güclü ordu, xalqımızın isə məğrur və yenilməz olduğunu bir daha təsdiqlədi. Müharibə dövründə dövlət başçısı cənab İlham Əliyevin xarici ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinə, telekanallarına verdiyi müsahibələrdə Azərbaycanın öz torpaqlarında beynəlxalq hüququn tələblərinə uyğun savaş apardığını sübut etməklə, ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını məharətlə alaraq, xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırdı.

Erməni hərbi birləşmələri üzərində qazanılan tarixi qələbədən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən ərazilərə səfərləri zamanı dövlət başçısı sevinc hisslərini xalqla bölüşərək, “Qarabağ Azərbaycandır və nida” ifadəsinin müəllifi kimi bir daha xalqa verdiyi bütün vədlərə sadiqliyini nümayiş etdirdi. Bununla da siyasətdə, diplomatiyada və hərbi strategiyada dövlət başçısının adı bu Zəfərin müəllifi kimi tarixə əbədi yazıldı. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabr ayının 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Şəhidlər unudulmur. İllər keçəcək, nəsillər dəyişəcək, lakin Zəfər yürüşündə iştirak edərək, 44 gündə yaddaşlardan silinməyəcək tarix yazan, keçdikləri döyüş yolu hamı üçün nümunəyə çevrilərək, azadlığımızın, müstəqilliyimizin, simvolu kimi bundan sonrakı nəsillərə də qürur mənbəyi olacaqdır. Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Tarixi ədalətin bərpa olunmasında Vətən uğrunda canını qurban verib, şəhidlik zirvəsinə yüksələn, şərəfli ölümləri ilə bütün Azərbaycanın övladına çevrilərək əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Şəhid ailələrinin və qazilərin qayğıları dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir.Artıq münaqişə tarixdə qalıb. Dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmiş ərazilərdə quruculuq, torpaqlarımızın bərpası dövrü başlanıb. 

Prezident İlham Əliyevin xalqa müraciətində deyildiyi kimi, ölkəmiz üçün yeni dövr başlayır: “Yeni quruculuq dövrü, inkişaf dövrü, azad edilmiş ərazilərimizin bərpası dövrü. Mən tam əminəm ki, Azərbaycan xalqı bu dövrdə də birlik, həmrəylik göstərəcək, güclü iradə göstərəcək. Azərbaycan xalqı yenə də birləşərək dağıdılmış bu şəhərləri, kəndləri bərpa etmək üçün əlindən gələni edəcəkdir. Biz bundan sonra böyük və qürurlu xalq kimi yaşayacağıq. Beynəlxalq müstəvidə, bölgədə öz sözümüzü demişik. İstədiyimizə nail olmuşuq və əminəm ki, bundan sonra bizim xalqımızı təhlükəsiz və xoşbəxt həyat gözləyir”.

Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru (psixoloqlar qrupunun rəhbəri), ədliyyə kapitanı Orxan Musayev

 

 

 





26.09.2021    çap et  çap et